Xaçmazda təhsil naziri Misir Mərdanovun
iştirakı ilə zona
elmi-praktik konfransı keçirildi
Mayın
21-də Xaçmaz rayonunda akademik Zərifə Əliyevanın
adını daşıyan 8
nömrəli məktəb-liseydə təhsil naziri Misir Mərdanovun
iştirakı ilə "Müasir təhsilin davamlı
inkişafı: reallıqlar, perspektivlər" mövzusunda
zona elmi-praktik konfransı keçirildi. Konfransda Xaçmaz
Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin
Xanbabayev, Təhsil Nazirliyinin şöbə müdirləri-Aydın
Əhmədov, Faiq Şahbazlı, Bayram Hüseynzadə, Təranə
Hacıyeva, Fərzəli Qədirov, Təhsil Problemləri
İnstitutunun əməkdaşları, Xaçmaz, Abşeron,
Quba, Siyəzən, Qusar, Şabran, Xızı
rayonlarının təhsil şöbə müdirləri,
metodistlər, məktəb direktorları iştirak edirdilər.
Öncə
təhsil naziri Misir Mərdanov və Xaçmaz RİH-in
başçısı Şəmsəddin Xanbabayev
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək
gül dəstələri qoydular. Rayondakı quruculuq işləri
ilə tanış olan təhsil naziri rayonun mərkəzində
yeni tikilmiş Uşaq-Gənclər Şahmat Məktəbinə
baxış keçirdi. Sonra 8 nömrəli məktəbə
gələn Misir Mərdanov məktəbin
qarşısında ucaldılmış akademik Zərifə Əliyevanın
büstü önünə gül dəstələri qoydu. Məktəbin
foyesində şagirdlərin əl işlərindən ibarət
sərgi ilə tanış olan nazir məktəbdəki
akademik Zərifə Əliyeva muzeyində, idman zalı və
kitabxanada oldu. Sonra riyaziyyat müəllimləri Rəna
Nurullayevanın VII sinifdə, Umgülsüm Fətullayevanın
isə I sinifdə apardıqları "açıq dərs"lərdə
iştirak etdi.
Konfransı
giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
son illər ölkədə gedən dinamik inkişafdan
danışdı. Regionların sosial-iqtisadi inkişafı
istiqamətində görülən işləri yüksək
dəyərləndirən nazir, bu işlər çərçivəsində bölgələrdə məktəblərin
tikilməsinin sevindirici hal olduğunu bildirdi. Qeyd etdi ki,
ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən ölkə Prezidenti cənab İlham Əliyevin diqqət
və qayğısı nəticəsində təhsilimiz
yüksək inkişaf mərhələsindədir. Yeni fənn
kurikulumlarının, İKT-nin tətbiqi və digər məsələlərdən
danışan Misir Mərdanov görülən işlərin
davamlı olduğunu və gələcəkdə daha müsbət
nəticələr əldə olunacağını
iştirakçıların nəzərinə
çatdırdı. İştirakçısı olduğu
"açıq dərs"lərdən söz açan
nazir tədris prosesindən razı qaldığını
bildirdi.
Belə
tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan təhsil
naziri Misir Mərdanov bildirdi ki, bölgəyə səfərin
əsas məqsədlərindən biri Xaçmazda yeni ali təhsil
müəssisəsinin yaradılmasını müzakirə
etmək və şimal bölgəsində son illər
aparılan təhsil islahatları ilə yerində
tanış olmaqdan ibarətdir. Misir Mərdanov bölgədəki
7 rayonun təhsili haqqında statistik məlumatları slaydlar
vasitəsilə iştirakçıların nəzərinə
çatdırdı.
Bölgədəki
rayonlarda məktəbəqədər təhsil sahəsi
haqqında statistik məlumatlara diqqəti yönəldən
nazir bu sahədə ciddi problemlərin mövcud olduğunu və
bağçaların azlıq təşkil etdiyini, problemin həllinə
dair məsələlərin müzakirə edildiyini
bildirdı. Uşaqların məktəbə
hazırlığı ilə bağlı məsələlərin
ciddi xarakter daşıdığını və "Təhsil
haqqında" Qanuna əsasən 5 yaşlı
uşaqların bağçadan orta məktəbə gəlməsinin
zəruri olduğunu qeyd edən nazir bu məsələnin orta
məktəblərdə məktəbəhazırlıq
kurslarının yaradılması kimi ehtiyat variantlardan istifadə
edilməklə həll olunmasına
çalışıldığını nəzərə
çatdırdı. Rayonlarda qəza vəziyyətində olan
və maddi-texniki bazası qənaətbəxş olmayan
bağçalar haqqında məlumatlar verildi.
Orta
ümumtəhsil məktəbləri haqqında danışan
Misir Mərdanov artıq bu sahədə problemlərin
böyük bir qisminin həll olunduğunu, növbəli məktəblərin
sayının aşağı düşdüyünü
söylədi. Bölgənin bəzi yaşayış məntəqələrində
məktəblərin olmadığını, lakin bu yöndə
bir çox işlərin görüldüyünü bildirdi.
Şagird-müəllim nisbətinə toxunan təhsil naziri bu
məsələnin ciddi xarakter
daşıdığını, rasionallaşdırmaya ehtiyac
olduğunu, rayon təhsil şöbələrinin bu işə
ciddi yanaşmalarının vacibliyini vurğuladı. Təhsillərinə
görə müəllimlərin təsnifatından söz
açan nazir məktəblərdə ali təhsil müəssisələrini
bitirmiş müəllimlərə üstünlük verilməsinin
zəruriliyini söylədi. Qeyd etdi ki, müəllimlərin
və tərbiyəçilərin yaş senzi ilə
bağlı problemlər yaranmamalı, iş qabiliyyətini
itirmiş şəxslər könüllü olaraq öz yerlərini
gənc kadrlara təhvil verməlidirlər. Nazir bu işə
həssaslıqla yanaşılmasını tövsiyə etdi.
Müəllimlərin dərs yükü ilə bağlı
mövcud problemlərdən söz açan nazir bölgələrdə,
xüsusən də ucqar kəndlərdə müəllim
çatışmazlığının aradan
qaldırılması üçün kadrların bu işə
cəlb olunduğunu bildirdi.
Məktəblərin
İKT avadanlıqları ilə təchizatının daha da
yaxşılaşdırılması ilə bağlı
işlər görüldüyünü qeyd edən nazir
laboratoriya, kitabxana və idman zalları olmayan məktəblərin
problemlərinin mərhələli şəkildə həll
olunacağını iştirakçıların nəzərinə
çatdırdı.
Misir
Mərdanov son dörd ildə keçirilən "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin əhəmiyyətindən
söz açdı. Bu müsabiqələrdə fəal
iştirak etməyin vacibliyini vurğuladı.
Valideynlərin
məktəblərə cəlb olunmasını və hər
bir məktəbdə Valideyn-Müəllim
Assosiasiyasının yaradılmasının vacibliyini bildirən
nazir bunun ümumi işə müsbət təsir edəcəyini
qeyd etdi. Bildirdi ki, hazırda bu praktikanı həyata
keçirən məktəblər digər məktəblərdən
xeyli fərqlənirlər.
Tam
orta məktəbi bitirən şagirdlərə qızıl və
gümüş medalların verilməsinin nəzərdə
tutulduğunu bildirən təhsil naziri
çıxışında bölgədə istedadlı
uşaqlarla iş, fənn olimpiadalarının,
buraxılış və ali məktəblərə qəbul
imtahanlarının nəticələri ilə bağlı da
məlumatlar verdi.
Tədbirdə
çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin
başçısı Şəmsəddin Xanbabayev bildirdi ki, ulu öndər Heydər Əliyevin
qurucusu olduğu Azərbaycan Respublikası özünün
sürətli inkişaf
dövrünü yaşayır. Bu tərəqqi təhsil sahəsində
özünü daha qabarıq şəkildə göstərir.
Möhtərəm Prezident cənab İlham Əliyevin təhsilə
göstərdiyi diqqət və qayğıdan söz
açan Ş.Xanbabayev dövlətin zənginliyinin və
gücünün onun elmi potensialında olduğunu qeyd etdi. Bildirdi
ki, cənab İlham Əliyev bütün bölgələrə
olduğu kimi Xaçmaz rayonuna da böyük diqqət və
qayğı göstərir. O, son zamanlar ölkədə xeyli
sayda yeni məktəb binasının tikilərək istifadəyə
verilməsindən və bütün ümumtəhsil müəssisələrinin
ən zəruri avadanlıqlarla, o cümlədən
kompüter texnologiyaları ilə təchiz olunmasından bəhs
etdi.
Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasova verildi. Professor bölgədə aparılan quruculuq işlərindən söz açdı. Sivilizasiyanın yüksəlməsində təhsilin böyük rolu olduğunu qeyd edən V.Abbasov bölgənin elmi və iqtisadi potensialının yüksək olduğunu bildirdi. "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində bölgənin müəllimlərinin fəal iştirak etməsini tövsiyə edən professor belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.2.