"Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı"

 

Mayın 10-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı" mövzusunda respublika elmi-praktik konfransı keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti ilə birgə Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova, Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyinin sədri Sərdar Yusifov və digər qonaqlar iştirak edirdilər.

Konfransı giriş sözü ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov açaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı respublikamızda və dünyanın bir çox yerlərində silsilə tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq BPKİYİ  Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisindəki məktəblərdə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda inşa müsabiqəsi keçirmişdir. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra bütün sahələrdə inqilab baş verdi. İstər sənaye, istərsə də aqrar potensialın inkişafında böyük işlər görən ulu öndər həmçinin intellektual potensialın inkişafına böyük diqqət yetirmişdir. Ümummilli liderin elmə, təhsilə göstərdiyi diqqət və qayğı elm adamları tərəfindən daim yüksək qiymətləndirilmiş, onun həyata keçirdiyi düşünülmüş, məntiqli siyasi kurs dəstəklənmişdir.         

Ulu öndər Heydər Əliyevin gənclərə həmişə xüsusi diqqət yetirməsindən söz açan A.Zamanov qeyd etdi ki, hələ 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra ümummilli lider ilk dəfə olaraq azərbaycanlı gəncləri keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərmişdir. Müstəqil Azərbaycanda keyfiyyətli biliyə söykənən təhsil sisteminin təməli ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə qoyulmuşdur. Cəmiyyətin tərəqqisinin başlıca amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşdırılması, gənc nəslin yüksək hazırlıq səviyyəsinin təmin edilməsi müddəaları Proqramın ideya istiqamətinə çevrilərək təhsil sistemimizin ən zəruri vəzifəsini müəyyənləşdirmişdir. Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi  deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Respublikamızın maliyyə imkanlarının müxtəlif mənbələrdən, xüsusilə neftdən gələn gəlirlər hesabına ilbəil artması nəticəsində təhsilə ayrılan vəsait hər il davamlı olaraq artır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir.

Sonra söz professor Bəxtiyar Əliyevə verildi. Milli Məclisin deputatı B.Əliyev çıxışını ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözləri ilə başlayaraq bildirdi ki, ümummilli lider Heydər Əliyev öz əməlləri ilə bunu sübut etmiş, Azərbaycan xalqının qəlbində əbədi taxt qurmuşdur. Dahi şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edən professor Bəxtiyar Əliyev qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin fenomenal dövlət xadiminin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə digər çıxış edənlər-Binəqədi RİH başçısının müavini Vüsal İsmayılov, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi Nardanə Yusifova, GEMİ İctimai Birliyinin sədri Sərdar Yusifov müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açdılar.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 13 may.- S.11.