"Nizami Gəncəvi - 870" adlı
elmi-praktik konfrans
Mayın
20-də Bakı Pedaqoji
Kadrların İxtisasartırma
və Yenidənhazırlanma
İnstitutunda " Nizami Gəncəvi -
870" adlı Respublika
elmi-praktik konfransı
keçirilib.
Konfransı institutun rektoru,
professor Asəf Zamanov açaraq, dəvət olunmuş qonaqları və tədbir iştirakçılarını
salamlayıb. Bildirib ki, 2011-ci il
böyük Nizami Gəncəvinin 870 illik yubileyidir. Ölkəmizdə, həmçinin respublikamızdan kənarda,
eləcə də bütün türk dünyasında Nizami yaradıcılığına bir
daha müraciət olunur, bu dahi
şairin yaradıcılığı
ilə bağlı müxtəlif tədbirlər
keçirilir. Sizə
xatırlatmaq istəyirəm
ki, hələ 1981-ci ildə böyük Nizaminin 840 illik yubileyini keçirmək ərəfəsində Moskvada
o vaxtkı SSRİ-nin
yüksək vəzifəli
şəxslərindən biri
ümummilli liderimizə
sual verir ki, axı bu
840 illik yubiley elə bir tarix
deyil ki, siz bunu qeyd
edirsiniz. Ümummilli liderimiz həmin o yüksək vəzifəli
şəxsə cavab verir ki, Nizami
Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir
ki, onun yubileylərini nəinki on
ildən, beş ildən bir, hər il qeyd
etmək lazımdır.
Doğrudan da Nizami Gəncəvinin
yaradıcılığına dərindən bələd olan
mütəxəssislər bu deyimin, bu ifadənin mənasını
çox yaxşı bilirlər. Nizaminin həyat və
yaradıcılığına qısa ekskursiya edən professor
A.Zamanov onu da qeyd edib ki, qüdrətli şair bütün əsərlərində
həmişə elmə, təhsilə yüksək dəyər
verir, ədaləti, gözəlliyi ön plana çəkir,
sevginin qüdrətini diqqətə çatdırır və
hətta sevginin köməyi ilə hökmdarların ədalətə
gəldiyini göstərir.
Sonra Nizaminin əsərləri ilə müasir
dövrü müqayisə edən professor A.Zamanov tədbir
iştirakçılarının diqqətinə bir məqamı
çatdırıb. İnstitutumuzda çıxan "Gənc
istedad" jurnalının materiallarını hazırlayarkən
20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyimiz
bir məqalədə qeyd etdik ki, İlhamdan sonra Fərizə
yaşamağı mənasız bilib intihar edir. Yəni
buradan da görünür ki, Azərbaycan xalqında, türk
dünyasında məhəbbətin gücü, qüdrəti nə qədər böyükdür...
Konfransda
Atatürk Mərkəzinin direktoru,
AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, professor Nizami Cəfərov "Nizami Gəncəvi
və türk dünyası" adlı məruzəsi ilə
çıxış edərək bildirib ki, Nizami Gəncəvinin
türk və fars olması barədə mübahisələr
var. Necə ki, xalçalarımızı, musiqimizi mənimsəyirlər,
eləcə də Nizami Gəncəviyə qarşı da
iddialar var. Odur ki, Nizami Gəncəvinin
yaradıcılığını daha dərindən təhlil
etməklə bizim milli sərvətə sahib çıxmağı
hamı dərk edəcək.
N.Gəncəvinin yaradıcılığı istiqamətində
aparılan tədqiqatlardan, araşdırmalardan ətraflı
bəhs edən professor Nizami Cəfərov onu da diqqətə
çatdırıb ki, böyük şairin əsərlərində
onun türk təəssübkeşi olduğu aydın görünür.
N.Gəncəvi haqqında son zamanlar biz niyə bu məsələlərə
daha çox diqqət yetiririk,-deyən professor Nizami Cəfərov
qeyd edib ki, MEA-da keçən görüşdə Azərbaycan Prezidenti belə bir fikrə
münasibət bildirdi ki, müəyyən iddialarla Nizami Gəncəviyə
sahib durmaq meyilləri var. Buna görə də Gəncədə
Nizami Gəncəvi Mərkəzinin
açılması planlaşdırılıb.
Daha sonra Nizaminin türk xalqları ədəbiyyatları
sistemində yeri, onun əsərlərinin tədrisi məsələlərində
olan bəzi problemlər və sair məsələlərdən
bəhs edən professor N.Cəfərov bildirib ki, Nizami Gəncəvi
türk şairidir. Nizami Gəncəvi türk
dünyasının hadisəsidir. N.Gəncəvini
bütün dünyada təbliğ etməliyik. Dahi şairimiz Nizami Gəncəviyə həsr
olunmuş belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət
kəsb edir.
Konfransda
Nizami adına Ədəbiyyat
İnstitutunun direktor müavini, AMEA-nın müxbir
üzvü, professor Teymur Kərimli "Nizami yaradıcılığında
məhəbbətin fəlsəfəsi", BPKİYİ-nin
Azərbaycan dili və ədəbiyyat kafedrasının
müdiri, dosent Aydın Paşayev "Nizami
yaradıcılığı və Azərbaycan
intibahı", BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyat
kafedrasının baş müəllimi Esmira Cəfərova
"İsgəndərnamə poemasının tədrisi məsələləri",
BPKİYİ-nin müdavimi Reyhanə Rzayeva "Nizami və
din" mövzularında məruzə ediblər. Qafqaz
Universitetinin prorektoru, professor Cihan Bulut N.Gəncəviyə
həsr olunmuş tədbirin əhəmiyyəti barədə
çıxış edib. BPKİYİ-nin Azərbaycan
dili və ədəbiyyat kafedrasının müəllimi Bəybala
Abbasov Nizaminin əsərlərindəki surətlərə həsr etdiyi şeirini söyləyib.
Son dərəcə əhəmiyyət
kəsb edən tədbirin sonunda dahi şairimiz Nizami Gəncəviyə
həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş
etdirilib.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.5.