Acı xatirələr
Mən müharibəyə
qışda - qarlı, çovğunlu bir gündə getdim,
- deyə Mərdan müəllim sözə başladı. Mən
müharibənin nə demək olduğunu hiss edirəm, onun dəhşətlərini,
qırılıb tələf olan insanları gözlərimlə
görmüşəm. O illər mənim qəlbimdə, bədənimdə
izlər qoyub gedib. Elə izlər ki, əbədilik yaddan
çıxmaz, unudulmaz.
KRIM!
Yer qızmar kürə kimi yanırdı. Yerlərin alovu
göylərin sifətini qarsırdı. Sözün əsl mənasında
ölüm-dirim müharibəsi gedirdi. Vuruşma əlbəyaxa
şəklini almışdı. Demək olar ki, bütün
yollar bağlanmışdı. Simferopol, Yalta, Aluşta, bir
çox şəhər və kəndlər düşmənin
əlində idi. Sevastopol isə qan gölünə
çevrilmişdi. Xülasə, vuruşa-vuruşa Qara dənizin
sahilindəki qayalığa çəkildik. Qərargahdan xəbər
gəldi ki, xilas olmaq üçün heç bir ümid yolu
yoxdur. Alman ordusu Kerç boğazını keçmişdir.
Biz bir neçə dəfə su yolu ilə Tuapseyə çəkilmək
istədik. Lakin bu mümkün olmadı. Eh... o qayalıqda nələr
olmadı... Özünü dənizə atan, son patronunu
özünə vuranlar da çox oldu, gələcəyə
inamı qalanlar da.
Krımda əsir
düşdük. Bir neçə gündən sonra
insan axını qərbə
tərəf getməyə başladı. Faşistlər insan ölümündən
ləzzət alır,
tapançalarını yoxlayır, at ayağı boyda çalalarda olan suya can
atanları biçir,
yaralıları öldürürdülər. Vətən
torpağı arxada qaldı, qürbətə
düşdük. Qərb
ölkələrinin əsir düşərgələri...
Bu düşərgələr
hər gün nə qədər insan udurdu. Faşistlər əsirləri
düşərgədən düşərgəyə
dağıdır, ağzıbağlı vaqonlarda harasa
aparırdılar. İllər arxada
qalırdı. Faşistlər əsirləri işgəncə
verə-verə işlədir, dağıdılmış dəmir
yollarını bərpa etdirirdilər. Müxtəlif
millətlərdən olan əsirlər
bir-biri ilə dil
tapır, çıxış yolu
axtarırdılar.
Meşələrdə
partizanlar fəaliyyət göstərirdilər. Fürsət
düşən kimi qaçanlar az olmurdu. Mən, Məhərrəm
və Mişa bir dərdləşib qaçmaq
üçün fürsət axtarırdıq. Alman zabitləri
nədənsə təşviş keçirirdilər.
Görünür, Qızıl ordunun həniri onlara
çatmışdı. Necə
qaçdığımızı bilmədik. 15 sutka
qaçdıq. Cəhətləri göy cismləri ilə
müəyyən edə bilirdik.
Aclıq
bizi əldən salmışdı.
Tanıdığımız ot və ot kökləri tapıb
yeyirdik. Üst-başımızı kol-kos
aparmışdı. Meşə getdikcə seyrəkləşirdi.
Meşənin kənarı ilə burula-burula gedən yola
çatdıq. Papirossuz idik. Yolun kənarını gəzir,
papiros tullantısı axtarırdıq. Uzaqdan bir nəfər
velosipedçinin gəldiyini gördük. Məhərrəm
onun qabağını kəsmək qərarına gəldi. Elə
də oldu. Gələn italyan idi. Az söhbətdən sonra
partizan olduğunu bildik. O, bizə partizan birləşmələrinə
qoşulmağı təklif etdi və bələdçimiz
oldu. Alp dağlarının ağlasığmaz bir guşəsində
məskən salan partizan briqadasına qoşulduq. Briqadanın
komandiri gözəl təşkilatçılıq
bacarığı olan qorxmaz italyan partizanı Salami idi.
İki
gündən sonra mühüm tapşırıq aldıq. Partizanların
məskəni Piyaçensa, Paviya, Toptana şəhərlərinin
yaxınlığındakı dağlar və meşəliklər
idi. Xüsusi sənədlərlə mühüm
döyüş tapşırıqlarını yerinə yetirmək
məqsədi ilə Milan, Genuya, Boloniya, Venetsiya və Turin
şəhərlərinə göndərilmişəm. Mənim
dostum Məhərrəm az vaxt ərzində partizanların
hörmətini qazandı. O, qorxu bilməzdi. Partizanlar ona "Əzrayıl" ləqəbi
qoymuşdular.
Müharibənin qurtarmasını radio ilə
elan etdilər. "Əzrayıl" bu şad xəbəri eşidən kimi gedib oturdu bir
kötüyün üstündə
və başladı zar-zar ağlamağa.
18 gün idi ki, müharibə qurtarmışdı. Rus partizanları İtaliyada
at oynadırdılar. Bir gün
biz şəhərdə gəzirdik.
Bir nəfər boy-buxunlu adam məni
saxladı və cibindən bir şəkil çıxarıb
mənə göstərdi:
- Bu sizsiniz?
- Bəli, mənəm.
- Mən sizi qəzet,
radio vasitəsilə axtarmalı
idim. Yaxşı ki, təsadüfən görüşdük. Mən
burada mebel kombinatının direktoruyam.
Bu qız (o, şəkildə
bir vaxt bir yerdə şəkil çəkdirdiyim
italyan qızını
göstərdi) mənim
bacım qızıdır.
Gedək.
Mən Məhərrəmə məlumat
verməyə macal tapmadım, getdik. Bir az keçmiş
dayısı qızı
tapdı. Hərəmizə
bir velosiped gətirdilər. Düşdük
yola. Mən o kəndə getdim ki, orada vaxtı
ilə qərargahımız
olub. Alman ordusundan götürdüyümüz
əsgərləri, zabitləri
burada... İndi ora "Şvarçehende"
(Qara rubaşkalıların)
əlində idi. Onlar 30 nəfərə yaxın idilər. Biz onların qarşısından
keçib getdik, evə çatdıq. Qızın atası-anası
məni səmimi qarşıladılar. Mənim
tapılmağıma bir
cöngə qurban saxlamışdılar. Onların
adəti tamam başqadır. Malı, qoyunu, toyuğu boğazından asırlar,
sonra dərisini soyub ətini yeyirlər. Bizim adəti əvvəlcə
onlara demişdim. Ona görə bıçaq gətirdilər,
cöngəni mənə
kəsdirdilər. Elə
təzəcə cöngəni
dəridən çıxarmışdım,
üç nəfər
qara rubaşkalı gəldi. Mənim qollarımı bağladılar.
Kişi ilə arvadı təhqir edib döydülər. Məni apardılar, ikinci mərtəbədə
otaqda bir kifir, üz-gözündən
zəhrimar yağan alman zabiti oturmuşdu.
O, başını yuxarı
qaldırmadan:
- Bolşeviksən?
- Xeyr.
- Partizansan?
- Xeyr.
- Onda buralarda nə sülənirsən?
O kifir zabit ayağa
durdu, otaqda var-gəl elədi, sonra üzünü mənə tutdu və istehza ilə:
- İndi sənə general paltarı geyindirəcəyik.
Mən bilirdim, o, nəyə işarə edir. Adamın sağ böyründən dəyən
tapança gülləsi
sol böyründən çıxır.
Hər iki tərəfdən axan qırmızı qan şalvarda qırmızı
zolaq əmələ gətirir. Nə isə... O, qapıda duranı çağırıb
dedi:
- Salın zirzəmiyə.
O zirzəmidə vaxtı ilə kömür, buz saxlamışıq. Qollarımı açıb
məni saldılar zirzəmiyə. Qaranlıq
zirzəmidə ayağımı
hara qoyurdum batırdım lehməyə.
Buz ərimişdi, qarışmışdı kömürə.
Türklər mənə
kibrit qutusu boyda Quran bağışlamışdılar.
Onu boynumdan asmışdım. Quranı
çıxartdım, öpdüm,
qoydum gözümün
üstünə. Elə
bu vaxt qız
pəncərəni döydü.
Qərargahın ünvanını
istədi. Mən ünvanı dəqiq dedim. O getdi. Gecə saat 24-də zirzəminin qapısı açıldı, iki nəfər əllərində
əl fənəri ilə içəri keçdi. Biri o birinə amiranə:
- Yıx yerə, başını kəs.
"Başını
kəs" sözünü eşidəndə dünya
başıma hərləndi, bir az cəsarətə gəldim:
-
Eybi yoxdur, indi mənim adamlarım gələcək.
Bu
cümlə ağzımdan çıxmamışdı ki,
onlardan biri gözümün üstünə elə bir yumruq
düyünlədi ki, gözümün odu parladı. Qaranlıq
zirzəmidə şümşürük oynadı elə bil.
O birisi qarnıma bir karlı təpik vurdu. Məni soyundurdular,
paltarımı götürüb getdilər...
Səhər
açıldı. Zirzəminin dəmir şəbəkələri
arasından içəri boylanan günəş
şüaları zirzəmini nura qərq elədi. Qapının
qıfılının açılmasını eşitdim. Həmən
kifir alman zabiti məni çagırdı. Bədənimi
lüt görəndə təəccübləndi.
- Səni
kim bu kökə salıb?
- Sənin
adamların.
O, məni
qatdı qabağına. Sağ tərəfə gedən yol
alma bağına, sol tərəfə gedən yol kəndə
gedirdi. Mən fikirləşdim, əgər zabit "Sağa
dön" əmrini versə, deməli məni güllələməyə
aparır, yox kəndə tərəf getsək, hələ
yaşamağa güman var. Biz kəndə tərəf getdik.
Kəndin camaatı məni tanıyırdı. Lakin qorxudan
heç kəs yaxınlaşmırdı. Zabit məni
qızgilə gətirdi. Gördüm arvadla kişinin
üzündə-gözündə islahat yoxdur. Nə isə. Kifir zabit məni
təhvil verdi onlara və ciddi tapşırdı:
- Əgər
bunu qaçırsanız, gəlib benzin töküb sizi və
evinizi yandıracağam.
O,
çıxıb getdi. Qız su gətirdi, əl-üzümü
yudum. Mənə elə gəlirdi ki, ayaqlarım yerdən
üzülür. İnsanlar gözümə qeyri-adi
görünürlər. Evin qadını mənə bir stəkan
süd gətirdi, boğazımdan keçmədi. Birdən
qapı taybatay açıldı. "Əzrayıl"ın
dəstəsi doldu içəri. O məni bəsdi deyincə
danladı. "Əzrayıl"a cavab qaytarmaq olmazdı.
Bir
Amerika həkimi ayaq baş barmağıma bir iynə vurdu. Ayaqlarım
yerə dəydi. Bax belə...
Bir dəfə
Siciliya adasına gedən gəmiyə mindim. Maraq
üçün gəzməyə getdim. Adada qədim bir kilsə
var, kilsənin keşişi uzun saqqallı bir adam idi. Buraya
ziyarətə gələnləri o yerbəyer edirdi və
bütün dilləri bilirdi. Keşiş mənə
yaxınlaşdı:
-
Hansı millətdənsən?
-
Müsəlman.
- Əzizim,
bu kilsə tikiləndən buraya müsəlman ayağı dəyməyib,
otur gözlə.
O,
başqa millətlərdən olanları apardı kilsənin
görkəmli yerlərini, ibadət evlərini göstərdi.
Növbə mənə çatdı.
-
Dur, Məhəmməd peyğəmbərin ziyarətinə
gedirik.
O,
bir qapını açdı, üç pillə
aşağı düşdü. Mənim isə ağlım
başımdan çıxmışdı.
- Əzizim,
peyğəmbər hüzurundasan, salavat xətm elə...
Biz
qayıtdıq. O, bir otağın qapısını
açdı, otağın divarı boyda bir kitab var idi. Kitab
ipək kəndirlə bağlanmışdı. Yanında
bir bayda mürəkkəb, lələk
qələmlər vardı. Keşiş kitabın ipək kəndirini
açdı, qələmi və mürəkkəbi göstərdi:
- Əzizim,
indi buraya gəlişinin məqsədini, kimliyini yaz.
Mən
lələk qələmin birini götürüb latın
qrafikası ilə yazmağa başladım. Fikrimi
tamamlayıb nöqtə qoydum. Keşiş əlini
saqqalına çəkdi və dedi:
- Əzizim,
axı mən dedim ki, bu kilsə bina olunandan buraya müsəlman
ayağı dəyməyib. Müsəlmanlar sağdan sola, sən
isə soldan sağa yazırsan. Sən azərisən...
1944-cü
il idi. İtaliya torpağını partizan hərəkatı
bürümüşdü. Bütün briqadanı əsirlikdən
qaçan sovet əsgərləri
və zabitləri təşkil edirdi. Partizan hərəkatı
faşistləri cana gətirmişdi. Onlar şəhərlərdə,
kəndlərdə elan vurur, rus partizanlarını tutub təhvil
verənlərə külli miqdarda mükafat vəd edirdilər.
Onu da deyim ki, qızlar da misli-bərabəri olmayan qəhrəmanlıqlar
göstərirdilər. Bir gün qızlardan biri - Bertanino
çox mühüm bir məlumat gətirmişdi. Ryançesadan
Paviyaya - partizanlara qarşı hücum etmək
üçün 16 yük maşını hərbi sursatla
yüklənmişdi. Və faşist korpusuna silah
çatdırmağa can atır. Salami təcili işə
başladı. Alman dilini yaxşı bilənlərdən
Cuzeppe, mən, "Əzrayıl" Məhərrəm,
Mişa, Covanni, Davidion və başqalarından ibarət 12 nəfərlik
təxribatçılar dəstəsi yaradıldı. Salami
dedi:
-Dəstəyə
başçılıq etməyi Mərdan Rzayevə və
Cuzeppeyə tapşırıram.
Vaxtın
hər dəqiqəsi qiymətli idi. Po çayının
üzərindəki körpü partladılmalı,
düşmənin sursatı məhv edilməli idi. Körpü
möhkəm mühafizə edilirdi. Cuzeppe dedi:
- Mərdan,
mühafizəçiləri aradan götürmək
lazımdır, başqa çıxış yolu yoxdur. İş
bölgüsü belə oldu. "Əzrayıl", Covanni və Cuzeppe fürer mayoru
paltarlarında, Məhərrəmlə Covanni baş leytenant
libasında mühafizəçiləri tərk-silah etdilər.
9 nəfər körpünü minaladı, hər şey
hazır idi. Meşəyə çəkildik. Körpü
aydın görünürdü. Maşınlar hərəkətə
gəldilər. Birdən elə bil göy guruldadı, yer tərpəndi,
körpü və maşınlar havaya sovruldular. Elə o vaxt
Mərdan Rzayevə komandanlıq tərəfindən verilən
vəsiqədə deyilir: "Vətənpərvərlərin
vəsiqəsi, Birləşmiş millətlərin
xalqları və hökumətləri adından Rzayev Mərdana
təşəkkür edirəm. Ona görə ki,
azadlığın böyük qələbəsi uğrunda
silah işlədib, vətənpərvərlər
sırasında vuruşub. Onların igidliyi və mətinliyi
İtaliyanın, bütün tərəqqipərvər bəşəriyyətin
faşizmdən xilas olmasına köməklik göstərmişdir.
Bu attestatın sahibi yeni yaradılmış İtaliya tərəfindən
səadət və azadlıq naminə döyüşən vətənpərvər
kimi qəbul ediləcəkdir. Aralıq dənizi mərkəzindəki
müttəfiq qüvvələrin baş komandanı
Aleksandr".
Mərdan
müəllim o vaxt yurdumuzun qəhrəman oğlu Mehdi
Hüseynzadənin İtaliyada göstərdiyi qəhrəmanlıqlardan
da xeyli danışdı. Sonra kövrəldi:
- Eh!
O illəri yada salanda yaramın qaysağı yenidən qopur,
gizildəyir. Bəxtəvər çağlarım, müsibətli
günlərim kino lenti kimi gəlib gözlərimin
önündən keçir.
Sinəsi
dolu nənəmlə saldaşın üstündə
oturardıq,
Zümzüməylə
axan çaya baxardıq.
Saçlarını
göz yaşı tək suda yuyan
Bədirlənmiş
aya baxardıq.
Sular
ayna, səma aydın, ulduzlar parlaq.
Ömür
kitabımız yazılardı varaq-varaq.
Birdən!
Qulaqlara
vahiməli bir səs dəydi,
Sifətlərə
can sıxıcı nəfəs dəydi,
Müharibə!
Buna
baxmayaraq, hər büstün önündə dayananda, bir əsgər
paltarı geyinmiş oğlan görəndə o qanlı illərin
qanlı səhnələri gözlərim önündə canlanır.
Müharibənin vurduğu yaraların
unudulmadığını, könüllərdə iz
saldığını hiss edirəm. Hiss edirəm ki, hələ
çoxlarının göz yaşları qurumayıb.
Əvəz Mahmud LƏLƏDAĞ
Azərbaycan müəllimi.- 2011.-
6 may.- S.26.