"Ən
böyük arzum məktəbə getmək idi"
Günəş düzü-dünyanı nuruna qərq edib qüruba endiyi kimi insanlar da yaşayaraq keçdikləri ömür yolunda əməlləri ilə özlərinə məxsus iz qoyurlar bu dünyada. Ömrünü, gününü qətrə-qətrə şam kimi əridərək xalqının maariflənməsinə, vətəninin tərəqqisinə sərf edənlər ictimaiyyət tərəfindən hörmət və ehtiramla qəbul edilir və sevilirlər. Belə insanlardan biri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, "Şərəf nişanı" ordenli, bu günlərdə 70 yaşı qeyd edilən Məhəbbət Qarabağlı haqqında söz açmaq niyyətindəyəm.
Məhəbbət İsmayıl oğlu
Qarabağlı 1941-ci il mayın 5-də Gürcüstan
Respublikası Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan
olub. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə
Bolnisi rayon orta məktəbini bitirib. Həmin il
Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə
doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi
təyin edilib və orada uğurla işləyərək iki
il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul
olub.
Çalışqanlığı
və ictimai fəallığı ilə başqalarından
seçilən Məhəbbət hələ birinci kursda ikən
institutun Tələbə Elmi Cəmiyyətinə sədr
seçilib. Bir neçə dəfə qonşu ölkələrdə
keçirilən tələbə elmi konfranslarında dəyərli
çıxışları ilə doğma institutunu təmsil
edib. 1966-cı ildə ali təhsilini başa vuran Məhəbbət
təyinatla Mingəçevir şəhər 11 nömrəli
orta məktəbə ixtisası üzrə müəllim
göndərilib. Qısa müddət ərzində savadlı
müəllim kimi şagirdlərin, valideynlərin və
pedaqoji kollektivin hörmətini qazanan Məhəbbət
Qarabağlı Mingəçevir şəhər rəhbərliyinin
diqqətini cəlb edir. Elə bunun nəticəsidir ki, Məhəbbət
müəllim 1970-ci ildə şəhər 7 nömrəli 8
illik məktəbə, 1976-cı ildə isə şəhər
14 nömrəli orta məktəbə direktor təyin edilib.
1976-1978-ci
illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm
Universitetinin qiyabi şöbəsini fərqlənmə diplomu
ilə bitirən M.Qarabağlı intellektuallığı ilə
zamanın tələbinə cavab verən ixtisaslı kadr kimi
digərlərindən seçilib və yüksək insani
keyfiyyətlərinə görə rəhbərlik tərəfindən
irəli çəkilərək ona yeni etimad göstərilib.
Mingəçevir təhsilinə rəhbər təyin edilib.
1977-1978-ci
illərdə Məhəbbət müəllimin rəhbərlik
etdiyi Mingəçevir Şəhər Xalq Maarif Şöbəsi
daha yeni uğurlara imza atıb, səsi-sorağı yüksək
tribunalardan gəlib. Belə ki, bu təhsil şöbəsi
1978-1979-cu illərdə əldə etdiyi müvəffəqiyyətlərə
görə ardıcıl olaraq iki dəfə Azərbaycan KP
MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin, Azərbaycan Həmkarlar
İttifaqı Mərkəzi Şurasının Keçici
Qırmızı, 1980-ci ildə isə SSRİ Maarif
Nazirliyinin və SSRİ Maarif İşçiləri Həmkarlar
İttifaqı Mərkəzi Şurasının da Keçici
Qırmızı bayraqlarına layiq görülüb.
M.Qarabağlı
1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə
Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə
xeyirxah əməlləri ilə əhalinin məhəbbətini
qazandığı üçün alternativ səsvermə
yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr
seçilib. Respublikada vəziyyətin gərgin olmasına
baxmayaraq, rəhbərlik etdiyi əhalinin mənafeyini qorumaqla
1995-ci ilin sonuna qədər həmin vəzifədə
uğurla çalışıb.
1999-cu
ilin iyun ayının 28-də Azərbaycan Respublikası
Prezidenti Heydər Əliyevin sərəncamı ilə Mingəçevir
Şəhər İcra Hakimiyyətinə başçı təyin
edilən və 2005-ci ilə qədər bu vəzifədə
layiqincə işləyən Məhəbbət
Qarabağlı ona göstərilən etimadı yüksək
səviyyədə doğruldaraq quruculuq işləri və
xeyirxah əməlləri ilə Mingəçevir şəhərinin
ictimai və siyasi həyatında silinməz izlər qoyub.
2005-ci
ildə Bakı Şəhər Baş Təhsil İdarəsinə
rəis, 2006-cı ildə isə yeni yaradılmış
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə
müdir müavini təyin edilmiş Məhəbbət müəllim
hazırda həmin vəzifədə fəaliyyətini
uğurla davam etdirir.
Məhəbbət
Qarabağlının əmək fəaliyyəti dövlət
tərəfindən yüksək qiymətləndirilib. Belə
ki o, "Şərəf nişanı" ordeni, "Əməkdə
fərqlənməyə görə" medalı və digər
müxtəlif medallar, diplom və fəxri fərmanlarla təltif
edilib. Keçmiş SSRİ-nin "Maarif əlaçısı",
Azərbaycan Respublikası Maarif Nazirliyinin "Qabaqcıl
maarif xadimi" döş nişanlarına layiq
görülüb.
"Qızıl
qələm" media mükafatı laureatıdır. Müxtəlif
illərdə qurultaylara nümayəndə seçilib.
Ailəlidir,
iki oğlu, bir qızı və altı nəvəsi var.
Məlum
90-cı il hadisələrindən sonra uzun müddət idi ki,
beynəlmiləl şəhəri olan Mingəçevirə
yolum düşməmişdi. Səhv etmirəmsə,
2004-cü ilin yazı idi. Xidməti işimlə əlaqədar
Mingəçevir təhsili haqqında qəzetə material
hazırlamaq üçün sübh tezdən Bakıdan
çıxdım. Mingəçevirə çatanda Günəş
artıq bir çatı qalxaraq düzü-dünyanı
nuruna qərq etmişdi. Geniş asfalt yolda avtomobilim
rahatlıqla şütüyür, yol ətrafında təzəcə
çiçək açmış müxtəlif gül
kolları, fərqli meyvə ağacları gözəlliyi ilə
diqqəti cəlb edir, hər tərəfdə hökm sürən
təmizlik, səliqə-sahman ruh oxşayırdı. Uzaqdan
görünən Qafqaz sıra dağlarının zirvələrində
təkəm-seyrək ağ, pəmbə buludlar ilişib
qalmış, sanki dağların başına bəyaz kələğayı
bağlamışdı. Əkib-becərmənin
qızğın vaxtı olduğu üçün ətraf
sahələrdə, tarlalarda, bağ-bağçalarda işi
ilə məşğul olan insanlar gözə dəyirdi. Hər tərəfdə həyat
qaynayır, insanı yaşayıb-yaratmağa sövq edirdi.
Bu əhvali-ruhiyyə ilə şəhərə daxil olanda
gözlərimə inanmaq istəmədim. İntibah
dövrünü yaşayan respublikamızın hər yerində
olduğu kimi burada da quruculuq-abadlıq işləri geniş
vüsət almış, Mingəçevir şəhəri
görkəmini tamam dəyişmiş, tanınmaz olmuşdu. Yeni
inşa edilən sosial və ictimai tikililər, rahat, geniş
asfalt yollar planlı şəkildə salınmış
yaşıllıqla əhatə olunmuşdu.
Görüşdüyüm
insanlarla söhbət əsnasında mənə məlum oldu
ki, bütün bu yeniliklər Mingəçevir ŞİH-nin
başçısı Məhəbbət
Qarabağlının təşəbbüsü və rəhbərliyi
altında həyata keçirilir. İqtisadiyyatın
inkişafına çalışan icra
başçısı Mingəçevir vətəndaşlarının
maddi-rifah durumunun da yaxşılaşmasına ciddi səy
göstərdiyi üçün əhali tərəfindən
sevilir.
Elə
o vaxtdan haqqında eşitdiyim və qiyabi
tanıdığım Məhəbbət Qarabağlıya
qarşı məndə bir rəğbət
hissi oyanmışdı. Və bu günlərdə 70
yaşının tamam olması münasibətilə
haqqında məqalə hazırlayacağıma sevindim. Zəngləşib
onunla görüşmək üçün vaxt təyin
etdik. Əvvəl təvazökarlıq edib razılaşmaq
istəmirdi: "Mən nə etmişəm ki, haqqımda da
yazılsın. Sadəcə olaraq insani borcumu yerinə
yetirmişəm" deyirdi. Nəhayət,
razılığını alıb ertəsi gün Bakı
Şəhəri üzrə Təhsil İdarəsinə
getdim. İş başında, kabinetində köhnə
dostlar kimi səmimi görüşdük. İnsanpərvərliyi,
nikbinliyi, qaynayıb coşan həyat eşqi, yüksək
intellekt sahibi olduğu və başlıcası sadəliyi
diqqətimi bir daha cəlb etdi. Şuxluğu və zahiri
görünüşünə görə ona bu yaşı
vermək mümkün deyil. Müdriklərin
"Paxıllıq hissindən uzaq olan insanlar gec
qocalırlar" kəlamını xatırladım.
Masa
arxasında üz-üzə oturub çay içə-içə
söhbət edir, ona verdiyim suallara cavab olaraq keçdiyi
ömür yolunda baş vermiş maraqlı hadisələri
xatırlayır, yaşayaraq arxada qoyduğu uzun illərin
keşmə-keşliyindən bəhs edən həyat
kitabının saralmış vərəqlərini səhifələyir,
olub keçənləri xəyal süzgəcindən
keçirirdi. Nurlu çöhrəsi bəzən günəşli,
güllü-çiçəkli yaz fəslini, bəzən də
üzü qara buludlarla örtülmüş səmanı
xatırladırdı. Bu hal isə ona
ünvanladığım suallara rəğmən həyatının
ağrılı-acılı, şirinli-vüsallı
anlarını yenidən xəyalən
yaşadığına görə yaranırdı.
İki
saata qədər səmimi söhbət əsnasında Məhəbbət
müəllimdən aldığım cavablardan
yükümü tutdum. Onu 70 yaşının tamam olması
münasibətilə bir daha təbrik etdim. Ona möhkəm
cansağlığı, daha yeni nailiyyətlər dilədim. Yenidən
görüşmək arzusuyla ondan ayrılıb redaksiyaya
üz tutdum.
Yol
boyu fikirləşdim ki, belə maraqlı, zəhmətsevər
insanlar olmasaydı, həyat mənasını itirərdi. Hər
bir insanın bizə məlum olmayan, görünməyən tərəflərini
qələmə alanda oxucu üçün daha maraqlı
olur. Bu baxımdan müsahibə zamanı Məhəbbət
müəllimdən aldığım maraqlı, maraqlı
olduğu qədər örnək cavabları oxuculara təqdim
edirəm.
"Uşaqlığım məşəqqətli
keçib"
- Mən
anadan olandan 40 gün sonra atamı II Dünya müharibəsinə
aparıblar. Bacımı və məni anam olmazın əzab-əziyyətlə
böyüdüb. Yazda əkib-becərər, payızda
qışa azuqə toplayar, yaşamağımız
üçün əlindən gələni əsirgəməzdi.
Mal-qara ilə, bağ-bostanla bütün günü əlləşən
anamı nadir hallarda yatıb dincələn
görürdüm. Geyinməyə sətin və ya pamazı
parçadan əl ilə tikilmiş paltar tapanda sevincimizin həddi-hüdudu
olmazdı. Başqa yaşıdlarım kimi mən də futbol
oynamağı sevirdim. Çitdən lopa, yəni "top"
düzəldib çarıqlarımız
yırtılmasın deyə əksər hallarda ayaqyalın
futbol oynayardıq. O vaxtlar ayağımıza geyinmək
üçün ildə bir cüt çarıq tikdirə
bilirdiksə buna sevinirdik. Yalnız müharibə qurtarandan
sonra nadir hallarda rezin qaloş əldə edə bilirdik. IV
sinifdə oxuyanda ilk dəfə əlimə rezin top
almışam. Müharibəni qələbə ilə
başa vursaq da atam geri qayıtmadı. Sən demə o, birdəfəlik
gedibmiş. Anam ümidini yalnız bizə
bağlamışdı.
"Həkim mənə dərman
kimi buğda çörəyi yeməyi məsləhət
bilmişdi"
- İbtidai siniflərdə oxuyanda yaxşı qidalanmadığım üçün hədsiz dərəcədə cılız və zəif idim. Yediyimiz qarğıdalı dacı, arpa çörəyi olardı. Onu da tapandan tapana. Elə anlar olurdu ki, yeriməyə taqətim olmurdu. Anam məni həkimə göstərəndə həkim buğda çörəyi ilə qidalanmağımı məsləhət bilmişdi. Bunu eşidən Nəbi və Bayram dayılarım ailələrinin pis yaşamasına baxmayaraq bizə kömək etməyə başladılar. Müəyyən vaxtdan sonra arada buğda çörəyi yediyim üçün özümə gəldim. Artıq taqətə gəlir, ətə-qana dolurdum. 51-ci ildə dayılarım nəsilliklə Qazaxıstana sürgün edildilər. Buna baxmayaraq ümidsizliyə qapılmadıq. Taleyin hökmü ilə çətinliklərdən çıxıb yaşadıq. "Pis günün ömrü az olur", - deyənlər düz deyiblər.
"Uşaqlıqda
hər şeyi öyrənməyə
maraq göstərmişəm"
-
Uşaqlıqda şıltaq, yəni
qaynayıb-qarışan, hər şeyi öyrənməyə
maraq göstərən olmuşam. Hələ 5-6
yaşlarımda ikən məktəbə gedəcək
günlərimi sadalayır, şagird olmağa
darıxırdım. Anamın mənim üçün sətindən
tikdiyi çantanı, çantanın qabaq cibliyində yerləşdirəcəyim
mürəkkəbqabını və perolu qələmimi hər
gün əzizləyir, gələcək arzularla
yaşayırdım. I sinifdə mənə dərs demiş
ilk müəllimim Musa Mehdiyevi heç vaxt unutmuram. Axı ana,
ata kəlməsini, əlifbanı mənə o öyrədib.
Anam
da mənim oxumağıma ciddi fikir verirdi. Yaxşı
yadımdadır, V sinifdə oxuyanda müəllim sinfə
Abbas Səhhətin "Əhmədin qeyrəti"
şeirini əzbərləməyi
tapşırmışdı. Həmin şeiri tənbəllik
edib əzbərləmədiyim üçün ertəsi
gün müəllim mənə bir sillə vurdu. Ərköyünlük
edib əsəbi halda evə qaçdım və anama şikayətləndim.
Anam müdafiə edib, mənə qahmar durmaqdansa, əksinə,
məni bərk danladı, - Bir də dərsini oxumasan, dərsdən
iki alsan, səni evə buraxmayacağam - dedi. Və həmin
sillə təhsilimdə bir dönüş nöqtəsi
oldu. O gündən dərslərimə cidd-cəhdlə
hazırlaşdım. Aldığım yüksək qiymətlər,
müəllimlərimin tərifi, anamın qayğı və
tövsiyələri məni ruhlandırdı.
VII-VIII
siniflərdə Azərbaycan dili və ədəbiyyatdan bizə
dərs demiş Rəşid Acalov mənim peşə
seçimimdə müstəsna rol oynayıb. Rəşid
müəllim səliqəli, şux geyimi, mədəni
davranışı, aydın, səlis nitqi ilə diqqətimi
cəlb etmişdi. Böyüyəndə ona oxşamaq, onun
kimi müəllim olmaq arzusu baş qaldırmışdı qəlbimdə.
Bu arzu ilə orta məktəbi "əla" qiymətlərlə
başa vurdum.
"17 yaşımda ikən ilk əmək
fəaliyyətimə müəllim kimi
başlamışam"
- O
zamankı sovet qanunlarına görə orta məktəbi
bitirdikdən sonra iki il iş stajı
olmadan ali məktəblərə qəbul olmaq qadağan
edilmişdi. Bunu nəzərə alan rayon
maarif şöbəsi orta məktəbi "əla" qiymətlərlə
bitirdiyimə görə və kənd məktəblərində
müəllim çatışmadığı
üçün əmrlə məni kəndimizdə fəaliyyət
göstərən doğma 8 illik məktəbə ibtidai sinif
müəllimi göndərdi. İki il həvəslə
sevimli şagirdlərimə dərs dedim. Sonra Azərbaycan
Dövlət Pedaqoji İnstitutuna daxil oldum. Yataqxanada qalırdım. 35 manat əlaçı
təqaüdü alsam da, bu məbləğ yaşamaq
üçün çox az idi. Ancaq dünya
yaxşı insanlardan xali deyil. Bir nəfər mənə
kömək edib məni 40 manatlıq məvaciblə
axşamlar ikisaatlıq iş vaxtıyla gözətçi
götürtdü. Beləliklə, işlərim
qaydasına düşdü. Və
oxumağa ciddi cəhd göstərməyə başladım.
Hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinin
sədri seçildim və 4 il yarım bu
vəzifəni layiqincə apardım. O zaman APİ-nin tarixində
ilk dəfə olaraq ildə 1 dəfə tələbələrin
elmi işlərindən ibarət əsərlərin qısa
tezislərinə həsr edilmiş kitabçalar
buraxıldı.
1964-cü
ilin may ayında məni Qazaxıstanın Alma-Ata Dövlət
Universitetinin 30 illik yubileyinə həsr edilmiş Beynəlxalq
Tələbə Elmi Konfransına nümayəndə göndərmişdilər.
İnstitutumuzu orada layiqincə təmsil edə bilmişdim.
Tələbəlik
illərində mənə dərs demiş Əbülfəz
Dəmirçizadə, Feyzulla Qasımzadə, İsmayıl
Şıxlı, Məmməd Şıxlı və Əhəd
Hüseynov dünyagörüşümün
inkişafında mühüm rol oynayıblar.
"Anam qazancımın tamını
dadmadı"
- Ali
məktəbi fərqlənmə diplomu ilə bitirdikdən
sonra təyinatla Mingəçevir şəhərinə
müəllim göndərildim. Anamın sevincdən
uçmağa qanadı yox idi. Axı onun ən böyük
arzusu məni ali təhsilli görmək idi. Oğul qazancı
yemək, toy vurdurub oğluna gəlin gətirmək, sonra
ağ günə çıxaraq rahat yaşamaq və gələcəkdə
nəvələrini tərbiyə edib böyütmək arzusu
anamda o qədər güclü idi ki... Bu xoşbəxt
günlərə qovuşacaq ümidi ilə yaşayan anam
başıma pərvanə kimi dolanır, məni yenidən
tapıbmış kimi körpə uşaq təki əzizləyir,
uzun sürən əziyyətlərdən sonra vüsala
yetişibmiş kimi sevinirdi. Mən də, öz növbəmdə,
yay tətilində anamın yanında qalmağı, avqustun
ortalarında işləyəcəyim Mingəçevir şəhərində
kirayə ev tutub anamı da yanıma gətirməyi və ona
qulluq göstərməyi qərara almışdım. "Sən
saydığını say, gör fələk nə
sayacaq" kəlamını heç yada da salmırdım. Ağlıma
gəlməyən başıma gəldi. Taleyin ağır
hökmü yenidən məni sınağa çəkdi. Heç
olmasa qazancımın tamını dadmayan anam qəfil
dünyasını dəyişdi. Tükənməz
arzuları ürəyində torpağa gömülüb əbədiyyətə
qovuşdu. Atamı görmədiyim üçün
ölümün nə dərəcədə ağır
olduğunu hiss etməmişdim. Anamınsa ölümü məni
dəhşətə gətirdi, sarsıldım. Bir daha
özümə, gələcəyimə inanmırdım. Lakin
torpağın üzü soyuq, həyatsa davam edir.
"Müstəqilliyimizi göz bəbəyimiz
kimi qorumalıyıq"
- Həyatı
dərindən düşünən ziyalılarımız
kimi mən də müstəqillik arzusuyla həmişə
alışıb yanmışam. Uzun müddət
yaşadığım və işlədiyim Mingəçevir
şəhərində daima ikinci rəhbər işçi
qeyri-millətin nümayəndəsi olurdu. Rəsmi yerlərdə
Azərbaycan dilində danışmaq yasaq edilmişdi. Milli
mentalitetimizə, milli mənəvi dəyərlərimizə
yer verilmirdi. Mingəçevirdə bir dənə də olsun
məscid yox idi. Soy kökümüz, ənənələrimiz
unudulurdu. Bütün bunları hər an özümə dərd
edirdim. Elə bunun nəticəsidir ki, 1986-cı ildə Mingəçevir
Şəhər Partiya Komitəsində keçirilən
plenumda kəskin çıxış edərək ikinci katib
olan Veliçkonu, şöbə müdirləri Barinovu,
Çernuxini və Makarovanı tənqid etdim. Onların
dilimizi bilmədiklərini, adət-ənənələrimizdən
xəbərsiz olduqlarını dedim. Tutduqları vəzifələri
milli kadrlara verməli olacaqlarının vacibliyini elan etdim. Bu
çıxışımdan sonra mənə təzyiqlər
artsa da, haqq-ədalət öz yerini tutdu. Bu gün
bütün xalqımıza, xüsusilə Azərbaycan gənclərinə
üzümü tutub ümummilli liderimiz Heydər Əliyevin
memarı və qurucusu olduğu və bizə ərməğan
etdiyi müstəqil Azərbaycan Respublikasını göz bəbəyimiz
kimi qorumağı tövsiyə edirəm. Müdriklərimizin
"Torpaq, uğrunda ölən varsa Vətəndir" kəlamını
heç vaxt yaddan çıxarmamalı, vətənimizin hər
qarışı uğrunda canımızdan keçməyə
daima hazır olmalıyıq.
"Hər bir insan vətəninin sadiq
əsgəri olmalıdır"
- Mingəçevir
Şəhər İcra Hakimiyyətinə başçı təyin
olunandan sonra arzularımın heç olmasa bir qismini həyata
keçirməyə fürsət tapdığıma sevindim.
İdeoloji işlə yanaşı, əhalinin maddi durumunun
yüksəlməsinə, yeni iş yerlərinin
açılmasına, mənzil-məişət şəraitinin
yaxşılaşmasına xidmət edən planlar həyata
keçirməyə başladım. Belə ki Kür
çayından şəhərə 3,5 kilometr uzunluğu olan
600 mm-lik su xətti çəkildi. Mingəçevir-Bakı,
Bakı-Mingəçevir sərnişin qatarı əhalinin
istifadəsinə verildi. Şəhid ailələri və
Qarabağ əlilləri üçün müxtəlif mənbələr
hesabına 105 mənzildən ibarət bir neçə ev
tikilib istifadəyə verildi. Asiya İnkişaf
Bankının xətti ilə 416 mənzillik kompleks evlərdən
ibarət qəsəbə salındı. 4 yeni məktəb
binası inşa edilərək şagird və müəllimlərin
ixtiyarına verildi.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı
sayəsində 2005-ci ildə Mingəçevir şəhərində
"Kür" elektron vasitələri zavodu və beton
dayaqlar istehsal edən kombinat istifadəyə verildi.
Yuxarıdakılarla yanaşı, Mingəçevir
şəhərində "Azərbaycanlıların
soyqırımı və deportasiyası"na, "Ana
dili"mizə və "İstiqlaliyyətimizin şərəfi"nə
həsr edilmiş abidələr qoyulub. Yeri gəlmişkən
qeyd edim ki, "Ana dili" abidəsinin şəkli 2003-cü
ildən 2009-cu ilədək II-III-IV sinif "Ana dili" dərsliklərinin
üz qabığını bəzəyib.
Respublikanın regionları arasında birinci olaraq
ümummilli liderimiz Heydər Əliyevin abidəsi Mingəçevir
şəhərində ucaldılıb. Həmçinin ümummilli
liderimizin nəhəng ictimai-siyasi fəaliyyətinin təbliği
və təşviqi məqsədilə Mingəçevirdə
Heydər Əliyev Universiteti yaradılıb və rəhbərliyim
altında həmin universitetdə ayda bir dəfə olmaqla 6
ildə 58 məşğələ keçirilmişdir. Məşğələlərdə
görkəmli ictimai-siyasi xadimlər, akademik və professorlar
aktuallığı ilə seçilən maraqlı
mövzularla çıxış etmişlər. Məşğələlər
ictimaiyyət tərəfindən maraqla qarşılanırdı.
"Müəllimlər ən
yüksək hörmətə layiqdirlər"
-
Ümummilli liderimiz və dünyanın görkəmli xadimləri
müəllim əməyinə yüksək qiymət veriblər.
Bu bir həqiqətdir, axı onlar həyatın aparıcı
qüvvələridir. Bu baxımdan, harada işləməyimdən
asılı olmayaraq müəllimlərə həmişə
xüsusi qayğı ilə yanaşmışam. Yaxşı
yadımdadır, icra başçısı işləyəndə
bir gün şəhərin rəhbər işçiləri
ilə kabinetimdə kiçik müşavirə
keçirirdim. Müşavirənin başlanmasından
heç beş dəqiqə keçməmişdi ki,
gözüm monitora sataşdı. Qəbul otağında 75
yaşlı Məhəd müəllimin oturub gözlədiyini
gördüm. Qeyri-ixtiyari ayağa qalxaraq qəbul
otağına keçib Məhəd müəllimlə
görüşdüm. Qoluna girib kabinetimə gətirdim.
Oğlunu işə düzəltmək istəyini öyrənib
dərhal müşavirədə iştirak edən rəhbər
işçilərə göstəriş verdim. Mənim bu
davranışım müşavirə
iştirakçılarına qeyri-adi, qəribə
görünsə də, sonralar şəhərin bütün
rəhbərləri müəllimlərə həssaslıqla,
qayğı ilə yanaşmağa başladılar. Məhəd
müəllimin oğlu isə üç gün ərzində
işlə təmin olundu. Ümumiyyətlə, harada işləmişəmsə,
qapım müəllimlərin üzünə həmişə
açıq olub. Onların qəbul otağında gözləməsinə
razı olmamışam.
"Həmin günlər
özümü xoşbəxt sanmışam"
-
Keçdiyimiz ömür yolu gecə-gündüzdən,
ağ-qaradan, xeyir və şərdən ibarətdir. Həyat
yolu həmişə hamar olmur. Bu yolun enişi-yoxuşu, kolu,
kolağanı var. Bunlardan mətinliklə keçənlər
müjdələrlə dolu xoşbəxtliyə qovuşurlar.
Ağır günlərimlə yanaşı, sevincli günlərim
də az olmayıb. Müstəqillik qazanılanda, orden və
digər təltiflərlə mükafatlandırılanda
çox sevinmişəm. Nəvəm Nahid dünyaya göz açanda
sevincimin həddi-hüdudu olmayıb. Çünki
baba olmuşam, gələcəyimi də nəvələrimdə
görürəm.
Lakin sevinc gəldi-gedərdi, ötəri hissdir. Kədər isə son mənzilimizə
qədər bizimlə yoldaşlıq edir. Kədərin, qəmin-qüssənin
labüdlüyünü dərk edib onlarla barışanlar
müdrik insanlardır. Və belə insanlar dözüm və
iradələri ilə xoşbəxtliyə nail ola bilirlər.
Söhbətləşdi: Nizami
MİRZƏ
Azərbaycan müəllimi.- 2011.-
6 may.- S.14-15.