Təhsil Nazirliyində
görüş
Mayın
10-da təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun
sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki
fəxri konsulu Otto Hauzerlə görüşüb.
Təhsil
naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil
Nazirliyində görməsindən məmnunluq duyduğunu ifadə
edib. Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın
son illər daha da inkişaf etdiyini bildirən nazir iki ölkənin
təhsil sahəsi üzrə səmərəli əlaqələrinin
qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki
fəxri konsulu Otto Hauzerin gördüyü işlərin əhəmiyyətini
xüsusi qeyd edib. Təhsil naziri Alman Akademik Mübadilə
Xidməti (DAAD) ilə
yaradılmış uğurlu əməkdaşlıqdan
söz açıb, bu layihənin Azərbaycan və Almaniya tərəfindən
dəstəkləndiyini qeyd edib. Nazir bildirib ki, bu günədək
70-dən çox azərbaycanlı gənc məhz bu proqram
çərçivəsində Almaniya universitetlərində
təhsil alıb.
Almaniya
ilə peşə təhsili sahəsində əməkdaşlığın
yaradılması baxımından artıq ilkin
addımların atıldığını vurğulayan nazir
bununla bağlı namizədlərin seçilməsi,
onların qeyd olunan ölkəyə göndərilməsi məqsədilə
dil kurslarında təhsil alması barədə qonağa məlumat
verib. Misir Mərdanov bu günlərdə bir qrup peşə təhsili
mütəxəssisinin Almaniyanın Baden-Vürttenberq
Torpağının peşə təhsili sistemi ilə
yaxından tanış olması məqsədilə bu ölkədə
səfərdə olduqları və qazandıqları təcrübə
haqqında danışıb.
Azərbaycanın
Almaniyanın Ştutqart şəhərindəki fəxri
konsulu Otto Hauzer səmimi qəbul üçün təhsil
naziri Misir Mərdanova təşəkkür edib. Almaniya ilə
Azərbaycan arasında müxtəlif sahələrdəki əlaqələrdən
bəhs edən qonaq, xüsusilə təhsil sahəsində əməkdaşlığın
səmərəliliyinin daha da artırılması məqsədilə
peşə təhsili üzrə ən çox ehtiyac duyulan
istiqamətlərdə kadrların hazırlanması, Azərbaycanda
dual peşə təhsili sisteminin yaradılması təklifi
ilə çıxış edib. Almaniya tərəfinin həyata
keçiriləcək işlərdə daim dəstək
göstərməyə hazır olduğunu vurğulayan qonaq
dual peşə təhsili sisteminin üstünlüklərini
sadalayıb.
Təhsil
naziri Misir Mərdanov Almaniyada peşə təhsili sisteminin
inkişaf etdiyini qeyd edərək bu ölkənin təcrübəsindən
bəhrələnməyin əhəmiyyətini nəzərə
çatdırıb. Ölkə Prezidentinin son zamanlar aqrar sahəyə
xüsusi diqqətlə yanaşdığını
vurğulayan nazir bu gün ölkəmizdə kadrların daha
çox kənd təsərrüfatı, tikinti sahələri
üzrə təkmilləşdirilməsinin zəruriliyini
bildirib, habelə bu istiqamətdə müvafiq qurumlarla birgə
iş aparılmasının əhəmiyyətini qeyd edib. Nazir
həmçinin dual peşə təhsili sisteminin Azərbaycanda
tətbiq olunması istiqamətində təkliflər irəli
sürüb və ötən tədris ilində istifadəyə
verilən İsmayıllı Peşə Təhsili Mərkəzinin
yaradılmasında Avropa Komissiyası ilə birgə
görülmüş işləri diqqətə
çatdırıb.
Görüşdə
almaniyalı peşə təhsili üzrə bir qrup mütəxəssisin
bu ilin yayında Azərbaycana səfəri, Azərbaycan
Dövlət Aqrar Universitetinin tələbələri
üçün əhəmiyyətli olan "Almaniyada kənd
təsərrüfatının əsasları" adlı iki
kitabın Azərbaycan dilinə tərcümə edilməsi,
dual peşə təhsili mərkəzinin yaradılması
üzrə layihənin hazırlanması və bununla
bağlı digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan
müəllimi.- 2011.- 13 may.- S.3.