Azərbaycan Xalq Cümhuriyyəti və maarif ziyası
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
mürəkkəb siyasi dövrdə
cərəyan edən hadisələrin və
Azərbaycan xalqının milli oyanışının məntiqi
yekunu idi. Bu da Azərbaycanda
yeni tipli teatrın, məktəbin
və mətbuatın yaranması ilə nəticələnmiş,
milli özünüdərkin
gerçəklənməsinə böyük təsir
göstərmişdir. Elə bu dövrdə Azərbaycan Cümhuriyyəti hökuməti xalq təhsilinin inkişafı üçün
var qüvvəsini sərf
etmiş, böyük
işlər görmüşdür. Bu günlərdə əməkdaşımız
Azərbaycan Milli Elmlər
Akademiyası Tarix İnstitutunun böyük
elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Əzizə Nəzərli ilə görüşmüş,
Azərbaycan Cümhuriyyəti
dövründə xalq maarifi
sahəsində aparılmış işlər
barədə ətraflı məlumat verməsini xahiş etmişdir:
- Müstəqil və azad dövlətimizin - müsəlman Şərqinin
ilk demokratik cümhuriyyəti cəmi 23 ay
fəaliyyət göstərdi. Stalinin Məmməd Əmin Rəsulzadəyə
verdiyi "23 ay
hakimiyyətdə oldunuz, nə
etdiniz" sualına mən də cavab vermək istərdim: türk maarifçiliyi elə ilk dəfə
dövlət səviyyəsinə
qalxdı. Bir çox
dövlətin 23 ilə görə bilmədiyini
Azərbaycanın istiqlal elçiləri
23 ay müddətində
görə bildilər. Bunun
bir sirri həmin xadimlərin
yüksək səviyyəli savada və ziyaya malik olmaları idi. Avropanın ən məşhur təhsil
ocaqlarında oxumuş bu
xadimlər maarifçiliyin
dəyərini və
qədrini bilirdilər. Xalq Maarifi Nazirliyində Azərbaycanın
siyasi və mədəni tarixində həmişəlik iz qoymuş insanlar çalışırdılar. Nəsib
bəy Yusifbəyli, Həmid bəy Şahtaxtinski,
Rəşid xan Qaplanov, Nurməmmməd bəy Şahsuvarov, Fətulla bəy Rizabəyov,
Azad bəy Əmirov, Eynül xanım Yusifbəyli.
Təəssüf
ki, bir söhbətdə Azərbaycan Cümhuriyyəti
hökumətinin fəaliyyətinin bütün cəhətlərini
əhatə etmək mümkün deyil. Bununla belə qətiyyətlə
demək olar ki, xarici müdaxilə, daşnak Ermənistanı
ilə müharibə, ölkədaxili siyasi qüvvələr
arasındakı ziddiyyətlər, iqtisadi böhran və
başqa amillərə baxmayaraq, Azərbaycan Cümhuriyyəti
hökuməti xalq təhsilinin inkişafı
üçün var qüvvəsini sərf etmiş,
böyük işlər görmüşdür.
1918-ci
ilin 27 iyul günündə Azərbaycan hökuməti
dövlət dili haqqında qanun qəbul etdi. Dövlət sənədləri
Azərbaycan türkcəsində tərtib olunmağa
başladı. Müəyyən bir müddətədək
rus dilinin də tətbiq olunmasına izn verildi.
Avqustun
28-də hökumət məktəblərin milliləşdirilməsi
haqqında qərar çıxardı. Məktəblərin
milliləşdirilməsi dedikdə respublikanın təhsil
ocaqlarında təlimin ana, yəni Azərbaycan dilində
aparılması nəzərdə tutulurdu. Türk
balalarının doğma dildə təhsil almaq, öz dilini, ədəbiyyatını,
tarixini və mədəniyyətini öyrənmək
hüququ ilk dəfə olaraq qanuniləşdirildi. Özü
də milliləşdirilən məktəblərdə Azərbaycan
dilində təhsil almaq icbari idi.
Qeyri-Azərbaycan
məktəblərində türk dilinin dövlət dili səviyyəsində
keçilməsi üçün külli miqdarda vəsait
ayrıldı.
İstiqlal
dövründə millətin təhsilə həvəsi xeyli
güclənmişdi. Xalq təhsili müfəttişlikləri,
demək olar ki, bütün qəza və kəndlərdən
məktəb açmaq haqqında ərizə
alırdılar. Özü də təhsil xərclərini əhali
öz boynuna götürürdü. Məsələn,
Bakı quberniyasının, Siyəzən, Böyük
Xızı, Keşlə, Hökməli, Əmircan, Digah kəndlərinin
sakinləri onlar üçün məktəb
açılması haqqında hökumətə ərizələrlə
dönə-dönə müraciət ediblər.
Azərbaycan
Demokratik Cümhuriyyətinin birinci tədris ili 1918-ci ilin 15
sentyabrında Qafqaz islam ordusunun Bakıya varid olmasından bir
ay sonra başladı. Tədris üçün şərait
ağır idi. Müəllim və şagirdlərin bir hissəsi
1918-ci ilin mart hadisələri dövrü
qırılmış, bir çoxları yaşayış
yerlərini atıb getmişdi. Məktəb komissiyası dərslərin
başlanmasına qərar verdi, oktyabrın 20-dək məktəbə
qayıtmayan müəllimlər işdən azad olunmuş
sayıldı.
Məktəb
binaları acınacaqlı vəziyyətdə idi. Binaların
bir çoxu dağıdılmışdı. Bakıdakı
məktəblərin çoxunda vaxtilə ya ingilis, ya da
daşnak silahlı qüvvələri yerləşdirildiyindən
binalara xeyli ziyan dəymişdi. Bir sıra məktəblərdə
isə daşnak bandalarından qurtulmuş Naxçıvan və
Zəngəzur qaçqınları yaşayırdılar. Məktəblərin
təmiri üçün məktəb komissiyasından vəsait
ayrıldı. Bu pul ilə xeyli məktəb təmir olundu.
Hökumətin
səyi nəticəsində təlim və tədris işləri
qaydaya salınırdı. 1919-cu ilin martında Bakıda şəhər
məktəblərində oxuyanların sayı 6.400 nəfərə,
həmin ilin noyabrında isə 9.100 nəfərə
çatdı.
Şagirdlərin
dərsə davamiyyəti xeyli yüksək idi. Bu, məşğələlərin
normal keçməsi və ölkədə vəziyyətin
sabitləşməsi ilə bağlı idi. Türk məktəblərində
müvəffəqiyyətlər daha böyük idi. Belə
ki, zəif oxuyanların faizi köhnə rejimdə 50 faizə
çatdığı halda, indi 10-15 faiz olmuşdu.
Azərbaycanda məktəb quruculuğu işinə "Türk müəllimləri ittifaqı"nın yaradılması əhəmiyyətli təsir göstərdi. İttifaqın sədri Ağababa bəy İsrafilbəyov idi. 1919-cu ildə avqustun 20-dən sentyabrın 1-dək Azərbaycan müəllimlərinin qurultayı keçirildi. Qurultayda yeni proqram və dərsliklərin hazırlanması, müəllimlər seminariyaları və kurslarının açılması, məktəblərin abadlaşdırılması və yenilərinin tikilməsi, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və digər bu kimi mühüm məsələlərə baxıldı. Ölkədə siyasi durumun müzakirəsi zamanı aşağıdakı qətnamə qəbul olundu: "Azərbaycan müəllimləri xalq kütlələri arasında Vətən müstəqilliyinin möhkəmləndirilməsi, sağdan və ya soldan hər hansı bir təhlükə zamanı onun müdafiəsi üçün fədakarlıq və vətənpərvərlik mövqeyi baxımından güclü, mütəmadi iş aparmalıdırlar".
Azərbaycanlı müəllimlər, məsələn, Cəmo Cəbrayılbəyli, Mehdi bəy Hacıbabayev, Teymur bəy Bayraməlibəyov, Əlməmməd Mustafayev və başqaları "Müsəlman Ziyalıları İttifaqı"nın işində fəal iştirak edirdilər. Dövlət orqanlarının və parlamentin işində də müəllimlərin əməyi var idi.
Məktəblərin milliləşdirilməsi nəticəsində dərslik məsələsi xüsusi kəskinliklə meydana çıxdı. Xalq maarifi naziri Şahsuvarovun sədrliyi ilə Azərbaycan dilində dərsliklər tərtib etmək üçün komissiya yaradıldı. Bundan əlavə dərsliklərin Azərbaycan dilinə tərcüməsi məsələləri ilə məşğul olan xüsusi komissiya təşkil olundu.
Milli hökumət dərslik layihələrinin hazırlanması üçün 152 min manat, onların nəşrindən ötrü kağız alınmasına 500 min manat, türk şriftinin alınmasına isə daha 200 min manat pul ayırmışdı.
Komissiyaların gördükləri böyük iş sayəsində qısa müddət ərzində üç hissədən ibarət "Təzə Elmül - hesab", "İkinci il", "Ədəbiyyat dərsləri", "Müntəxəbat", "Yeni məktəb", "Müəllimi-sərf", "Sərfi-türki", "Türk çələngi", "Tarixi-təlibi", "Rəhbəri-cəbr", "Coğrafiya", "Hikməti-tərbiyə" dərslikləri hazırlandı. Bu kitablar müəllim və şagirdlərə maya dəyərinə satılırdı.
Rus dilində dərsliklərin alınmasına hökumət 500 min manat sərf etmişdi. Yəhudi, erməni və alman məktəblərinə aylıq subsidiya ayrılmışdı.
Parlamentin 1918-ci il 26 dekabr tarixli iclasında baş nazir Fətəli xan Xoyski qeyd etdi ki, xalqın maariflənməsi sahəsi dövlət və cəmiyyətimizin özülünü qoyan bir sahədir. Hamının öz dilində təhsil almaq hüququ vardır.
Bütün məktəblərdə qeyri-müsəlman şagirdlər üçün ilahiyyat dərsləri keçilirdi. Əgər qeyri-millətlərdən olan şagirdlərin sayı 10 nəfərdən yuxarı idisə, onlara ana dili dərsləri keçilirdi. Özü də bu məktəblərdə ilahiyyat və ana dili dərslərinin xərcini dövlət öz xəzinəsindən ödəyirdi. Xristian dininə etiqad edən müəllim və şagirdlər üçün istirahət günü cümə günü əvəzinə bazar günü idi. Dini bayramların da keçirilməsinə icazə verilirdi.
Xüsusi diqqət yetirilən daha bir sahə türk qadınlarının maariflənməsi idi. Məsələn, Keşlədəki müsəlman qadınlar cəmiyyətinin xahişini nəzərə alaraq hökumətin səyi nəticəsində 1919-cu ilin oktyabrında burada qızlar üçün ibtidai məktəb açıldı. Keşlə qadın cəmiyyətinin müvəkkili İzzət xanım Rəsizadənin coşqun fəaliyyəti sayəsində məktəb kəndlilərin hörmətini elə qazanmışdı ki, artıq noyabr ayında burada 100 qız təhsil alırdı.
1919-cu il mart ayının 24-də Azərbaycan milli gimnaziyasında qadınlar üçün kursların təntənəli açılışı oldu. Bu mərasimdə 120 azərbaycanlı qadın iştirak etdi. Sara xanım Xuramoviç, Şəfiqə xanım Qaspıralı, Hənifə xanım Məlikova çıxışlar etdilər. Kurslara G.Usubova rəhbərlik edirdi. 1920-ci ilin yanvarında artıq 200 azərbaycanlı qadın burada savad alırdı.
1920-ci il aprel ayının 1-dən Azərbaycan dilini öyrənmək üçün qadın kursları açılmışdı. Kurslarda təhsil pulsuz idi. Məşğələləri aparmaqdan ötrü Türkiyədən müəllimlər dəvət olunmuşdular. Qeyd etmək lazımdır ki, kursda onlar təmənnasız işləyirdilər. Dərslər 2-ci türk qadın məktəbinin binasında keçilirdi.
Birinci şəhər məktəbində isə savad öyrənmə və əl işləri üzrə qadın kursları fəaliyyət göstərməyə başladı. Müəllimlər yalnız müsəlman qadınlar idi. Gigiyena dərsini tanınmış həkim Əminə xanım Batirşina aparırdı.
Tədqiq olunan dövrdə xalq təhsilinin təşəkkül tapmasında "Nəhri-Maarif", "Nicat", "Səfa", "Səadət", "Türk ocağı", "İran Maarif Cəmiyyəti" və başqa bu kimi Azərbaycan mədəni-maarif cəmiyyətlərinin misilsiz xidmətləri olmuşdur.
1919-cu ilin sentyabrında orta məktəblər üçün yeni proqramlar tərtib edən komissiyalar işə başladı. Köhnə proqramlarda diqqət, əsasən, qədim rus ədəbiyyatına, Rusiya tarixinə verilirdi, Azərbaycan dili, ədəbiyyatı və Azərbaycan xalqının tarixi isə öyrənilmirdi. 1919-1920-ci təhsil ilində dərslər artıq yeni proqramla keçilirdi. Aşağı siniflərdə "Türk xalqları tarixinin qısa kursu", yuxarı siniflərdə isə "Türk xalqları tarixinin tam kursu" fənləri öyrənilirdi. Rusiya tarixi və Rusiya coğrafiyası dərsləri ləğv edildi. Bu fənlərin ümumi tarix və ümumi coğrafiyanın bir bölməsi kimi tədris edilməsinə başlandı.
Azərbaycan Cümhuriyyəti dövründə mütərəqqi ictimaiyyət əlifba islahatı məsələsini qaldırdı. Bu təşəbbüsü ilk dəfə yollar naziri Xudadat bəy Məlikaslanov irəli sürmüşdü. Onun təklifi və hökumətin qərarı ilə iki nazirin (maarif və yollar) sədrliyi altında komissiya yaradıldı. Komissiya latın əlifbasına keçməyi qərara aldı. Bu qərar Azərbaycan Cümhuriyyətinin maarifpərvər hökuməti üçün, açıq demək olar ki, başucalığı idi. Abdulla bəy Əfəndiyev Maarif Nazirliyinə latın şrifti ilə yeni türk əlifbasını təqdim etdi.
Hökumət müəllimlərə yüksək qayğı göstərirdi. Bu dövrdə müəllimlərin maaşı bir neçə dəfə artırılmışdı. Bayram ərəfələrində onlara pul müavinəti verilirdi. Müəllimlər aztapılan ilkin tələbat və ərzaq malları ilə təmin olunurdular.
Şagirdlərə də qayğı göstərilirdi. Kasıb ailələrdən olan uşaqlar təhsil haqqından azad edilirdilər. Orta təhsil müəssisələrində bu cür şagirdlər üçün təqaüd təsis edilirdi. Ehtiyacı olanlar hətta naharla təmin olunurdular.
Təlimin Azərbaycan dilində inkişafı sahəsində qarşıya çıxan ən böyük problem ixtisaslı müəllim kadrlarının çatışmaması idi. 1918-ci ilin 10 noyabrında Qazaxda müəllimlər seminariyası açıldı. Bu, təkcə qəza üçün deyil, bütün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi.
Seminariyanın direktoru tanınmış maarifçi-pedaqoq və ədəbiyyatşünas Firudin bəy Köçərli idi.
1919-1920-ci tədris ilində seminariyaya daxil olmaq arzusunda olanların sayı xeyli çoxalmışdı. 8 yerə 40-dan artıq ərizə verilmişdi. Valideynlər övladlarının seminariyaya daxil olmalarını dönə-dönə xahiş edirdilər. Qeyd edək ki, seminariyanın nəzdində pansion da fəaliyyət göstərirdi. Sıxlığa baxmayaraq, bura dövlətin hesabına 5 pansionçu və 11 nəfər hər gün gəlib-gedən tələbə qəbul edilmişdi. 1919-cu ilin oktyabrında burada artıq 76 nəfər tələbə təhsil alırdı. Bakıda və Gəncədə də müəllimlər seminariyaları fəaliyyət göstərirdi.
Bakı kişi müəllimlər seminariyasında Türkiyədən gəlmiş görkəmli pedaqoqlar Kamal bəy, Fəthi bəy, Rəşid Sürəyya, Nurulla Əfəndi, Mirzə Mövsüm xan, qadın müəllimlər seminariyasında isə Rəmziyyə, Saimə, Rəbiyyə, Nadidə, Nəbahat, Həcər və Mədihan xanımlar dərs deyirdilər.
Pedaqoji kadrların çatışmaması problemi qısamüddətli müəllim kurslarının təşkili zərurətini meydana çıxardı. Bakıdakı qısamüddətli pedaqoji kurslarda tanınmış pedaqoqlar B.A.Fətəlibəyov, S.Acalov, Ə.C.Orucəliyev, A.Talıbzadə (A.Şaiq), A.İsrafilbəyov, C.Cəbrayılbəyov, A.Ağayeva, M.Mahmudbəyov, Kələntərov, Cavid bəy (türkiyəli müəllim), Abdulla bəy Əfəndiyev, doktor Qarabəyov, S.M.Qəniyev, M.A.Şaxtaxtinski, Hüseyn Cavid, K.B.İsmayılov, Riza Zəki və b. dərs deyirdilər. Qısamüddətli kurslar çox keçmədi ki, bir sıra qəzalarda da açıldı.
Bakı, Gəncə, Şuşa, Nuxa və Qazax şəhərlərində ikiillik müəllim kursları da yaradıldı.
Kurslara bütün qəzalardan kütləvi şəkildə müdavimlər cəlb edilirdilər. Müsəlman qadınların bura can atması xüsusilə sevindirici idi. Parlament üzvləri kurslara gəlir, onların işi ilə maraqlanır, lazımi kömək göstərirdilər. Səməd ağa Ağamalıoğlu Qazax qadın kursları müdavimlərini salamlayaraq demişdi: "Hazırda ən faydalı iş burada, sizin içərinizdə aparılır".
Cümhuriyyətin dəvəti ilə Türkiyədən 50 müəllim Azərbaycana çalışmaq üçün gəlmişdi.
1919-cu ildə Yaxın Şərqdə ilk dəfə olaraq dünya standartları səviyyəsində ali təhsil məktəbi - Bakı Dövlət Universiteti təsis olundu, Azərbaycanda ali təhsil sisteminin bünövrəsi qoyuldu. Bu, hökumətin və qabaqcıl ziyalılarımızın tarix qarşısında çətin imtahandan üzüaçıq çıxması idi.
Universitetin rektoru professor V.İ.Razumovski təyin olunmuş, buraya 1094 nəfər, o cümlədən 877 tələbə və 217 azad dinləyici qəbul olunmuşdu.
Universitetdən başqa 1920-1921-ci tədris ilinin başlanğıcında Xalq Maarifi Nazirliyi tərəfindən Pedaqoji İnstitutun açılması layihələndirilmişdi. Burada pulsuz təhsil nəzərdə tutulurdu. Bundan başqa, Bakı Kənd Təsərrüfatı İnstitutunun açılması üçün hazırlıq aparılırdı. Bakı musiqiçilər cəmiyyətinin musiqi məktəbini Bakı Konservatoriyasına çevirmək nəzərdə tutulurdu.
Maarifçiliyin ən diqqətəlayiq anlarından biri: Milli hökumət dövlətimizə gərək olan mütəxəssisləri hazırlamaqdan ötrü 100 azərbaycanlı balasını Avropanın məşhur ali məktəblərinə göndərdi. Kasıb tələbələrin bütün təhsil və güzəran xərclərini dövlət öz boynuna götürdü.
1920-ci ilin 14 yanvar günü tələbələrin ilk dəstəsi sürət qatarı ilə xaricə yola salındı. Qatar axşam saat doqquz radələrində yola düşürdü. Saat 7-dən tələbələri yola salmaq üçün vağzala xeyli adam yığışmışdı: Parlament adından görkəmli ziyalılar Məmməd Əmin Rəsulzadə, İbrahim Əbilov, Aslan bəy Səfikürdski, Səmədağa Ağamalı oğlu, Milli Hökumət adından isə Əhməd bəy Pepinov çıxış etdilər. Tələbələrin yerləşdiyi vaqonlardan tar və muğam səsləri gəlirdi. Vaqon qapıları Azərbaycan bayraqları ilə bəzədilmişdi. Əhvali-ruhiyyə olduqca yüksək idi. Həm yola salanların, həm də tələbələrin "Yaşasın Azərbaycan!" nidaları asimana yüksəlirdi. Ayrılıq vaxtı çatdı, sürət qatarı maarif məcnunlarını işıqlı və faciəli talelərinə doğru apardı...Qarşıdan qara günlər carçısı 28 aprel gəlirdi.
Söhbəti qələmə aldı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.11.