Qafqaz Universitetində kimya mühəndisliyi
laboratoriyaları açıldı
Qafqaz
Universiteti ilə BP-Azərbaycan şirkəti arasında
2009-cu ildə imzalanmış memoranduma əsasən həyata
keçirilən birgə layihə çərçivəsində
şirkətin maliyyə dəstəyi ilə universitetdə
yeni kimya mühəndisliyi laboratoriyaları yaradılıb.
Mayın
24-də laboratoriyaların rəsmi açılışı
oldu. Bu münasibətlə keçirilən mərasimdə
BP-Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov,
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Hülusi Kılıç,
təhsil nazirinin müavini Elmar Qasımov,
"Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər
Özərən, millət vəkilləri, ölkəmizin və
Türkiyənin ali məktəblərindən nümayəndələr,
KİV təmsilçiləri iştirak edirdilər.
Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç mərasim
iştirakçılarını salamlayaraq laboratoriyaların
açılmasını gələcəyin Nobel
mükafatçılarını yetişdirməyi hədəfə
alan universitetlərinin həyatında çox böyük
hadisə olduğunu vurğuladı, onların BP-Azərbaycan
şirkəti ilə Qafqaz Universitetinin səmərəli əməkdaşlığı,
mühəndislik fakültəsinin inkişafı
üçün həyata keçirilən birgə layihə
çərçivəsində yarandığını
söylədi. Qafqaz Universitetinin iş dünyası ilə əlaqələr
qurmaqda maraqlı olduğunu və daim buna
çalışdığını, belə əlaqələrin
universitetdə tədrisin və mütəxəssis
hazırlığının keyfiyyətinin yüksəlməsinə
müsbət təsir göstərdiyini deyən rektor BP-Azərbaycan
ilə əməkdaşlığı bu sahədə
atılan ən önəmli addımlardan biri kimi dəyərləndirdi.
A.Saniç
yeni laboratoriyaların açılışı münasibəti
ilə tədbirə toplaşanları təbrik etdi,
onların kimya mühəndisliyi ixtisası üzrə təhsil
alan tələbələrin müvafiq praktik bacarıqlara yiyələnməsində
mühüm rol oynayacağına əmin olduğunu bildirdi.
Mərasimdə
təbrik nitqləri söyləyən BP-Azərbaycan şirkətinin
vitse-prezidenti Seymur Xəlilov, millət vəkili Fəttah Heydərov,
Türkiyə Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Hülusi
Kılıç, laboratoriyalarda istifadə edilən
avadanlıqların istehsalçılarından biri olan
Almaniyanın GUNT firmasının təmsilçisi Rudolf Hekman
da yeni laboratoriyaların
açılışını Azərbaycan təhsilinə
böyük töhfə kimi qiymətləndirdilər, bu
münasibətlə Qafqaz Universitetinin müəllim və tələbə
heyətini təbrik etdilər.
Çıxışlarda
Qafqaz Universitetinin açılmasında və
inkişafında ümummilli lider Heydər Əliyevin, onun
layiqli davamçısı, ölkə Prezidenti cənab
İlham Əliyevin xüsusi xidmətləri olduğu,
universitetin hazırda Azərbaycanın ən nüfuzlu ali məktəblərindən
birinə çevrildiyi, 16 il öncə Azərbaycanda fəaliyyətə
başlayan və əsas işi ölkəmizin neft-qaz
ehtiyatlarının birgə işlənməsi olan BP-Azərbaycan
şirkətinin ölkənin davamlı inkişafına daim
öz töhfələrini verdiyi, şirkətin sosial sərmayələr
portfelində təhsilin çox önəmli yer tutduğu
vurğulandı, bu fəaliyyətin davam etdiriləcəyinə,
iş dünyası ilə ali məktəblər arasında
daha sıx əlaqələr yaranacağına inam ifadə
edildi.
Sonra cənab
Seymur Xəlilov və laboratoriyaların ərsəyə gəlməsində
rolu olmuş Türkiyənin Ərzurum şəhərindəki
Atatürk Universitetinin kimya mühəndisliyi fakültəsinin
professoru Hanefi Saraça xatirə lövhələri təqdim
olundu.
Açılış
mərasimində çıxış edən təhsil
nazirinin müavini Elmar Qasımov laboratoriyaların
açılmasını Qafqaz Universitetinin həyatında
çox əlamətdar hadisə adlandırdı, son dərəcə
yüksək avadanlıqla təmin olunmuş laboratoriyalara
sahib olmaları münasibəti ilə təhsil
ocağının kollektivini Təhsil Nazirliyi adından təbrik
etdi, belə bir layihənin icrasına maliyyə dəstəyi
göstərmiş BP-Azərbaycan şirkətinin rəhbərliyinə
təşəkkürünü bildirdi. BP-Azərbaycan
şirkətinin ölkəmizdə çox vacib proqramlar həyata
keçirdiyini qeyd edən nazir müavini yeni
laboratoriyaların qurulmasına şirkət tərəfindən
1,2 milyon manat vəsait ayrıldığını dedi. Nazir
müavini diqqətə çatdırdı ki, hazırda Azərbaycan
üçün bir sıra ixtisaslar daha vacib, prioritet hesab
olunur ki, onlardan da biri mühəndislik ixtisasları, o cümlədən
kimya mühəndisliyidir. Ölkənin iqtisadiyyatının,
xüsusən də sənayenin inkişafını mühəndislik
ixtisaslarının inkişafı ilə bilavasitə
bağlı olduğunu deyən E.Qasımov bu sahədə
yüksək ixtisaslı kadrların yetişməsində yeni
yaradılmış laboratoriyaların mühüm rol
oynayacağına əmin olduğunu söylədi.
Təbrik
çıxışlarından sonra universitetin əsas tədris
korpusunda yerləşən yeni laboratoriyaların rəsmi
açılışını bildirən qırmızı
lent kəsildi və qonaqlar laboratoriyaları gəzib
buradakı avadanlıqlarla tanış oldular. Onlara məlumat
verildi ki, neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq,
əczaçılıq və
digər emal sənayeləri üçün yüksək
ixtisaslı mütəxəssislərin
hazırlanmasını təmin edəcək laboratoriya
kompleksi 5 otaqda yerləşdirilib. İstifadə edilən
avadanlıqlar öz sahələrində söz sahibi olan GUNT,
PROLAB firmalarının məhsullarıdır.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.5.