Respublikanın ümumi
təhsil müəssisələrində
vakant yerlərə müəllimlərin işə qəbulu üzrə
reqlament
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 11 may 2011-ci il tarixli, 795 nömrəli əmrilə
təsdiq edilmişdir
1.
Respublikanın ümumi təhsil müəssisələrində
vakant yerlərə müəllimlərin işə qəbulu
mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə,
kompüter proqramı tətbiq olunmaqla həyata keçirilir.
Müsabiqədə pedaqoji profilli bütün ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş,
müvafiq dövlət təhsil sənədi (diplom)
almış müəllimlər iştirak edə bilərlər.
2. Müəllimlərin işə qəbulu
üzrə müsabiqə 3 mərhələdə
keçirilir: I mərhələdə müsabiqədə iştirak etmək
üçün elektron ərizə vermiş namizədlərin
təhsil və nailiyyət göstəriciləri müəyyənləşdirilmiş
meyarlar əsasında (Əlavə 4), kompüter proqramı
vasitəsilə qiymətləndirilir, II mərhələdə
namizədlərlə test imtahanı, III mərhələdə
isə müsahibə keçirilir.
3. İşə qəbulu həyata
keçirmək üçün nazirliyin İnternet
saytının (www.edu.gov.az)
"Müəllimlərin işə qəbulu üzrə
müsabiqə" səhifəsində
"Respublikanın ümumi təhsil müəssisələrinə
müəllimlərin vakant yerlərə işə qəbulu
üzrə reqlament", "Vakant yerlər barədə məlumat",
"Elektron ərizə forması", "Müsabiqədə
iştirak edən namizədlərin elektron ərizələri
əsasında təhsil və nailiyyət göstəricilərinin
qiymətləndirilməsi meyarları", "Namizədlər
tərəfindən vakant yerlərin seçilməsi və
elektron ərizənin doldurulmasına dair təlimat",
"Test suallarının cavablandırılmasına dair təlimat",
"Nümunəvi test sualları (hər bir ixtisas üzrə)"
və "Şəxsi kabinet" yerləşdirilir.
4. Müsabiqədə iştirak etmək
üçün İnternet vasitəsilə elektron ərizə
doldurulmalıdır. Elektron ərizələrin qəbulu hər
il 01-15 iyul tarixlərində aparılır. Elektron ərizələrin
doldurulması üçün əvvəlcə "Vakant yerlər barədə məlumat",
"Elektron ərizə forması", "Namizədlər tərəfindən
vakant yerlərin seçilməsi və elektron ərizənin
doldurulmasına dair təlimat" ilə tanış olmaq
lazımdır. Qarşısında (H-1)1 və (H-2)2 işarəsi olan vakant yerlər Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67
nömrəli qərarına əsasən pedaqoji profilli
ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş dövlət sifarişinə əsasən kənd
məktəblərində həvəsləndirmə tədbirlərinin
tətbiqini nəzərdə tutan yerlərdir.
5. Hər bir namizəd ixtisası
üzrə ən çoxu 4 vakant yer seçə bilər. Eyni
zamanda namizəd elektron ərizəsində "Nazirlik tərəfindən
digər ixtiyari yer təklif olunduqda razıyam" qeyd edərsə,
keçid balını topladığı halda müsabiqədən
sonra boş qalan vakant yerlərə yerləşdirmədə
iştirak edə bilər.
6. Elektron ərizəsi təsdiqlənmiş
namizədlər 21-25 iyul tarixlərdə kod və parol vasitəsilə
"Şəxsi kabinet"ə
daxil olaraq müsabiqəyə buraxılması, test
imtahanının keçirilmə vaxtı və yeri barədə
məlumat əldə edirlər.
7. Hər hansı bir səbəbdən
göstərilən vaxtda imtahanda iştirak etməyənlər
üçün təkrar imtahan təşkil edilmir və
onların şikayətlərinə baxılmır.
8. Test imtahanında hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramı (kurikulumu) çərçivəsində tərtib edilmiş 25 test, fənnin tədrisi metodikasına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 test sualı verilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir və verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra düzgün cavabların sayına uyğun bal kompüterdə göstərilir.
9. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün ümumi testlərin 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur.
10. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə kompüter proqramı vasitəsilə həyata keçirilir.
11. Namizədlər "Şəxsi kabinet"ə daxil olmaqla müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və müsabiqənin III mərhələsində iştirak barədə məlumat əldə edirlər.
12. Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər "Şəxsi kabinet"də qeyd olunan vaxtda şəxsi işini (elektron ərizəsi, diplom(lar) və ona əlavə(lər), şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əvvəllər işləyibsə, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin surətini) təsdiq olunmaq və müsahibədən keçmək üçün müsabiqə komissiyasına təqdim edirlər.
13. Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda həmin namizədin sənədləri təsdiqlənmir və onun müsabiqə nəticələri ləğv olunur.
14. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizədlər olduqda, müsabiqə komissiyası bütün halları araşdırmaqla və onlarla aparılan müsahibənin nəticəsinə uyğun qərar qəbul edir.
15. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə boş qalan yerlər barədə nazirliyin İnternet saytının "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində məlumat verilir. Müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul ola bilməyən müəllimlərin ən çox bal toplayandan başlayaraq uyğun ixtisas üzrə boş qalan yerlərə (əgər elektron ərizəsində Təhsil Nazirliyi tərəfindən təklif olunan yerə razı olduğunu qeyd edibsə) yerləşdirilməsi aparılır.
16. Müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul oluna bilməyən müəllimlərə tədris ili ərzində yaranacaq vakant yerlər təklif edilə bilər. Tədris ili başa çatdıqdan sonra onlar bu hüququ itirirlər.
17. Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı nazirliyin İnternet saytında yerləşdirilir, müvafiq siyahılar və şəxsi işlər rəsmi məktubla aidiyyəti üzrə yerli təhsili idarəetmə orqanlarına və nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilir.
18. Nazirliyin məktubuna əsasən məktəb direktoru ilə işə götürülən müəllim arasında əmək müqaviləsi bağlanılır və işə qəbul mövcud qanunvericiliyə uyğun rəsmiləşdirilir.
19. Müsabiqənin
nəticələri ilə bağlı apelyasiya
şikayətinə bütün
ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra, bir həftə ərzində baxılır.
1.
Rayon mərkəzlərindən 20 km-dək məsafədə
yerləşən kənd ümumi təhsil müəssisələrində
əmək fəaliyyətinə başlayan və 3 il müddətində
bu fəaliyyəti ümumi təhsil müəssisəsində
davam etdirən gənc mütəxəssislərə
aşağıdakı həvəsləndirmə tədbirləri
tətbiq olunur:
* yol
xərci, əmlakın daşınması üçün nəqliyyat
xərci, ilkin yaşayış şəraitinin
yaradılması məqsədilə əməkhaqqının
2 (iki) misli həcmində birdəfəlik yardım;
* 3
il müddətində kommunal xidmətlərini ödəmək
üçün hər ay 40 (qırx) manat məbləğində
kompensasiya verilməsi;
*
yaşayış sahələrinə ehtiyaclarının
ödənilməsi;
*
torpaq sahələrinin ayrılması;
*
ipoteka kreditlərinin verilməsi.
2.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə
yerləşən kənd ümumi təhsil müəssisələrində
əmək fəaliyyətinə başlayan və 3 il müddətində
bu fəaliyyəti ümumi təhsil müəssisəsində
davam etdirən gənc mütəxəssislərə
yuxarıda göstərilən həvəsləndirmə tədbirləri
ilə yanaşı hər ay əməkhaqqına 70
(yetmiş) manat məbləğində əlavə olunur.
Azərbaycan
müəllimi.- 2011.- 13 may.- S.10.