Norveç
Krallığının təhsil sistemi
Norveç Krallığı
Ərazisi: 384802
kv.km.
Əhalisi: 4,8
milyon nəfər
Paytaxtı: Oslo şəhəri
Dövlət dili: Norveç dili
Pul vahidi:
Norvç kronu
Təhsil sistemi
Norveç
Krallığında milli və irqi mənsubiyyətindən,
cinsindən, sosial vəziyyətindən asılı olmayaraq hər
kəsin bərabər təhsil almaq hüququ var. Ölkədə
təhsil siyasətinin ana xəttini "hamı
üçün təhsil" şüarı təşkil
edir.
Norveçdə müasir təhsil sisteminin əsası 250 il bundan əvvəl qoyulub. 1889-cu ildən etibarən 7 illik icbari təhsil həyata keçirilməyə başlanıb. 1969-cu ildən icbari təhsil 9 illik, 1997-ci ildən isə 10 illik olub.
Ölkədə müvafiq yaş qrupundakı əhalinin təxminən 31 faizi orta təhsilin aşağı, 44 faizi isə yuxarı pilləsini bitirib. Əhalinin 25 faizinin isə kollec və ya universitet təhsili var.
Norveçdə məktəbəqədər təhsil könüllülük prinsipinə əsaslanır. İldə təxminən 235000 uşaq adi və ya ailə bağçalarına cəlb olunur.
1997-ci ildən etibarən Norveçdə uşaqlar 6 yaşından məktəbə qəbul edilir. İcbari təhsil 10 il davam edir və üç pillədən ibarətdir:
* ibtidai
pillə - I-IV siniflər (6-10 yaş);
* orta pillə
- V-VII siniflər (11-13 yaş);
*
aşağı orta təhsil pilləsi VIII-X siniflər (14-16
yaş).
Yuxarı
orta təhsil pilləsi isə üç il davam edir. Bu pillə
ümumi və ya peşə təhsilindən ibarətdir.
Norveçin
dövlət və özəl ali təhsil müəssisələrində
təxminən 195000 tələbə oxuyur. Onların
böyük əksəriyyətinə (təxminən 143000 nəfər)
Loan Dövlət Təhsil Fondu dəstək verir. Bundan
başqa, təxminən 14000 tələbəyə xaricdə
ali təhsil, 8000-ə qədər tələbəyə isə
xaricdə dərəcə almaq və ya mübadilə
proqramında iştirak etmək üçün köməklik
göstərilir. Norveçdə ali təhsil müəssisələrinin
əksəriyyəti dövlətə məxsusdur. Ölkədə
universitet, universitet səviyyəsində
ixtisaslaşmış institut, dövlət kollec universiteti,
dövlət incəsənət institutu, özəl kollec
universiteti və özəl institutlar fəaliyyət göstərir.
Özəl institutlar da daxil olmaqla bütün akkreditə
olunmuş institutların fəaliyyəti eyni qaydalar çərçivəsində
tənzimlənir. 2001-ci ildə Norveç Parlamenti ali təhsildə
Keyfiyyət İslahatı haqqında qərar qəbul
edib.
Məktəbəqədər təhsil
Qeyd
etdiyimiz kimi, Norveçdə məktəbəqədər təhsil
könüllülük prinsipinə əsaslanır. Uşaq
bağçaları 6 yaşına qədər uşaqlar
üçün nəzərdə tutulub. Məktəbəqədər
təhsil müəssisələri dövlət, bələdiyyələr
və valideynlər tərəfindən maliyyələşdirilir.
Ölkədə
uşaq bağçalarının daha səmərəli fəaliyyətinə
nail olmaq, təhsilin əlaqəli və davamlı təşkilini
təmin etmək məqsədilə 2005-ci ildən etibarən
məktəbəqədər müəssisələr Uşaq
və Ailə Məsələləri Nazirliyindən alınaraq
Təhsil və Tədqiqat Nazirliyinin tabeliyinə verilib.
Müvafiq qaydalara əsasən, bağçalarda
uşaqların hərtərəfli inkişafı
üçün hər cür şərait yaradılır.
Odur ki, ölkədəki bütün məktəbəqədər
müəssisələr qayğı, tərbiyə, oyun və
eyni zamanda təhsili özündə birləşdirən tədris
ocaqları kimi qəbul olunur.
Dairə
idarələri Təhsil və Tədqiqat Nazirliyinə məktəbəqədər
təhsil müəssisələrinin səmərəli idarə
olunmasında müvafiq köməklik göstərir. Dairə
idarələri ümumi nəzarət etmək, inzibati
tapşırıqlar və bələdiyyələr
üçün təlimatlar verməklə məktəbəqədər
təhsil strategiyasının həyata keçirilməsində
yaxından iştirak edir.
Mövcud
olan 6500-ə yaxın uşaq bağçasının təxminən
yarısını özəl məktəbəqədər təhsil
müəssisələri təşkil edir. Uşaq
bağçalarının fəaliyyətinin səmərəli
təşkilində bələdiyyələr də
mühüm rol oynayır. Bələdiyyələr
bağçaların daha çox ehtiyac duyulan ərazilərdə
yerləşməsini tənzimləyir, onların işinin
düzgün qurulmasına nəzarət edir.
Bələdiyyələr
tabeliyində olan bağçaların təminatı və
idarə olunmasına, eləcə də həm dövlət,
həm də özəl bağçalara nəzarətin həyata
keçirilməsinə cavabdehlik daşıyırlar. Bələdiyyələrin,
bundan əlavə, təlimatlar vermək səlahiyyəti
vardır. Bələdiyyələr müvafiq dövlət vəsaitlərinin
tabeliyindəki bağçalara bərabər şəkildə
bölüşdürülməsini təmin edirlər.
Uşaq
bağçalarında 3 yaşa qədər 7-9, 3 yaşdan
yuxarı 14-18 uşağa 1 müəllim tələb olunur.
Hazırda Norveç uşaq bağçalarında
ixtisaslı müəllimlərə ehtiyac duyulur.
Ümumi orta təhsil
Norveçdə
ümumi orta təhsil ibtidai təhsil, orta təhsilin
aşağı və yuxarı pillələrinə
bölünür.
6
yaşından başlayan icbari ibtidai təhsil və orta təhsilin
aşağı pilləsi 10 il davam edir. İcbari təhsil iki
pilləyə bölünür:
* ibtidai təhsil
- I-VII siniflər (6-13 yaş);
* orta təhsilin
aşağı pilləsi - VIII-X siniflər (14-16 yaş).
Norveçdə
ibtidai məktəb və orta məktəbin aşağı
pilləsi bütün şagirdlər üçün nəzərdə
tutulub. Təxminən 3100 ibtidai və aşağı orta məktəbdə 620000 şagirdin təlim-tərbiyəsi
ilə 64000 müəllim məşğul olur. Onlardan özəl
əsaslarla fəaliyyət göstərən 150 (4,7 faiz) məktəbdə
14000 şagird təhsil alır.
2006-cı
ildə həyata keçirilən islahat nəticəsində
ibtidai və orta məktəbin aşağı pilləsinin
bütün sinifləri üçün yeni tədris
planları tətbiq edilir. İbtidai məktəb və orta məktəbin
aşağı pilləsi üçün təhsilin, təlimin
məqsəd və keyfiyyət meyarı Biliyin Təkmilləşməsi
Milli Kurikulumunda öz əksini tapır.
Orta təhsilin
aşağı pilləsini başa vurmuş hər bir
şagirdin orta təhsilin yuxarı pilləsində
üçillik təhsil almaq hüququ var. 1976-cı ildən
etibarən Norveç hökuməti ümumi və peşə
təhsili olaraq iki yerə bölünən orta təhsilin
yuxarı pilləsinin vahid strukturunu formalaşdırıb.
Bu pillədə bütün
şagirdlər alternativ təhsil proqramını seçmək
imkanına malikdirlər. Belə ki, orta təhsilin yuxarı
pilləsində peşə təhsili istiqaməti üzrə
və ya ümumi təhsil proqramları arasında seçim
etmək mümkündür.
Onu da qeyd
edək ki, orta təhsilin yuxarı pilləsi ümumi təhsil
və peşə təhsili proqramlarına bölünməklə,
12 müxtəlif tədris proqramı əsasında təşkil
olunur.
Ümumi
təhsil proqramları:
*
ümumi təhsil üzrə ixtisaslaşmış proqramlar;
* idman və
fiziki təhsil üzrə proqramlar;
* musiqi, rəqs
və dram proqramları.
Peşə
təhsili proqramları:
* tikinti və
konstruksiya üzrə proqramlar;
* dizayn,
incəsənət və tətbiqi sənət üzrə
proqramlar;
* elektrik
avadanlıqları və elektronika üzrə proqramlar;
* səhiyyə
və sosial xidmət üzrə proqramlar;
* mətbuat
və informasiya üzrə proqramlar;
* kənd
təsərrüfatı, balıqçılıq və
meşəçilik üzrə proqramlar;
* restoran
və yeyinti sənayesi üzrə proqramlar;
* xidmət
və nəqliyyat üzrə proqramlar;
* texniki və
sənaye mallarının istehsalı üzrə proqramlar.
Peşə
təhsili proqramlarına tədrislə yanaşı, müəssisələrdə
iş təcrübəsi də daxildir. Peşə təhsilinə
yiyələnmiş şagirdlər universitet və ya kollec
universitetlərə qəbul olmaq hüququ verən
buraxılış şəhadətnaməsi almaq
üçün əlavə proqramı da mənimsəməlidirlər.
Ölkədə
orta təhsilin yuxarı pilləsi üzrə fəaliyyət
göstərən 450 məktəbdə təhsil alan 190000
şagirdin təlim-tərbiyəsi ilə 23000 müəllim məşğul
olur. Həmin tədris ocaqlarından 75-i özəldir. Bu məktəblərdə
10000 şagird təhsil alır. Orta təhsilin yuxarı pilləsində
oxuyan şagirdlərin 34000-i isə peşə təhsili
istiqaməti üzrə müxtəlif ixtisaslara yiyələnir.
Bununla
yanaşı, yaşlılar üçün həyatboyu təhsil
imkanlarının yaradılması sayəsində hər bir
yaşlı insana ibtidai və orta məktəbin
aşağı, eləcə də orta məktəbin
yuxarı pillələrində təhsil almaq hüququ verilir.
Hər il yaşlıların təhsili imkanlarından istifadə
edən təxminən 10000 nəfər ibtidai və orta məktəbin
aşağı, 20000 nəfər isə orta məktəbin
yuxarı pilləsinə cəlb olunur.
Peşə təhsili
Orta təhsilin
yuxarı pilləsini bitirmiş şagirdlər ali təhsilə
alternativ hesab edilən peşə təhsilinə yiyələnə
bilərlər. Peşə təhsili müəssisələrinə
qəbul olmaq üçün şagirdlərdən heç
bir imtahan tələb olunmur.
Norveçdə
peşə təhsili yarım ildən 2 ilə qədər
davam edir. Ölkədə dövlət və özəl
peşə təhsili müəssisələri mövcuddur. Həm
dövlət, həm də özəl peşə təhsili
müəssisələri tərəfindən müasir
dövrün tələblərinə uyğun ixtisaslar təklif
edilir. Dövlət (Dairə idarələri) tərəfindən
maliyyələşən texniki idarəetmə və dənizçilik
ixtisasları verən ənənəvi məktəblərdən
başqa bütün peşə təhsili müəssisələri
özəldir.
Bütün
peşə tədris proqramları Norveç Təhsildə
Keyfiyyətin Təminatı Agentliyi (NTKTA) tərəfindən
akkreditə olunur. 2002-ci ildən fəaliyyət göstərən
Norveç Təhsildə Keyfiyyətin Təminatı
Agentliyinin əsas vəzifəsi ali və peşə məktəblərində
tədrisin keyfiyyətini təmin etməkdən ibarətdir.
Ali təhsil
Norveçdə
ali təhsil müəssisələrinin əksəriyyəti
dövlətə məxsusdur. Ölkədə 7 universitet,
universitet səviyyəsində 7 ixtisaslaşmış
institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət
institutu və 2 özəl kollec universiteti, 31 özəl
institut (onlardan 22-si dövlət tərəfindən müəyyən
maliyyə yardımı alır) fəaliyyət göstərir.
Ali məktəblərdə oxuyan təxminən 195000 tələbədən
24500-ü özəl kollec və ya kollec universitetlərdə
təhsil alır.
Norveçin
ən qədim və nüfuzlu ali təhsil müəssisəsi
Oslo Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə
başlayıb. 1939-cu ildən Oslo Universiteti
adlandırılıb. 1946-cı ilə qədər ölkədə
yeganə universitet olub.
Universitetdə
hüquq, tibb, humanitar, riyaziyyat, ilahiyyat, təbiət elmləri,
sosial elmlər, təhsil və digər ixtisaslar üzrə
30000-ə yaxın tələbə təhsil alır.
Dünyada aparıcı universitetlərdən biri olan bu ali məktəb
xaricdə təhsil və tədris üzrə
ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkətinin
2010-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq
siyahısında 100-cü pillədə qərarlaşıb.
Universitet məzunlarından bir çoxu müxtəlif illərdə
Nobel mükafatına layiq görülüb.
Son illər
Norveç ali təhsilində aparılan islahatlar müsbət
nəticələr verir. İslahatlar sayəsində Boloniya
prosesinə uyğun olaraq dərəcə strukturu, qiymətləndirmə
sistemi və keyfiyyətin təminatı sistemi müəyyənləşdirilib.
Ali təhsilin dərəcə strukturuna əsasən 3 illik
bakalavriatura, 2 illik magistratura və 3 illik doktorantura (fəlsəfə
doktoru) müddəti müəyyən edilib. Avropa Kredit
Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər
vasitəsi ilə aparılır (A-əla, E-keçid,
F-qeyri-kafi).
Özəl
institutlar üçün akkreditasiya könüllü xarakter
daşıyır. Son illər akkreditasiyadan keçmiş bəzi
kollec universitetlər universitet olmaq şansı qazanıblar.
Ali təhsil
müəssisələri arasındakı fərq əsasən
onların akkreditasiya hüquqları ilə əlaqədardır.
Məsələn, kollec universitetləri magistr və fəlsəfə
doktoru dərəcələri vermək məqsədi ilə
akkreditasiya üçün müraciət etməli
olduqları halda, universitetlərin qarşısında belə
bir şərt qoyulmur. Burada həmçinin bir sıra özəl
ali məktəblərin də magistr və fəlsəfə
doktoru dərəcələri vermək hüququ əldə
etmək üçün akkreditasiyadan keçməsi ilə
bağlı tələblər mövcuddur. Bu müəssisələr
Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi
tərəfindən akkreditə olunmuş tədris
proqramları təqdim edirlər.
Norveç
Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ali və
peşə təhsili müəssisələrində tədrisin
keyfiyyətinin təmin olunması prosesini müxtəlif
üsullar vasitəsilə həyata keçirir:
* ali təhsil
müəssisələrinin akkreditasiyası;
* ali təhsil
proqram və kurslarının akkreditasiyası;
*
akkreditasiya prosesinin yoxlanılması;
* ali təhsil
müəssisələrində daxili keyfiyyətin təminatının qiymətləndirilməsi;
* təhsilin
qiymətləndirilməsi;
* texniki
peşə təhsilinin tanınması;
* xarici
ixtisasların tanınması.
Yaşlılar
üçün həyatboyu təhsil imkanlarının
yaradılması Norveçdə təhsil siyasətinin əsas
prioritetlərindəndir. Başlıca məqsəd
yaşlı nəsil nümayəndələrinin öz
peşələrinə uyğun olaraq bacarıqlarını
möhkəmləndirməsinə əlverişli şərait
yaratmaqdan ibarətdir.
Hər il
təxminən 15000 tələbə yaşlıların təhsili
proqramları çərçivəsində dövlət
universitetlərində və kollec universitetlərdə təhsil
alır. 70000 nəfər isə əlavə təlim
kurslarında təhsilini davam etdirir.
Yaşlıların
təhsilinin daha yaxşı təşkili məqsədilə
hökumət tərəfindən təsirli tədbirlər həyata
keçirilir. Hökumət yaşlıların təhsili ilə
məşğul olan qurumları maliyyələşdirir və
onların fəaliyyətini stimullaşdırır. Ölkədə
yaşlıların təhsili ilə məşğul olan təxminən
20 cəmiyyət dövlət dotasiyası alır. Bu
baxımdan, yaşlıların oxu, yazı, riyazi və
kompüter bacarıqlarının təkmilləşdirilməsi
üzrə yüksək keyfiyyətli kursların təşkili
məsələsi daha aktualdır. Odur ki, qeyri-hökumət təşkilatlarının,
bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə
cəlb olunmasına xüsusi önəm verilir.
Distant (məsafədən)
təhsil Norveçdə geniş yayılıb və əsasən
qiyabi kurslardan ibarətdir. Lakin hazırda tədricən distant
təhsil daha çox İnternetə əsaslanır. Hər
il təxminən 20000 nəfər distant təhsil müəssisələrini
bitirir.
Məktəbəqədər
təhsil müəssisələrində dərs demək
üçün kollec universitetlərində üçillik təhsil
almaq tələb olunur. İbtidai məktəblərdə dərs
demək üçün kolleclərdə ümumi fənn
müəllimi (4 illik təhsil) və ya fənn müəllimi
(3 illik) ixtisaslarına yiyələnmək lazımdır.
3 illik təhsilə
əsaslanan ilk universitet dərəcəsi almış müəllimlər
orta məktəbin aşağı pilləsində dərs demək
hüququ qazanır. Universitet dərəcəsi əldə
etdikdən (5-6 il) sonra bir il əlavə müəllim təlimi
proqramlarında ixtisas almaqla orta məktəbin yuxarı pilləsində
dərs demək olar.
Tibb,
hüquq, iqtisadiyyat, mühəndislik elmləri üzrə
universitet proqramı 4, 5 və ya 6 ildir. Bu ixtisaslara yiyələnmiş
mütəxəssislər daha nüfuzlu kadr kimi işə qəbul
olunur və yüksək maaş alırlar. Əcnəbilərin
bu ixtisaslara qəbulu baxımından müəyyən məhdudiyyətlər
mövcuddur.
Təhsilin idarə olunması
Norveç
parlamenti və hökuməti təhsil sahəsində əsas
məqsədləri müəyyənləşdirir və təhsil
sektorunun inkişafına dair müvafiq qərarlar verir.
Hökumət, həmçinin təhsilin keyfiyyətinin
yüksəldilməsi, idarə olunması, maliyyələşməsi
üzrə səlahiyyətə malikdir. İbtidai və orta təhsilə
dair qaydaların icrası, məzmun və bu təhsil pilləsinin
maliyyələşməsi məsələlərinə
dövlət cavabdehlik daşıyır.
Norveç
Təhsil və Tədqiqat Nazirliyi ölkənin milli təhsil
strategiyasının həyata keçirilməsini təmin
edir. Nazirlik tərəfindən hazırlanan müvafiq qanunlar,
qaydalar, kurikulum və çərçivə planları vasitəsilə
milli təhsil standartları müəyyən olunur.
Norveç
Təhsil və Təlim İdarəsi Təhsil və Tədqiqat
Nazirliyinə tabe olan icraedici orqandır. İdarənin əsas
vəzifələri keyfiyyətin yüksəldilməsini təmin
etmək, keyfiyyəti qiymətləndirmək, təhlillər
aparmaq və müvafiq təhsil pilləsi ilə bağlı
inzibati vəzifələri icra etmək, eləcə də
ibtidai və orta təhsil pillələrinə nəzarəti
həyata keçirməkdir.
Dairə
idarələri həm Təhsil və Tədqiqat Nazirliyi ilə
Təhsil və Təlim İdarəsi, həm də bələdiyyə
və dairələrdəki təhsil sektoru arasındakı əlaqələri
təmin edir. Bu qurum müvafiq qaydalar, keyfiyyətin təmin
olunması və digər inzibati məsələlərlə
bağlı şikayətlərin həllinə məsuldur.
Bələdiyyələr
ibtidai və aşağı orta təhsil məktəblərinin
idarə olunmasını yerinə yetirirlər. Dairə idarələri
isə yuxarı orta təhsil məktəblərində təhsil
və təlimə cavabdehdirlər. Qanunvericilik və qaydalar,
o cümlədən milli kurikulumun ümumi çərçivəni
təşkil etməsinə baxmayaraq, bələdiyyələr,
dairə idarələri və müəllimlər təhsil, təlim
prosesinin icrasına təsir edə bilərlər. Hər bir məktəbin
direktoru, müxtəlif idarəetmə şuraları və
komitələri vardır.
Təhsil
və Tədqiqat Nazirliyinə tabe olan universitet və kolleclərin
fəaliyyəti dövlət tərəfindən tənzimlənir.
Akkreditasiyadan keçmiş təhsil müəssisəsinə
böyük akademik səlahiyyətlər verilir. Belə
müəssisələr müstəqil olaraq tədris etdikləri
kursu müəyyənləşdirə bilərlər. Kolleclər
yalnız birinci təhsil pilləsində hansı kursları və
mövzuları tədris edəcəklərinə dair qərarları
qəbul etmək səlahiyyətinə malikdirlər.
Universitetlər isə bütün təhsil pillələrində,
o cümlədən doktorantura pilləsində də bu
baxımdan tam sərbəstdirlər.
Qeyd edək
ki, Norveç Təhsildə Keyfiyyətin Təmin Olunması
Agentliyi və Norveç Ali Təhsildə Beynəlxalq Əməkdaşlıq
Mərkəzi də universitet və kolleclərin idarə
olunmasında mühüm rol oynayırlar.
Beynəlxalq
əməkdaşlıq
Norveçdə
beynəlxalq əməkdaşlıq, təhsil və tədqiqat
sahələrində əlaqələrin genişləndirilməsi
məsələlərinə xüsusi önəm verilir.
Bununla da mütəxəssislərin qabaqcıl beynəlxalq təcrübəyə
yiyələnməsinə və ölkələr arasında
elm, təhsil sahələrində səmərəli
qarşılıqlı əlaqələrin qurulmasına
geniş imkanlar açılır.
Təhsil və təlimlə
bağlı beynəlxalq proqram və tədbirlərin həyata
keçirilməsi üzrə rəsmi qurum olan Norveç Ali
Təhsildə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin
fəaliyyəti bu baxımdan xüsusilə diqqəti cəlb
edir. Mərkəz 2004-cü ildə Təhsil və Tədqiqat
Nazirliyinin nəzdində təşkil olunub.
Beynəlxalq
əməkdaşlıq sahəsində Norveç digər
ölkələrdə elmin, təhsilin inkişafına layiqli
töhfələr verməklə, həm də elm və
texnologiya sahəsindəki innovasiyalardan yararlanır. Belə əməkdaşlıq
mədəniyyətlərarası anlaşmanı
asanlaşdırır, ölkələrin ikitərəfli əlaqələrinin
inkişafına təkan verir. Norveç bu istiqamətdə
Avropa İttifaqı, Avropa Şurası, Skandinaviya ölkələrinin
Nazirlər Şurası, AİƏT (Avropa İqtisadi Əməkdaşlıq
Təşkilatı), YUNESKO kimi nüfuzlu təşkilatlarla və
dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlıq
edir.
Hazırladılar:
Bəşarət Məmmədov
Ramil HÜSEYNOV
Azərbaycan müəllimi.- 2011.- 20
may.- S.12-13.