Məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyət müzakirə edildi

 

Mayın 17-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı müşavirə keçirildi.

Müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin məsul əməkdaşları və paytaxtın məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak edirdilər. 

Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq ölkədə şəffaflığın artırılması və korrupsiyaya  qarşı mübarizənin dövlət başçısı cənab İlham Əliyev tərəfindən diqqətdə saxlanılan başlıca məsələlərdən biri olduğunu nəzərə çatdırdı. Bu istiqamətdə görülən işlərdən söz açan nazir korrupsiyaya qarşı mübarizə ilə bağlı  Təhsil Nazirliyi tərəfindən də davamlı tədbirlərin həyata keçirildiyini bildirdi.

Məktəbəqədər təhsilin inkişafı ilə bağlı son illər bir sıra işlərin görülməsindən bəhs edən təhsil naziri bir çox yeni bağçaların tikildiyini və ya əsaslı təmir olunduğunu söylədi. Təhsil  naziri Misir Mərdanov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamının məktəbəqədər təhsil sahəsində nəzərdə tutulmuş işlərin davamlı olaraq aparılmasına daha geniş imkanlar yaradacağına ümidvar olduğunu bildirdi.

Nazir təhsil sahəsində əldə olunan uğurlarla yanaşı, bir sıra problem və çatışmazlıqların hələ də mövcud olduğunu təəssüf hissi ilə qeyd etdi. Məktəbəqədər təhsil müəssisələrindəki neqativ halların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini önə çəkən təhsil naziri  bu məsələnin daim nəzarətdə saxlanıldığını vurğuladı.  

Nazir Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələri ilə bağlı 2011-ci ilin yanvar-may aylarında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər barədə məlumat verdi. Cari ildə paytaxtın məktəbəqədər təhsil müəssisələrində baş verən   xoşagəlməz  hallarla əlaqədar "Qaynar xətt" xidmətinə 50 müraciətin daxil olduğunu söyləyən nazir Misir Mərdanov  həmin bağçalardakı mövcud vəziyyətə dair konkret faktlar sadaladı. Qeyd olunan məktəbəqədər təhsil müəssisələrindəki durumla bağlı kəskin narazılığını bildirən təhsil naziri bağça müdirlərinə ciddi xəbərdarlıq etdi, mövcud nöqsanların tezliklə aradan qaldırılması ilə əlaqədar təkliflər irəli sürdü. Nazir həmçinin bağça rəhbərlərinə işlərində dönüş yaratmalarını, məsuliyyət hissini artırmalarını tapşırdı. Xüsusilə vətəndaşların daha çox şikayət etdiyi uşaq bağçalarının fəaliyyətinə toxunan təhsil naziri Misir Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə həmin məktəbəqədər təhsil müəssisələrinin işində dönüş yaratmaq barədə müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlarını verdi. Təhsil naziri eyni zamanda müvafiq qurumların bu sahə üzrə məsul əməkdaşlarının Bakıdakı məktəbəqədər təhsil müəssisələrində olmalarını, valideynlərlə görüşlərin keçirilməsini tövsiyə etdi.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.4.