Çapel-Hill Şimali Karolina
Universiteti
Yerləşir:
ABŞ,
Şimali Karolina ştatı, Çapel-Hill şəhəri
Yaranma tarixi: 1789-cu il
Tipi: Dövlət
İşçi heyətinin ümumi
sayı: 12500 nəfər
Tələbələrin ümumi
sayı: 30000 nəfər
İllik gəlirləri: 2
milyard ABŞ dolları
Rəsmi saytı: www.unc.edu
Çapel-Hill Şimali Karolina
Universiteti
(University of North Carolina at Chapel Hill) ABŞ-da Şimali Karolina
ştatının ən tanınmış şəhəri
olan Çapel-Hilldə yerləşir və ştatın ən
böyük dövlət universitetidir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Çapel-Hill Şimali Karolina Universiteti 100 ən yaxşı
ali məktəb arasında 78-ci yerdə
olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu
universitetləri arasında Çapel-Hill Şimali Karolina
Universiteti "Times Higher Education World University Rankings"in
apardığı araşdırmaya əsasən 30-cu, "QS
World University Rankings"in açıqlamasına görə
isə 57-ci yerdə qərarlaşıb.
Tarixi
1789-cu il dekabrın 11-də Şimali Karolina
ştatının Baş Assambleyası yeni universitet
yaradılması haqqında qanun qəbul edir. 1793-cü
ildə şəhər kənarındakı qədim kilsə
dağıntılarının yanında universitetin ilk təməli
qoyulur və artıq 1795-ci ildə Şimali Karolina Universiteti
tələbələrini qəbul edir.
ABŞ-da vətəndaş müharibəsi
dövründə Şimali Karolina ştatının əhalisi
çox itki verir. 1870-ci ilin dekabrından 1875-ci ilin sentyabrınadək
Şimali Karolina Universiteti fəaliyyətini bərpa etmək
məqsədi ilə bağlı qalır.
1963-cü
ildə bu ali məktəbdə
oğlanlarla qızların birgə təhsilinə keçid
baş tutur. Nəticədə Qadın Kolleci
Qrinsboro Şimali Karolina Universiteti, Şimali Karolina Universiteti
isə Çapel-Hill Şimali Karolina Universiteti
adlandırılır.
1960-cı
ildə ali məktəbin kampusunda vətəndaşların
bərabər hüquqlarının təmin olunması, irqi
ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə
etiraz aksiyaları keçirilir. 1964-cü ildə
"Vətəndaş hüquqları" haqqında qanun qəbul
olunanadək şəhərdə kütləvi aksiya və
iğtişaşlar davam edir.
Büdcəsi və təhsil
haqqı
2010-cu ildə Çapel-Hill Şimali Karolina Universitetinin
ianə fondunun gəlirləri təxminən 2 milyard ABŞ
dolları təşkil edib.
2010-2011-ci tədris ilində Çapel-Hill Şimali
Karolina Universitetinin bakalavr pilləsində təhsil haqqı
yerli tələbələr üçün ildə 7008, əcnəbi
tələbələr üçün isə 26834 ABŞ
dolları olub.
Magistratura və doktorantura səviyyələrində
yerli tələbələrin təhsil haqqı ildə 8646, əcnəbi
tələbələrin təhsil haqqı isə 24332 ABŞ
dolları arasında dəyişib.
2010-2011-ci tədris ilində Çapel-Hill Şimali
Karolina Universitetində oxumaq üçün bakalavr səviyyəsində
yerli tələbəyə təhsil haqqı daxil olmaqla
ümumilikdə 20660, əcnəbi tələbəyə isə
41140 ABŞ dolları lazım gəlib. Həmin vəsaitin 5520
ABŞ dollarına yataqxana, 1150 ABŞ dollarına kitab və dərs
ləvazimatları, 750 ABŞ dollarına nəqliyyat, 926
ABŞ dollarına tibbi sığorta, 5306 ABŞ dollarına
isə digər xərclər daxildir. Magistratura və
doktorantura səviyyələrində təhsil alan
yerli tələbələrə təhsil haqqı daxil olmaqla
ümumilikdə 29984, əcnəbi tələbələrə
isə 45670 ABŞ dolları tələb olunur. Bu məbləğin
11040 ABŞ dollarını yataqxana, 1150 ABŞ dollarını
kitab və dərs ləvazimatları, 1404 ABŞ
dollarını nəqliyyat, 926 ABŞ dollarını tibbi
sığorta, 6818 ABŞ dollarını isə digər xərclər
təşkil edir.
Çapel-Hill Şimali Karolina Universiteti tələbələrə
ayırdığı Morhed-Kain təqaüdü ilə
tanınır.
Bu təqaüd təhsil haqqı, yataqxana və
qida, kitab və dərs ləvazimatları və s. 4 illik xərcləri
tamamilə ödəyir. Eyni zamanda ali
məktəb Robertson, Trumen, Qolduoter, Mitçell,
Çerçill, Fulbrayt, Marşall, Udoll, Mellon təqaüd
proqramları ilə də öyünə bilər.
Universitet bu gün
Çapel-Hill
Şimali Karolina Universitetinin kampusu 729 akr (3 km2) sahəni - Polk
və MakKorkl ərazilərini əhatə edir. Polk ərazisi universitetin məzunu olmuş
ABŞ-ın 11-ci prezidenti Ceyms Polkun, MakKorkl ərazisi isə
universitetin nizamnaməsi olan qanun layihəsini işləmiş
Samuel Eusebius MakKorklun şərəfinə
adlandırılıb. Qeyri-rəsmi olaraq ali
məktəbin kampusu Şimali, Mərkəzi və Cənubi
şəhərciklərə bölünüb. Şimali kampusda Pit, Frenk Porter Qrem Tələbə Təşkilatı
binaları, Uilson kitabxanası yerləşir. Mərkəzi
kampusda Fetzer Fild, Vullen Gimnaziyası, Kenan Memorial, Boşamer stadionları, Eddi
Smit Fild, Karmaykl auditoriyası, Hökumət, Hüquq məktəbləri,
Sonya Haynes Ston Qaraların Mədəniyyəti və Tarixi,
Corc Uotts Hill Məzun mərkəzləri və s. binalar yerləşir.
Cənubi kampusda kişilər üçün
Din Smit basketbol mərkəzi, Tibb Məktəbi, universitet xəstəxanaları,
Kenan-Fleqler Biznes Məktəbi, ən yeni yataqxanalar yerləşir.
Ali məktəbin ərazisindəki ən məşhur
tikililərdən biri 1916-cı ildə Uilyam Şekspirin 300
illiyi şərəfinə tikilmiş açıq Meşə
teatrıdır. Daşdan olan amfiteatrın
səhnəsi təpənin aşağısında sıx
ağacların arasında, oturacaqları isə təpədə
yerləşir.
Çapel-Hill Şimali Karolina Universitetinin Yeni Peyk kampusu
2007-ci ildə Horas Uilyams aeroportunun yerində tikilib. Burada yeni
elmi-tədqiqat parkı, yataqxanaların tikintisi həyata
keçirilir.
Çapel-Hill
Şimali Karolina Universitetinin simvollarından biri qədim
Fontanın yerində tikilmiş klassik rotonda (girdə və ya
yarımgirdə qübbəli kiçik bina) - Qədim Bulaq
tikilisidir. Bu bina Qədim Şərq və Qədim
Qərb yataqxana komplekslərinin arasında, MakKorkl ərazisinin
cənubundakı qazonun yaxınlığında yerləşir.
Rotondada içməli su bulağı
quraşdırılıb. Deyimə görə,
bu bulaqdan su içən birinci kurs tələbəsini
bütün təhsili boyu uğurlar gözləyir. Ali məktəbin digər simvolu isə Davie-Pappel -
300-375 yaşı olan qovaq ağacıdır. Digər deyimə görə isə bu ağac
mövcud olduqca Çapel-Hill Şimali Karolina Universiteti də
çiçəklənəcək və inkişaf edəcək.
Bunun üçün ağac betonla möhkəmləndirilib
və troslarla ətraf ağaclara birləşdirilib.
Çapel-Hill Şimali Karolina Universitetində 14 məktəb,
eləcə də İncəsənət və Dəqiq Elmlər
Kolleci fəaliyyət göstərir. Universitet 77 bakalavr, 107
magistr, 69 doktorluq və 6 peşə proqramı təklif edir.
İncəsənət və
Dəqiq Elmlər Kolleci universitetin ən böyük akademik bölməsidir. Kollec Afrika və Afro-Amerika
tədqiqatları, Amerika, Asiya tədqiqatları, İngilis və
müqayisəli ədəbiyyat, German, Roman, Slavyan dilləri və
ədəbiyyatları, Linqvistika, Antropologiya, İncəsənət,
Dramatik incəsənət, Klassika, Musiqi, Fəlsəfə,
Psixologiya, Sosiologiya, İlahiyyat, Kommunikativ tədqiqatlar, Tarix,
Biologiya, Kimya, Dəniz elmləri, Şəhər və
regional planlaşdırma, İqtisadiyyat, Coğrafiya, Geologiya
elmləri, Aerokosmik tədqiqatlar, Kompüter elmləri,
Riyaziyyat, Fizika və astronomiya, Fiziki tərbiyə və idman
elmləri, Hərbi elmlər, Hərbi-dəniz elmləri,
Siyasi elmlər, İctimai siyasət, Statistika və əməliyyatlar
tədqiqatları, Qadın tədqiqatları fakültələri,
Afrika, Qədim Dünya tədqiqatları, İncəsənət
və Dəqiq Elmlər Fondu, Karolina Asiya, Yaxın Şərq
və Müsəlman Mədəniyyəti, Yəhudi Tədqiqatları,
Karolina Sahibkarlıq Təşəbbüsü, Cəmiyyət
Birliyi, Avropa, Slavyan, Avrasiya və Şərqi Avropa tədqiqatları,
Şəhər və Regional Tədqiqatlar, Uinston Haus Avropa Tədqiqatları,
Ceyms Conston Bakalavr, Əlillərin Tədrisi, Luis Harris Verilənlər
Arxivi, Parr Etika, Pleymeyker, Cinsi Tədqiqatlar
mərkəzləri, İncəsənət və Humanitar Elmlər,
Amerika Tədqiqatları, Açıq Dram institutlarından
ibarətdir.
Stomatologiya Məktəbi Stomatoloji ekologiya, Diaqnostika
elmləri və ümumi stomatologiya, Endodontiya, Cərrahiyyə
stomatologiyası, Ağız və üz-çənə cərrahiyyəsi,
Ortodontiya, Uşaq stomatologiyası, Parodontologiya, Protezləşdirmə
fakültələrindən ibarətdir. Məktəbdə bakalavr səviyyəsi
üzrə Diş gigiyenası, Stomatoloji gigiyena, Ümumi
stomatologiya üzrə təhsilin davam etdirilməsi, Stomatoloji
yardım, Ağız və üz-çənə cərrahiyyəsi,
magistratura səviyyəsində Endodontiya, Stomatoloji gigiyena təhsili,
Stomatoloji cərrahiyyə, Ağız və üz-çənə
cərrahiyyəsi, Ortodontiya, Uşaq stomatologiyası,
Paradontologiya, Protezləşdirmə, doktorluq səviyyəsi
üzrə Ağız biologiyası, Ağız
epidemiologiyası, doktorluqdansonra isə Ağız xəstəliklərinin
kliniki tədqiqatları proqramları təklif edilir.
Eşelman Əczaçılıq Məktəbində Tibbi kimya və təbii məhsullar,
Molekulyar əczaçılıq, Farmakoterapiya və eksperimental
terapiya, Əczaçılıq nəticələri və
siyasəti, Əczaçılıq təcrübəsi və
eksperimental təhsil departamentləri, İnteqral Kimyəvi
Biologiya və Dərman Kəşfləri, Dərman
Çatdırılması Nanotexnologiya, Əczaçılıqda
Pedaqoji Üstünlük mərkəzləri, Farmakogenomika və
İndividual Terapiya İnstitutu fəaliyyət göstərir.
Tibb Məktəbində fundamental elmlər üzrə
Qarışıq tibbi elmlər, Biokimya və biofizika, Biotibbi
mühəndislik, Hüceyrə və inkişaf biologiyası,
Hüceyrə və molekulyar fiziologiya, Genetika, Mikrobiologiya və
immunologiya, Patalogiya və laborator tibb, Əczaçılıq,
Sosial tibb departamentləri, kliniki elmlər üzrə isə
Anesteziologiya, Dermatologiya, Təcili tibbi yardım, Ailə tibbi,
Tibb, Nevrologiya, Neyrocərrahiyyə, Qidalanma, Mamalıq və
ginekologiya, Oftalmologiya, Ortopediya, Otolarinqologiya, baş və
boyun cərrahiyyəsi, Patalogiya və laborator tibb, Pediatriya,
Fiziki tibb və reabilitasiya, Psixiatriya, Radiasiya onkologiyası,
Radiologiya, Cərrahiyyə departamentləri, 50-dən çox
elmi-tədqiqat mərkəzi, institut və xəstəxana
mövcuddur.
Tibb Bacısı Məktəbinə Səhiyyə, Ailə
sağlamlığı, Yaşlı və geriatrik
sağlamlıq, Tədqiqat, Əməkdaşlıq və təcrübə
bölmələri daxildir. Məktəbdə tədqiqatlar əsas
beş sahə üzrə aparılır:
Profilaktika, xroniki xəstəliyin və digər xəstəliklərin
müalicəsi, Səhiyyə və xəstələrin
müalicə nəticələrinin keyfiyyətinin yüksəldilməsi,
Anlayış, biodavranış, xəstəlik və
sağlamlığın genetik əsasları, Elmlərə
innovativ yanaşma və onun təcrübədə istifadəsi.
Gillinqs Qlobal İctimai Səhiyyə
Məktəbinin
Biostatistika, Ekologiya və texnika, Epidemiologiya, Sağlamlıq
üzrə davranış və tibbi məlumatlandırma, Səhiyyə
siyasəti və idarəetməsi, Ana və uşaq
sağlamlığı, Qidalanma, Səhiyyə üzrə
liderlik proqramı departamentləri, 20-dən çox institut,
laboratoriya və elmi-tədqiqat mərkəzi mövcuddur.
Pedaqogika Məktəbində ümumtəhsil məktəblərində
müəllim çatışmazlığı, şagird
nailiyyətlərinin qiymətləndirilməsi, kənd yerlərində
təhsilin keyfiyyəti, kiçik yaşlı uşaqların
inkişafı və digər məsələlər üzrə
tədqiqatlar həyata keçirilir. Burada Kənd Təhsilinin
İnkişafı üzrə Milli Elmi-Tədqiqat, Elmin
İnkişafı mərkəzləri, Frank Porter Qrem Uşaq Tədqiqatları
İnstitutu fəaliyyət göstərir.
Hüquq Məktəbi hüquq və qanunlar
üzrə tədqiqatlar aparır, Bank İşi və Maliyyə;
Vətəndaş Hüquqları; Mübarizə, İş və
İmkanlar; Hüquq, Ətraf Mühitin Mühafizəsi,
Uyğunlaşma və Resurslar; Hüquq və Hökumət; Fənlərarası;
İntellektual Mülkiyyət Təşəbbüsü mərkəzlərindən
ibarətdir.
İctimai Fəaliyyət Məktəbi Cordan Ailə İnstitutu ilə
əməkdaşlıq edir. 1920-ci ildə
yaradılan bu məktəb dünyada yoxsulluğun aradan
qaldırılması, psixi sağlamlıq, zorakılıq,
psixotrop maddələrin qəbulu, təbii fəlakət və
digər qlobal məsələlər üzrə tədqiqatlar
həyata keçirir.
Hökumət Məktəbində Vətəndaş təhsili,
Ailə hüququ, Cəmiyyət və iqtisadi inkişaf, Səhiyyə
və sosial xidmət, Problemlərin birgə həlli və əməkdaşlıq,
İnsan resurslarının idarə olunması, Düzəlişlər,
İnformasiya texnologiyaları, Məhkəmələr və məhkəmə
administrasiyası, Həddi-buluğa çatmayanların
hüququ, Kriminal hüquq, Torpaq istifadəsi
planlaşdırması və inkişafı, Təhsil qanunu,
Liderlik və idarəetmə, Əmək hüququ, Yerli maliyyə
hökuməti, Ətraf mühit, Yerli qanunvericilik hökuməti,
Qiymətləndirmə və ölçmə, Ştat
hökuməti akademik proqramları təklif olunur.
Kenan-Fleqler Biznes Məktəbi biznes, maliyyə, menecment,
iqtisadiyyat və s. üzrə akademik proqramlar təklif edir. Məktəbdə
Hava Ticarəti, Biznes Proqnozlaşdırması, Korporativ Maliyyə,
Qarşılıqlı Mədəni və Xarici Dil Təhsili,
İqtisadi İnkişaf, Sahibkarlıq Tədqiqatları, Beynəlxalq Biznes Təhsili və Tədqiqatı,
Logistika və Rəqəmsal Strategiya, Daşınmaz Əmlakın
İnkişafı, Sabit Müəssisələr, Akademik Vergi
Tədqiqatları, Şəhər İnvestisiya
Strategiyaları mərkəzləri, Davranış
Laboratoriyası, Kenan Asiya İnstitutu fəaliyyət göstərir.
Jurnalistika və Kütləvi
Kommunikasiya Məktəbi jurnalistika, reklam, ictimaiyyətlə əlaqə,
kommunikasiya, eləcə də qrafik dizayn, redaktə etmə,
elektron kommunikasiya (televiziya və radioyayım), multimedia,
fotojurnalistika, hesabat, strateji əlaqə sahələri üzrə
müxtəlif akademik proqramlar təklif edir. Burada
Biznes-jurnalistika, Tibb və jurnalistika elmləri, İdman
kommunikasiyası, Fənlərarası səhiyyə
kommunikasiyası, Latın Amerikası jurnalistikası və
media tədqiqatları, eləcə də digər xüsusu
proqramlar mövcuddur.
İnformasiya və
Kitabxanaçılıq İşi Məktəbində tələbələrə
informasiya axtarışı, davranış informasiyası,
istehlakçı sağlamlığı, metadata, uşaq ədəbiyyatı,
elektron kitabxanalar, arxiv və rəqəmsal qoruma,
kiberinfrastruktur, elmi kitabxana işi, informasiya agentliklərinin
idarə olunması, tarix və folklor, eləcə də digər
bir çox sahələr üzrə təhsil verilir. Məktəb
Muzey və Kitabxana Xidmətləri, Milli Səhiyyə
institutları, Milli Elmi Fond, Arxiv və Sənədlərin
İdarə olunması, Milli Tarixi Nəşrlər və
Hesabat Komissiyası mərkəzləri ilə əməkdaşlıq
edir.
Yuxarıda
sadalanan məktəblərlə yanaşı, universitetdə
Yay Məktəbi, magistr, doktorant və diplomdan sonra təhsil
üzrə mütəxəssislər hazırlayan Ali Məktəb,
eləcə də Uilyam və İd
Cümə Əlavə Təhsil Mərkəzi fəaliyyət
göstərir.
Çapel-Hill Şimali Karolina Universitetinin 6 milyona
yaxın kitab və digər kolleksiyaya malik kitabxana sistemi
ölkənin ən zəngin kitabxanalarından biridir. Kitabxanada ədəbiyyat,
vizual və təsviri incəsənət, tarix, mədəniyyət
sahələrinə aid misilsiz material toplanıb. Əsas Devis kitabxanasından başqa universitetin
kitabxana sisteminə digər bölmə kitabxanaları-Uilson,
Nadir kitablar və Cənubi Folkloristika, RB Haus Bakalavr
kitabxanaları daxildir. Devis kitabxanası ali
məktəbin nəhəng akademik fonduna malikdir və
1984-cü ildə açılıb. Bu kitabxana
Şimali Karolina ştatının məşhur xeyriyyəçisi
Uolter Royal Devisin şərəfinə belə
adlandırılıb. Robert Hausun şərəfinə
adlandırılmış RB Haus Bakalavr kitabxanası 1968-ci ildə
açılıb və Devis kitabxanası yaradılanadək ali məktəbin əsas kitabxanası kimi fəaliyyət
göstərib. Hazırda bu kitabxana xüsusi tədbirlərin,
sərgilərin keçirildiyi və nadir kitabların
toplandığı əsas məkandır.
2002-ci ilin yazında Çapel-Hill Şimali Karolina
Universitetinin kitabxanası iki hissədən ibarət kolleksiya
(Parisdəki qədim rus kitabları satılan mağazanın
sahibi Andrey Savinin sağlığında və onun
ölümündən sonra mağazanın anbarında
qalmış materialları) əldə edib. Bütün bu kolleksiya
ümumilikdə 60000 kitab, jurnal və digər dövri nəşrlər,
əlyazma və çap sənədləri, şəkillər,
səsyazmalar, poçt açıqçaları, pul
kupürləri nümunələri və s. materiallardan ibarətdir.
Bu kolleksiyaya aid 16000 kitab dünyanın müxtəlif
şəhərlərində rus diasporu tərəfindən nəşr
edilmiş kitablardır. Çapel-Hill
Şimali Karolina Universitetinin kitabxanasında həmin
kolleksiyaya İnternet vasitəsi ilə çıxış
yaratmaq məqsədi ilə "Rusiyadan kənarda Rusiya" mərkəzi
yaradılıb.
Çapel-Hill Şimali Karolina Universitetinin 10-cu kansleri
hazırda kimya üzrə professor Herbert Holden Torpdur. Ali məktəb
Qəyyumlar Şurası tərəfindən idarə olunur.
Şuraya III Robert Uinston rəhbərlik edir.
Onun müavini isə xanım Barbara Rosser
Hayddır. Universitetdə ümumilikdə
12500-ə yaxın işçi çalışır. Onların 4000-ə qədəri akademik, qalanları
isə inzibati heyətdir.
Ali məktəbdə
təhsil alan tələbələrin
sayı 30000 nəfərə qədərdir. Tələbələrin
20000-ə yaxını bakalavr, qalanları isə magistrant və
doktorantlardır.
Çapel-Hill Şimali Karolina Universitetinin kampusunda 13
müxtəlif yaşayış ərazilərinə
bölünmüş 32 yataqxana kompleksi fəaliyyət
göstərir. Yataqxana kompleksi bir və bir neçə
binadan ibarətdir, əsasən Qədim Şərq və Qədim
Qərb yataqxana kompleksləri ərazilərinə
bölünüb. Kompleksin direktor, menecer,
məsləhətci, köməkçi daxil olmaqla xüsusi
işçi personalı mövcuddur. Ali məktəbin Cənub
kampusunda Meyson Farm Roud, Beyli Hill, Kreyc, Erinqus, Hardin, Horton, Kori,
Morrison yataqxanaları, Odum, Ram tələbə kəndləri,
Şimali kampusda Oldermen, Aleksandr, Aykok, Kobb, Konnor, Everett, Qrehem,
Qrayms, Coyner, Kenan, Lyuis, Manqam, Spenser, Steysi və s., Mərkəzi
kampusda isə Eyveri, Karmaykl, Parker, Tiq yataqxanaları yerləşir.
Bütün
ABŞ universitetləri kimi, Çapel-Hill Şimali Karolina
Universiteti də əvəzolunmaz idman nailiyyətlərinə
malikdir. Ali məktəbin idman üzrə ən məşhur
yetirməsi əfsanəvi basketbolçu Maykl Cordandır.
Universitetin digər çempionları arasında
basketbolçular Fil Ford, Tayler Hansbro, Antuan Ceymison, Vins Karter,
Ceyms Uorti, otüstü xokkey
oyunçusu Reyçel Douson, qadın futbolçular Mia Hamm,
Kristin Lilli, Tişa Venturini və digərlərinin
adlarını sadalamaq olar. Universitetdə, əsasən, idmanın basketbol, futbol, reqbi,
otüstü xokkey, tennis, beysbol, lakross və s. növləri
inkişaf etdirilib. Çapel-Hill
Şimali Karolina Universitetinin idman komandaları ümumilikdə
"Tar Heels" (Qatran dabanlar) adlandırılır. Komandaların talismanı isə Ramzes (buynuzlu
qoç), İribuynuzlu Ramdır (Şimali Amerikada xırda
buynuzlu heyvan, qoyun növü).
Çapel-Hill Şimali Karolina Universitetinin missiyası tədqiqatların
aparılması, müxtəlif ixtisas bacarıqlarına malik
bakalavr, magistr və doktorlar, gələcək liderlər nəsli
yetişdirmək, ölkə və dünya əhalisinin həyat
tərzini yüksəltmək üçün ən
müasir xidmətlər göstərmək, mövcud olan əsas
problemlərin həllini tapmaqdır. Əsas prinsipi və
şüarı "İşıq və azadlıq"
sözlərindən ibarət olan Çapel-Hill Şimali
Karolina Universiteti sürətlə inkişaf edərək gələcəyin
lider elmi-tədqiqat mərkəzinə çevrilmək niyyətindədir.
Universitetin məşhur məzunları
Ceyms
Noks Polk
ABŞ-ın 11-ci prezidenti
Uilyam
Kinq ABŞ-ın 13-cü
vitse-prezidenti
Con
Henri İton ABŞ-ın Hərbi məsələlər
üzrə 13-cü dövlət katibi
Con
Meyson ABŞ-ın Hərbi dəniz
donanmasının sabiq rəhbəri,
ABŞ-ın 18-ci baş prokuroru
Pol
Kolton Amerika Fond Birjasının sədri
Markus
Smit ABŞ-ın "Speedway
Motorsports" şirkətinin prezidenti
Hyu
Mak-Kol "Bank of
Meri
Syu Koulman
Miçiqan Ştat Universitetinin prezidenti
Elson
Floyd Vaşinqton Ştat
Universitetinin prezidenti
Kerol
Qarrison
Birminhem Alabama Universitetinin prezidenti
Hizer
Monro-Blyum MakGill
Universitetinin vitse-kansleri
Robert
Furçqott tibb və fiziologiya üzrə
Nobel mükafatı laureatı
Sara
Koen
jurnalistika tədqiqatları üzrə Pulitzer
mükafatı laureatı
Horasi
Karter
dövlət qulluğu üzrə Pulitzer mükafatı
laureatı
Cef MakNelli cizgi filmləri
redaksiyası üzrə üçqat Pulitzer
mükafatı laureatı
Maykl
Cordan
dünya üzrə tanınmış ABŞ
basketbolçusu
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.-
20 may.- S.16-17.