Pilot layihəsi çərçivəsində keçirilən təlimlər başa çatdı

  

 Mayın 25-də Bakının Suraxanı rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat-məktəbdə "Hər kəs üçün icma təşəbbüsü: Azərbaycan" pilot layihəsi çərçivəsində "Sosial iş" və "Təhsilə dəstək" mövzularında keçirilən on bir həftəlik təlim kursunu bitirən müəllim və tərbiyəçilərə sertifikatların təqdim olunması mərasimi keçirildi.

Tədbirdə Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin icraçı direktoru Mehman Kərimov, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Əhmədova, rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Təvəkkül Mirzəyev, ölkəmizdə fəaliyyət göstərən  qeyri-hökumət və beynəlxalq təşkilatların əməkdaşları, təlim kursu keçmiş müəllimlər, tərbiyəçilər və başqaları iştirak edirdilər.

Mərasim başlamazdan öncə qonaqlar internat-məktəbdə reabilitasiya xidmətlərinin təşkil edilməsi məqsədilə ayrılmış otaqlara baş çəkdilər.

Təhsil müəssisəsinin akt zalında keçirilən tədbiri direktor Qabilə Bağırova açaraq qonaqları salamladı və rəhbərlik etdiyi internat-məktəbin fəaliyyətindən danışdı.

Sonra çıxış üçün söz Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevaya verildi. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na müvafiq olaraq  həyata keçirilən tədbirlərdən söz açan idarə rəisi görülən işləri mərasim iştirakçılarının diqqətinə çatdırdı. Məlahət Hacıyeva Dövlət  Proqramı  çərçivəsində reallaşdırılan pilot  layihələr haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Açıq Cəmiyyət İnstitutu Əqli Sağlamlıq Təşəbbüsü Təşkilatı arasında "Hər kəs üçün icma təşəbbüsü: Azərbaycan" pilot layihəsinin həyata keçirilməsi məqsədi ilə 24 sentyabr 2007-ci ildə Anlaşma Memorandumu imzalanmışdır. 2008-2012-ci illəri əhatə edən layihənin məqsədi uşaqların internat tipli uşaq müəssisələrindən bioloji və alternativ ailələrə verilməsi, müəssisədə alternativ xidmətlərin yaradılmasıdır. Suraxanı rayonu ərazisində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat-məktəb pilot müəssisə seçilmişdir. Layihənin icrası ilə bağlı pilot seçilmiş bu internat-məktəbdə gecələmək məqsədi ilə uşaqların yerləşdirilməsinə moratorium qoyulmuşdur. Layihə çərçivəsində müəssisədə yaşayan uşaqların ailələrə verilməsi ilə bağlı internat-məktəbin şagird kontingenti və onların ailələrinin vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir. Təhsil Nazirliyinin 13 oktyabr 2009-cu il tarixli, 1147 nömrəli əmrinə müvafiq olaraq pilot layihənin səmərəli icrasını təmin etmək üçün 7 nömrəli xüsusi internat-məktəbdə təhsil alan şagirdlərin diaqnozlarına yenidən baxılaraq onların xəstəliklərin beynəlxalq klassifikasiyasına  uyğunlaşdırılması üçün Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin müvafiq mütəxəssislərindən ibarət komissiya yaradılmışdır. Komissiya tərəfindən 145 uşağın qiymətləndirilməsi həyata keçirilmiş və yekun sənədlər Səhiyyə Nazirliyinə təqdim edilmişdir. Keçirilən təlim kursunun da həmin layihə çərçivəsində görülən növbəti işlərdən biri olduğunu deyən idarə rəisi müdavimlərin  internat-məktəbin 75 müəllim və tərbiyəçisi arasından seçilərək  təlimlərə cəlb edildiyini söylədi.

Məlahət Hacıyeva uşaqların müəssisələrə düşməsinin qarşısının alınması, onların müdafiəsinin həyata keçirilməsi və ailələrə verilmiş uşaqların vəziyyətinin dövri monitorinqinin aparılması üçün sosial işçilərin hazırlandığını deyərək bununla bağlı artıq müvafiq tədbirlərin görüldüyünü qeyd etdi. Bildirildi ki, Dövlət Proqramında nəzərdə tutulan Tədbirlər Planının 10, 14 və 17-ci bəndlərinin icrası istiqamətində övladlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlara və ailələrə dəstək xidmətlərinin yaradılması işi davam etdirilir. İdarə rəisi 268 uşağın Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 5 günərzi-qayğı  və reabilitasiya-inkişaf  mərkəzlərinin xidmətlərinə cəlb olunmaqla onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsinin qarşısının alındığını bildirdi.

Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlər, reallaşdırılan bir sıra layihələr barədə geniş məlumat verən Məlahət Hacıyeva təhsil naziri Misir Mərdanov tərəfindən hər zaman diqqət və qayğı gördüklərini xüsusi vurğuladı.  Çıxışının sonunda təlim kursunda iştirak etmiş müəllim və tərbiyəçilərin xeyirxah bir işlə məşğul olduqlarını deyərək, onlara fəaliyyətlərində uğurlar arzuladı.

Sosial Xidmətlər Təşəbbüsü  İctimai Birliyinin  icraçı direktoru Mehman Kərimov  rəhbərlik etdiyi təşkilatın məqsəd və məramından söz açdı. Qeyd etdi ki, Sosial Xidmətlər Təşəbbüsü  İctimai Birliyi psixi və əqli problemləri olan insanların üzləşdiyi məsələlərlə bağlı fəaliyyətləri icra edir. Təşkilatın missiyası cəmiyyətin sosial və iqtisadi cəhətdən təcrid olunmuş üzvlərinə digərləri ilə bərabər imkanlar yaratmaq, cəmiyyətin inkişafına öz töhfələrini verməkdə onlara dəstək olmaqdır. Təhsil Nazirliyi ilə əməkdaşlıqdan məmnunluq duyduğunu bildirən Mehman Kərimov keçirilmiş təlimlərin müəllim və tərbiyəçilər üçün vacib və əhəmiyyətli olduğunu bildirdi.

Sonra "Hər kəs üçün icma təşəbbüsü: Azərbaycan" pilot layihəsinin əlaqələndiricisi Rəşad Hüseynov adıçəkilən layihə çərçivəsində internat-məktəbdə görülən işlərə dair hazırlanmış təqdimatla çıxış etdi.

Tədbirin sonunda "Sosial iş" və "Təhsilə dəstək" mövzularında keçirilmiş  təlim kursunda iştirak edən 33 müəllim və tərbiyəçiyə  sertifikatlar təqdim olundu.

Müdavimlər adından İradə Nəbiyeva çıxış edərək təlim kursunda öyrəndiklərinin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək belə bir maraqlı, eyni zamanda olduqca aktual mövzularda təlim təşkil etdiklərinə görə təşkilatçılara öz minnətdarlığını bildirdi.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2011.- 27 may.- S.4.