"Canlı
işıqfor"
Suraxanı rayonu Əmircan qəsəbəsində
yaşayan Xalid Musayevi
"Canlı işıqfor" kimi tanıyırlar. O,
III qrup əmək veteranıdır. Xalid artıq 14 ildir ki,
xırda ticarətlə məşğul olduğu
dükanının yaxınlığında yerləşən
114 nömrəli məktəbə gedən şagirdlərə avtomobil yolunu keçməkdə
kömək edir. Xalid Musayev uşaqları avtomobildən
qorumaq və onların təhlükəsizliyini təmin etmək üçün səhər tezdən
işə gəlir. Gününün yarıdan çoxunu
uşaqlara həsr edən Xalidi Əmircan kəndində
tanımayan yoxdur. Böyükdən kiçiyə hər kəsin
sevimlisi olan,
"Sürücülər ehtiyatlı olun!
Qarşınıza öz övladınız çıxa bilər!"
devizini əsas tutan Xalid Musayevə "Canlı
işıqfor" deyə müraciət edirlər.
Onun
xeyirxahlıq işi bununla bitmir. Belə ki, o, təkcə
uşaqlara deyil, yaşlı insanlara da təhlükəli
yoldan keçərkən köməklik göstərir. Bununla
yanaşı qəsəbədə yaşayan bir neçə
yaşlı insanlara pensiyalarını almaqda yardım edir.
Savab işlər görməyi özünün mənəvi
borcu bilən Xalid bu işdən zövq
aldığını və nə qədər ki, ömrü
var, bu işə həsr edəcəyini söyləyir.
Hazırda o, siyahıya aldığı 127 şagirdi hər
gün təhlükəli yoldan keçirir.
Xalidin
dediklərindən:1997-ci ilin noyabr ayı idi, gördüm ki, mənim
"budkam"la üzbəüz - yolun qarşı tərəfində
iki azyaşlı uşaq dayanıb ağlayır. Onlara
yaxınlaşıb niyə ağladıqlarını
soruşdum, dedilər ki, yolu keçə bilmirik. Mən
onların əlindən tutub yolu keçirdim. Ertəsi gün
yenə bir neçə uşağı eyni yerdə yoldan
keçirməli oldum. Üçüncü gün iki
qız, bir oğlan uşağı yolun qarşı tərəfindən
məni çağırıb dedilər ki, "əmi, nə
olar, gəl bizi yoldan keçir". Mən yenə də gedib
uşaqları yoldan keçirdim. Beləcə, bu iş
davamlı xarakter aldı. Həmin vaxtdan da bu işi
özümə bir peşə kimi seçdim.
Əvvəllər
bu işdə bir çox çətinliyim olurdu. Belə
ki, mülki geyimdə
uşaqları yoldan keçirmək bəzi problemlər
yaradırdı. Maşınlar sürətlə
şütüyürlər. Əlimi qaldırıb onları
dayandırır, uşaqları birtəhər yoldan
keçirirdim. Bir gün fikirləşib özümə
taxtadan nişanlı dəyənək düzəltdim. Bundan
sonra işim bir az yüngülləşdi. Zaman ötdükcə
artıq insanlar məni tanımağa və hörmət eləməyə
başladılar.
İnsanlardan
geyimimə görə fərqlənmək üçün
özümə xüsusi forma aldım. Bu, işimi bir az da
yüngülləşdirdi. Sonra sakinlərlə birgə
aidiyyəti orqanlara müraciət edərək bildirdik ki,
adıçəkilən yolda piyada keçidi nişanı,
küçə işıqları qoyulsun. Təklifimiz nəzərə
alındı. İki gündən sonra yolun həmin hissəsinə
piyada keçidi nişanı qoyuldu. Bir müddət sonra
küçənin işıqlandırılması da düzəldi
və mənim işim bir qədər də asanlaşdı.
Mənə
"Canlı işıqfor" adını ilk dəfə
3-cü sinif şagirdi Aytən adlı qız verib. O, yolun
qarşı tərəfində durub məni
çağırdı ki, "Canlı işıqfor", gəl
məni yoldan keçir. Bəzən elə vaxtlar olur ki, yemək
üstə oluram, uşaqlar mənə zəng vururlar ki,
"Xalid əmi yolda qalmışıq". Mən yeməyimi
dayandırıb qaçıram uşaqların yanına,
onları yoldan keçirib sonra çörək yeməyə
qayıdıram. Burada keçirdiyim 14 il ərzində
çox çətinliklərlə
qarşılaşmışam. Hətta elə
sürücülər olub ki, onları dayandıranda məni
təhqir də ediblər. Amma mən onlara fikir verməmişəm.
Dövlət
Yol Polisi İdarəsi (DYP) ilə əməkdaşlıq edirəm.
Onlar mənə çox kömək edirlər. Bu günlərdə
DYP-dən "Piyada təhlükəsizliyi ayı"na
görə xüsusi kitabçalar alıb uşaqlara
paylamışam. Uşaqlar yol hərəkəti qaydalarına
aid olan kitabçaları həvəslə oxuyurlar.
Çalışıram onlara bir şey öyrədim.
Xalidlə
söhbətimizdən sonra 114 nömrəli məktəbin
direktoru Ceyran Novruzova ilə görüşdük. Gəlişimizin
məqsədini öyrənən direktor Xalid haqqında
xoş sözlər söylədi. Bildirdi ki, Xalid kimi insanlar
xalqımıza çox gərəklidir. Onun bu humanist, xeyirxah
işi həm də şagirdlərə milli mənəvi dəyərləri,
böyüyə-kiçiyə hörmət etməyi öyrədir.
Məktəbin
şagirdlərindən Zəhra Abdullayeva, Lalə Məmmədli,
Nurlan Aslanlı və başqaları Xalid Musayevin onlara
böyük diqqət göstərdiyini və daim
qayğılarına qaldığını bildirdilər.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.16.