Tələbə rəssamın fərdi rəsm sərgisi

 

 Naxçıvan Dövlət Universitetində incəsənət fakültəsinin təsviri incəsənət ixtisası üzrə IV kurs tələbəsi Pərviz Yəhyayevin fərdi rəsm sərgisi açılıb. 10 gün davam  edəcək sərgidə tələbə rəssamın təsviri sənətin müxtəlif  janrlarında  çəkdiyi əsərlər nümayiş olunacaq.

Sərginin açılışında çıxış edən ali  təhsil  ocağının rektoru, akademik İsa Həbibbəyli qeyd edib ki, əsası Bəhruz Kəngərli tərəfindən qoyulan Naxçıvan rəssamlıq məktəbinin bu gün davam etdirilməsi ilə yanaşı, onun sıraları daima yeni nəsil rəssamları ilə zənginləşməkdədir. Rektor, gənc rəssamın formalaşmasında onun müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılovun xidmətlərini xüsusilə vurğulayıb.

Xalq rəssamı, universitetin müəllimi Hüseynqulu Əliyev çıxışında ölkədə elmin, təhsilin, mədəniyyət və incəsənətin inkişafına göstərilən diqqət və qayğıdan danışıb.

Əməkdar rəssam Cavid İsmayılov böyük sənətdə ilk addımlarını atan tələbə rəssama daha böyük nailiyyətlər diləyib. Tələbə yoldaşlarından Nəsib Nəsirov da təbriklərə qoşulub. 

Tədbir iştirakçıları rəssamın əsərlərinin əks olunduğu videomateriala baxıblar. Sonra sərgiyə baxış olub.  Sərgidə üstünlük təşkil edən  portret və peyzaj janrında çəkilən  əsərlər düşündürücü olması ilə buraya gələnlərin böyük marağına səbəb olub.     

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.15.