Təhsil Nazirliyində görüş

 

Oktyabrın 28-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen, "British Council" təşkilatının Azərbaycan üzrə direktoru Pol Klementson və bu təşkilatın proqramlar üzrə meneceri Gülşən Hüseynova ilə görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Azərbaycana yeni təyin olunan səfiri bu münasibətlə təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Böyük Britaniya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən danışıb, bu ölkə ilə təhsil sahəsindəki əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Azərbaycanın orta məktəblərində ingilis dilinin öyrənilməsinə böyük maraq olduğunu deyən Misir Mərdanov eyni zamanda bildirib ki, hər iki ölkə arasında faydalı və səmərəli təhsil əlaqələrinin yaradılmasında "British Council" təşkilatının mühüm rolu vardır. "British Council"in ölkəmizdə reallaşdırdığı çoxsaylı və uğurlu layihələrdən söz açan təhsil naziri bu təşkilatın işini yüksək dəyərləndirib. Misir Mərdanov Təhsil Nazirliyi ilə "British Council"in birgə işinin müsbət nəticələrini, müvafiq layihələrin reallaşdırılmasında proqramlar üzrə menecer Gülşən Hüseynovanın yaxından iştirakını xüsusi qeyd edib. Nazir həmçinin Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA) bu əlaqələrin inkişafına xidmət edən layihələrini və birliyin regionlarda fəaliyyətinin genişləndirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Səfir Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərin uğurla davam etdiriləcəyini qeyd edib. Piter Beytmen gələn ilin yanvarında Böyük Britaniyada keçirilməsi nəzərdə tutulan Dünya Təhsil Forumu və onun əhəmiyyəti barədə də məlumat verib.

Sonra çıxış edən "British Council" təşkilatının Azərbaycan üzrə direktoru Pol Klementson nazirə ölkəmizdə həyata keçirdikləri layihələrdə dəstək göstərdiyi üçün təşəkkürünü bildirib. Pol Klementson rəhbəri olduğu təşkilatla Təhsil Nazirliyi arasında mövcud olan əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən söz açıb və ölkəmizdə yeni layihələr həyata keçirmək niyyətində olduqlarını qeyd edib. "British Council" təşkilatının Azərbaycan üzrə direktoru onu da əlavə edib ki, bu layihələr ingilis dili müəllimlərinin işinin təkmilləşdirilməsinə xidmət edəcək.

Görüşdə qarşılıqlı təhsil əlaqələrinin inkişafı ilə bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 4 noyabr.- S.2.