"Eurovision-2011"
müsabiqəsinin qalibləri təhsildə də
uğur qazanıblar
Müəllimləri onlar
haqqında belə dedilər
Almaniyanın Düsseldorf şəhərində
keçirilmiş 56-cı "Eurovision-2011" mahnı
müsabiqəsi başa çatıb. Azərbaycanı bu
yarışmada təmsil edən Eldar Qasımov və Nigar
Camal dueti 25 ölkənin iştirakı ilə keçən
müsabiqənin final mərhələsində tarixi qələbə
qazanıb. Təmsilçilərimizin
ifa etdiyi "Runnung scared" mahnısı 43 ölkə
tamaşaçılarının səsverməsi nəticəsində 221 xal
toplayıb.
Eldar məktəbdə "əla"
qiymətlərlə oxuyub
Eldar
Qasımov 1989-cu ildə
Bakıda ziyalı ailəsində anadan olub. O, Bakıdakı
160 nömrəli Klassik gimnaziyanın I sinfinə qəbul
olaraq 2006-cı ildə orta təhsilini başa vurub. Kiçik
yaşlarından mahnı oxumağa başlayan Eldar 2001-2005-ci illərdə 2 nömrəli musiqi məktəbinin fortepiano
sinfində təhsil alıb. 2004-cü ildə Azərbaycan
Almaniya Şagird Mübadiləsi Proqramında iştirak edib.
2006-cı ildə isə
yüksək balla Bakı Slavyan Universitetinun beynəlxalq
münasibətlər və regionşunaslıq fakültəsinə daxil olub. Nəhayət, 2010-cu ildə ali məktəbi bitirib. Yeri
gəlmişkən onu da qeyd edək ki, Eldar 2008-ci ildə bir ay ərzində
Almaniyanın Frankfurt-Mayn şəhərində Hote
Universitetində təhsil alıb.
Onun haqqında daha ətraflı məlumat əldə
etmək məqsədilə
Eldarın oxuduğu orta və
ali məktəblərdə olduq və ona dərs deyən müəllimlərlə
görüşdük.
Eldarın vaxtilə oxuduğu Bakıdakı 160 nömrəli Klassik
gimnaziyanın direktoru Faina Ələkbərova və sinif rəhbəri Nelli Mustafayeva bildirdilər
ki, Eldar orta məktəbdə "əla" qiymətlərlə
oxumuşdur. O, gimnaziyada fəaliyyət göstərən dərnəklərin,
o cümlədən rəqs dərnəyinin
fəal üzvü olmuş və
məktəbdə uşaq xorunda oxumuşdur. Həmçinin
Eldar gimnaziyanın bütün ictimai işlərində
yaxından iştirak etməklə yanaşı, həmişə
yoldaşlarından alicənablığı ilə fərqlənmişdir.
Doğrusu, onun əldə etdiyi uğurlarda valideynlərinin, əsasən
də anası və nənəsinin
zəhməti böyük olmuşdur. Çünki bu şəxslər Eldarın
bilikli və
bacarıqlı olması üçün həyatda çox
çalışıblar.
Onu musiqi ilə bağlı
bütün dərnəklərə yazdırıblar ki,
Eldar bir şəxsiyyət və bacarıqlı musiqiçi
kimi formalaşsın.
Eldar
Qasımovun ali təhsil aldığı Bakı Slavyan Universitetinin beynəlxalq
münasibətlər və regionşünaslıq fakültəsinin
dekanı, dosent Adil Rəcəbli
isə bizə bildirdi ki, indi hamının sevimlisinə çevrilmiş Eldar Qasımov
haqqında müəllimi kimi fikir söyləmək mənə
də xoşdur. O, BSU-da
oxuduğu 4 il müddətində dərin nəzəri biliklərə
malik olması, çalışqanlığı və nəzakəti ilə tələbə
və professor-müəllim heyəti arasında böyük
hörmət qazanmışdır. Təsadüfi deyil ki, I
kursun sonunda tələbələr onun ictimai fəallığını
nəzərə alaraq 650 -dən
çox tələbəni birləşdirən fakültə tələbə həmkarlar
təşkilatına sədr seçmişlər.
O
vaxtdan tələbələrin yaxın dostu olan Eldar bu gün
də ənənəsinə
sadiq qalır. Eldar ali məktəbi
fərqlənmə diplomu ilə bitirdikdən sonra BSU-nun magistratura şöbəsində təhsilini davam etdirir. Bu
gün onun "Esprit
Arena"sında 56-cı "Eurovision" mahnı müsabiqəsində qazandığı uğura görə
başqaları kimi onun təhsil
aldığı BSU-nun
bütün kollektivi də
sevinc içərisindədir.
Nigar uşaq yaşlarından ansamblda
solist kimi çıxış edib
"Eurovision
-2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil
edən digər qaliblərdən biri də Nigar Camal olub. O,
1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə
Bakıdakı 203 nömrəli orta məktəbi bitirib.
1985-1986-cı
illərdə şəhər uşaq ansamblında solist kimi
çıxış edib. Həmçinin 1988-1996-cı illərdə
"Pöhrə" respublika mahnı müsabiqəsində
iştirak edib və 1996-cı
ilin may ayında bu müsabiqənin
"Fəxri diplom"unu
qazanıb.
Nigar Camal
1997-ci ildə Xəzər Universitetinin iqtisadiyyat və
menecment fakültəsinə daxil olaraq oranı bitirib.
Sonra 2005-ci ildə ailə həyatı quraraq Londona köçüb.
Yasmin və Səidə adlı
2 qızı var.
203 nömrəli orta məktəbdə
də Nigara Azərbaycan dilindən dərs deyən, məktəbin tədris işləri
üzrə direktor müavini Sevil İmanova və coğrafiya müəllimi
Nuridə Şabanova ilə söhbətləşdik. Bildirdilər
ki, hər ikisinin
övladları Nigarla bir sinifdə oxumuşlar.
Övladlarını tanıdıqları qədər Nigarı da yaxşı tanıyırlar. Nigar dərslərini
yaxşı oxumaqla bərabər, həm də təşkilati
işləri çox sevirmiş. Musiqiyə həvəs isə onda hələ erkən yaşlarından
başlamışdır.
Biz məktəbdə
olanda Nigar haqqında digər
müəllimlərin də xoş sözlərini eşitdik.
Şahidi olduq ki, məktəbin pedaqoji
kollektivi Nigarın qazandığı uğura çox
sevinirlər. Axı bu uğurun qazanılmasında Nigara dərs
deyən, yol göstərən müəllimlərin də
payı var.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2011.-
27 may.-S.7.