Müəllim
hazırlığı sahəsində problemlər müzakirə
olundu
Oktyabrın
28-29-da Azərbaycan Müəllimlər İnstitutunda
"Müəllim hazırlığının müasir problemləri" mövzusunda
beynəlxalq elmi konfrans
keçirilib.
Konfransın oktyabrın 28-də
keçirilən plenar iclasında Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov, nazirliyin
müvafiq şöbələrinin və struktur bölmələrinin
rəhbərləri, Türkiyə, Rusiya, Ukrayna, Fransa və
Gürcüstanın, eləcə də Azərbaycanın ali
məktəblərinin nümayəndələri iştirak
edirdilər.
İştirakçılar tədbirdən
öncə institutda yaradılmış Heydər Əliyev Mərkəzi
ilə tanış oldular. AMİ-nin rektoru Aqiyə
Naxçıvanlı konfransı açaraq qeyd etdi ki,
hazırda postsovet ölkələrinin təhsil sistemləri
keçid dövrünü yaşayır. Bu dövrdə
innovasiyaların mənimsənilməsi böyük əhəmiyyət
kəsb edir. Bir tərəfdən sovet təhsil sisteminin
köhnəlmiş prinsiplərindən əl çəkmək,
digər tərəfdən o sistemin müsbət cəhətlərini
qoruyub saxlamaq və inkişaf etdirmək müasir təhsil
sisteminin qarşısında duran ən mühüm vəzifələrdən
biridir. Hazırda Azərbaycanın təhsil sistemi dünya təhsil
məkanına sürətlə inteqrasiya edir. AMİ-nin
yaranma tarixi və fəaliyyətindən, mövcud problemlərdən
söz açan rektor iştirakçıların diqqətinə
çatdırdı ki, hazırda bu təhsl ocağında 10
min tələbə, 150 magistr təhsil alır, 700 nəfərdən
artıq professor-müəllim heyəti
çalışır.
Sonra təhsil naziri Misir Mərdanov
"Müəllim hazırlığının aktual problemləri"
mövzusunda məruzə ilə çıxış etdi.
Konfransın çox vacib bir məsələyə
həsr olunduğunu deyən təhsil naziri bildirdi ki, hər
bir ölkənin gələcəyi məktəbin və
müəllimin bugünkü qlobal
çağırışlara necə cavab verməsindən
asılıdır. Danılmaz faktdır ki, müəllim cəmiyyəti
yaxşılığa doğru dəyişdirməyə qadir
olan həlledici qüvvədir. Bu səbəbdən hazırda
ali məktəb qarşısında yeni nəsil müəllimlərin
hazırlanması və pedaqoji kadrların
ixtisasartmasının müasir, daha səmərəli modelinin
yaradılması kimi mühüm vəzifələr durur.
Ölkəmizdə təhsilə və
müəllimlərə daim yüksək dövlət
qayğısı göstərildiyini vurğulayan nazir diqqətə
çatdırdı ki, müstəqillik illərində
pedaqoji işçilərin əməkhaqqı 10 dəfədən
çox artmışdır. Son bir neçə il ərzində
ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları
ilə 2500-ə yaxın müəllim müxtəlif
mükafatlara layiq görülmüşdür. Müəllimlərin
innovasiya fəaliyyətini inkişaf etdirmək məqsədilə
2008-ci ildən başlayaraq dövlət
başçısının müvafiq sərəncamı ilə
ölkəmizdə "Ən yaxşı müəllim"
və "Ən yaxşı məktəb" müsabiqələri
keçirilir.
Təhsil
naziri ölkə Prezidentinin
sərəncamına əsasən hazırlanmış "Təhsil
müəssisələrində işin
dövlət qulluğunun xüsusi
növünə aid edilməsinə dair Konsepsiya" təsdiq
edildikdən sonra müəllimin statusunun yüksəldilməsi və əməyinin
stimullaşdırılması sahəsində müsbət dəyişikliklərin
olacağına ümid etdiyini
bildirdi. Qeyd etdi ki,
müəllimin maddi cəhətdən
stimullaşdırılması, sosial statusunun yüksəldilməsi və həyat
şəraitinin yaxşılaşdırılması sahəsində
görülən işlər pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrimizin statusunun da əsaslı
şəkildə dəyişməsinə səbəb
olacaqdır.
Nazirin məruzəsində daha sonra son
illər ölkəmizdə müəllim
hazırlığı ilə bağlı görülən
işlərdən, bu sahədə mövcud olan problemlərdən
və onların həlli istiqamətində həyata
keçirilən tədbirlərdən bəhs olundu. Konfrans
iştirakçılarına məlumat verildi
ki, müəllim hazırlığı
sahəsindəki problemləri kompleks
şəkildə həll etmək məqsədilə Təhsil
Nazirliyi tərəfindən Dünya Bankının ayırdığı kreditin bir hissəsinin
fasiləsiz pedaqoji təhsilin
konsepsiyasının, ibtidai sinif müəllimi hazırlığı kurikulumunun, habelə "Təhsilin əsasları"
adlı yeni fənnin proqram
və dərsliyinin hazırlanmasına yönəldilməsi qərara
alınıb. Bu işə ölkəmizin
aparıcı alim və mütəxəssisləri,
beynəlxalq və milli ekspertlər cəlb
olunub. Onların gərgin əməyi
nəticəsində fasiləsiz pedaqoji təhsil
sisteminə daxil olan tədris
müəssisələrinin sosial statusunun möhkəmləndirilməsini, təlim
və tərbiyə prosesinin vahidliyini, sistemin dövlət, ictimai
və şəxsi prioritetlərini təmin edən "Fasiləsiz
pedaqoji təhsil və müəllim
hazırlığının konsepsiya
və strategiyası" hazırlanıb.
Sonra Moskva
Açıq Avrasiya İnstitutunun
professoru, Psixologiya
Elmləri Beynəlxalq Akademiyasının akademiki,
psixologiya elmləri doktoru
Aleksandr Morozov "Yeni tip müəllimin
formalaşması müasir təhsilin
inkişafının əsas faktoru kimi" mövzusunda məruzə-təqdimatla
çıxış etdi.
Plenar iclasın sonunda
Ukrayna Milli Bioresurslar və
Təbiətdənistifadə Universiteti
haqqında film nümayiş
etdirildi.
Sonra konfransın işi bölmələrdə davam
etdirildi.
***
Oktyabrın
29-da "Müəllim hazırlığının müasir problemləri" mövzusunda
beynəlxalq elmi konfransın yekun iclası keçirildi.
AMİ-nin rektoru Aqiyə
Naxçıvanlı bu tədbirdə fəal iştirak
edən nümayəndələrə, xüsusən də xarici ölkələrdən gələn qonaqlara minnətdarlığını bildirdi.
İclasda bölmə sədrlərinin
hesabatları dinlənildi, müəllim
hazırlığı sahəsində mövcud
problemlər təhlil edildi, maraqlı təkliflər
səsləndi.
Konfransın
işinə qətnamənin qəbul edilməsi ilə yekun vuruldu. Xarici ölkələrdən gələn
nümayəndələrə bu tədbirlə
bağlı fotoalbom və hədiyyələr
təqdim olundu.
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2011.- 4 noyabr.- S.2.