Təlim
kurslarının təşkilinə dair müqavilələr imzalanıb
Mayın 26-da Təhsil Nazirliyində 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində işləyən ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirildi.
Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov mərasimi
açaraq iştirakçıları salamladı.
Nazir
mərasimdəki çıxışında bildirdi ki, ibtidai
təhsilin keyfiyyətini yüksəltmək
üçün, ilk növbədə, fənn kurikulumu, təlim
strategiyaları və yeni qiymətləndirmə mexanizminin tətbiqini
həyata keçirəcək müəllimlərin
pedaqoji-metodiki bacarıqlarını və fənn üzrə
biliklərini artırmaq, yeniləşdirmək
lazımdır. Bu məqsədlə ibtidai sinif müəllimlərinin
yeni fənn kurikulumunun tətbiqi üzrə təlim
kurslarından keçirilməsi üzrə son 3 il ərzində
müəyyən təcrübə əldə edilmişdir. Birinci
siniflər üçün fənn kurikulumunun tətbiqinə
2008-ci ilin sentyabrından başlanıldığı nəzərə
alınaraq iyun-avqust aylarında Azərbaycanın bütün
rayonları əhatə olunmaqla 9 min nəfər ibtidai sinif
müəllimi təlim kurslarından keçmişdir. Bu
proses 2009-cu ildə də davam etdirilmiş və daha 7500
müəllim təlimdən keçmişdir.
2010-2011-ci
tədris ilində isə bu işin həyata keçirilməsində
Dünya Bankının dəstəyi ilə yeni bir
addımın atıldığını deyən Misir Mərdanov
diqqətə çatdırdı ki, birinci siniflərdə dərs
deyəcək 8 minə yaxın ibtidai sinif müəllimi
üçün yeni fənn kurikulumları üzrə təlimlər
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
çərçivəsində müsabiqə yolu ilə yeni
ixtisasartırma modeli əsasında həyata
keçirilmişdir. Qaydaya əsasən, bu tenderdə
yalnız qeyri-hökumət təşkilatları iştirak edə
bilər. Aparılmış monitorinq və təlim
iştirakçıları ilə keçirilmiş
sorğular nəticəsində ixtisasartırma təhsilinin
yeni model əsasında təşkilinin daha səmərəli
olduğu müəyyən edilmişdir.
Təhsil
naziri qeyd etdi ki, 2011-2012-ci tədris ilində respublikanın
ümumi təhsil müəssisələrində I sinifdə
dərs deyəcək, həmçinin son 3 ildə təlim
kurslarından keçməyən ibtidai sinif müəllimlərinin
fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri
və praktik hazırlığının təmin edilməsi
nəzərdə tutulmuş və bu istiqamətdə
müvafiq təşkilati işlər
aparılmışdır. Müəllimlərin
ixtisasartırma təhsilinin yeni modeli, modul-kredit sistemi ilə
həyata keçirilməsini nəzərdə tutan sənəd
- "Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil
almış şəxslərə müvafiq sənədin
verilməsi qaydası" hazırlanmış və Nazirlər
Kabinetinin qərarı ilə təsdiq edilmişdir.
Misir
Mərdanov 2011-2012-ci tədris ilində I siniflərdə dərs
deyəcək ibtidai sinif müəllimləri
üçün təlim kurslarını təşkil edəcək
qurumları müəyyənləşdirmək məqsədilə
Təhsil Nazirliyinin cari ilin yanvar-fevral aylarında tender elan
etdiyini və təlim xidmətlərinin respublikanın
bütün rayon və şəhərlərini əhatə
etməklə 9 iqtisadi zona üzrə həyata keçirilməsinin
nəzərdə tutulduğunu bildirdi.
Təhsil
naziri diqqətə çatdırdı ki, tender
komissiyasına 7 qeyri-hökumət təşkilatından
müraciətlər olmuş, təqdim olunmuş sənədlərin
araşdırılması və qiymətləndirilməsi
aparıldıqdan sonra onlardan beşi
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi,
"İnkişaf" Elmi Mərkəzi, Azad Müəllimlər
Birliyi, "Yaşlıların təhsili assosiasiyası"
İctimai Birliyi və "Təhsilin humanistləşdirilməsi"
İctimai Birliyi təlim kursları keçirmək hüququ
qazanmışdır.
Daha
sonra nazir ayrı-ayrı iqtisadi zonalar üzrə təşkil
olunacaq təlim mərkəzləri, kurslara cəlb olunacaq
müəllim və təlimçilərin sayı haqqında
ətraflı məlumat verdi. Aydın oldu ki, 9 iqtisadi zona
üzrə 86 təlim mərkəzində 9670 ibtidai sinif
müəlliminin təlim kursundan keçirilməsi
proqnozlaşdırılır və kurslar 164 təlimçi tərəfindən
aparılacaqdır.
Bu sahədə görülmüş
işlərdən bəhs edən Misir Mərdanov diqqətə
çatdırdı ki, 2011-2012-ci tədris ilində
respublikanın ümumtəhsil məktəblərində fəaliyyət
göstərən ibtidai sinif müəllimlərinin fənn
kurikulumlarının tətbiqi sahəsində nəzəri və
praktik hazırlığını təmin etmək məqsədilə
60 saatlıq (10 günlük) tədris planı və
proqramı təsdiq edilmiş və kursların cari ilin iyun-avqust
aylarında keçirilməsinə dair müvafiq
tapşırıqlar verilmişdir. Təhsil Nazirliyi tabeliyindəki
ümumi təhsil müəssisələrinin, eləcə də
məcburi köçkün məktəblərinin I sinifdə
işləyəcək ibtidai sinif müəllimlərinin həmin
müəssisələrin yerləşdikləri ərazilərdə
təşkil edilən təlim kurslarına cəlb
olunmaları nəzərdə tutulmuşdur. Nazir bu faktı təqdirəlayiq
hal kimi dəyərləndirdi və çox sayda müəllimin
mərkəzə gəlməsinin deyil, təlimçilərin
bu işi yerlərdə aparmasının daha məqsədəuyğun
olduğunu vurğuladı.
Qeyd
olundu ki, Naxçıvan Muxtar Respublikasında ibtidai sinif
müəllimlərinin fənn kurikulumunun tətbiqi üzrə
təlim kurslarından keçirilməsinə müvafiq şəkildə
kömək göstərilməsinə dair Təhsil Problemləri
İnstitutunun Kurikulum Mərkəzinə tapşırıq
verilmişdir.
Nazir
bildirdi ki, təlim kurslarını təşkil edəcək
qurumlar bağlanacaq müqavilə şərtlərinə
uyğun olaraq ilkin hesabatlarını hazırlayıb təsdiq
etdirməli, qrafik əsasında kursların keçirilməsini,
iştirakçıların fəaliyyətlərinin test
imtahanı yolu ilə yekun qiymətləndirilməsini,
proqramı mənimsəyənlərə
müvafiq sertifikatın verilməsini həyata keçirməli,
habelə fərdi iştirak səviyyəsi, hər bir təlim
qrupunun nailiyyətləri haqqında Təhsil Nazirliyinə
yekun hesabat təqdim etməlidirlər.
Təlim
kurslarının yüksək səviyyədə təşkili
və keçirilməsi üçün təşkilatçıların
üzərinə düşən bir sıra öhdəlik və
vəzifələrdən söz açan Misir Mərdanov
onların yerinə yetirilməsinin zəruri olduğunu
vurğuladı.
Sonra
tədbirdə bu işin həyata keçirilməsi ilə
bağlı ayrı-ayrı məsələlər müzakirə
olundu və suallara aydınlıq gətirildi.
Sonda
imzalanma mərasimi keçirildi. Sənədləri təhsil
naziri Misir Mərdanov və tenderin qalibi olan qeyri-hökumət
təşkilatlarının rəhbərləri imzaladılar.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.4.