Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli
Azərbaycan
Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovun rəhbərlik etdiyi layihə əsasında hazırlanmış "Azərbaycanın
təhsil nazirləri" kitabı çapdan
çıxıb. Kitabda Azərbaycan Demokratik Respublikası dövründən bu günədək ölkəmizin
təhsil sisteminə rəhbərlik etmiş
şəxslər haqqında
məlumatlar yer alıb. Təhsil nazirləri
haqqında həmin yazıları qəzetimizin bu nömrəsindən başlayaraq oxucularımıza təqdim edirik.
Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə anadan olub. Qədim milli və tarixi ənənələr yaşadılan Gəncədə elin hörmət və ehtiramını qazanmaq hər ailəyə, hər kəsə qismət olmayıb. XIX əsrin 80-ci illərində nüfuzlu ailələrdən biri də Nəsib bəyin atası Yusif bəy Yusifbəylinin ocağı idi. Sankt-Peterburqda ali təhsil almış Yusif bəy Yusifbəylinin həyat yoldaşı Cəmilə xanım məşhur Xanbudaqovlar nəslindən idi. Onun atası Böyük bəy Xanbudaqov 1840-cı ildə Şəkidən Gəncə yaxınlığındakı Borsunlu kəndinə köçərək orada məskunlaşıb.
Gəncə
klassik gimnaziyasını bitirdikdən sonra 1902-ci ildə Odessa
Universitetinin hüquq fakültəsinə daxil olan Nəsib bəy
Yusifbəyli təhsil almaqla bərabər, həm də milli
azadlıq hərəkatına qoşulub, azərbaycanlı tələbələrin
"Həmyerlilər" təşkilatının rəhbərlərindən
birinə çevrilib. Universitetdə baş verən hadisələrə
görə tədris ocağı bağlanır, fəal tələbələr
ciddi təqiblərlə üzləşirlər. Nəsib bəy
Yusifbəyli çar xəfiyyələrinin təqibindən
yaxa qurtarmaq üçün 1906-cı ildə Krımın
Bağçasaray şəhərinə köcüb,
böyük tatar mütəfəkkiri və publisisti
İsmayıl bəy Qaspıralının (1851-1914) "Tərcüman"
qəzetində çalışıb. İctimai-siyasi
mövzulu məqalələri ilə oxucu auditoriyası qazanan
Nəsib bəy Yusifbəyli Qaspıralının qızı
Şəfiqə xanımla (1886-1975) ailə qurub. Bu nikahdan Niyazi
və Zəhra adlı iki övladı olan Nəsib bəy
buradakı təqiblərdən yaxa qurtarmaq üçün
İstanbula köcüb (1908), publisistik fəaliyyətilə
bərabər, həm də "Türk dərnəyi" cəmiyyətinin
təşkili ilə məşğul olub. Bir il sonra Vətənə
dönüb, Gəncə şəhər bələdiyyəsində
çalışıb. 1911-ci ildə "Mədrəseyi-ruhaniyyə"
məktəbində çalışıb, "Molla Nəsrəddin"
jurnalına və qəzetlərə məqalələr
göndərib, "Müsəlman xeyriyyə cəmiyyəti",
"Müsəlmanların maariflənməsi cəmiyyəti",
"Aktyorlar cəmiyyəti"nin fəaliyyətində
yaxından iştirak edib. Bu zaman Məmməd Əmin Rəsulzadə
ilə tanış olub və ictimai-siyasi fəaliyyətə
başlayıb.
Bu
illər ərzində, sözün həqiqi mənasında,
qısa bir ömrə sığmayan ictimai-siyasi işlər
görüb. Mirzə Fətəli Axundovun anadan
olmasının 100 illiyi münasibətilə Gəncədə
Azərbaycan dilində ilk kitabxana təsis edib. "Türk
Sosial-Federalist İnqilabi Komitəsi" adı ilə fəaliyyətə
başlamış (1905) təşkilatın əsasında
qardaşı Həmid bəy Yusifbəyli, Ələkbər bəy
Rəfibəyli, Ələsgər bəy Xasməmmədovla
birlikdə "Qeyrət" təşkilatını yaradıb.
Azərbaycanın
taleyində son dərəcə mühüm rol oynayan Gəncə
Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib. Mühüm
hadisələr tarixi kimi, onun həyatında 1917-ci ilin izi
qalıb. Belə ki, fevral burjua inqilabından sonra dərin
siyasi-hüquqi təfəkkür sahibi olan Nəsib bəy
"Türk Ədəmi-Mərkəziyyət"
partiyasını yaradıb.
Rusiya
Müəssislər Məclisinə (Parlamentinə) Gəncədən
üzv seçilən Nəsib bəy Yusifbəyli 1918-ci il
aprelin 22-də elan olunmuş Zaqafqaziya Demokratik Federativ
Respublikasının xalq maarifi naziri təyin edilib. Həmin il
mayın 27-də Tiflisdə yaradılmış Milli
Şuranın üzvü olan Nəsib bəy, Fətəli xan
Xoyskinin təşkil etdiyi Hökumət Kabinetində də məhz
xalq maarifi və dini etiqad naziri vəzifəsini icra edib.
Azərbaycan
Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy
Yusifbəyli çağdaş milli dövlətçilik
tarixinə "Müstəqil Azərbaycan"
ideyasının müəllifi və onu gerçəkləşdirən
görkəmli siyasi və dövlət xadimlərindən biri
kimi daxil olmuşdur. O, həm də XX əsr Azərbaycan təhsil,
elm və mədəniyyəti tarixinə şanlı səhifələr
yazmış böyük maarifçi, gələcək nəsillərə
örnək olan əsl milli ziyalı kimi
tanınmışdır. Milli hökumətə bir ilə
yaxın rəhbərlik etmiş Nəsib bəyin adı Xalq
Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin
Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli
xan Xoyski, Həsən bəy Ağayev kimi məşhur
dövlət xadimlərinin adları ilə yanaşı
çəkilir. Məşhur 1918-ci il 28 may tarixli
"İstiqlal Bəyannaməsi"ni imzalayan səkkiz
istiqlal mücahidindən, Milli Şura üzvlərindən
biri olan Nəsib bəyin Xalq Cümhuriyyətinin qurulmasındakı
tarixi xidmətlərindən danışarkən Məmməd
Əmin Rəsulzadə hələ 1929-cu ildə
yazırdı: "Azərbaycan ideyasını siyasi bir tələb
maddəsi şəklində formulə etmək şərəfi
mərhum Nəsib bəyindir... Bu, Nəsib bəy ismini
(adını) Azərbaycan tarixində ölməz və unudulmaz
bir isim halına qoymaq üçün kafidir..."
1919-cu
ilin mart ayında yeni hökumətin rəhbərliyinə
keçdiyi üçün xalq maarifi və dini etiqad naziri vəzifəsindən
kənarlaşsa da, bu sahəni diqqətdən kənarda
qoymayıb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi
hökumət istefaya gedəndən sonra yeni hökumət təşkil
edən baş nazir Nəsib bəy Yusifbəyli daxili işlər
naziri vəzifəsini də icra edib. 1920-ci ilin martına qədər
dünyanın böyük dövlətləri Azərbaycanın
istiqlaliyyətini tanıyıb, çoxminli ordu
formalaşdırılıb, Nəsib bəyin təklifi ilə
Bakı Dövlət Universiteti açılıb, 100 nəfər
azərbaycanlı gənc xaricdə oxumağa göndərilib,
torpaq islahatı haqqında qanun layihəsi hazırlanıb, Azərbaycanın
milli pulu dövriyyəyə buraxılıb. Azərbaycan
müəllimlərinin III Qurultayının keçirilməsində
də Nəsib bəyin xüsusi rolu qeyd olunmalıdır.
Milli
hökumətin Tiflisdən Gəncəyə gəlişinin
ilk günlərindən aktiv milli təhsil siyasəti və
quruculuğuna girişən maarif naziri, böyük ziyalı
Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq
Maarifi
və Dini Etiqad Nazirliyinin strukturu təsdiq edilir, ölkədə
fəaliyyət göstərən bütün maarif və mədəniyyət
ocaqları, məktəblər onun tabeçiliyinə verilir. Nəsib
bəyin maarif sahəsində atdığı ilk
addımlardan biri yüksək vəzifələrə azərbaycanlıları
irəli çəkməsi olub. Qaynaqlar göstərir ki,
1918-ci ilin təkcə avqust ayı ərzində azərbaycanlıların
sıx yaşadığı Gəncə, Şuşa,
Cavanşir, Zəngəzur qəzalarının xalq maarifi
müfəttişliyində çalışan milliyyətcə
erməni və rus rəhbər maarif işçiləri vəzifələrindən
azad edilib, onların yerinə milli kadrlar təyin olunub.
Nəsib
bəy Yusifbəylinin nazir olduğu müddətdə xalq
maarifinin milli konsepsiya əsasında təşkili ön plana
çəkilib, ümumi icbari təhsil layihələri
hazırlanıb, kənd və şəhərlərdə
yeni məktəblər açılıb, milli məktəblər
üçün müəllim hazırlanması probleminin həllinə
diqqət artırılıb, Qori Müəllimlər
Seminariyasının Azərbaycan bölməsinin Firidun bəy
Köcərlinin təşəbbüsü və səyi ilə
Qazaxa köçürülüb fəaliyyətə
başlaması reallaşdırılıb.
Təhsildə
milliləşmə prosesində yaranan çətinlikləri
nəzərə alan Nəsib bəy nazirliyin təklifi ilə
şəhərlərdə Dövlət dilini məcburi fənn
kimi tədris etmək şərtilə paralel olaraq rus bölmələrinin
yaradılmasına razılıq verir. Həmin dövrdə azərbaycanlı
uşaqların yalnız milliləşdirilmiş məktəblərdə
təhsil almaları tələb edilirdi. Lakin müstəsna
hallarda ana dilində danışa bilməyən uşaqlar Xalq
Maarifi Nazirliyinin xüsusi razılığı ilə rusca təhsilə
buraxıla bilərdi. Tarixi ədalət naminə deməliyik
ki, təhsildə bu cür milliləşmə siyasəti
milli təhsil tarixində müstəsna rolu olan tarixi addım
oldu. Məhz Nəsib bəy Yusifbəylinin birbaşa rəhbərliyi
ilə hazırlanıb həyata keçirilən həmin qərarlar
sayəsində Azərbaycanda ümumi təhsil müəssisələrində
tədrisin təşkilinin ana dilində aparılmasına dair
milli maarifçilərin yüz illərlə
arzuladıqları milli ideya gerçəkləşdi. Azərbaycan
türkcəsi Dövlət dili statusu qazandı, ana dilimiz əsas
təlim-tərbiyə, təhsil dilinə çevrildi.
1919-cu
ildə Azərbaycanda dövlət orta təhsil müəssisələrinin
sayı 23-ə çatdırılıb, 6 kişi, 4 qadın
gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər
seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi,
politexnik məktəb və kommersiya məktəbi fəaliyyət
göstərib. Bakı Qadın Seminariyası Kişi
Seminariyasına çevrilib, orada təhsil alanlar
üçün pansion açılıb.
1918-1919-cu
illərdə Gəncə Müəllimlər Seminariyası
milliləşdirilib, Bakıda darülmüəllimin və
darülmüəllimat, Nuxada darülmüəllimin
açılıb, Zaqatala, Ağdam və Şuşada belə
müəssisələrin yaradılması qərara
alınıb. Milliləşdirilmiş məktəblərdə
ümumi türk tarixi, təlim rus dilində olan tədris
ocaqlarında həftədə 3-4 saat Azərbaycan dili
keçirilirdi. Orta təhsilin milliləşdirilməsi
reallaşdırılıb, Abdulla Şaiqin təşəbbüsü
ilə bütün dərslər rus dilində keçilən
Bakı I realnı məktəbində Azərbaycan dili üzrə
üçaylıq kurs açılıb.
Bir tərəfdən,
elmi və pedaqoji kadrlar hazırlamaq üçün ali və
orta ixtisas məktəbləri açılıb, o biri tərəfdən
nəşriyyat-tərcümə komissiyasının köməyi
ilə dərsliklər hazırlanıb çap etdirilib. Həmin
dövrdə "Türk əlifbası və ilk qiraət",
"Türk qiraəti", "Yeni məktəb", "Rəhbəri-sərf",
"Tazə elmül-hesab", "Ədəbiyyat dərsləri",
"Son türk əlifbası", "Hesab məsələləri
məcmuəsi", "Rəhbəri-cəbr", "Milli
qiraət", "Müntəxəbat", "Türk ədiblərindən
nümunələr" və digər dərsliklər nəşr
olunub.
1920-ci
ilin martına qədər baş nazir vəzifəsində
çalışmış Nəsib bəy Yusifbəyli Aprel
çevrilişindən sonra Parlamentin axırıncı
iclasından qayıdıb ailəsi ilə son
görüşündə: "Fələk məni çox
yüksəltdi. Fəqət mən dünyanın ən bədbəxt
insanıyam", - söyləyib. Həmin il may ayının əvvəllərində
Nəsib bəy Yusifbəyli ölkədəki xaos və
özbaşınalıqdan istifadə edən quldurlar tərəfindən
qətlə yetirilib.
İnanırıq
ki, "Müstəqil Azərbaycan" ideyasının və
təhsil sisteminin milliləşdirilməsi
konsepsiyasının müəllifi, böyük maarifçi Nəsib
bəy Yusifbəylinin ruhu bu gün şaddır. Çünki
onun arzuladığı müstəqil Azərbaycan
Respublikası hazırda dünyanın iqtisadi-siyasi və mədəni
cəhətdən inkişaf etmiş ölkələri
sırasında layiqli yer tutur. Uğrunda mübarizə
apardığı anadilli təhsil sistemi çoxdan
reallığa çevrilib, hazırda Azərbaycan təhsili
sürətlə dünya təhsil sisteminə inteqrasiya
olunmaqdadır...
Azərbaycan
müəllimi.- 2011.- 6 may.- S.18.