Təhsilimiz
onlarla fəxr edə bilər
Azərbaycan kimya elminin uğurlu gələcəyinə
etibarlı zəmin yaradan gənclər
Azərbaycan xalqı bütün
tarixi boyu istənilən elm sahəsində dünyaya çox
böyük şəxsiyyətlər bəxş edib. Kimya
elmi də bu sahədə istisna deyil. Son 120 ildə Azərbaycanın
dünya şöhrətli kimya elmi məktəbi yaranıb və
onun uca zirvəsi akademik Yusif Məmmədəliyevdir. XX əsrin
əvvəllərində Mövsüm bəy Xanlarov və
Sadıq Hüseynovla başlayan Azərbaycan kimya elmi məktəbi
əsrin ortalarında dünya elminə akademiklər Yusif Məmmədəliyev,
Rüstəm İsmayılov, Murtuza Nağıyev, Əli
Quliyev,Vahab Əliyev, Mark Dalin, Soltan Mehdiyev, Toğrul
Şaxtaxtinski, Bahadur Zeynalov, Musa Rüstəmov, Məhərrəm
Məmmədyarov, Sahib Əliyev, Həbib Şaxtaxtinski, Ayaz Əfəndiyev,
Nadir Seyidov, Ramiz Rzayev, Kamil Sadıqov, Vaqif Fərzəliyev,
Ağadadaş Əliyev, Abel Məhərrəmov, Siyavuş
Qarayev kimi görkəmli alimlər bəxş etmişdir.
İndi bu alimlərin hər birinin tanınmış elmi məktəbi
var.
XX əsrdə
Azərbaycan kimya elminin inkişafında akademiyanın müxbir
üzvləri Məmməd Mövsümzadə, Məcid Mərdanov,
Xudu Məmmədov, Şamxal Məmmədov, Bilal Dadaşov,
Paşa Rüstəmov, Yunus Qəmbərov, Rəfiqə Əliyeva,
Fəzilə Səmədova, Nazil Canıbəyov, Akif Əzizov,
Dilqəm Tağıyev, Fuad Əliyev, Mübariz Əhmədov,
Abbasqulu Quliyev, Mustafa Salahov, Adil Qəribov və
başqalarının böyük xidmətləri olub və
bu gün onların çoxu ölkəmizdə öz kimya məktəblərinə
rəhbərlik etməkdə davam edirlər.
Azərbaycanın
neft-kimya elmi və bütövlükdə kimya elmi
özünün inkişaf səviyyəsinə görə
dahi Yusif Məmmədəliyevə
borcludur.
Rus alimləri
tərəfindən "Alkilləşmənin kralı"
adlandırılmış Yusif Məmmədəliyevin
çox istiqamətli tədqiqatları əslində ölkəmizdə
kimya elminin müasir istiqamətlərinin təməli
olmuşdur. Y.Məmmədəliyevin yüksəkoktanlı
benzin komponentinin alınma texnologiyasını yaratması
İkinci Dünya müharibəsində SSRİ-nin Almaniya
üzərində qələbəsində müstəsna rol
oynamışdır.
Onun
dünya şöhrətli tələbəsi akademik Əli
Quliyevin yaratdığı Aşqarlar Kimyası İnstitutu
ölkəmizdə üzvi sintezin, xüsusən də incə
üzvi sintezin bir elmi istiqamət kimi formalaşması və
inkişafında müstəsna rol oynamışdır.
Hazırda
ölkəmizdə fəaliyyətdə olan kimya
institutlarının əksəriyyəti dünya miqyasında
nüfuza malik elmi mərkəz olan Neft-Kimya Prosesləri
İnstitutunun tərkibindən ayrılaraq
formalaşmışdır.
Əslində
adları qeyd edilən alimlər və kimya üzrə
çoxlu elmlər doktoru və professorlar Azərbaycanda təkcə
kimya elminin yox, həm də neft və qaz emalı,
neft-kimyası sənayelərinin də formalaşmasında,
inkişafında öz töhfələrini vermişlər.
Adlarını
qeyd etdiyim və etmədiyim görkəmli kimyaçılar
yüzlərlə yüksək səviyyəli alimlər
yetişdirməklə, eyni zamanda kimyaçı kadrlar
hazırlanması sahəsində və bununla təhsilin
inkişafına da əvəzsiz xidmət etmişlər
Təsadüfi
deyil ki, bu gün həmin alimlərin çoxu BDU, NDU, SDU, GDU,
ADNA, ADPU-da kimyaçı kadrların hazırlanması sahəsində
uğurlu fəaliyyət göstərirlər.
Azərbaycanın
elə alimləri də olub ki, SSRİ-də qapalı
mövzular üzrə işlər apardıqlarından
onların adları ictimaiyyətə məlum olmayıb və
bu gün də çox az məlumdur. Belə alimlərimizdən
biri də görkəmli kimyaçı alim, kimya elmləri
doktoru, professor Abbas
Çayxorski olmuşdur.
Abbas
Çayxorski 1941-ci ildə
Bakı Dövlət Universitetinin kimya fakültəsinə
daxil olmuş, 1946-cı ildə Sankt-Peterburq Universitetində
yeni yaradılan radiokimya fakültəsinə oxumağa
göndərilmiş və oranı "əla" qiymətlərlə
bitirdikdən sonra Çelyabinskdə, Kurçatovun yanında
işləməyə başlamışdır. Bütün həyatını
neptunium kimyasına həsr edən Abbas Çayxorski SSRİ-də
atom silahının yaradılmasında xüsusi xidmətlər
göstərib. O, 12 il SSRİ-də atom enerjisinin dinc məqsədlərlə
istifadəsi üzrə dövlət komissiyasının sədri
olub.
Abbas
Çayxorski özünün aldığı elmi nəticələr
və digər görkəmli alimlərin nəticələrinə
əsaslanaraq daha mükəmməl elementlərin dövri
sistemi cədvəlini yaradıb. Kimyaya beşinci kvant ədədinin
gətirilməsi ideyasının müəllifidir.
O, 1997-ci
ildə ABŞ-a, oğlunun yanına köçərkən
(sağlamlığı ilə əlaqədar olaraq)
Rusiyanın hökumət orqanları onu bütün titullardan
məhrum etmiş və atom kimyası sahəsində tədqiqatlar
aparmayacağı haqqında ondan yazılı iltizam
almışdır. 2004-cü ildə Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti ona fəxri doktor
adı vermişdir.
"Neptunium
kimyası" monoqrafiyasının müəllifi olan Abbas
Çayxorski xalqımızın və elmimizin fəxr edə
biləcəyi alim idi. O vəsiyyət etmişdir ki, vəfat
etdikdə onu Bakıda köhnə qəbiristanlıqda
qohumlarının yanında dəfn etsinlər. Əslən
Basarkeçər rayonunun Çaxırlı kəndindən
olan dünya səviyyəli alimimiz 2009-cu ildə vəfat
etmiş və onun külü vətəninə gətirilərək
köhnə qəbiristanlıqda dəfn edilmişdir.
Bu gün
müstəqil Azərbaycan Respublikası bütün sahələrdə
sürətlə inkişaf edir.
Hələ
keçən əsrin 70-ci illərindən ulu öndər,
dünya şöhrətli siyasətçi Heydər Əliyev
müstəqil olacaq ölkəmizin bu günü
üçün yüksək ixtisaslı kadrlar
hazırlanması işinə çox böyük diqqət
yetirirdi. Müstəqillik illərində elm və təhsilə
diqqət və qayğı daha da artır. Bu diqqət və
qayğı sayəsində kimya elminə çox istedadlı
gənclər gəlməkdədir. Fəxrlə deyə bilərəm
ki, məktəblilərin kimya olimpiadasını keçirən
münsiflər heyətinin sədri kimi 19 illik fəaliyyətimdə
yüzlərlə belə istedadlı gənclərlə
görüşmüş, onların uğurlu
inkişafının şahidi olmuşam.
Qeyd edim
ki, bu uğurlar çox hörmətli Prezidentimiz İlham Əliyev
cənablarının təhsilə xüsusi
qayğısı, Təhsil Nazirliyinin uğurlu təhsil
islahatları sayəsində mümkün olmuşdur.
1997-ci ildə
mənim təşəbbüsüm və beynəlxalq və
dünya kimya olimpiadalarına hazırlıq mərkəzi
yarandı və istedadlı şagirdləri bu mərkəzə
hazırlığa dəvət etdik. Uğurlar
özünü çox gözlətmədi.
1998-ci ildə
Beynəlxalq Mendeleyev kimya olimpiadasında Rüfət Əzizov
bürünc medala layiq görüldü və Moskva Dövlət
Universitetinə (MDU) imtahansız qəbul olundu. 1998-2010-cu illərdə
şagirdlərimiz beynəlxalq və dünya kimya olimpiadalarında
80-dən çox qızıl, gümüş və
bürünc medallar qazandılar və onlardan 21 nəfəri
Moskva Dövlət Universitetinə imtahansız qəbul olundu və
demək olar ki, onların hamısı bu universitetin ən
sevimli tələbələri oldular. Onların böyük
uğurlarında pedaqoji elmlər doktoru M.M.Abbasovun,
N.A.Abışovun, İ.Q.Nəzərovun, N.Şıxəliyevin,
X.Əsədovun, Y.Abdullayevin
böyük əməklərini qeyd etmək istərdim. Bu
uğurlarda "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin, Təhsil Nazirliyinin və Milli Elmlər
Akademiyasının birgə əməkdaşlarının
çox böyük rolu olmuşdur. Şagirdlərimizin
dünya miqyaslı yarışlara hazırlıq işləri
indi də davam edir.
Təhsilimizin
dünya miqyasında şərəflənməsində
öz töhfələrini vermiş bir neçə gənci
xüsusi qeyd etmək istərdim.
Vüsal Məmmədəli oğlu
Şəfiyev 1982-ci
il avqustun 20-də Bakı şəhərində anadan olub.
Orta təhsilini başa vurduqdan sonra 2000-ci il Beynəlxalq
Mendeleyev Kimya Olimpiadasının qızıl
mükafatçısı kimi Moskva Dövlət Universitetinin
kimya fakültəsinə imtahansız qəbul olunub.
2005-ci ildə
MDU-nu müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycana qayıdıb, həmin ildə
Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) aspiranturaya daxil
olub. Aspiranturaya qəbul olduğu vaxtdan bir il sonra
ABŞ-ın Florida Universitetinin Kimya Mühəndisliyi
fakültəsində magistr dərəcəsi üzrə təhsil
almaq üçün dəvət alıb. Oxuduğu institutdan
məzuniyyət götürərək Florida Universitetində
magistr dərəcəsi almış və 2008-ci ildə
oranı müvəffəqiyyətlə bitirərək yenidən
vətənə qayıdıb, BP şirkətində kimya
mühəndisi vəzifəsində çalışmağa
başlayıb. Eyni zamanda elmi işini davam etdirərək
2010-cu ilin yanvarında kimya üzrə fəlsəfə
doktoru alimlik dərəcəsini almaq üçün
dissertasiya müdafiə edib. Azərbaycanda oxuduğu müddətdə
bir neçə beynəlxalq elm yarışmalarına (2009 və
2010-cu illər Beynəlxalq Çevrə Olimpiadası, 2009-cu
il Yeniyetmələrin Beynəlxalq
Elm Olimpiadası, 2010-cu il 44-cü
Beynəlxalq Mendeleyev Kimya Olimpiadası) münsif olaraq dəvət
alıb.
Rüfət Eyvaz oğlu Əzizov Lənkəran Özəl
Türk Liseyini bitirib. 1998-ci ildə kimya üzrə respublika
olimpiadasında birinci yerə layiq görülüb, həmin
ildə Belarusda keçirilən Beynəlxalq Mendeleyev Kimya
Olimpiadasında bürünc medala layiq görülüb və
Moskva Dövlət Universitetinin kimya fakültəsinə
imtahansız qəbul olunub. 2003-cü ildə universiteti fərqlənmə
diplomu ilə bitirib və orada aspiranturada saxlanılıb.
2007-ci ildə dissertasiya müdafiə edərək kimya
üzrə fəlsəfə doktoru elmi dərəcəsi
alıb. 2006-2008-ci illərdə Böyük Britaniyada Beynəlxalq
Peşəkar Sertifikasiya sertifikatı alıb. 2009-cu ildən
Xəzər Mühəndisləri İctimai Birliyinin sədridir.
2005-ci ildən BP şirkətində Material, korroziya,
inspeksiyalar, texniki bütövlük üzrə baş mühəndis
işləyir. 2008-2009 və
2010-cu illərdə BP şirkətinin müxtəlif
nominasiyalarda "İlin mühəndisi" mükafatına
layiq görülüb. 15 elmi məqalənin müəllifidir.
2011-ci il aprelin 21-də respublika Prezidenti İlham Əliyev cənablarının
ölkə gənclərinin nümayəndələri ilə
görüşündə iştirak edib.
Sənan Zabit oğlu Eminov 1994-2000-ci illərdə Bərdə
şəhəri 3 nömrəli məktəbdə, 2000-2005-ci
illərdə Mingəçevir Özəl Türk Liseyində
təhsil alıb.
2003, 2004,
2005-ci illərdə respublika kimya olimpiadasının
qızıl medallarına layiq görülüb.
2003, 2004,
2005-ci illərdə uyğun olaraq Yunanıstanda, Almaniyada və
Tayvanda keçirilən dünya üzrə kimya olimpiadalarının
bürünc və qızıl medallarına layiq
görülüb. Tayvan olimpiadasında nəzəri suallara
100% düzgün cavab verdiyi üçün eyni zamanda
dünya kubokuna da sahib olub. Bu, Azərbaycan məktəblilərinin
bütün fənlər üzrə dünya
olimpiadalarında iştirak tarixində ən yüksək nəticədir.
O, 2000-ci ildə Ankaradakı Orta Doğu Texniki Universitetinə
daxil olub, orada bir il təhsil alandan sonra Almaniyanın Bremen
şəhərindəki Yakobs Universitetinə dəvət
alıb və 2010-cu ildə həmin universiteti uğurla
başa çatdıraraq iki ixtisas üzrə diplom alıb.
2010-cu ildə
İngiltərənin İmperial Kollecinə dəvət
alıb və hazırda orada magistraturada oxuyur. İmperial
Kollecin rəhbərliyi onu doktoranturada saxlamaq qərarını
qəbul edib.
İsmayıl Teyyub oğlu
İsmayılov
1991-1996-cı illərdə Bakı şəhərindəki
115 nömrəli məktəbdə, 1996-1997-ci tədris ilində
83 nömrəli liseydə, 1997-2001-ci illərdə iqtisadiyyat
təmayüllü Özəl Türk Liseyində oxuyub.
2001-ci ildə
kimya üzrə respublika olimpiadasının gümüş
medalına, Moskvada keçirilən 35-ci Beynəlxalq Mendeleyev
Kimya Olimpiadasının bürünc medalına layiq
görülüb. 2001-ci ildə Moskva Dövlət
Universitetinin kimya fakültəsinə imtahansız qəbul
olunub. 2008-ci ildə universiteti müvəffəqiyyətlə
bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Zərif
Kimya Texnologiyası Akademiyasında saxlanılıb. 2011-ci il
iyunun 10-da neft kimyası üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almaq üçün dissertasiya
müdafiə edəcək. İ.İsmayılov 16 elmi əsərin
müəllifidir və əsərlərinin əksəriyyəti
Rusiya Federasiyasının ən nüfuzlu jurnallarında nəşr
olunub.
Sadiq Əyan oğlu Ağazadə Astara şəhərində
doğulub. Birinci sinifdən altıncı sinfə qədər
Astara şəhərindəki 2 nömrəli məktəbdə,
yeddinci sinfi Krasnoyarsk şəhərində, VIII-XI-ci sinifləri
Bakı şəhərindəki 160 nömrəli məktəbdə
oxuyub. Onuncu və onbirinci siniflərdə oxuyarkən məktəblilərin
kimya olimpiadalarının respublika turlarında uyğun olaraq
gümüş və qızıl medala layiq
görülüb. Onbirinci sinifdə oxuyarkən Beynəlxalq
Mendeleyev Olimpiadasında bürünc medal qazanaraq Moskva
Dövlət Universitetinin kimya fakültəsinə
imtahansız qəbul olunub. Elə həmin ildə
Macarıstanda kimya üzrə dünya olimpiadasında
gümüş medal qazanıb.
Birinci və
ikinci kursda ilboyu dərslərə yüksək səviyyədə
hazırlaşdığından kimya imtahanlarından azad
edilib. 2010-cu ildə "Fizika tverdoqo tela" jurnalında
(Moskva) elmi məqaləsi çıxıb. Bakıda Mendeleyev
Kimya Olimpiadasının beynəlxalq münsiflər heyətinin
üzvü olub.
Məmməd Faiq oğlu Mirzəliyev 1996-2002-ci illərdə Quba
rayonu Qəçrəş kənd orta məktəbində,
2002-2007-ci illərdə isə Quba Özəl Türk Liseyində
oxuyub. 2004 və 2005-ci illərdə respublika kimya
olimpiadalarında uyğun olaraq üçüncü və
dördüncü yerlərə, 2005-ci ildə Türkiyədə
keçirilən İNEPO-AVRASİYA Ətraf Mühitin
Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında
gümüş medala, 2006-cı ildə respublika
olimpiadasında gümüş medala layiq görülüb,
2006-cı ildə İNEPO-AVRASİYA Ətraf Mühitin
Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında
qızıl medala layiq görülüb. 2007-ci ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə
daxil olub. Sonra 2008-ci ildə yenidən imtahan verərək
Türkiyənin Ağdəniz Universitetinin tibb fakültəsinə
daxil olub. Hazırda III kursda oxuyur, dərs əlaçısıdır.
Elşad Əhməd oğlu Abdullayev 1991-ci ildə
Bakıdakı 196 nömrəli məktəbə daxil olub,
1993-cü ildən 1996-cı ilə qədər 281 nömrəli
məktəbdə təhsilini davam etdirib, 1996-cı ildə
Bakı Özəl Türk Liseyinə daxil olub və 2001-ci ildə
məktəbi bitirib.
1999-cu ildə
respublika kimya olimpiadasının gümüş, 2000-ci ildə
bürünc, 2001-ci ildə qızıl medallarını
alıb.
2000 və
2001-ci illərdə Beynəlxalq Mendeleyev Kimya
Olimpiadasının müvafiq olaraq gümüş və
bürünc medallarına layiq görülüb.
Beynəlxalq
olimpiadanın qalibi kimi Moskva Dövlət Universitetinin kimya
fakültəsinə daxil olub.
O,
universitetdə yalnız "əla" qiymətlərlə
oxuyub. Universiteti bitirərkən əldə etdiyi nailiyyətlərə
görə Elşad Abdullayev "Ən yaxşı tələbə"
adını qazanıb və "Rusiya İntellektual
Resursları" siyahısına daxil edilib.
Rusiya
Federasiyasında təhsil aldığı müddətdə
Azərbaycanın həmin ölkədəki səfirliyi ilə
Ümumrusiya Azərbaycan Konqresinin tələbələr
arasında keçirdiyi tədbirlərin fəal
iştirakçısı olub və buna görə də
Konqresin Fəxri fərmanı ilə
mükafatlandırılıb.
2006-cı
ildə Elşad Abdullayev ABŞ-ın Luziana Texnologiya
Universitetinə mühəndislik üzrə aspirantura
proqramına daxil olub. Universitetdə oxuduğu müddətdə
25-ə qədər beynəlxalq konfransda məruzələrlə
çıxış edib. 2009-cu ildə
On elmi məqaləsi
dərc olunub.
2010-cu ildə
Elşad Abdullayev kimya üzrə fəlsəfə doktoru
alimlik dərəcəsi alıb.
Birləşmiş
Millətlər Təşkilatı 2011-ci ili "Beynəlxalq
kimya ili" elan edib. Bunun səbəbi elm və texnologiyalar əsri
olan XXI əsrin başlanğıcında şagirdlərdə
təbiət elmlərinə, o cümlədən kimyaya
marağın azalması ilə bağlıdır. Bu vəziyyət
ölkəmizdə də müşahidə olunur. Çox
böyük və sürətlə inkişaf edən neft və
qaz sənayesinə, neft emalı və neft kimya komplekslərinə
malik ölkəmiz üçün gələcəkdə
yüksək səviyyəli kimyaçılar, kimya mühəndisləri,
kimyaçı texnoloqlar, kimyaçı ekoloqlar çox
lazım olacaq. Bu problemi həll etmək üçün nə
etməliyik?
1. Azərbaycanın
qabaqcıl kimya müəllimləri V.Əliyev (Bakı),
M.M.Abbasov (Bakı), H.Qədirov (Yardımlı), T.Talıbov
(Tovuz), Əhməd Əhmədovun (Qəbələ) və b.
qabaqcıl iş təcrübələrini kimya müəllimləri
arasında yaymaq lazımdır.
2. Təhsil
Nazirliyinin saytında nüfuzlu müəllimlərin təcrübələrlə
müşayiət olunan "açıq dərs"lərini
yerləşdirmək yaxşı olar.
3. Məktəblərin
kimya laboratoriyaları ilə təmin olunması işi daha da
sürətləndirilməlidir.
4. Kimya
müəllimləri hazırlayan universitetlərimizdə
mütləq olaraq kimyanın tədrisi metodikası
kafedraları yaradılmalı, həmin kafedralara yalnız tədris
metodikası üzrə mütəxəssis olan müəllimlər
cəlb olunmalıdır.
5. Elektron
dərsliklərin daha mükəmməl variantları
hazırlanmalı və şagirdlərin istifadəsinə
verilməlidir.
6. Kimyadan
fakültativ məşğələlərin təyinatı
üzrə istifadəsinə xüsusi diqqət yetirilməlidir.
7. Müəllimlərə
kömək üçün kimyadan maraqlı və əyləncəli
təcrübələr toplusu yaradılmalıdır.
8. Məktəblilərin
kimya ilə bağlı obyektlərə səyahətlərinin
təşkili işi bərpa olunmalıdır.
9.
Şagirdlərin kimyəvi biologiyaya maraqlarını
artırmaq üçün kimya və biologiya üzrə beynəlxalq
və dünya olimpiadalarının qaliblərinin
(qızıl, gümüş və bürünc medal
alanların) təkcə kimya və ya biologiya ixtisasları
üzrə mütəxəssislər hazırlayan universitetlərə
yox, həm də tibb universitetinə də imtahansız qəbul
olmalarına aid məsələ öz həllini
tapmalıdır. Bu, şagirdlərdə beynəlxalq və
dünya olimpiadalarına marağı və rəqabəti
artırar, şagirdlər ölkəmizi daha yaxşı təmsil
edə bilərlər.
10.
Görkəmli kimyaçı alimlərin məktəblilərlə
sistemli görüşləri təşkil olunmalıdır və
hər bir kimyaçı alim ən azı bir məktəb ilə
mütəmadi əlaqə saxlamalıdır, şagirdlərin
təbiət elmlərinə marağının
artırılmasında kimya müəllimlərinə kömək
etməlidir.
11.
Kütləvi informasiya vasitələrində kimya əleyhinə
məlumatların verilməməsi sahəsində jurnalistlər
məlumatlandırılmalı, ekoloji problemlərin səbəbləri
təhlil olunarkən əsassız olaraq problemin
mövcudluğu kimya ilə əlaqələndirilməməli,
cəmiyyətdə kimya xofu yaradılmamalıdır.
12.
Kimyanın müasir cəmiyyətdə müstəsna
müsbət rolu haqqında məlumatların populyar dildə
cəmiyyətə çatdırılması sahəsində
işlər genişləndirilməlidir.
Təhsil
kimi müqəddəs işdə hər bir kəs öz
köməyini əsirgəməməlidir. Təhsil-elm-texnologiya-sivilizasiya
inkişaf sisteminin birinci pilləsinin təhsil olduğu və
digər mərhələlərin məhz onun üzərində
inkişafı unudulmamalıdır.
Vaqif
ABBASOV
Azərbaycan
müəllimi.- 2011.- 20 may.- S.8-9.