Məktəblilərin
altıncı spartakiadasına
yekun vurulub
Bu
günlərdə Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 20 illiyinə həsr olunmuş
ümumtəhsil və ilk peşə-ixtisas
təhsili müəssisələri şagirdləri
arasında VI spartakiada keçirildi. Təhsil Nazirliyinin Respublika Bədən
Tərbiyəsi Mərkəzinin direktoru, boks idman növü
üzrə tanınmış hakim, əməkdar
bədən tərbiyəsi və idman xadimi Niftalı Quliyev əməkdaşımızla
söhbətində ölkəmizdə idmanın
inkişafı üçün
yaradılan şəraitdən, spartakiadanın keçirilməsi
və nəticələri barədə ətraflı məlumat
verərək demişdir:
-
İdmanın davamlı inkişafı uşaq
və gənclərin bu sahəyə cəlb
olunmasından asılıdır. Uşaq
və gəncləri idmana cəlb etməklə
yanaşı, onların fiziki
sağlamlığı üçün
lazımi şərait yaratmaq,
yarışlarda özlərini sınamasını təmin
etmək də əsas məsələlərdən biridir. Bütün bunlar gələcəyimiz olan
uşaq və gənclərin həm mənəvi,
həm də fiziki
sağlamlığına xidmət göstərir.
Araşdırmalar göstərir ki,
idmana marağı olan uşaq və gənclərin həyatında
müsbət dönüş yaranır. Onlar fiziki və mənəvi
cəhətdən sağlam böyüyür, cəmiyyətdə
öz yerini tutmağı bacarır, əxlaq qaydalarına əməl
edirlər. Fiziki və mənəvi cəhətdən saf olan
uşaq və gənclər həm də vətənpərvər
ruhda böyüyür. Ölkəmizdə uşaq və gənclərlə
iş bu gün möhkəm zəmin əsasında qurulur. Dövlətimiz gənc nəslin
fiziki və mənəvi inkişafı, onların problemlərinin
həlli istiqamətində ardıcıl tədbirlər həyata
keçirir. Uşaq və gənclərin
fiziki və mənəvi sağlamlığı
üçün hərtərəfli şərait
yaradılır.
Azərbaycan dövlətinin
qayğısı sayəsində peşəkar
idmançı kimi yetişən uşaq və gənclərimiz bir sıra beynəlxalq
yarışlarda iştirak edərək ölkəmizin idman
şərəfini ləyaqətlə qoruyurlar.
Bu gün
Azərbaycanın əksər bölgələrində olimpiya idman kompleksləri,
idman məktəbləri, müasir standartlara uyğun idman qurğuları tikilərək istifadəyə
verilib. Bu sahədə yaradılan şərait fiziki və mənəvi inkişafa
yönəldilən ən böyük dəstəkdir.
İdmançılarımızın beynəlxalq yarışlarda ciddi rəqibə çevrilməsi
idmanımıza göstərilən qayğının bəhrəsidir.
Bu il sayca VI spartakiada dövlət
müstəqilliyimizin bərpasının 20-ci
ildönümünə həsr olunmuşdu.
Yarışlar ümumtəhsil, peşə məktəbləri
və peşə liseylərinin şagirdləri arasında keçirildi. Yarışlara səkkiz
idman növü (futbol, həndbol, basketbol, voleybol, stolüstü tennis, atletika, yunan-Roma güləşi və boks) üzrə start verilmişdi. İki ildən bir
keçirilən spartakiadanın əsas məqsədi uşaqlar arasında bədən tərbiyəsi
və idmanın kütləviliyinə nail
olmaq, uşaqların fiziki cəhətdən sağlam böyümələrinə və idman növləri ilə daim
məşğul olmalarına zəmin yaratmaq,
məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi
və idmanın rolunu, onların idman ustalıqlarını artırmaqdır.
VI spartakiada 4 mərhələ üzrə
keçirilmişdir. I mərhələdə
şagirdlər məktəbdaxili yarışlarda iştirak etmişlər. Bu
mərhələdə ayrı - ayrı növlər üzrə
659 min şagird
mübarizə aparmışdır. II mərhələ
çərçivəsində keçən rayondaxili
yarışlarda 750 komandanın tərkibində 100 mindən
artıq idmançı qüvvəsini sınayıb ki, onlardan da
46 min nəfəri qızlar olub. Spartakiadanın üçüncü
mərhələsi çərçivəsində şagirdlər
zona yarışlarında qüvvələrini
sınayıblar.
Zona yarışları
Şamaxı, Sabirabad, Cəlilabad, Mingəçevir,
Qazax, Zaqatala
Bakı və Qusarda
keçirilib.
Bu yarışlarda fərqlənən
komandalar finala vəsiqə
qazanmışdır.
Sentyabrın
sonlarında VI spartakiadanın final
yarışları keçirilib. Final
oyunları çərçivəsində Bakı I, Bakı
II, Qax, Beyləqan, Gəncə, Lənkəran,
Mingəçevir, Qazax, Saatlı, Şirvan, Sabirabad, Salyan, Sumqayıt, Şəmkir, Şamaxı,
Şəki, Masallı, Tovuz, Zərdab, Qusar, Kürdəmir, Goranboy,
Cəlilabad rayonlarının komandaları mübarizə
aparmışlar. Ümumilikdə,
final yarışlarına 18 həndbol,
20 basketbol, 25 voleybol,
22 atletika, 18 stolüstü
tennis, futbol üzrə
28 komanda qatılmışdı.
Bu il əvvəlki
spartakiadalardan fərqli olaraq
işğala məruz qalmış rayonların komandaları da yarışlarda fəal iştirak
ediblər. Final yarışlarında 35 rayondan 1600 nəfər idmançı 8 idman növü üzrə bacarığını nümayiş etdirib.
Spartakiadanın yüksək səviyyədə idarə
olunması üçün federasiyalardan yüzə yaxın respublika və beynəlxalq dərəcəli hakim dəvət olunmuşdu.
Spartakiadanın yekun nəticələrinə
görə, şəhərlər arasında ümumkomanda
hesabında Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin komandası I yer,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin
komandası II yer, Mingəçevir Şəhər
Təhsil Şöbəsinin komandası isə III yeri tutmuşdur.
Spartakiadanın yekun nəticələrinə
görə, rayonlar arasında ümumkomanda hesabında Cəlilabad Rayon Təhsil Şöbəsinin komandası I
yer, Sabirabad Rayon Təhsil Şöbəsinin komandası
II yer, Qusar və Qazax rayonlarının komandaları isə III
yerə layiq görülmüşlər.
Peşə məktəbləri arasında 7 nömrəli
Bakı Peşə Liseyi I yerə sahib olub. II və III yerlərə
isə 12 və 10 nömrəli peşə liseylərinin
komandaları layiq görülüblər.
Spartakiadanın
yüksək səviyyədə təşkilində Təhsil
Nazirliyinin dəstəyini xüsusi
qeyd etmək istəyirəm.
Yarışlar ərəfəsində zonalar
üzrə müşavirələr təşkil edilmiş, spartakiadanın mahiyyəti barədə
iştirakçılara geniş məlumat
verilmişdir.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2011.- 4 noyabr.- S.11.