Könüllərdə izi qalan müqəddəs peşə sahıbi

 

Bir müəllim haqqında söhbət açmaq istəyirəm. Biliyini, bacarığını, ürəyinin hərarətini, gözünün nurunu böyük xeyirxahlıqla, mehribanlıq və qayğıkeşliklə dərs dediyi şagirdlərinin qəlbinə hopturmağı bacaran bir müəllim haqqında. Varı-dövləti övladları qədər sevdiyi şagirdləri, ömrünün ən şirin nəğməsi şagirdlərinin səsi-sədası olan, onların hər bir uğuruna  sevinən, gənclikdən müdriklik - ahıllıq dövrünə qədər şərəfli bir yol keçən, mehriban qayğıkeş bir müəllim haqqında... Onun adı Kamran, soyadı isə Gəncəliyevdir. Düz səksən beş il bundan əvvəl Ermənistanın Sisyan rayonunun Urud kəndində dünyaya göz açıb. İbtidai təhsilini öz doğma kəndlərində alıb. Orta təhsilini isə qonşu Vağudi kəndində başa çatdırıb. Bir müddət kolxozda çalışıb. 1944-cü ildə hərbi xidmətə çağırılıb. Respublika Hərbi Komissarlığı onu cəbhəyə deyil, İrəvan şəhərindəki 447 nömrəli hərbi təyyarə zavoduna göndərib. İkiillik hərbi xidmətini uğurla başa çatdıran Kamran doğma kəndlərinə dönüb. 1946-cı ildə Naxçıvan Pedaqoji İnstitutunun coğrafiya- biologiya fakültəsinə daxil olub. İkiillik ali təhsilini uğurla başa vurduqdan sonra Urud kəndində pedaqoji fəaliyyətə başlayıb. Amma təhsilini davam etdirmək arzusu ona rahatlıq verməyib. Nəhayət, 1957-ci ildə sənədlərini Azərbaycan Dövlət Universitetinə verərək coğrafiya ixtisası üzrə qəbul olunub. 1961-ci  ildə ikinci ali təhsilinibaşa çatdırıb. Həmin ildən bu günə kimi gənc nəslin təlim-tərbiyəsi ilə böyük fədakarlıqla məşğul olur.

 

Məlum Ermənistan - Azərbaycan münaqişəsi başlayan zaman Kamran müəllim də ailə üzvləri ilə birlikdə doğma elini-obasını tərk etməli olub. Onlar əvvəlcə Bakıya gəlib, 1993-cü ildən isə Xızıda məskunlaşıblar. Kamran müəllim öz peşəsini müqəddəs sayan, onu bütün varlığı ilə sevən və bu gün Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində əvvəlki həvəslə coğrafiya və biologiya fənlərindən  dərs deyərək, bu fənni şadirdlərinə sevdirən müəllimlərdən sayılır.  Kamran müəllim haqqında onun Bakıda yaşayan, Ekologiya İnstitutunda çalışan kiçik qızı Aygünün həyat yoldaşı, Elmi Tədqiqat İnstitutunda işləyən Hamlet Fətdayevdən eşitmişdim...

 

"O, xeyirxah nəcib bir insandır"

 

Bu günlər Xızıya - Kamran müəllimin evinə zəng etdim. Dəstəyi ömür-gün yoldaşı Gülxar müəllim qaldırdı. Dedi ki, məktəbdədir, günortaya qədər dərsi var. O, məktəbin telefon nömrəsini mənə söylədi. Fürsətdən istifadə edərək soruşdum ki, ay Gülxar müəllim,  Xızı dağlarında Kamran müəllim sənin qayğına qalırmı, sözünə baxırmı, "dəcəllik" eləmir ki... Gülxar müəllim  zarafatıma xeyli güldükdən sonra dedi:

- Mən uzun illər ibtidai siniflərə dərs demişəm. Artıq təqaüdə çıxmışam. Biz düz 55 ildir ki, ailə həyatı qurmuşuq. Əgər sözümə baxmasaydı, bu 55 ili bir yerdə olmazdıq. Kamran həqiqətən nəcib insandır. Onunla birlikdə 8 övlad böyütmüşük. Hamısına da ali təhsil almaqda yardımçı olmuşuq. Beş oğlumuzdan üçü həkimdir, üç qızımızdan ikisi müəllim, biri isə elmi işçidir. İndi bizim 12 nəvəmiz, 2 nəticəmiz var. Hamısının da qayğısını çəkirik. Onların da hamısı bizi çox istəyir. 

 

"Qürur duyuram ki, müəlliməm"

 

Gülxar müəllimlə sağollaşdıqdan sonra Kamran müəllimlə telefon əlaqəsi yaratmaq istədim. Dəstəyi məktəbin riyaziyyat müəllimi Araz İsayev qaldırdı tez onu telefona çağırdı. Kamran müəllimlə xeyli söhbət etdik. Ümummilli lider haqqında maraqlı uşaqlıq xatirələrini dinlədik. Sonra o, müqəddəs müəllimlik peşəsindən söhbət açaraq dedi ki, müəllimlər o vaxt böyük uğurlar qazana bilər ki, onlar gələcəyimiz olan şagirdləri öz peşələrinə olan məhəbbətdən daha çox sevsinlər, onların şəxsiyyətini yüksək qiymətləndirsinlər, onlara gələcəyin savadlı, qabiliyyətli vətəndaşı kimi yanaşsınlar. Təsadüfi deyildir ki, Məhəmməd peyğəmbər demişdir: "Sizə bilik öyrədən adamı da böyük sanın, uca tutun, bilik öyrətdiyiniz adamı da". Bu bir həqiqətdir ki, əgər müəllim dərs dediyi şagirdləri övladları qədər sevməsə, heç zaman onlarda tədris etdiyi fənnə həvəs özünə qarşı məhəbbət yarada bilməz. Bu mənada mən özümü xoşbəxt sanıram ki, şagirdlərimin qəlbində xoş duyğularla xatırlanıram. Qürur duyuram ki, mən müəlliməm...

Söhbətimizin bu məqamında Kamran müəllim dedi ki, üzr istəyirəm, zəng içəri vuruldu. Mənim dərsim başlandı...

 

"Mən müəllim çörəyi ilə böyümüşəm"

 

Sonra Kamran müəllimin Bakı şəhərində yaşayan kiçik qızı Aygün xanımla atası barədə söhbət etdik. O bildirdi ki, atam da, anam da müəllim olub. Qardaşlarım bacılarım kimi mən müəllim çörəyi ilə böyümüşəm. Onu da deyim ki, böyük bacım Aliyə Gəncəliyeva Azərbaycan dili ədəbiyyat müəllimidir, o biri bacım Sevil Əliyeva isə ibtidai sinif müəllimidir. Hər ikisi valideynlərimizin şərəfli müəllim peşəsini davam etdirir. Atam mənim müəllimim olub. Mənə səkkizinci sinifdə coğrafiyadan dərs deyib. İndi Ekologiya İnstitutunda bölmə müdiri vəzifəsində çalışıram. Atamın bir valideyn kimi bizə göstərdiyi qayğını, şəraiti ana olandan sonra daha dərindən dərk etdim. Bu qayğını, bu hərarəti öz balalarıma ötürmək üçün səylə çalışıram. Babalarının yolunu hər an həsrətlə gözləyən, "Kamran müəllimin nəvələriyik" deməklə qürur  duyan nəvələrin keçirdiyi həyəcanları daim onlarla bölüşürəm. Ata məhəbbətinə, ata qayğısına, ata sözünə hər zaman möhtaclıq duyduğumu, müəllim çörəyi ilə böyüdüyümü yaddan çıxara bilmərəm. 

 

"Babamla fəxr edirəm"

 

Kamran müəllimin nəvəsi Cavidanla da söhbətimiz maraqlı alındı. O dedi ki, mən Bakı şəhərindəki 95 nömrəli tam orta məktəbin II sinfində oxuyuram. Özü yalnız "5" qiymətlərlə. Hər yay tətilində atam Hamlet, anam Aygün məndən böyük bacım Aydanla birlikdə Xızıya - Kamran babam Gülxar nənəmin yanına gedirik. Babamın böyük bağı var. Buradakı meyvə ağaclarının hamısını özü əkib-becərib. Babam burada həm arı ailəsi saxlayır. Mənə deyir ki, ay mənim bal balam, sən çoxlu bal ye. Bal yesən, sağlam olarsan. Mən babamı çox istəyirəm. Onunla fəxr edirəm...

Bəli, tarixin inkişafına müsbət təsir göstərən dahilər , elmi  kəşflər edən alimlər , öz xalqını dünyada tanıdan sənətkarlar da, vətən yolunda canından keçən qəhrəmanlar da Kamran Gəncəliyev kimi müəllimlərinə minnətdar olmalıdırlar. Kamran müəllim ailədə, məktəbdə olduğu kimi yaşadığı rayonun ictimaiyyəti tərəfindən sevilir. O, rayonun ictimai-siyasi həyatındakı fəallığına, təhsildə göstərdiyi pedaqoji  uğurlara görə dəfələrlə Xızı Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə fəltif olunub. Kamran müəllim deyir ki, uzun illər yetişdirdiyim şagirdlərimin  sorağı dünyanın respublikamızın müxtəlif guşələrindən gəlir. Müəllimin bundan qiymətli qazancı ola bilər...  

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.18.