Təhsil Nazirliyində
görüş
Mayın 26-da təhsil naziri Misir Mərdanov
ölkəmizdə səfərdə olan Dünya
Bankının Cənubi Qafqaz bölməsi üzrə regional
direktoru Əsəd Alamın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb
Qonaqları
Təhsil Nazirliyində görməkdən məmnunluğunu
ifadə edən nazir Dünya Bankı ilə əməkdaşlıq
çərçivəsində ölkəmizdə həyata
keçirilən layihələrin uğurla davam etdiyini
bildirib. Birgə görülən işlərin yüksək
səviyyədə yerinə yetirilməsi üçün
müvafiq mütəxəssislər qrupunun
formalaşdığını qeyd edən təhsil naziri Azərbaycan
təhsilində baş verən irəliləyişlər
haqqında ətraflı məlumat verib. Misir Mərdanov Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihə
çərçivəsində həyata keçirilmiş
yeni fənn kurikulumlarının tətbiqi, məktəbəqədər
təhsil kurikulumu layihəsinin hazırlanması,
ixtisasartırma, ibtidai sinif müəllimləri
üçün yeni kurikulum üzrə keçirilmiş təlimlər,
beynəlxalq və milli qiymətləndirmə, təhsili idarəetmə
orqanlarında aparılmış struktur dəyişiklikləri,
müəllimlərin işə qəbulu qaydaları və
Dünya Bankı ilə birgə reallaşdırılan digər
layihələrdən söz açıb.
Təhsil
naziri son illərdə təhsil sahəsində həyata
keçirilən islahatların nəticələrindən bəhs
edib və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın
üstün cəhətlərinə toxunub. Nazir Dünya
Bankı ilə qarşılıqlı əlaqələr sayəsində
təhsilin bütün pillələrində müsbət irəliləyişə
nail olunduğunu və bir sıra istiqamətlər üzrə
nəzərdə tutulan layihələrin icrasının
intensivləşdirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycanda
təhsilin inkişafının dövlət siyasətinin
prioritet istiqamətlərdən biri olduğunu, ölkə
Prezidenti cənab İlham Əliyevin bu sahəyə daim
qayğı ilə yanaşdığını bildirən
Misir Mərdanov son illərdə 2000-dən çox yeni məktəb
binasının tikildiyini və əsaslı təmir edildiyini,
tədris ocaqlarının maddi-texniki təchizatının nəzərəçarpacaq
dərəcədə yaxşılaşdığını
vurğulayıb. Nazir təhsilin inkişafı ilə
bağlı dövlət başçısının
imzaladığı sərəncam və proqramlar çərçivəsində
olduqca əhəmiyyətli işlərin
görüldüyünü nəzərə
çatdırıb. Təhsil naziri həyata keçirilməsi
nəzərdə tutulan bir sıra layihələrin
reallaşdırılmasında da Dünya Bankı ilə əməkdaşlığın
mühüm nəticələr verəcəyinə ümidvar
olduğunu bildirib.
Dünya
Bankının Cənubi Qafqaz bölməsi üzrə regional
direktoru Əsəd Alam təhsil sahəsində görülən
işlərlə bağlı ətraflı məlumat verdiyi
üçün nazirə təşəkkür edib. Təhsil
Nazirliyi ilə Dünya Bankı arasında səmərəli əlaqələrin
mövcud olduğunu vurğulayan qonaq təhsil sektorunda həyata
keçirilən bütün layihələrin uğurla nəticələndiyini
bildirib. Yaxın zamanlarda nəzərdə tutulmuş digər
layihələrin də reallaşdırılacağına
inamını ifadə edən Əsəd Alam Dünya
Bankının bundan sonra da birgə əməkdaşlıq
çərçivəsində Azərbaycana hər cür
kömək etməyə hazır olduğunu nəzərə
çatdırıb.
Daha
sonra Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək
əməkdaşlığın əsas istiqamətləri və
bir sıra digər məsələlər ətrafında
müzakirələr aparılıb.
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.3.