Kurikulum Mərkəzi:
qısa tarixi xülasə
İlk
addımlar
1999-cu ildən başlayan təhsil
islahatları Azərbaycanda pedaqoji, psixoloji elmlərin, məktəbin
inkişafına əlverişli şərait yaratdı. Ehtiyac
və tələbatlara uyğun olaraq təhsil sisteminin təkmilləşdirilməsi,
təşkilati-struktur bazanın möhkəmləndirilməsi
istiqamətində dövlət səviyyəsində
genişmiqyaslı tədbirlərin həyata
keçirilməsinə başlandı. 2000-ci il iyunun 13-də
Azərbaycan Respublikası Prezidenti tərəfindən
imzalanmış "Azərbaycan Respublikasında təhsil
sisteminin təkmilləşdirilməsi haqqında" fərmana
əsasən yaradılmış Təhsil Problemləri
İnstitutunun tərkibində yeni qurumların olması nəzərdə
tutuldu. İlkin yanaşmada həmin qurumlar departament kimi
təsdiq olundu və onlardan biri Təhsil planı departamenti adlandırıldı.
İnstitutun
strukturundakı qurumlardan birinin "Təhsil planı
departamenti" adlandırılması hələ 1999-cu ildən
etibarən ölkədə kurikulum termininin "təhsil
planı" kimi tərcümə olunaraq işlənməsi
ilə bağlı idi. Pedaqoji anlayışlar sırasında
belə bir termin olmasa da, o, məzmun, texnologiyalar, qiymətləndirilmə
və idarəetmə məsələlərini əhatə edən
bir anlayış kimi başa düşülürdü. Bu
anlayış bir müddət işlənsə də, vətəndaşlıq
hüququ qazana bilmədi.
Təşkilati-metodik
bölüm
2001-ci ildə institutun nizamnaməsi
yenidən nəzərdən keçirilərkən onun
strukturuna daxil olan departamentlər bölümlər kimi
adlandırıldı. O cümlədən "Təhsil
planı departamenti" "Təşkilati-metodik
bölüm" adı altında fəaliyyətini davam
etdirdi. Bu bölüm altı şöbəni (təhsil
standartları, tədris planı və proqramlar, dərslik və
dərs vəsaiti, yeni pedaqoji texnologiyalar, monitorinq və qiymətləndirmə,
texniki peşə təhsili) və təhsil sahəsində
normativ sənədlər laboratoriyasını birləşdirirdi.
Burada fəaliyyət göstərən 53 əməkdaşın
8-i şöbə və laboratoriya müdiri, 12-si baş
mütəxəssis, 12-si aparıcı mütəxəssis,
8-i mütəxəssis, 1-i baş metodist, 5-i metodist, 3-ü
böyük elmi işçi, 2-si kiçik elmi işçi
idi. Bölümün əməkdaşları
təlimin məzmunu və onun təhsil islahatı
proqramının tələblərinə uyğun təkmilləşdirilməsi,
yeni pedaqoji texnologiyalar, təhsilin idarə olunması və nəticələrin
qiymətləndirilməsi problemləri üzrə sırf
praktik xarakterli araşdırmalar aparırdılar. İstər
mövzuların müəyyən olunmasında,
istərsə də işlərin xarakterində təhsil islahatından
irəli gələn vəzifələrin, müəllimlərin,
tələbə və şagirdlərin ehtiyaclarının nəzərə
alınması başlıca tələblərdən biri kimi əsas
götürüldü. Ona görə də
aşağıdakı xarakterli tədqiqatların
aparılmasına üstünlük verilirdi: "Bazis tədris
planının hazırlanması"; "Tədris
proqramlarının təkmilləşdirilməsi"; "Dərslik
və dərs vəsaitlərinin tərtibi prinsiplərinin
işlənməsi"; "Dərslik və dərs vəsaitlərinin
təkmilləşdirilməsi"; "Yeni tipli təhsil
müəssisələri üçün tədris
planının hazırlanması"; "Ümumtəhsil məktəbləri
üçün seçmə fənn proqramlarının
hazırlanması"; "Seçmə fənlər üzrə
proqramların hazırlanması"; "Mütəxəssis
hazırlığının, baza təhsil məktəbləri
üçün dərsliklərin və dərs vəsaitlərinin
tətbiqi vəziyyətinin öyrənilməsi";
"Orta ixtisas təhsili və ali təhsil müəssisələri
üçün baza təhsil proqramlarının tətbiqi vəziyyətinin
öyrənilməsi"; "Texniki peşə təhsili
müəssisələri üçün işçi tədris
planları və proqramlarının hazırlanması";
"Təhsil müəssisələrində yeni təlim
texnologiyalarının tətbiqi sahəsində yaranmış
təcrubənin öyrənilməsi".
Göründüyü
kimi, mövzuların müəyyənləşdirilməsində
daha çox məktəbə və müəllimə istiqamət
verən, fəaliyyət prosesində onlara lazım olan problemlərin
həll olunmasına geniş yer ayrılmışdır.
2004-cü
ilə qədər təşkilati-metodik bölümdə təlimin
məzmununun yeniləşdirilməsinə prioritet problemlərdən
biri kimi yanaşılırdı. İlk növbədə, təhsilin
bütün pillələri üzrə layihələrin
üzərində iş aparılırdı. Azərbaycan
Respublikasında ümumi orta təhsilin Dövlət
Standartlarının təkmilləşdirilməsi istiqamətində
vəziyyət xüsusi öyrənilir, onun struktur və məzmun
cəhətdən dünya standartlarının tələblərinə
uyğun yeniləşdirilməsi zəruri hesab edilirdi.
Uzun
illər təhsil müəssisələri üçün
normativ sənədlərin hazırlanması problemi üzrə
yerinə yetirilən işlərdə daha çox empirik
yanaşma üstün hesab edilmiş, Azərbaycan şəraitində
təhsil müəssisələrinin imkanlarına uyğun
nümunələrin işlənməsinə diqqət yetirilməmişdir.
Məktəbdənkənar müəssisələr
üçün metodik şuranın protokollar kitabı, dərnək
rəhbərinin gündəlik işinin qeydiyyat kitabı, dərnək
rəhbərinin iş planının forması, metodistin
müşahidə kitabı, sağlamlıq, ümumtəhsil
məktəbləri üçün pedaqoji işçilərin
şəxsi heyətinin qeydiyyat kitabı,
günüuzadılmış qruplara dair, şagirdlərin
cari tədris ili ərzində bir məktəbdən digərinə
gəlib-getməsinə dair, buraxılmış və əvəz
edilən dərslərin hesabatına aid jurnallar, ali və orta
ixtisas təhsili üçün qiyabi tələbələrin
fənlər üzrə yoxlama işlərinin qeydiyyatı
jurnalı, müəllimlərin fərdi iş planı,
qiyabiçi tələbələr üçün tədris
qrafiki, dövlət imtahan vərəqi nümunələri
hazırlanmışdır. Həmin nümunələr
müvafiq qaydada ekspertiza olunmuş, yararlı normativ təhsil
sənədləri kimi qəbul edilmişdir.
Ümumiyyətlə,
Azərbaycan təhsil sistemində müxtəlif normativ sənədlərin
ardıcıl və sistemli qaydada hazırlanması üzərində
iş ilk dəfə Təhsil Problemləri İnstitutunun təşkilati-metodik
bölümündə aparılmışdır.
İlk
gündən bu bölümdə yerinə yetirilən işlərin
cəmiyyətin tələbatına uyğun olmasına
üstün keyfiyyət kimi yanaşılmışdır. Bunun
üçün şöbələrin nəzdində problemlər
üzrə işçi qrupları yaradılmış,
onların qeyri-rəsmi tərkibi müəyyənləşdirilmiş,
fəaliyyətləri istiqamətləndirilmişdir. Nəticələrin
əldə edilməsində onların köməyindən
istifadə olunmuşdur.
Belə
işçi qruplarının formalaşdırılması və
tələbyönümlü sənədlərin
hazırlanması istiqamətində onların qüvvəsindən
istifadə olunmasına institutun tarixində ilk dəfə təşəbbüs
göstərilirdi. Təşəbbüskar, peşəsinin
vurğunu olan müəllimlər problemlərin müəyyənləşdirilməsi,
həll olunması, konkret təkliflərin verilməsi istiqamətində
daha çox fəallıq göstərirdilər. İstər
məzmun, istərsə də texnologiyalar sahəsində əldə
olunmuş nailiyyətlər məhz bunların nəticəsi
kimi meydana çıxmışdır.
Tədris
planı və proqramların təkmilləşdirilməsi
problemi üzrə araşdırmalarda təhsilin, əsasən,
ümumtəhsil, orta ixtisas və ali təhsil mərhələləri
əhatə olunmuşdur. İlk növbədə, yeni təhsil
müəssisələrinin tədris planlarının vəziyyəti
öyrənilmiş, bazis tədris planına və onların
mövcud profillərinə əsaslanmaqla yeniləşdirilməsi
barədə təkliflər hazırlanmışdır. Bununla
yanaşı, həm orta ixtisas, həm də ali məktəblərdə
proqram təminatının vəziyyəti öyrənilmiş,
onların keyfiyyətinin yüksəldilməsi
baxımından səmərəliliyin artırılması ilə
əlaqədar təkliflər ümumiləşdirilmişdir.
Eyni zamanda təhsil müəssisələri üçün
hazırlanmış tədris planı və
proqramlarının ekspertizası keçirilmişdir.
Dərslik
və dərs vəsaitlərinin hazırlanması problemi
üzrə işlər bilavasitə orta təhsilə istiqamətləndirilmişdir.
Bütün pillələrə aid dərslik nümunələrinin
(oxu, Azərbaycan dili, ədəbiyyat, fizika, coğrafiya, tarix
və s.) məzmun və struktur xüsusiyyətləri öyrənilmiş,
geniş müəllim auditoriyasının köməyi ilə
müzakirə edilmişdir. Təlimin məzmununu əks etdirən
vəsait kimi dərsliklərdən daha səmərəli
istifadə olunması barədə tövsiyələr
hazırlanmışdır.
Ayrıca
olaraq metodik vəsait və didaktik materialların
hazırlanması istiqamətində sistemli iş
aparılmışdır. Bu işlər bilavasitə
üç istiqamətdə yerinə yetirilmişdir:
*
müxtləlif fənlər üzrə metodik tövsiyə və
didaktik materialların hazırlanması;
*
metodik vəsait və didaktik materiallara olan ehtiyacların
öyrənilməsi, onların hazırlanması barədə
təkliflərin verilməsi;
* hazırlanmış metodik vəsait və
didaktik materialların ekspertizası.
Azərbaycanda yeni pedaqoji texnologiyaların
yaradılması üzrə işlər ardıcıl və
sistemli şəkildə ilk dəfə təşkilati-metodik
bölümdə aparılmışdır. Yeni pedaqoji
texnologiyalar şöbəsində öyrənilən bu
problemin daha çox ümumi orta və qismən texniki peşə
təhsili ilə bağlı tərəfləri diqqət mərkəzində
saxlanılmışdır. Bu zaman təhsilin
bütün pillələri, oradakı fənlərin
xüsusiyyətləri, təlim imkanları nəzərə
alınmışdır. Fəal təlim
şəraitinin yaradılması, müəllim və
şagird fəaliyyətinin stimullaşdırılması,
interaktiv təlim metodları və onlardan istifadə edilməsi,
texnoloji dərsliklərin yaradılması kimi ən müasir
texnologiyaların pedaqoji imkanları və onların
reallığa çevrilməsi ilə bağlı məqamların
öyrənilməsinə diqqət yetirilmişdir. Azərbaycanda bu innovasiyalarla bağlı təcrübələr
sahəsində əldə olunmuş nailiyyətlər
ümumiləşdirilmiş, respublikada həm nəzəri, həm
də praktik əhəmiyyət daşıyan ilk "Pedaqoji
texnologiyalar" adlı monoqrafiya hazırlanmışdır.
Təhsilin idarə olunması və nəticələrin
qiymətləndirilməsi üzrə ilk sistemli
araşdırmalar da bu bölümdə
aparılmışdır. "Orta ümumtəhsil məktəblərində
şagirdlərin kimyadan təlim fəaliyyətinin qiymətləndirilməsi",
"Orta ümumtəhsil məktəblərində şagirdlərin
riyaziyyatdan təlim fəaliyyətinin qiymətləndirilməsi",
"Testlər vasitəsilə intellektual səviyyənin
müəyyənləşdirilməsi və qiymətləndirilmədə
nəzərə alınması", "Tədris müəssisəsi
fəaliyyətinin qiymətləndirilməsi üçün
kompüter proqramları kompleksinin yaradılması və yekun
qiymətləndirilmənin təlimatının işlənməsi",
"Ümumtəhsilin inkişaf etdirilməsi və təkmilləşdirilməsində
şagird qiymətləndirilməsinin rolu" mövzuları
üzrə tədqiqatlarda həm qiymətləndirilmənin
rolu və əhəmiyyəti, həm də onun
ayrı-ayrı fənlər üzrə tətbiq
olunmasında nəzərə alınan özünəməxsus
cəhətlər əsas götürülmüşdür.
Kurikulum Mərkəzinin yaranması
Artıq
2004-cü ilin martında Azərbaycan Respublikası təhsil
naziri Təhsil Sektorunun İnkişaf layihəsinin həyata
keçirilməsi istiqamətində "Kurikulum
islahatı" alt-komponenti üzrə hazırlanmış
icra planına uyğun olaraq "Kurikulum Mərkəzinin yaradılması
haqqında" əmr imzalayır. Həmin əmrdə
ümumtəhsil sistemi üçün müasir tələblərə
cavab verən, bu sahədə beynəlxalq təcrübəni
özündə əks etdirən kurikulumların
hazırlanmasında vahid və səmərəli sistemin təşəkkülünü
təmin etmək məqsədilə Təhsil Problemləri
İnstitutunun nəzdində Kurikulum Mərkəzinin
yaradılması qeyd edilir. Eyni zamanda
Kurikulum Mərkəzinin formalaşması üçün
institutun strukturunda müvafiq dəyişikliklərin
aparılması, yeni struktur barədə təkliflərin
hazırlanması, eləcə də digər tədbirlərin
həyata keçirilməsi barədə tapşırıqlar
verilir.
Beynəlxalq məsləhətçilərin təkliflərinə,
Azərbaycan Respublikasında ümumi təhsilin durumuna istinad
olunmaqla, ilk növbədə, "Kurikulum Mərkəzinin əsasnaməsi"
hazırlanaraq təsdiq edilir. Burada Kurikulum Mərkəzi
və onun fəaliyyəti ilə bağlı zəruri məsələlər
konkretləşdirilir. Ümumtəhsil sahəsində
kurikulum hazırlayan, onun daim inkişaf etdirilməsi ilə məşğul
olan bu struktur üçün aşağıdakılar bir vəzifə
kimi qəbul olunur:
* ümumtəhsil məktəbləri
üçün beynəlxalq standartlara uyğun, nəticələrə
əsaslanan kurikulumları yaratmaq, onu müntəzəm təkmilləşdirmək
və yeniləşdirmək;
* şagirdlərin təlim şəraitini
yaxşılaşdırmaq və inkişaf etdirmək
baxımından kurikuluma müəyyən əlavələrin
edilməsi məqsədilə sənədlər hazırlamaq,
habelə müvafiq dəyişikliklərin aparılması
barədə nazirlik qarşısında məsələ
qaldırmaq;
*
kurikulumun monitorinqi və qiymətləndirilməsi tədbirlərini
müəyyənləşdirmək;
* imtahanların nəticələrini təhlil
etmək, problemləri müəyyənləşdirmək,
onların aradan qaldırılması ilə bağlı
tövsiyələr hazırlamaq;
* kurikuluma aid yenilikləri təhsil
işçilərinə çatdırmaq, onların nəzəri-metodik
hazırlığını, peşəkarlıq səviyyələrini
yüksəltmək məqsədilə treninqlər, seminarlar
keçirmək;
* təlimin yeni məzmunu, yeni dərsliklər və
müəllimlər üçün yeni vəsaitlərin
hazırlanması məqsədilə tətbiqi tədqiqatlar
aparmaq və onun nəticələrini dərslik müəlliflərinə
çatdırmaq;
* yeniliklər nəzərə alınmaqla tədris
planlarının təkmilləşdirilməsi istiqamətində
tədqiqatlar aparmaq;
* kurikulumların tətbiqi, qiymətləndirilməsi
və inkişafı ilə əlaqədar konsepsiyaların,
qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi
məqsədilə tədqiqatlar aparmaq;
* müəllimlərin təkmilləşdirilməsi
üçün onları kurikulum üzrə tədqiqatlara cəlb
etmək.
Kurikulum Mərkəzi
yaradılarkən onun
strukturunun iki şöbədən (ibtidai təhsil
şöbəsi, əsas və orta təhsil şöbəsi)
ibarət olması məqsədəmüvafiq hesab
edilmişdir. Əsas və orta təhsil
şöbəsinin isə dörd bölməni
(ictimai-humanitar fənlər; təbiət-riyaziyyat fənləri;
xarici dillər; təsviri incəsənət, musiqi, əmək
hazırlığı və fiziki tərbiyə bölməsi)
əhatə etməsi qərarlaşdırılmışdır.
Sonralar Kurikulum Mərkəzinin strukturu tədricən
təkmilləşdirilmiş, 2009-cu ildə bu quruma Məktəbəqədər
təhsilin kurikulum şöbəsi də əlavə olunmuşdur.
Bu mərkəzin yaradılmasında başlıca məqsəd
Azərbaycan təhsilinin məzmununu yenidən qurmaq,
texnologiyalar və idarə olunması sistemini inkişaf
etmiş ölkələrin səviyyəsinə
çatdırmaqdan ibarət idi. Bu məqsədin həyata
keçirilməsi üçün müasir dünyanın geniş
yayılmış təhsil modellərinə müraciət
etmək, onların nümunəsində Azərbaycana məxsus
təhsil sənədləri hazırlamaq, xüsusi təhsil
kurikulumlarının yaradılması işini başa
çatdırmaq əsas vəzifə kimi qarşıya
qoyulurdu. Vəzifənin yerinə yetirilməsi
üçün təhsil standartlarını hazırlamaq, həmin
strategiyaları və qiymətləndirmə mexanizmlərini
formalaşdırmaq zəruri hesab edilirdi. Bundan
başqa, kurikulumların tətbiqi vəziyyətini öyrənmək,
onların qiymətləndirilməsi işini həyata
keçirmək, ümumiyyətlə, fənlərin təlimi
problemləri ilə bağlı tədqiqatlar aparmaq
mühüm vəzifələr kimi nəzərdə tutulurdu.
Mərkəzin
yarandığı qısa müddətdə dünyanın
inkişaf etmiş ölkələrində, o cümlədən
ABŞ, İngiltərə, Finlandiya, İsveç, Avstraliya,
Türkiyə və Hollandiyada təhsil islahatları prosesi,
onun inteqrativ xarakteri öyrənilmiş, kurikulum sahəsində
əldə olunmuş nailiyyətlər
araşdırılmış, keçmiş SSRİ məkanındakı
ölkələrin (Rusiya, Qazaxıstan, Ukrayna, Moldova, Litva,
Gürcüstan və s.) keçid dövründə təhsilin
məzmununun qurulması sahəsindəki yanaşmalarına
istinad edilmiş, qlobal təhsil məkanında Azərbaycan üçün səciyyəvi
xüsusiyyətlər müəyyənləşdirilmişdir.
Dünyada qəbul olunmuş mütərəqqi
təhsil anlayışlarından biri kimi kurikulumun məzmunu və
struktur cəhətləri konkretləşdirilmişdir. Azərbaycanda ilk dəfə təhsil kurikulumları
sahəsində tədqiqatlar məhz bu mərkəzdə
aparılmışdır.
Kurikulum anlayışı barədə
qənaətlər
Araşdırmalar
zamanı belə məlum olmuşdur ki, "Kurikulum"un lügəvi
mənası "kurs", "yol" deməkdir. Bu söz
ingiliscə-rusca lügətlərdə "təlim
kursu", "tədris planı", "proqram" kimi də
izah edilir. Bəzi mənbələrdə
göstərildiyi kimi, 1876-cı ildən etibarən ondan bir
termin kimi istifadə olunmağa başlanmışdır.
İlk fənn kurikulumları 1918-ci ildə
ABŞ-da meydana gəlmişdir. Ötən
əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi
formalaşmışdır. Azərbaycanda bu
termindən keçən əsrin 90-cı illərinin
axırlarından başlayaraq istifadə olunur.
Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən
biri kimi hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində
kurikuluma təhsilin əsasını təşkil edən sənəd
kimi yanaşılır. Konseptual sənəd kimi onun məzmununda
standartlar, zəruri minimum, təhsil alanların
hazırlığına qoyulan tələblər, texnologiya və
qiymətləndirmə məsələləri əhatə
edilir. Əslində bu məsələlərin
hər biri kurikulumda onun tərkib hissəsi, mühüm
komponentləri kimi ehtiva olunur. Həmin
komponentlərin bir-birilə qarşılıqlı əlaqəsi,
hər hansı birinin digərini tamamlaması, onun məntiqi
davamı olması vacib tələb kimi gözlənilir.
Təhsil
kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə
şəxsiyyətyönümlü kurikulum adlanır. Fənyönümlü
kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl
anlayışlar sistemini əhatə etməklə bilavasitə
bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir.
Belə kurikulumların keyfiyyətində biliklərin
həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində
məqsəd biliklərin möhkəmliyini,
davamlılığını artırmağa xidmət
göstərməkdən ibarət olur. Praktik
əhəmiyyət daşıyan bacarıq, vərdiş və
qabiliyyətlər arxa plana keçir, fənnin elmi
potensialı artır, məlumatlılıq səviyyəsi
çoxalır. Şagirdlər praktik cəhətdən
onlara lazım olmayan
fundamental bilikləri öyrənmək məcburiyyətində
qalırlar.
Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə
həyati bacarıq və vərdişlərə
üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma
görə, insanın gələcək həyat fəaliyyətində
lazım olacaq praktik bacarıq və vərdişlərinin, əqli
fəaliyyətlə bağlı qabiliyyətlərinin
formalaşması ön plana çəkilir.
Tələb olunan bacarıq və vərdişlərin
formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi
müəyyənləşdirilir. Bu biliklər minimum təlim
məqsədlərinə çatmaq üşün vasitə
kimi nəzərdə tutulur.
Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu
ilə seçilir. Oradakı fənlərin adlandırılmasında, məzmunun
müəyyənləşdirilməsində şəxsiyyətin
formalaşması üçün əhəmiyyət kəsb
edən və bilavasitə insanın şəxsi fəaliyyəti
üçün lazım olan tələblər əsas
götürülür.
İki vacib problem
İlkin araşdırmalar Kurikulum Mərkəzinin fəaliyyət
istiqamətlərini müəyyənləşdirməyə
imkan vermişdir. Məlum olmuşdur ki, 2005-ci ildən
etibarən fəaliyyət göstərən mərkəzdə
iki vacib problem həll olunmalıdır. Onlardan
birincisi, əməkdaşların peşəkarlığını,
yeni texnologiyaların hazırlanması şəraitində fəaliyyət
göstərmək üçün kommunikativ
bacarıqları formalaşdırmaq və ikincisi, təhsil
kurikulumlarını hazırlamaqdır.
İlk illərdə Kurikulum Mərkəzinin fəaliyyət
planları məhz həmin problemlərin həlli istiqamətinə
yönəldildi. Onların hər ikisinin eyni vaxtda
planlaşdırılması və həyata keçirilməsi
bir zərurət kimi qarşıya qoyuldu.
Kurikulum Mərkəzinin 40-a yaxın əməkdaşı
ilə ardıcıl və sistemli seminar məşqələlər,
müzakirə və işgüzar söhbətlər
aparıldı. Beynəlxalq məsləhətçi təşkilatın
və müasir pedaqoji texnologiyaların yaradılması və
tətbiqi sahəsində təcrübəsi olan yerli mütəxəssislərin
dəstəyindən istifadə olundu.
Bundan əlavə, əməkdaşların yeni
texnologiyalardan istifadə bacarıqlarının
formalaşdırılması istiqamətində işlər
aparıldı. Tədricən mərkəz müasir
avadanlıqlarla təmin edildi, orada əməkdaşların
nizamlı fəaliyyəti təmin olundu.
Təhsil kurikulumlarının hazırlanması
ağır bir prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən
olan insanlar (mütəxəssislər, müəllimlər,
valideynlər, şagirdlər və b.) cəlb edilirlər.
Dünyada kurikulumların yaradılması
işi ilə xüsusi qurumlar məşğul olur. Həmin qurumlar öz ətrafına fəal qüvvələri
toplayaraq cəmiyyətin tələbatlarına uyğun məzmun
və texnologiyalar sistemi hazırlayırlar.
Bəzən təhsil kurikulumlarının bir və ya
bir neçə şəxs tərəfindən
hazırlanmasının mümkünlüyü barədə
mülahizələr söyləyirlər. Bu, əvvəlki
təhsil proqramları üçün xarakterik olan
xüsusiyyətdir. Həmin proqramlar təklifyönümlü
olduğundan bir və ya bir neçə nəfərin subyektiv
mülahizəsi kimi irəli sürülərək istifadəyə
verilirdi.
Təhsil kurikulumları isə maraqlı olan tərəflərdən
(mütəxəssislər, müəllimlər, valideynlər,
şagirdlər) ibarət daha çox insanın münasibətini
əhatə etməklə obyektiv xarakter daşıyır. Ona görə
də dünya ölkələrində təhsil
kurikulumlarının hazırlanmasında işçi
qruplarından və onların fəaliyyət mexanizmlərindən
ibarət texnologiyalara müraciət olunur.
Azərbaycanda da kurikulumlar hazırlanarkən belə bir
texnologiyaya istinad edilmişdir. 2005-ci ildə Təhsil
Problemləri İnstitutunun strukturunda Kurikulum Mərkəzi
yaradıldığı vaxtdan respublikada kurikulum hərəkatı
başlanmışdır. Yüzlərlə müəllim,
təhsil işçisi Kurikulum Mərkəzinin ətrafında
birləşərək bu hərəkatı
formalaşdırmış, kurikulumların hazırlanması
istiqamətində müzakirələrin
iştirakçısına çevrilmiş və 400-ə qədər üzvü olan 23
işçi qrupunda təmsil olunaraq kurikulumların
hazırlanması prosesinə qoşulmuşdur. Bu
işçi qruplarına respublikanın görkəmli alimlərindən
AMEA-nın üzvləri Nizami Cəfərov (ana dili), Yaqub Mahmudov
(tarix), Vaqif Abbasov (kimya), professorlardan Səməd Seyidov
(ingilis dili), Fəxrəddin Veysəlov (alman dili), Mirzəli
Murquzov (fizika), Sabir Mirzəyev (riyaziyyat), Müseyib
Müseyibov (coğrafiya), Ağacan Əbiyev (fiziki tərbiyə)
və başqaları rəhbərlik etmişlər. Dünya Bankının prosedurlarına əsasən
seçilmiş 95 nəfər milli məsləhətçi,
kurikulum və qiymətləndirmə sahəsində beynəlxalq
miqyasda tanınmış Hollandiyanın "CİTO qroep"
təşkilatı kurikulumların hazırlanmasında məsləhətçilik
xidmətləri göstərmişlər.
Bütün bunlarla yanaşı, təhsil
kurikulumlarının hazırlanması istiqamətində də
işlər aparılmışdır. 2006-cı ildə
ölkəmizin təhsil tarixində ilk dəfə "Azərbaycan
Respublikasında ümumi təhsilin konsepsiyası (Milli
Kurikulumu)" hazırlandı və hökumət tərəfindən
təsdiq olundu. Sonralar 2010-cu ildə təkmilləşdirilərək
istifadəyə verilən bu sənəd özünün məzmunu
və strukturuna görə tamamilə yeniləşdirilmişdir.
Təhsil səviyyələri, eləcə də
fənlər üzrə nəticələr, pedaqoji prosesin təşkili
və idarəetmə prinsipləri, ümumi təhsilin
infrastrukturu, maddi-texniki və tədris bazası, təhsil verənlərin
keyfiyyət göstəriciləri, məşğələ
saatlarının maksimum miqdarı, təlim nailiyyətlərinin
qiymətləndirilməsi və monitorinqi məsələləri
əhatə edilmişdir. Yüzlərlə
müəllimin, təhsil mütəxəssisi, valideyn və
şagirdin iştirakı ilə hazırlanmış bu sənəddə
cəmiyyətin təhsillə bağlı ehtiyac və tələbatları
nəzərə alınmışdır.
Mərkəzin İbtidai təhsilin kurikulumu (dosent
Bibixanım İbadova) şöbəsində
hazırlanmasına başlanılmış I-IV siniflər
üçün fənn kurikulumları 2007-ci ildə başa
çatdırılaraq təhsil naziri tərəfindən təsdiq
edilmişdir.
Artıq üçüncü ildir ki, yeni fənn
kurikulumları tətbiq olunmaqdadır. Şöbə hər
il fəaliyyət planına uyğun olaraq yeni fənn
kurikulumlarının tətbiqi vəziyyətini öyrənərək
müvafiq təkliflər hazırlayır.
Ümumi
orta və tam orta təhsil şöbəsində (dosent Akif Əliyev),
onun humanitar fənlərin təlimi (Ramiz Hüseynov), təbiət-riyaziyyat
fənlərinin təlimi (dosent Əlişah Gərayev), xarici
dillərin təlimi (Sahib Məcidov), incəsənət və
texnologiya fənlərinin təlimi (dosent Natiq Axundov) bölmələrində
V-XI siniflər üçün fənn kurikulumlarının
(ana dili, Azərbaycan dili (dövlət dili kimi), ədəbiyyat,
xarici dil, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix,
fizika, kimya, biologiya, coğrafiya, həyat bilgisi, texnologiya,
fiziki tərbiyə, musiqi, təsviri incəsənət,
çağırışaqədərki hazırlıq)
hazırlanması üzərində işlər
aparılır. Artıq ilkin layihə
variantları hazırlanmış, onların əksəriyyəti
pedaqoji mətbuatda çap olunaraq cəmiyyətin geniş
müzakirəsinə verilmişdir.
Kurikulumların məzmunu və
strukturu
Aparılan araşdırmalar nəticəsində fənn
kurikulumlarının məzmunu və strukturu ilə
bağlı yekdil nəticəyə gəlinmişdir. Həmin sənədlərdə
fənnin məzmununun, təlim strategiyalarının və
qiymətləndirmə mexanizmlərinin bir-biri ilə
bağlılığı, şəxsiyyətyönümlülük,
nəticəyönümlülük, inteqrativlik mühüm
prinsiplər kimi diqqət mərkəzində
saxlanılmışdır.
Fənlərin məzmunu ilk dəfə olaraq nəticələr
formasında ifadə olunmuş, bununla təhsildə nailiyyətlərin
izlənməsi, inkişaf etdirilməsi və idarə
olunması üçün şərait
yaradılmışdır. Nəticələrə
çatmaq üçün müəllimlərin
yaradıcı fəaliyyət göstərmək imkanları
genişləndirilmişdir.
Fənnin məzmunu bölməsində nəticələrlə
yanaşı, onların inteqrasiyası da verilmişdir. Nəticələrin
üfüqi və şaquli istiqamətlərdə əlaqə
imkanları barədə aparılmış
araşdırmaların nəticələri cədvəllər
formasında kurikulumlara daxil edilmişdir.
Məlum olduğu kimi, müasir dünyada sürətlə
gedən sosial, mədəni və texnoloji dəyişikliklər
qlobal düşünmə tərzinin əhəmiyyətini
xeyli artırır. Belə olan halda təlim prosesində
şagirdlərə ayrı-ayrı fənlər üzrə
verilən bilik və bacarıqların passiv
istehlakçısı deyil, əksinə, ətraf aləmin dərk
edilməsinə yaradıcı təfəkkürlə
münasibət bəsləyən subyektlər kimi
yanaşılmasına gətirib çıxarır. Bu isə o zaman mümkün olur ki, təhsil pillələrində
öyrənilən fənlər və onların əhatə
etdiyi mövzular ayrı-ayrı deyil, əlaqəli-inteqrativ
şəkildə tədris olunsun. İnteqrasiya
dedikdə təlim prosesində şagirdlərin təfəkküründə
ətraf aləmin tam və vahid obrazını
formalaşdırmaq üçün təlimin məzmun
komponentlərinin əlaqələr əsasında sistemləşdirilməsi
başa düşülür. Şagirdlərə
dayanıqlı və kompleks şəkildə biliklər vermək,
dünyagörüşünü genişləndirmək, təfəkkürünü
inkişaf etdirməklə onlarda tədqiqatçılığa
meyil yaratmaq, qazanılan nəzəri bilikləri praktik olaraq həyata
tətbiq etmək və s. bacarıqların formalaşması
imkanlarının yaradılması kimi qəbul edilir.
Araşdırmalar
zamanı belə qənaətə gəlinmişdir ki, inteqrasiyanın nəzərə
alınması vaxtdan səmərəli istifadə etməyə,
təlimə marağın artmasına imkan yaradır,
şagirdlərin təlim yükünü azaldır, inteqrativ
bilik və bacarıqların formalaşmasına şərait
yaradır, bilik və bacarıqların qazanılmasında
öyrənmənin intensivliyini, səmərəliliyini
artırır, həddən
artıq xırdalanmanın qarşısını alır. Bu zaman şagirdlər sərbəst
düşünmə, qruplarda işləmə, müzakirələrdə
öz mövqeyini bildirmə, mövzunun
aktuallığını əsaslandırma, mövzunun digər
sahələrə tətbiqi ilə bağlı imkanlar əldə
edirlər.
Müəllimlər isə belə tədris prosesində
məsələlərin həllinə kompleks yanaşa,
mövzulararası əlaqə yarada, şagird
bacarığının inkişafına diqqət yetirə,
şagirdlərdə biliklərin artan sırasını
müşahidə edə, təlim prosesini qiymətləndirə
bilirlər.
Fənn kurikulumlarında fəndaxili və fənlərarası
inteqrasiya nəzərə alınmışdır.
Fəndaxili inteqrasiya hər bir fənn üzrə
anlayış, bilik və bacarıqların əlaqələndirilməsini
nəzərdə tutur. Bu növ inteqrasiya tədris
materialını ayrı-ayrı tədris vahidlərində cəmləşdirməklə
fənnin məzmunun strukturunu müəyyən edir. Bununla da məzmunun informasiya cəhətdən
tutumlu olması, şagirdlərdə daha əhatəli
bacarıqların formalaşdırılması təmin olunur.
Təlim prosesində fəndaxili inteqrasiya
geniş tətbiq edilir və konsentrik prinsipə əsaslanan
spiralvari quruluş yaranır. Fəndaxili
inteqrasiya həm üfüqi, həm də şaquli olur.
Üfüqi inteqrasiya fənn üzrə məzmun xətlərinin
əlaqələndirilməsinə imkan yaratmaqla müvafiq məzmun
standartlarının müəyyən tədris vahidlərində
ifadə olunmasını təmin edir.
Şaquli inteqrasiya sinifdən-sinfə tədricən dərinləşən
və genişlənən məzmun xətləri arasında
varisliyi təmin edir.
Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə
etdiyi ortaq anlayış, bilik və bacarıqların sintezi
olmaqla bir fənnə aid anlayışların və metodların
digər bir fənnin öyrənilməsində istifadəsini
nəzərdə tutur.
Bu zaman müxtəlif fənlərə aid, lakin bir-birini
tamamlayan, o cümlədən oxşar olan mövzuların tədrisi
müəyyən çərçivəyə
salınır.
Odur ki, müxtəlif fənlər və
mövzular arasındakı əlaqələrin müəyyənləşdirilməsi,
bu əlaqələrin fənlərarası anlayış və
bacarıqların formalaşdırılmasında
yaradıcılıqla istifadə olunması mühüm əhəmiyyət
kəsb edir. Ona görə də kurikulumlar hazırlanarkən
təhsilin bütün pillələrində fəndaxili və fənlərarası
inteqrasiyadan istifadə edilir.
Araşdırmalar
zamanı belə nəticəyə gəlinmişdir ki, təlim
strategiyası bölməsində aşağıdakı məsələlər
əhatə edilsin:
* Fənlər
üzrə təlimin təşkilinə verilən əsas tələblərin
təsviri;
* Forma və
üsulların təkmilləşdirilməsi barədə
tövsiyələr;
* Müəllimin
təlim fəaliyyətinin planlaşdırılmasına dair
nümunələr.
*
Standartların şərhinə dair tövsiyələr.
Fənlər üzrə təlimin təşkilinə
verilən əsas tələblərin təsviri. Bu gün təhsilin
qlobal problemi şəxsiyyətin
formalaşdırılmasıdır. Bu mənada
təlim prosesi uşaqda fəallığı, ətrafdakı
şeylərə və hadisələrə tənqidi
yanaşmağı, müstəqil düşünməyi,
bilik almağı, analiz-sintez etməyi, yaradıcı fəaliyyət
göstərmək bacarığını inkişaf etdirməlidir.
Şagird idraki, informativ-kommunikativ və
qeyri-iradi dəyərlərə nail olmalıdır. Bütün bunları əldə etmək
üçün isə şagird və müəllim fəaliyyətinin
xarakterində dəyişiklik aparılmalı, pedaqoji prosesin
qurulmasına humanist və demokratik prinsiplər əsasında
yenidən yanaşılmalıdır. Elə bu səbəbdən
də, ilk
növbədə, "Azərbaycan Respublikasında
ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu)" sənədində ümumi
təhsil sistemi üçün qəbul olunmuş
aşağıdakı pedaqoji prinsiplər ayrı-ayrı fənlərin
tədrisinin didaktik əsası kimi
götürülmüşdür:
* pedaqoji prosesin tamlığı;
* təlimdə bərabər imkanların
yaradılması;
* şagirdyönümlülük;
* inkişafyönümlülük;
* fəaliyyətin
stimullaşdırılması;
* dəstəkləyici mühitin
yaradılması.
Bu tələbləri nəzərə alaraq tədris
prosesində şagirdləri aktivləşdirən, onların
intellektual inkişafına şərait yaradan təlim
metodlarından istifadə olunması tövsiyə olunur. Ayrı-ayrı
fənlərin təşkili üçün spesifik tələblər
müəyyənləşdirilir.
Forma və üsulların təkmilləşdirilməsi
barədə tövsiyələr. Kurikulumlarda təlim
forması və üsullarına təlim strategiyasının
mühüm tərkib hissəsi kimi yanaşılmış,
onların mahiyyəti və əsas xüsusiyyətləri
yeni tələblər əsasında şərh edilmişdir.
Təhsil prosesinin şəxsiyyətyönümlü
xarakteri açıqlanmışdır. Fəal
təlimin mühüm stimullaşdırıcı vasitəsi
kimi interaktiv metodların məzmunu və onlardan istifadə məsələlərinə
diqqət yetirilmişdir.
İnteraktiv təlim metodları ilə işləmək
üçün aşağıdakıların nəzərə
alınmasının əhəmiyyəti qeyd edilmişdir.
1. Fəal
təlim üçün iş formalarının müəyyənləşdirilməsi.
2. Fəal
dərsin mərhələləri.
3. Fəal
dərsin strukturu.
Fəal təlimin
fərdi iş, cütlərlə iş, böyuk qrupla iş
və kiçik qruplarla iş formalarından istifadə
olunması barədə qənaətə gəlinmişdir.
Fəal dərsin
mərhələləri:
I.
Düşünməyə yönəltmə - bir neçə
məqsəd daşıyır: şagirdlər mövzu ilə
əlaqədar
biliklərini xatırlayır, fəallaşır,
onlarda mövzuya maraq yaranır.
II. Dərketmə
- yeni biliklərin öyrənilməsi kimi başa
düşülür.
III.
Düşünmə - yeni bilik möhkəmləndirilir, tətbiq
edilir.
Fəal dərsin
strukturunun
aşağıdakı kimi qurulması tövsiyə
olunmuşdur.
Motivasiya - müəllim tərəfindən problem
qoyulur, şagird tərəfindən fərziyyələr irəli
sürülür.
Tədqiqatın
təşkili - müəllim problemin həlli istiqamətində
sinfə iş tapşırır. İş
formasını müəllim seçir.
Məlumatın mübadiləsi - verilən
tapşırıqla əlaqədar şagirdlər öz
aralarında fikir mübadiləsi aparırlar.
Məlumatın müzakirəsi və təşkili -
qrupun lideri ümumi fikri müəllim və şagirdlərə
çatdırır.
Nəticələrin çıxarılması - əgər
yanlış fikir varsa, müəllim istiqamət verir,
ümumi nəticə çıxarılır.
Tətbiqetmə
- əldə olunan biliklərə əsaslanaraq sinifdə və
ya evdə müəllimin verdiyi tapşırıq yerinə
yetirilir.
İnteraktiv
təlim metodlarından daha çox İnsert, BİBÖ,
Beyin həmləsi, İstiqamətləndirilmiş mühazirə,
Klaster, Ziq-zaq, "Dəyirmi masa", Konseptual cədvəl,
T-sxemlər, Semantik əlamətlərin təhlili, Venn
diaqramı, İki hissəli gündəlik, Karusel, Debat və
s. istifadə olunması barədə tövsiyələr
verilmişdir.
Aparılan araşdırmalar nəticəsində belə
qənaət hasil edilmişdir ki, yeni təlim strategiyaları,
o cümlədən fəal təlim, interaktiv metodların tətbiqi
müəllimin peşəkarlıq səviyyəsinə yeni və
kifayət qədər yüksək tələblər qoyur. O, nəinki elmdə təsdiqlənmiş
ideyaları, həm də bu və ya digər məsələ
üzrə mübahisəli mövqeləri, eləcə də
bu mövqelərin əsaslandırılmasını
bacarmalıdır. Təmsil
etdiyi elm sahəsini yaxşı bilməli, yeni təlim strategiyalarının
tətbiqi ilə bağlı bacarıqlara malik
olmalıdır.
Müəllimin təlim fəaliyyətinin
planlaşdırılmasına dair nümunələr. Hesabat
dövründə əməkdaşlar tədqiqat apararaq
müəllimlərin təlim fəaliyyətinin
planlaşdırılması zamanı onlara lazım olan
tövsiyələr də hazırlamışlar. Təhsilin bütün mərhələlərində
fənlər üzrə fəal təlimə aid nümunələr
vermişlər.
Ümumiyyətlə, mərkəzdə
aparılmış araşdırmalar zamanı təhsil
kurikulumları ilə bağlı aşağıdakı qənaətlərə
gəlinmişdir.
1.
Dünyanın prioritet problemi kimi təhsilin koqnitiv xarakter
daşıması şagirdlərin intellektinin yüksəldilməsinə,
onlarda həyati bacarıqların
formalaşdırılmasına yönəldilməsi zəruri
cəhət kimi nəzərə alınmış, fənn
kurikulumları şəxsiyyətyönümlü təhsilin aparıcı
komponenti kimi hazırlanmışdır. Onun məzmun
standartlarının bilavasitə şagirdlərə istiqamətləndirilməsi,
bacarıqlar formasında ifadə edilmiş gözlənilən
nəticələrdən ibarət olması
aşağıdakı xüsusiyyətlər baxımından
əhəmiyyətli hesab edilmişdir:
* təlim prosesinin keyfiyyətini idarə etməyə,
düzgün və obyektiv qiymətləndirmə aparmaq
üçün qiymətləndirmə standartlarının
hazırlanmasına imkan yaradır;
* nəticələrə nail olmaq
üçün zəruri təlim materialları və
strategiyaların seçilməsində müəllimə
geniş imkan və şərait yaradır;
* dərsliklərin, digər resursların
hazırlanmasında müəllimlərin konkret hədəflərə
çatmaq üçün yaradıcı fəaliyyət
imkanlarını genişləndirir.
2. Fənlərin
ümumi məzmununun, məzmun xətləri üzrə siniflər
üçün əsas və alt-standartların işlənməsi
bu qənaətə gəlməyə imkan verir ki, hər bir fənnin
ümumi məzmunu, təbiətdə və cəmiyyətdəki
qanunauyğunluqlar, proseslər haqqında tam təsəvvür
yaradılması üçün məzmun xətləri, əsas
məzmun standartları və əsas standartlara daxil olan alt-standartlar arasında
qarşılıqlı əlaqələr, onların mənaca
bir-birini tamamlaması vacibdir.
Kurikulumlarda bu əlaqələrin şaquli və
üfüqi inteqrasiya formasında müəyyənləşdirilərək
rəsmiləşdirilməsi həm şagirdlərdə
ümumi bacarıqların formalaşdırılmasını,
həm dərsliklərin hazırlanmasında, həm də
pedaqoji prosesin təşkilində bu cəhətin nəzərə
alınmasını istiqamətləndirmək
baxımından əhəmiyyətli hesab edilmişdir. İnteqrasiyanın
mövcudluğu, labüdlüyü isə ibtidai və əsas
təhsil pillələrində inteqrativ fənlərin tədrisinin
zəruri olmasını təsdiqləyir. Bu baxımdan həyat
bilgisi fənninin əsas təhsil pilləsində tədrisinin davam etdirilməsi
əhəmiyyətli sayılmışdır.
3.
İndiki şəraitdə ümumtəhsil fənlərinə
marağın azalması, yuxarı siniflərdə şagirdlərin
yalnız 4-5 fənnə maraq göstərməsi, qalan fənlərin isə ümumiyyətlə, öyrənilməməsi,
böyük şəhərlərdə 30-40 nəfər
şagirdin bir sinifdə təhsil alması təlimin ənənəvi forma və
üsullarından imtina etməyi, şagirdlərdə öyrənməyə
marağı dəstəkləyən, stimullaşdıran yeni
pedaqoji texnologiyalara, fəal və interaktiv təlim
formalarına və metodlarına üstünlük verilməsini,
onların praktikada həyata keçirilməsinə şərait
yaradılmasını tələb edir. Yeni fənn
kurikulumlarının uğurla tətbiqi bunlardan çox
asılıdır.
4. Məzmun
standartlarının bacarıq şəklində ifadə olunması təlim
strategiyalarında dəyişikliyə
səbəb olur. Fənn üzrə təlimin təşkilinə verilən tələblərə
əsasən müəllimin
rolu dəyişir. O, bələdçi, istiqamətverici,
şagird isə tədqiqatçı
rolunda iştirak edir. Bütün bu işlərin ardıcıl və sistemli təşkilinə
nail olmaq üçün müəllimdən
tədqiqatçılıq bacarığı tələb olunur. Bu
bacarıqların formalaşması sahəsində ilkin müəllim
hazırlığı üzrə
müvafiq işlərin aparılması zəruri hesab edilir.
5. Təlimin
təşkilinin forma və üsulları dəyişir. Ənənəvi təlim fəal təlimlə əvəz
edilir. Fəal təlimin təşkil
olunması isə yeni təlim
strategiyalarının
hazırlanaraq tətbiq
edilməsini tələb edir.
6. Fənn
kurikulumlarında
istifadə olunacaq qiymətləndirmə növləri, qiymətləndirmə
standartları, qiymətləndirmə vasitə və
üsullarının verilməsi
onu aksioloji baxımdan gücləndirir, istifadə edənlərin çoxişlək sənədinə
çevirir.
7. Yeni fənn
kurikulumlarının daha uğurla tətbiq olunması
üçün, ilk növbədə, şəxsiyyətyönümlü
təhsilin tələblərinə cavab verən koqnitiv
(idraki) xarakterli dərslik komplektinin (dərslik, müəllim
kitabı və şagird dəftəri) yaradılması zəruri
hesab edilir.
Hazırda
Kurikulum Mərkəzində ibtidai siniflərdə fənn
kurikulumlarının tətbiqi vəziyyəti öyrənilir,
V-XI siniflər üçün fənn kurikulumlarının
layihə variantları üzərində iş
aparılır. Yeni fənn kurikulumlarının
mahiyyət və məzmununun açıqlanması, məktəb
kurikulumlarının hazırlanması istiqamətində tədqiqatlar
davam etdirirlər. Ənənəvi
proqramlarla işləyən müəllimlər
üçün tövsiyələr hazırlanır. Pedaqoji innovasiyaların şərh olunması,
yayılması məqsədilə maarifləndirmə işləri
aparılır. Gələcəkdə də
bu işlərin davam etdirilməsi nəzərdə tutulur.
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun
direktor müavini,
Kurikulum Mərkəzinin direktoru
Azərbaycan müəllimi.- 2011.-
6 may.- S.28-29.