Qlazqo Universiteti
Yerləşir: Böyük Britaniya
Krallığı,
Şotlandiya, Qlazqo şəhəri
Yaranma tarixi: 1451-ci il
Tipi: Dövlət
İşçi heyətinin
sayı: 6334 nəfər
Tələbələrin ümumi
sayı: 21954 nəfər
İllik gəlirləri: 439471000
funt-sterlinq
İllik xərcləri: 432169000 funt-sterlinq
Rəsmi saytı: www.gla.ac.uk
Qlazqo Universiteti (
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Qlazqo Universiteti 100 ən yaxşı ali məktəb
arasında 79-cu yerdə olub. "Times Higher Education World
University Rankings"in 2010-cu il üzrə dünyanın ən
nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Qlazqo Universiteti 128-ci, "QS
World University Rankings"in açıqlamasına görə
isə 77-ci yerdə qərarlaşıb.
Tarixi
1451-ci ildə Şotlandiyanın Qlazqo şəhərində
universitet yaradılır. Həmin il
universitet kral II Ceymsin təklifi ilə papa V Nikolayın
bullasını alır və fəaliyyətə
başlayır. İlk vaxtlar Qlazqo Universitetinin
binası qədim Qlazqo kilsəsində yerləşir.
1460-cı ildə xeyriyyəçi lord Hamilton Hay-Strit
küçəsinin şərqində, Blekfrayars kilsəsindən
şimalda ali məktəbə geniş
torpaq sahəsi bağışlayır və 400 il ərzində
həmin sahə universitetin əsas ərazisi olur. Sonrakı
illərdə ali məktəbin ərazisi
və fəaliyyət sahəsi genişlənməkdə davam
edir.
1560-cı
ildə Şotlandiya Reformasiyasının səbəb
olduğu siyasi çaxnaşma zamanı Mariya Stüartın tərəfdaşı
olan Qlazqo Universitetinin kansleri arxiyepiskop Ceyms Biton ali məktəbin
arxivindən bir çox qiymətli əşyaları, o
cümlədən Meys bullasını götürərək
Fransaya qaçır. Uzun müddət keçdikdən sonra
1690-cı il avqustun 28-də universitetin
direktoru Ceyms Fall Parisdəki Şotland Kollecinə gələrkən
bullanın burada olduğunun şahidi olur. Qlazqo
Universiteti 1738-ci ildə bullanın və digər qiymətli əşyaların
geri qaytarılması ilə bağlı Şotland Kollecinin rəhbərliyinə
müraciət edir, lakin kollec rəhbərliyi və
tarixçi Tomas İnnes əşyaların itirildiyini bəyan
edirlər.
Bütün baş vermiş neqativ hadisələrə
baxmayaraq, Qlazqo Universiteti inkişaf etməkdə davam edir. 1757-ci ildə
universitetin Makfarleyn Rəsədxanası, sonra isə
Şotlandiyanın ilk kütləvi muzeyi olan Hanterian Muzeyi və
Bədii Qalereyası tikilir. Bu məkan
Şotlandiya İntibahı və sənaye inqilabının mərkəzinə
çevrilir. Lakin tədricən Hay-Strit ərazisinin
şərqi sıx məskunlaşdığından, Qlazqo
Universiteti qərbə doğru inkişaf etməyə
başlayır. Beləliklə, 1870-ci ildə
universitet əvvəlki ərazidən 5 km qərbdə
Uest-İnddə yerləşən Gilmorehill (o dövrlərdə
Qrinfild adlanırdı) ərazisinə köçür.
Memar Corc Gilbert Skott qotik üsluba uyğun olaraq
universitetin kampusunun tikintisinə başlayır. Gilmorehill kampusunun ən böyük tikilisi Hayt-Strit
kampusundakı əkiz dördbucaqların təkrarlanması
olur. 1879-cu ildə Gilbert Skottun oğlu
Oldrid kampusda 4 dördbucaqlı binanın tikintisini həyata
keçirir və hazırda həmin tikili - böyük Byut
Holl imtahan və buraxılış gecələrinin
keçirilməsi üçün istifadə olunur. İngiltərədə yerləşən
Vestminister sarayından sonra Böyük Britaniyada İntibah
memarlığına aid ikinci ən böyük bina bu kampusda
yerləşir.
Artıq
XX əsrdə Qlazqo Universiteti hüquq, tibb, baytarlıq,
stomatologiya, texnika, sosial elmlər, qədim və müasir dillər,
ədəbiyyat, ilahiyyat, tarix və digər sahələr
üzrə tam ixtisas verən dövlət universitetinə
çevrilir. Sənaye inqilabı dövründə ali məktəbin müəllimi Con Anderson
işləyən kişi və qadınların peşə təhsili
alması ilə bağlı universitetdə yeni layihələr
həyata keçirir. C.Anderson bu işlərin
davam etdirilməsi məqsədilə öz vəsiyyətnaməsində
Anderson Kolleci yaradılmasını qeyd edir. 1964-cü ilədək fəaliyyət göstərən
kollec həmin ildən Stratklayd Universitetinə çevrilir.
Büdcəsi və təhsil haqqı
2009-2010-cu tədris ilində Qlazqo Universitetinin illik gəlirləri
439471000 funt-sterlinq olub. Həmin vəsaitin 158696000-i maliyyə
şurası qrantları, 83441000-i təhsil haqqı və təhsil
sazişləri, 129163000-i tədqiqat qrantları və
sazişləri, qalanlarını isə digər vasitələr
hesabına əldə olunan gəlirlər təşkil edib.
Bu tədris ilində ali məktəbin
ümumi xərcləri 432169000 funt-sterlinq olub. Həmin
məbləğin 243048000-i əməkdaşların əməkhaqqı,
22180000-i amortizasiya, qalanlarını isə digər əməliyyat
xərcləri təşkil edib.
Qlazqo Universitetində yerli və Avropa Şurasına
daxil olan ölkələri təmsil edən tələbələrin
bakalavr səviyyəsində illik təhsil haqqı 1820-2895
funt-sterlinqdir.
Bakalavr səviyyəsi üzrə əcnəbi
tələbələrin təhsil haqqı təhsil
proqramından asılı olaraq 10500-32000 funt-sterlinq
arasında dəyişir. Universitetdə
magistr, PhD səviyyələri üzrə yerli və Avropa
Şurası ölkələrindən olanlar üçün
təhsil haqqı 3732-13500, əcnəbi tələbələr
üçün isə 10500-32000 funt-sterlinq arasındadır. Burada təhsil
haqqı ildən-ilə artır.
Dünyanın bir çox universitetlərində
olduğu kimi, Qlazqo Universitetində də tələbələrə
çoxlu sayda təqaüd təklif olunur. Yerli və Avropa
Şurası ölkələrindən olan tələbələr
üçün bakalavr səviyyəsində müxtəlif məbləğli
Anqlo-İspan, Eliahou Dagoor, Şotland-İtalyan, Bakalavr
İstedad, Merçents Haus Səyahət, GU68 Mühəndisləri,
magistratura və doktorantura səviyyələri üzrə isə
Anqlo-İspan, Karnegi-Kameron, Qlazqo Məzun, Henri Drier və s. təqaüdlər
mövcuddur. Ali məktəbin əcnəbi tələbələri
üçün bakalavriat səviyyəsində Beynəlxalq
Excellence (ildə 3000 funt-sterlinq), GU68 Mühəndisləri
(250-500 funt-sterlinq), magistratura və doktorantura səviyyələri
üzrə isə Yeni Kurs Güzəşt (1000 funt-sterlinq) təqaüdləri
təklif edilir.
Universitet bu gün
Qlazqo Universitetinin binaları Şotlandiyanın müxtəlif
şəhərlərində yerləşir. Ali məktəbin
əsas kampusu Qlazqo şəhərinin Hillhed rayonundakı
Gilmorehilldir. Bersden şəhərində Qlazqo
Universitetinin Baytarlıq Məktəbi və idman kompleksləri,
Damfrisdə Stomatologiya Məktəbi və Qlazqo, Qərbi
Şotlandiya, Açıq universitetləri tərəfindən
idarə olunan Krayton kampusu (1980-ci ildə açılıb)
yerləşir. Bu kampus əsasən tədqiqatların
aparılması üçün nəzərdə tutulub. Qlazqo və Stratklayd
universitetləri birgə olaraq Qlazqo İncəsənət
Kolleci və Hərbi-dəniz memarlığı departamentlərini
idarə edir. Əsas binadan qərbdə
universitet avenyu və Kalvin çayı arasında universitetin
Tibb, Baytarlıq və Bioloji Elmlər Kolleci yerləşir.
Tibb Məktəbi Patrik ərazisinə və Qərbi
Ümumi xəstəxanayadək uzanır.
Qlazqo Universitetində bir neçə məktəb və
institutdan ibarət 4 kollec fəaliyyət göstərir.
İncəsənət Kollecində Humanitar, Kritiki Tədqiqatlar,
İncəsənət və mədəniyyət, Dillər və
ədəbiyyatlar, Ali (magistr və doktorantlar
üçün) məktəbləri, İncəsənət
Laboratoriyası Fənlərarası Elmi-Tədqiqat
İnstitutu mövcuddur.
İctimai Elmlər Kollecinə Biznes, Pedaqogika, Fənlərarası
Tədqiqatlar (Damfris kampusu bazasında), Hüquq, İctimai və
Siyasi Elmlər, Ali (magistr və doktorantlar üçün) məktəbləri,
Adam Smit Tədqiqat Fondu Fənlərarası Elmi-Tədqiqat
İnstitutu daxildir.
Dəqiq və Texniki Elmlər Kollecinə Kimya, Kompüter Elmləri,
Mühəndislik, Coğrafiya və Yer Elmləri, Riyaziyyat və
Statistika, Fizika və Astronomiya, Psixologiya, Ali (magistr və
doktorantlar üçün) məktəbləri, Tibb Kolleci ilə
birgə fəaliyyət göstərən Nevrologiya və
Psixologiya Elmi-Tədqiqat İnstitutu aiddir.
Tibb, Baytarlıq və Bioloji Elmlər
Kolleci Həyat
elmləri, Tibb, Baytarlıq, Ali (magistr və doktorantlar
üçün) məktəblərdən, Biomüxtəliflik,
Heyvanların Sağlamlığı və Müqayisəli
Tibb, Xərçəng Tədqiqatları, Ürək-Damar və
Tibbi Elmlər, İnfeksiya, İmmunitet və İltihab,
Molekulyar, Hüceyrə və Sistem Biologiyası, Dəqiq və
Texnologiya Elmləri Kolleci ilə birgə fəaliyyət
göstərən Nevrologiya və Psixologiya institutlarından
ibarətdir.
Qlazqo Universitetinin kitabxanası əsas binanın
qarşısında Hillhed-Stritdə yerləşir,
Avropanın ən qədim və böyük
kitabxanalarından biridir. 1968-ci ildə istifadəyə verilmiş 12 mərtəbəli
binada yerləşən kitabxanada 2,5 milyon kitab, minlərlə
jurnal, dövri nəşr, mikrofilm, xüsusi kolleksiya və
nadir materiallar, əlyazma, xəritə, şəkil, 30000
elektron jurnal saxlanılır. Kitabxananın
Rusiya və Şərqi Avropa kolleksiyası bu sahə üzrə
Avropanın ən böyük kolleksiyalarından biridir. Kitabxanadan təkcə universitetin tələbə və
müəllimləri deyil, şəhər sakinləri, eləcə
də istənilən alim və tədqiqatçı istifadə
edə bilər.
Kitabxananın universitetin müxtəlif kampuslarında
kimya, stomatologiya, baytarlıq, pedaqogika, hüquq və ictimai
elmlər üzrə filialları fəaliyyət göstərir. 2007-ci ildə
Qlazqo Universiteti kitabxanasında Volfson Fondu tərəfindən
maliyyələşən Tarixi Şəkillər
kolleksiyası açılıb. Ali məktəbin
arxivi 1451-ci ildə yaradılıb və həmin dövrdən
başlayaraq arxivdə zəngin material toplanıb.
Eyni zamanda Qlazqo Universitetinin Hanterian, Zoologiya muzeyləri,
Hanterian Bədii Qalereyası, Makintoş Evi fəaliyyət
göstərir. Hanterian muzeyi tibb işçisi və
kollektor Uilyam Hanter tərəfindən yaradılıb. Muzeydə Şotlandiyada tapılmış daşlaşmış
bitki və heyvan, dinozavr qalıqları, minerallar, mərcanlar,
təkamül nümunələri, Aralıq dənizi,
Şotlandiya, Qədim Misir, Yunan, Roma tarixinə aid nümunələr
və s. saxlanılır. Hanterian Bədii Qalereyasında
Rembrandt, Stabbs, Şarden, Pissaro, Roden, eləcə də XIX-XX əsrlərə
aid Maktaqqart, Qatri və Ferqüsson və s. kimi məşhur rəssamların
əsərləri toplanılıb. Makintoş
Evində şotland memarı və dizayneri Çarlz Renni
Makintoşun əsərlərindən ibarət kolleksiya
nümayiş olunur.
Digər qədim Şotlandiya universitetləri kimi, Qlazqo
Universiteti də Universitet Məhkəməsi (idarəedici
orqan), Akademik Senat (tədris işləri) və Ümumi
Şuradan (məsləhətxana) ibarətdir. Universitetin idarəedici və
icraçı orqanları arasında dəqiq iş
bölgüsü mövcuddur. Universitet kansler,
rektor və vitse-kansler (direktor) tərəfindən idarə
olunur. Qlazqo Universitetinin kansleri şərti
olaraq professor Kennet Kalmandır. O, həmçinin ali məktəbin Ümumi Şurasının
prezidentidir. Universitetin vitse-kansleri və direktoru
professor Muskatelli Anton, rektoru isə Liberal Demokratlar
Partiyasının sabiq lideri Çarlz Kennedidir.
Ali məktəbdə 6334 nəfər işçi
çalışır. İşçilərin 1792 nəfərini idarəetmə,
peşə və administrasiya, 1048 nəfərini əsas, 2607
nəfərini müəllim və tədqiqatçılar,
597 nəfərini texniki, 290 nəfərini isə kliniki heyət
təşkil edir.
Qlazqo Universitetində tələbələrin ümumi
sayı 21954 nəfərdir. Tələbələrin
16588 nəfərini bakalavr, 5366 nəfərini isə magistrant
və doktorantlar təşkil edirlər. Burada
dünyanın 120 ölkəsindən minlərlə əcnəbi
tələbə oxuyur.
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
2009-2010-cu tədris ilində Azad İslam oğlu Qəribov
beynəlxalq siyasət, Rəşad Müsəllim oğlu Həsənov
isə iqtisadiyyat və maliyyə ixtisasları üzrə
Qlazqo Universitetinin magistratura səviyyəsinin məzunu olublar.
Tədris korpusları kimi universitet yataqxanaları da
Qlazqo şəhərinin şimal-qərbində yerləşir. Burada 4000-ə
qədər tələbə tutumuna malik yataqxana kompleksi
mövcuddur. Bütün yataqxanalar
İnternetə qoşulub, tələbələrin rahat hərəkətini
təmin etmək üçün kampusda mikroavtobuslar işləyir.
Merihill ərazisində ali məktəbin Murano-Strit Holls,
Garscube Estate ərazisində Volfson Holls, Yorkhill ərazisində
Kelvino Qeyts və Kernkross Haus yataqxana kompleksləri yerləşir.
Son zamanlar Douanhilldə yerləşən Dalrimpl Haus və
Horslethill Holls, Şimali Kelvinsaydda yerləşən Rayt Holl,
Park Sirkdə yerləşən Maklay Holls yataqxanaları
bağlanaraq satılıb. Gilmorehill
kampusundakı Stivenson yataqxanası 1961-ci ildə
açılıb. Bu yataqxanada fitnes mərkəzi,
skvoş kortları, sauna və altı zolaqlı 25 metrlik hovuz
mövcuddur. Qlazqo Universitetində təhsil alan
bakalavrlar, əsasən Kernkross Haus, Kraliça Marqaret,
Viktoriya Holl, Tələbə Mənzilləri, Murano Strit tələbə
kəndi yataqxana komplekslərində qalmağa
üstünlük verir. Volfson Holls yataqxanasında bir
otağın qiyməti ildə 5184, Tələbə Mənzillərində
3199, Kernkross Hausda 2929, Kraliça Marqaret və Viktoriya Holl
yataqxanalarında 4408, Murano Strit tələbə kəndində
3636 funt-sterlinq təşkil edir. Damfris kampusunda
magistrant və doktorantlar yerləşiblər. İkimərtəbəli binalardan ibarət kompleksdə
bir otağın qiyməti həftədə 113 funt-sterlinqdir.
Bu məbləğə kommunal, İnternet,
camaşırxana və şəxsi əşyaların
sığorta xərcləri də daxildir. Yataqxanalarda məskunlaşmaq tələbələr
üçün yeni dostlar tapmaq və zəngin həyat təcrübəsi
toplamaq üçün ideal yerdir.
Qlazqo
Universitetində "Glasgow University Guardian" qəzeti, universitet
jurnalı, Tələbə Televiziyası, "Subcity"
radiosu fəaliyyət göstərir. Qlazqo Universiteti
Böyük Britaniyanın iki tələbə təşkilatı
və ayrıca Tələbə Şurası olan azsaylı ali məktəblərindən biridir. Universitetdə
Tələbələrin Nümayəndə Şurası,
Qlazqo Universiteti Təşkilatı, Kraliça Marqaret Təşkilatı,
Yaşlı Tələbələr Assosiasiyası (25
yaşdan yuxarı olan tələbələr
üçün), Qlazqo Universiteti İdman Assosiasiyası, eləcə
də müxtəlif klub və cəmiyyətlər
mövcuddur.
Qlazqo
Universitetində tələbələrin idmanla məşğul
olmaları üçün 46 idman klubu, 60 məşq
otağı, 25 metrlik sahəsi olan və qızdırılan
hovuz, sauna və buxar otaqları, skvoş, tennis kortları,
kriket ovalı, müxtəlif sintetik hava ötürmələri,
futbol və reqbi, yeriş və qaçış
meydançaları mövcuddur. İdman üzrə
yüksək nəticə göstərən, istedadlı tələbələrə
universitet tərəfindən təqaüd verilir. Garscube Estate ərazisində Volfson Holls və Texniki
Peşə Məktəbinin yanında universitetin böyük
idman kompleksi yerləşir. Klayd
çayının yanında Qlazqo Qrində universitetin ellinqi
(sahildə gəmi çanağının qurulduğu yer)
mövcuddur.
Qlazqo
Universitetinin məzunları arasında 6 Nobel mükafatı
laureatı, iki baş nazir (Henri Kempbell-Bannerman və Endryu
Bonar Lou), Böyük Britaniyanın hazırkı müdafiə
naziri Liam Foks, Liberal Demokratlar Partiyasının lideri Menzis
Kempbell, Leyboristlər Partiyasının sabiq lideri Con Smit,
Şotlandiyanın sabiq birinci naziri Donald Dyuar,
Şotlandiyanın birinci nazirinin hazırkı müavini Nikola
Stercen, dahi fizik Lord Kelvin, iqtisadçı Adam Smit, eləcə
də Ceyms Uatt, Loqi Berd, İosif Blek, Con Boyd Orr, Frensis
Hatçenson, Cozef Lister və b. kimi digər sahələr
üzrə nailiyyət qazanmış şəxslər
bitiriblər. Qlazqo Universitetinin qürur
duyduğu məqamlardan biri də dünya alimlərinin həyatına
həsr olunmuş Avropanın ən böyük
kolleksiyasına malik olmasıdır.
Bütün
dünyada insanlar təhsil və tədqiqatlar vasitəsi ilə
liderlik əldə etməyə can atırlar. Qlazqo
Universitetinin də minlərlə müəllim, tələbə
və məzunları həqiqət, ədalət, hörmət
prinsiplərinə əsaslanaraq əməkdaşlıq edir,
dünya elminə və iqtisadiyyatına yeni-yeni nailiyyətlər
bəxş edirlər. Ali məktəbə olan inam
buradakı innovasiya, akademik tələbkarlıq, gərgin
iş, problemlərin yaradıcı həllindən irəli gəlir.
Universitetdə dünya üzrə
tanınmış müəllimlərdən dərs almaq və
geniş təcrübə qazanmaq mümkündür. Qlazqo Universitetində müxtəlifliyə
üstünlük verilir, hər bir əməkdaş və tələbənin
elmə verdiyi nailiyyət yüksək qiymətləndirilir.
Universitet vicdanlı və inadlı işi,
yüksək qətiyyəti hesabına qarşıya
qoyduğu bütün məqsədləri əldə etməyinə
əmindir. Qlazqo Universitetinin şüarı belədir:
"Yol, həqiqət, həyat". Avropanın ən qədim
ali məktəblərindən olan
universitet bu günədək uzun yol qət edərək
dünyada həqiqətin aşkarlanmasına, insanların həyatına
xoşbəxtlik və rifah gətirilməsinə xidmət etməkdədir.
Universitetin məşhur məzunları
Henri
Kempbell-Bannerman Böyük Britaniyanın
sabiq Baş naziri
Endryu
Bonar Lou Böyük Britaniyanın
sabiq Baş naziri
Liam
Foks
Böyük
Britaniyanın müdafiə naziri
Menzis
Kempbell Liberal Demokratlar
Partiyasının lideri
Con
Smit
Leyboristlər
Partiyasının sabiq lideri
Donald
Dyuar Şotlandiyanın sabiq
birinci naziri
(siyasi lider və Şotlandiya
hökumətinin rəhbəri)
Nikola
Stercen Şotlandiyanın birinci
nazirinin müavini
Derek
Barton kimya üzrə Nobel
mükafatı laureatı
Uilyam
Ramsay kimya üzrə Nobel
mükafatı laureatı
Frederik Soddi kimya üzrə Nobel
mükafatı laureatı
Aleksandr Baron Todd
kimya
üzrə Nobel mükafatı laureatı
Ceyms
Blək
tibb
üzrə Nobel mükafatı laureatı
Con
Boyd Orr
sülh üzrə Nobel
mükafatı laureatı
Lord
Kelvin dahi fizik, bir çox kəşflərin
müəllifi
Ceyms
Vatt
Şotland
mühəndis-mexaniki, buxar maşınının
ixtiraçısı
Adam
Smit
siyasi
iqtisadiyyatın yaradıcılarından biri
Frensis
Hatçenson
filosof, şotland maarifinin
yaradıcılarından biri
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 27 may.- S.8-9.