23 nömrəli
məktəbin "Kiçik Akademiya"sının açılışı
oldu
Mayın 17-də
Bakıdakı T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə
bu yaxınlarda yaradılmış "Kiçik
Akademiya"nın açılışı
oldu. Açılış mərasimində Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyeva, onun müavini Məhəmməd Bayramov,
Milli Valideyn-Müəllim
Assosiasiyasının icraçı direktoru
Təranə Şərifova,
tanınmış alimlər iştirak
edirdilər.
Mərasimi
açan aparıcılar naziri və digər qonaqları
salamlayıb tədris ocağında fəaliyyət göstərən
Məktəb Parlamenti barədə məlumat verdilər, bu
qurumun şagirdlərə idarəetmə sahəsində bir
sıra zəruri ilkin bacarıq və vərdişlərin
aşılanmasında mühüm rolu olduğunu
vurğuladılar. Sonra Məktəb Parlamentinin spikeri, mədəniyyət
və incəsənət, hərbi-idman, ekologiya, təhsil
nazirləri parlamentin strukturu və görülmüş
işlər, həyata keçirilən tədbirlər
haqqında qısa təqdimat çıxışları
etdilər.
Məktəbdə
yeni yaradılmış "Kiçik Akademiya"nın
prezidenti, 9 "b" sinif şagirdi İ.Rəsulzadə rəhbərlik
etdiyi qurumun məqsəd və vəzifələrindən
danışdı. Bildirdi ki, "Kiçik Akademiya"nın
yaradılmasında məqsəd məktəblilərin təhsilə
və elmə daha yaxından cəlb olunması, istedadlı
şagirdlərin aşkar edilməsi, onların
yaradıcılıq qabiliyyətlərinin və vərdişlərinin
inkişaf etdirilməsidir.
Təhsil
naziri Misir Mərdanovu "Kiçik Akademiya"larının
fəxri prezidenti seçdiklərini deyən İ.Rəsulzadə
fəxri prezidentlik lentini nazirə təqdim etdi.
Təhsil
naziri Misir Mərdanov məktəblilərə minnətdarlığını
bildirdi, "Kiçik Akademiya"nın
açılışı münasibəti ilə müəllim
və şagirdləri təbrik etdi.
Təbrik
çıxışında nazir şəhərimizin mərkəzində
yerləşən, qədim tarixə və böyük ənənələrə
malik 23 nömrəli məktəbə
gəlişindən məmnunluq duyduğunu bildirib, məktəbin
ölkənin ən yaxşı ümumtəhsil müəssisələrindən
biri olduğunu vurğuladı. Təxminən 10 il əvvəl
bu təhsil ocağında Azərbaycanın birinci
xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü
ilə qısa müddətdə yüksək səviyyədə
aparılmış əsaslı təmir işlərini xatırladan nazir, müstəqil Azərbaycanda
məktəblərin əsaslı təmirinə məhz bu məktəbdən
başlandığını söylədi və təhsil
işçiləri adından bu tədris ocağının məzunu
Mehriban xanıma minnətdarlığını bildirdi. Nazir
habelə ötən müddət ərzində böyük
şagird və müəllim kollektivi olan tədris
ocağını qoruyub saxlaya bildiyi üçün məktəbin
rəhbərliyinə təşəkkür etdi.
Nazir
bildirdi ki, məktəbin valideynləri bu tədris
ocağında yenidənqurma işlərinin aparılması
xahişi ilə Azərbaycan Respublikasının Prezidentinə
müraciət ediblər və cənab Prezident bununla
bağlı araşdırmalar aparılmasını
tapşırıb. Dövlət başçısının
tapşırığına əsasən məktəb yenidən
qurularaq şagirdlərə və valideynlərə təqdim
olunacaq. Bu isə məktəbdə təhsil mühitinin daha
da yaxşılaşdırılmasına, təhsil xidmətinin
yüksəldilməsinə imkan verəcək.
Təhsil
naziri iştirakçısı olduğu tədbirdən
razı qaldığını dedi və məktəbin
özünüidarəsində şagirdlərin bilavasitə
iştirakına imkan yaradılmasını müsbət hal
kimi dəyərləndirərək, Məktəb Parlamentinin və
"Kiçik Akademiya"nın işinə uğurlar
arzuladı.
Açılış
mərasimindən sonra "Kiçik Akademiya"nın xətti
ilə məktəblilərin ayrı-ayrı fənlər
üzrə hazırladıqları elmi işlər dinlənilərək
dəyərləndirildi, fərqlənənlərə sertifikatlar
və diplomlar təqdim olundu.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
20 may.- S.3.