Dünyada
ən uca bayraq
Bu
gün ölkəmizdə çox
əlamətdar və tarixi bir gündür. Bu gün Bakıda Dövlət
Bayrağı Meydanı açılır. Bu
münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən
təbrik edirəm. Dövlət Bayrağı
Meydanının açılışı, həqiqətən,
tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Dövlət
Bayrağı Meydanının açılışı və
Dövlət Bayrağının təntənəli
qaldırılması mərasimindəki nitqindən
Ötən
il respublikamızda bir
çox əlamətdar hadisələr baş vermişdir. Belə
hadisələrdən biri də Bakıda
Dövlət Bayrağı Meydanının
açılışıdır.
Dövlət
Bayrağı Meydanının təməli 2007-ci ilin 30 dekabrında Bakının Bayıl qəsəbəsində
- Hərbi Dəniz Qüvvələrinin bazası
yaxınlığında qoyulub. Amerika Birləşmiş Ştatlarının
"Trident Support"
şirkətinin hazırladığı layihəni Azərbaycanın
"Azenko" şirkəti icra edib. Nəzərə
çatdıraq ki, dünyanın ən uca bayrağı Bakıda Dövlət
Bayrağı Meydanında dalğalanan
üçrəngli Azərbaycan bayrağıdır. İnşa olunmuş
dayağın hündürlüyü 162,
bünövrəsinin diametri 3,2,
bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi
kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu
70 metr, ümumi sahəsi
2450 kvadratmetr, kütləsi isə təqribən
350 kiloqramdır.
2009-cu
ilin noyabr ayında
Dövlət Bayrağı Günü ilə
bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə
əlavə edilmişdir. Əlavəyə
əsasən, 9 noyabr Azərbaycanda
Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
Dövlət Bayrağı
Meydanının açılışı və Dövlət
Bayrağının təntənəli qaldırılması
2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev tərəfindən həyata
keçirilmişdir. Mərasimdə ölkə ictimaiyyətinin
nümayəndələri və xarici ölkə səfirləri
iştirak etmişlər. Dövlət Bayrağımız Azərbaycan
Respublikasının Dövlət himninin sədaları
altında təntənəli surətdə
qaldırılmış və bu mənzərə
iştirakçılar tərəfindən heyranlıqla
müşahidə olunmuşdur. Sonra iştirakçılar
Dövlət Bayrağı Meydanına baxış
keçirmiş və belə abidənin
yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirmişlər.
Tarixi
Azərbaycan Respublikasının Dövlət
Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci
il iyunun 24-də verilib. Həmin qərarda göstərilib: Azərbaycan
bayrağını qırmızı materialdan, üstündə
ağ aypara və qırmızı fonda ağ səkkizguşəli
ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar
qəbul edilərkən Azərbaycan hökuməti hələ
Gəncə şəhərində yerləşirdi və
Bakıda fəaliyyət göstərmək qeyri-mümkün
idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr -
şəhər türk qoşunlarının köməyi ilə
düşmən qüvvələrdən təmizləndikdən
sonra fəaliyyət göstərə bildi.
Göründüyü kimi, ilk dövlət bayrağı
qırmızı rəngdə, Türkiyənin dövlət
bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin
Bakıda fəaliyyətə başlamasından az sonra bayraq
haqqında ikinci qərar qəbul edildi. Qərara alındı
ki, göy, qırmızı və yaşıl rənglərdən,
mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət
olan bayraq milli bayraq hesab edilsin.
Simvolları
Azərbaycan Respublikasının dövlət
bayrağı bərabər enli üç üfüqi
zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir.
Qırmızı zolağın ortasında bayrağın hər
iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli
ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna
nisbəti 1:2-dir.
Göy
rəng - Azərbaycan xalqının türk mənşəli
olması, türkçülük ideyası ilə
bağlıdır. Türklərin göy rəngə
üstünlük verməsi ilə bağlı müxtəlif
izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində
olan türkdilli xalqların yaşadığı ərazilərdə
saysız-hesabsız qədim abidələr tikilib və bu abidələrin əksəriyyəti
göy rəngdə olub. Bu baxımdan göy rəng həm də
simvolik məna daşıyır.
Qırmızı
rəng - müasir cəmiyyət qurmaq,
demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni,
inkişaf istəyini ifadə edir. Məlum olduğu kimi, XVIII əsrin
sonlarında Fransa burjua inqilabından sonra kapitalizmin
inkişafı ilə bağlı Avropa ölkələrində
böyük irəliləyişlər baş verib. Həmin
dövrdə proletariatın kapitalizm quruluşuna qarşı
mübarizəsi olub. Bu illərdə qırmızı rəng
Avropanın simvoluna çevrilirdi. Əli bəy Hüseynzadə
yazırdı: "Avropalaşalım, firəngləşəlim
deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə
fərq vardır. Biz avropalıların ədəbiyyatına,
sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat
və ixtiralarına müraciət etmək istəyiriz,
özlərinə degil! Biz istəriz ki, İslam ölkəsinə
onların beyinləri, dimaqları girsin!".
Qırmızı rəngin üzərində ortada aypara və
səkkizguşəli ulduzun təsviri verilib.
Yaşıl
rəng - İslam sivilizasiyasına, İslam
dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir
Ə.Hüseynzadə "Qırmızı qaranlıqlar
içində yaşıl işıqlar" əsərində
yaşıl rəngin geniş izahını verib.
Bayrağımızın
üzərindəki ay-ulduzun mənası
nədir?
Üçrəngli bayrağımızın rəngləri
ilə bağlı fikirlər məlum olsa
da, bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları Xalq
Cümhuriyyəti dövründə açıqlanmayıb. Alimlərin
araşdırmalarına görə, ay-ulduz
türk simvolları hesab
olunur. Belə ki, qədim
türk mifologiyasına görə,
ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz
guşə kimi düzüləndə, həmin
xalqın taleyində xoşbəxt hadisə baş
verib. Ay-ulduz xoşbəxtlik
rəmzi hesab olunur.
Bəli,
hər bir Azərbaycan vətəndaşı
üçün
bayrağımızın yüksəklərdə
dalğalanması qürurvericidir. Arzu edək ki,
üçrəngli bayrağımız daim
uca zirvələrdə,
Qarabağımızın zirvəsi olan Şuşada, hər bir azərbaycanlının
qəlbində dalğalansın.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2011.- 4 noyabr.- S.5.