Beynəlxalq statuslu "Dünya" məktəbi
Tərkibində
ali, orta ixtisas, ümumtəhsil və məktəbəqədər
təhsil müəssisələri olan təhsil kompleksləri
dünyada çoxdan mövcuddur və özünü
artıq doğruldub. Son illər ölkəmizdə həyata
keçirilən təhsil islahatları, təhsilimizin beynəlxalq
təhsil məkanına inteqrasiyası yönündə
atılan addımlar nəticəsində Azərbaycanda da belə
təhsil strukturları yaranmışdır. Hazırda ölkəmizdə
tərkibində orta ixtisas, orta ümumtəhsil məktəbləri,
hətta uşaq bağçaları olan xeyli ali məktəb
fəaliyyət göstərir. Onlardan biri də Xəzər
Universitetidir. Ölkəmizdə ilk ingilisdilli özəl ali təhsil
müəssisəsi olan bu universiteti həm də öz nəzdində
orta ümumtəhsil məktəbi yaratmaq ideyasını ilkin
gerçəkləşdirən ali məktəblərimizdəndir.
1998-ci
ildə universitetin nəzdində fəaliyyətə
başlamış "Dünya" məktəbi artıq
çoxdan bu ideyanın faydalı olduğunu təsdiq
etmiş və bir sıra sanballı uğurlara imza
atmışdır.
Yeni
dərs ilində "Dünya" məktəbinə
şagird qəbulunun başlanması ilə əlaqədar,
habelə bu ümumtəhsil müəssisəsinin ictimaiyyətə
daha yaxından tanıtdırılması məqsədi ilə
mayın 7-də məktəbdə bir qrup KİV əməkdaşı
ilə görüş keçirilmişdir. Görüşdə
Xəzər Universitetinin təsisçisi, professor Hamlet
İsaxanlı, universitetin rektoru, professor Con Rayder,
"Dünya" məktəbinin təsisçisi Nailə
İsayeva, direktoru Mərufə Mədətli, beynəlxalq
İB proqramının koordinatoru Rəna Musayeva iştirak
edirdilər.
Xəzər
Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı
jurnalistləri salamlayıb, 1991-ci ildə təsis olunmuş Xəzər
Universitetini təhsil kompleksinə çevirmək, onun nəzdində
müasir təhsil modelinin tətbiq olunduğu, yeni təlim
forma və metodları ilə işləyən ümumtəhsil
məktəbi yaratmaq ideyası və onu gerçəkləşdirmək
üçün gördükləri işlər barədə
onlara qısa məlumat verdi. Bildirdi ki, dərsdə müəllimin
fəal, şagirdlərin isə passiv iştirakçı
olduğu ənənəvi təlimdən fərqli olaraq əsasını
uşaqlara sevgi təşkil edən, müəllimə istiqamətverici,
məşqçi rolu ayıran, şagirdləri isə dərsin
fəal iştirakçısına çevirən, onların
yaradıcı axtarışlarına geniş meydan verən
yeni ümumtəhsil məktəbi yaratmaq ideyasını həyata
keçirmək üçün universitetin əməkdaşları
bir sıra xarici ölkələrdə olmuş, bu sahədə
dünyada mövcud olan təcrübəni öyrənmişlər.
Nəticədə 1998-ci ildə universitetdə eksperimental
ümumtəhsil sinifləri açılmış və həmin
siniflərin bazasında "Dünya" məktəbi
yaradılmışdır. Dünyada əsas beynəlxalq
ünsiyyət vasitəsi olan ingilis dilinin öyrədilməsinə
məktəbdə xüsusi diqqət yetirilir.
H.İsaxanlı
"Dünya" məktəbinə beynəlxalq status vermək
üçün göstərdikləri fəaliyyətlərdən
də söz açdı. Qeyd etdi ki, bu məqsədlə
dünyada ən geniş yayılmış məktəb tipləri
öyrənilmiş və seçim zamanı Beynəlxalq
Bakalavr Təşkilatının beynəlxalq məktəb
tipinə üstünlük verilmişdir. Məktəb
özünün çox yüksək standartları və
pedaqoji dəyərləri ilə bütün dünyada
tanınan Beynəlxalq Bakalavr Təşkilatı
(İnternational Baccalaurate Organization) - İBO-nun çətin
akkreditasiyasından keçərək 2009-cu il yanvarın 16-da "Beynəlxalq
İB məktəbi" statusu almış və İBO-ya
üzv olmuşdur. Bu status məktəbin eyni zamanda həm beynəlxalq
İB diplomu, həm də orta təhsil haqqında attestat alan
məzunlarına birbaşa dünyanın bir çox ölkələrinin
ali məktəblərinə imtahansız qəbul olunmaq
imkanı açıb. İBO-nun proqramları hazırda
"Dünya" məktəbinin tam orta təhsil pilləsində
tətbiq olunur. Məktəbin həmin proqramla işləyən
müəllimləri xarici ölkələrdə xüsusi
treninqlərdən keçmişlər.
Sonra
"Dünya" məktəbinin təsisçisi Nailə
İsayeva, direktoru Mərufə Mədətli təhsil
ocağının məqsədi, vəzifələri,
strukturu, burada aparılan təlim-tərbiyə işləri,
İB proqramının özəllikləri ilə
bağlı jurnalistləri məlumatlandırdılar. Qeyd
olundu ki, "Dünya" məktəbinin məqsədi təhsilin
bütün pillələrində hərtərəfli
inkişaf edən fərdlər, cəmiyyəti irəli apara
bilən vətəndaşlar yetişdirmək, şagirdlərə
fikirləşməyi öyrətmək, onlara milli mənəvi
və bəşəri dəyərləri aşılamaq,
uşaqlarda özünəinam hissi yaratmaqdır.
Müasir
təlim-tərbiyə ocağı kimi Azərbaycan
Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında
fəaliyyət göstərən "Dünya" məktəbinə
qəbul bilik, bacarıq və qabiliyyət nümayişinə
əsaslanan imtahan və müsahibə yolu ilə həyata
keçirilir. Məktəbə qəbulda uğur qazanmayan
şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini
yenidən sınamaq imkanı verilir.
Şagirdlərlə
yanaşı, müəllimlər də məktəbdə tədris
aparmaq üçün müsabiqə yolu ilə seçilirlər.
Hər bir şagirdin fərqli xüsusiyyətlərini öyrənmək
üçün valideynlərlə fərdi söhbətlər
aparılır.
Təlim
və tərbiyənin müxtəlif pillələrinə
uyğun olaraq "Dünya" məktəbi dörd
şöbəyə bölünür: məktəbəqədər
(3-5 yaş), ibtidai (1-5-ci siniflər), əsas və ya natamam
orta (6-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil
şöbələri.
"Dünya"
məktəbi tam orta təhsil dövründə (X, XI siniflərdə)
şagirdlərin ixtisasyönümlü təhsilini həyata
keçirir. İxtisas seçimlərini etmiş şagirdlərə
ixtisas fənləri üzrə hazırlıq dərsləri
təşkil edilir.
Xarici
ölkələrin təhsil sisteminə inteqrasiyanın
vacibliyini nəzərə alaraq məktəbdə ən
çox tədris edilən fənlərdən biri də
ingilis dilidir. Təhsil ocağında ingilis dili departamenti
yaradılmışdır. İngilis dili dərsləri
dünya standartlarına uyğun təşkil olunur. 2010-2011-ci
tədris ilindən "Dünya" məktəbində
ingilis dilində İB Diplom Proqramı fəaliyyət göstərir.
Məktəbi bitirənlər Beynəlxalq İB diplomu və
eyni zamanda Azərbaycan tam orta təhsil attestatı alırlar.
Şagirdlərin
ingilis dilində şifahi nitqinin inkişaf etdirilməsinə
xüsusi fikir verilir. "Dünya" məktəbində
ingilis, rus dillərindən başqa, şagirdlərin
seçimi ilə italyan və ərəb dilləri də tədris
olunur.
Məktəbdə
monitorinq və qiymətləndirmə şöbəsi fəaliyyət
göstərir. Bu şöbənin yaradılmasında əsas
məqsəd il boyu müntəzəm olaraq fənlər
üzrə şagirdlərin bilik səviyyəsinin
yoxlanılmasını təşkil etmək və onun qiymətləndirilməsində
obyektivliyi təmin etməkdir. Şagirdlərə yüksək
mədəniyyət vərdişləri aşılamaq məqsədi
ilə məktəbdə etika tədris olunur. Bundan əlavə,
məqsədli ədəbi-bədii gecələrin, xeyriyyə
tədbirlərinin keçirilməsi məktəbin şagirdlərinə
yüksək əxlaqi keyfiyyətlər aşılayır.
"Dünya"
məktəbində peşəkarlığa, məsuliyyət
və əməkdaşlığa, qarşılıqlı
hörmətə, dostluğa və səmimiyyətə əsaslanan
gözəl iş şəraiti və mənəvi mühit
hökm sürür. Zəngin və rahat kitabxana, müasir
kompüterlər, laboratoriyalar, işıqlı və
geniş sinif otaqları, incəsənət studiyası,
müasir işıq və səs sistemi olan
yaraşıqlı konsert salonu, idman zalı, yeməkxana, həkim
nəzarəti, şagirdlərin evdən məktəbə və
məktəbdən evə hərəkətini təmin edən
nəqliyyat xidməti sayəsində məktəb bənzərsiz
bir təhsil-təlim ocağına çevrilmişdir.
Görüşün
sonunda universitetin və məktəbin rəhbərləri
jurnalistləri maraqlandıran sualları cavablandırdılar.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
20 may.- S.19.