Peşəyə
vurğunluq və istedad birləşəndə
20 nömrəli
məktəb-liseyin ingilis dili
müəllimi Samirə Abbasovanın
"açıq dərs"i dinlənildi
Hazırda informasiya-kommunikasiya texnologiyalarının
inkişaf etdiyi bir dövrdə bütün sahələrdə
İKT-nin tətbiqi prosesi
gedir. Dünyanın bir
çox aparıcı
ölkələrində olduğu kimi, Azərbaycanda da sistemli şəkildə təhsil
sisteminin informasiyalaşdırılması
həyata keçirilir.
"Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq son illər bu istiqamətdə əhəmiyyətli
addımlar atılmış, respublikamızın, demək olar ki, bütün təhsil
müəssisələri kompüter və digər yeni texnologiya
avadanlıqları, İnternet şəbəkəsi ilə
təmin olunmuş, ayrı-ayrı
fənlər üzrə elektron
təlim materialları
və əyani vəsaitlər hazırlanmış, minlərlə
müəllim İKT üzrə treninqlərdən keçmişdir.
Lakin bu,
işin yalnız bir tərəfidir. Əsas məqsəd təlim
prosesində İKT-dən effektiv istifadə etməklə
şagirdlərdə müasir dövrün tələblərinə
uyğun bilik və vərdişlər
formalaşdırmaqdan ibarətdir. Sübut
olunmuşdur ki, elmin əsaslarını öyrənərkən tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi təlimin effektivliyini
artırır, öyrənənlərdə biliklərə
müstəqil yiyələnmək, öyrənilən fənnin
qanunauyğunlaqlarını proqnozlaşdırmaq qabiliyyəti
aşılayır, həmçinin informasiya
cəmiyyətində intellekti
fəaliyyətə hazırlayır
Azərbaycanda
təhsil sisteminin informasiyalaşdırılmasında müəllimlərin
rolu olduqca böyükdür. Məhz müəllim məktəbdə
informasiya texnologiyalarının əsas istifadəçisi
kimi çıxış edərək yeni vasitələrlə
tədrisin effektivliyini təmin etmiş olur. Faktiki olaraq təhsilin
informasiyalaşdırılmasının uğuru müəllimlərin
İKT sahəsində biliklərindən və bu biliklər
vasitəsilə tədrisi yeni formatda qurmasından
asılıdır. Buna görə də onların texnoloji
hazırlığı son dərəcə mühüm əhəmiyyət
kəsb edir.
Son
illər ölkəmizdə müəllimlərin İKT sahəsində
biliklərinin artırılması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsində
hazırda məktəblərimizdə tədris prosesini
İKT-nin tətbiqi ilə quran, dərslərində interaktiv
təlim üsullarından səmərəli istifadə edən
novator müəllimlərin fəaliyyət göstərməsi
sevindirici haldır. Onlardan biri də Arif Hüseynzadə
adına 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi
Samirə Abbasovadır. Samirə müəllim bu sahədəki
bacarığını mayın 13-də keçdiyi
"açıq dərs"də nümayiş etdirdi.
V
"q" sinfində bütünlüklə ingilis dilində
aparılan dərsin mövzusu "Ərzaq" idi. Dərsdə
fəal təlimin qruplarla iş, əqli hücum, müqayisə,
işgüzar səs-küy, diskussiya üsullarından
bacarıqla istifadə olundu, təbiətşünaslıq,
riyaziyyat və musiqi fənləri ilə inteqrasiya
yaradıldı.
İKT-nin
tətbiqi ilə qurulmuş dərsin bütün mərhələlərində
ayrı-ayrı materillar-şəkillər, suallar, yeni sözlər, mətn, cümlələr,
tapşırıqlar, dialoqlar və krossvord şagirdlərə
monitorda təqdim olundu. Dərsdə iştirak edən 9 şagird
"Meyvələr" və "Tərəvəzlər"
adı altında 2 qrupa ayrılmışdı.
Samirə
müəllim və V "q" sinfinin şagirdləri
qonaqları salamladıqdan sonra dərsdə səmimi atmosferin
və xoş əhvali-ruhiyyənin yaradılması məqsədilə
meyvə və tərəvəzlər haqqında "Sən
nəyi xoşlayırsan?" adlı mahnı oxundu. Mahnını
uşaqlarla bərabər, monitorda bir-birini əvəz edən
məzəli və şən personajlar da oxudu. Sonra müəllim
şagirdlərlə ümumi mövzularda (havanın necə
keçməsi, gündəlik iş rejimi,
sağlamlığın qorunması və s.) söhbət
etdi.
Bütün bunlardan sonra dərsin ilk mərhələsi-motivasiyanın yaradılması üzrə iş aparıldı. "Siz ərzaq almaq üçün hara gedirsiz" sualına cavab tapmaq üçün beşincilərə monitorda 4 şəkildən (muzey, park, məktəb, supermarket) ibarət test nümayiş etdirildi və onlar cavabı asanlıqla müəyyən etdilər.
Növbəti mərhələdə supermarketdən nə almağın mümkün olması ilə bağlı tədqiqat aparıldı. Uşaqlar göstərilən ərzaqların adlarını tələffüz etdilər. Aydın oldu ki, oradan müxtəlif ərzaqla yanaşı, tərəvəzləri də almaq olar. Qruplar növbəti slaydda əks olunan tərəvəzlərin adlarını dedilər. Onların bir neçəsinin adını isə müəllimin köməyi ilə öyrəndilər və beləliklə, bu dərsdə şagirdlər 4 yeni sözlə tanış oldular. Bundan başqa, beşincilər "yemək" felinin müxtəlif şəkillərdə işlənməsini və "şorba" sözünü öyrəndilər. Sonrakı slaydlarda yeni sözlərə aid şəkillər nümayiş etdirildi və onlara aid cümlələr verildi. Uşaqlar bu cümlələrin düzgün yazılışına diqqət yetirdilər və ucadan oxuyaraq dəqiq tələffüz etməyi öyrəndilər. Müəllimin təklifi ilə onlar bu sözlərə aid özləri də cümlələr qurdular və maraqlı fikirlər səsləndirdilər.
Dərsin növbəti mərhələsində şagirdlər göstərilən şəkildə meyvə və tərəvəzlərin adlarını dedilər və müəllimin bunlara aid oxuduğu sualları cavablandırdılar. Verilən informasiyadan aydın oldu ki, kim hansı meyvə və ya tərəvəzi xoşlayır, onların valideynləri dünən supermarketdən nə alıb və s.
Sonrakı slaydda bu dərsdə yeni öyrənilən söz və söz birləşmələrinin işləndiyi "Supermarket" adlı mətn verildi. Samirə müəllim mətndəki hər cümləni bir şagirdə oxutdurdu və onlar mətnə aid verilən sualları cavablandırdılar.
Sonrakı "Bilirsinizmi?" slaydında ingilislərin qidalanmasına aid informasiya beşincilərin diqqətinə çatdırıldı. Onlar ingilislərin gündə neçə dəfə, saat neçədə yemək yediklərini, sıyığı xoşlamadıqlarını, çörəyi yalnız şorba ilə yediklərini öyrəndilər. Sonra sorğu vasitəsilə azərbaycanlıların və ingilislərin yemək saatları, ən çox nə ilə qidalandıqları, nəyi daha çox xoşladıqları müzakirə olunaraq müqayisələr aparıldı.
Samirə Abbasova dərsin ümumiləşdirmə mərhələsində qruplara bir neçə tapşırıq verdi. Birinci tapşırıqda təqdim olunan tərəvəzlərə uyğun rəngləri seçmək tələb olunurdu. Beşincilər bu tapşırığın öhdəsindən tez gəldilər və hər qrupdan bir nümayəndə cavabı yazılı şəkildə müəllimə təqdim etdi. Samirə müəllim daha çox aktiv olan, çeviklik və sıx əməkdaşlıq nümayiş etdirən qrupu ulduzla mükafatlandırdı. Ümumiyyətlə, hər bir tapşırıqdan sonra fərqlənən qrupa ulduz təqdim olunurdu və bu da qruplar arasında yarış ab-havasının yaranmasına səbəb olurdu. Qrup üzvləri tapşırıqları daha tez həll etməyə çalışsalar da, səhvsiz yerinə yetirilməsinə və cavabların düzgün olmasına ciddi fikir verirdilər. Qeyd etmək lazımdır ki, Samirə Abbasova dərsboyu şagirdlərin daha fəal olmasına xüsusi diqqət yetirirdi. O, uşaqlara müəyyən məsələ ilə bağlı istiqamət verir, sonra isə müstəqil işləmələri üçün şərait yaradırdı. Müəllim şagirdlər arasında fikir mübadiləsinə, şagirdin verdiyi cavaba yoldaşlarının əlavələr etməsinə çalışırdı. Bu da cavabların daha dolğun, nəticələrin daha ətraflı və dəqiq alınmasına səbəb olurdu. O, obyektivliyin təmin olunması məqsədilə qiymətləndirmə prosesində şagirdlərin də iştirakını təmin edir və qiymətləndirməni onların fikirlərini nəzərə almaqla aparırdı.
Növbəti tapşırıqda verilən 6 cümlədə sözlər qarışıq yazılmışdı. Uşaqlar sözlərin yerini müəyyən edərək cümləni düzgün qurdular.
Bu dərsin əsas məqsədi yeni sözləri öyrətməklə şagirdlərin ingilis dilində danışıq bacarığını inkişaf etdirmək olsa da, Samirə müəllim əvvəllər öyrədilən qrammatik biliklərin möhkəmləndirilməsinə də səy göstərirdi. Bu dərsdə şagirdlər felə aid bir neçə tapşırıq yerinə yetirdilər. Belə tapşırıqlardan biri kimi qaydalı və qaydasız felləri seçərək 2 sütunda yerləşdirdilər. Daha sonra verilən felləri inkarda işlətdilər.
Növbəti slaydda monitorda müxtəlif meyvə-tərəvəz və 2 boş səbət göründü. Hər qrup öz adına uyğun meyvə və tərəvəzi seçərək boş səbətə yerləşdirdi.
Digər bir tapşırıqda şagirdlər ərzağı soyuducuya yığmalı idilər. Onlar bu işi bacarıqla yerinə yetirdilər və adlarını deməklə müxtəlif ərzaq məhsullarını soyuducuya qoydular. Uşaqlar müəllimin sualına cavab olaraq bildirdilər ki, gül, maşın, dovşan, torşer və kompüter ərzaq olmadığı üçün qıraqda qaldı.
Növbəti tapşırıq isə məktəblilərin daha çox marağına səbəb oldu və onlar bu işi çox həvəslə yerinə yetirdilər. Slaydda "A" və "B"-nin dialoqu verildi və qruplara bu dialoqu tamamlamaq tapşırıldı. Həmin işi yerinə yetirərkən qrup üzvləri arasında böyük canlanma yarandı. Hər bir şagird yeni sözlərdən istifadə etməklə öz versiyasını təklif edirdi və müzakirə əsasında dialoqu davam etdirmək üçün daha çox məntiqi, eyni zamanda maraqlı və məzəli cümlələr seçilirdi. Beləliklə, dialoqu daha yaxşı quran qrup sonda ulduz qazandı.
Beşincilər dərsdə daha sonra yeni öyrəndikləri söz və söz birləşmələrindən istifadə etmək, onları cümlələrdə işlətmək və suallara cavab verməklə bir neçə tapşırığı da yerinə yetirdilər.
Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlərə krossvord təqdim olundu. Uşaqlar krossvordu düzgün həll edərək sözləri tapandan sonra qarşıya qoyulmuş əsas məqsədə nail oldular və lövhədə "tərəvəz" sözü alındı.
Samirə müəllim öz müşahidələrinə əsasən şagirdləri fəaliyyətlərinə görə qiymətləndirdi və ev tapşırığı verdi. Beşincilərə bu dərsdə yeni öyrəndikləri sözləri, söz birləşmələrini və feli işlətməklə dialoq qurmaq tapşırıldı.
Dərsin sonunda "Supermarket" adlı
mahnı səsləndi.
Dərs başa çatdıqdan sonra müzakirəsi
aparıldı. Dərsi dinləyən müəllimlər
öz çıxışlarında Samirə Abbasovanın və
şagirdlərin yüksək səviyyədə
hazırlıqlı olduqlarını, müəllimin öz məqsədinə
çatdığını, şagirdlərin mövzu ilə
bağlı fikirlərini ingilis dilində ifadə etməyə
nail olduqlarını, tapşırıqların öhdəsindən
bacarıqla gəldiklərini bildirdilər. Dərsdə İKT-dən və interaktiv təlim
üsullarından geniş istifadə olunması və fənlərarası
inteqrasiyanın yaradılması müsbət hal kimi dəyərləndirildi.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2011.-
20 may.- S.10.