BDU-da
II Beynəlxalq Türkiyə-Azərbaycan hüquq simpoziumu
keçirilib
Oktyabrın 28-də Bakı Dövlət
Universitetində Qafqaz Universiteti, BDU və Türkiyənin
Özyegin Universitetinin birgə təşkilatçılığı
ilə "İnformasiya-kommunikasiya texnologiyaları və
şəxsiyyət hüquqları" mövzusunda II Beynəlxalq
Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumu keçirilib.
Açılış mərasimində BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov
çıxış edərək qeyd edib ki, simpoziumun
keçirilməsində məqsəd Azərbaycanda hüquq
elminin davamlı inkişafını təmin etmək,
qardaş Türkiyənin hüquqşünas alimləri ilə
elmi əməkdaşlığı genişləndirmək və informasiya-kommunikasiya
texnologiyalarının hüquq elminin müxtəlif sahələrinə,
xüsusilə şəxsiyyət hüquqlarına təsiri
ilə bağlı problemlərə dair elmi tədqiqatların
müzakirəsini aparmaqdır.
Cəmiyyətin tərəqqisində
elmin, təhsilin önəmli rolunu vurğulayan akademik A.Məhərrəmov
ölkəmizdə bu sahələrin inkişafına
böyük diqqət göstərildiyini söyləyib.
Simpoziumda Qafqaz Universitetinin prorektoru,
professor Cihan Bulut, Özyegin Universitetinin hüquq fakültəsinin
dekanı, professor Yener Ünver və BDU-nun hüquq fakültəsinin
dekanı, professor Əmir Əliyev çıxış edərək
müasir dünyada İKT-nin hüquq elminə tətbiqinin
xüsusiyyətləri və faydasından, şəxsiyyət
hüquqları sahəsində hər iki ölkədə
toplanmış müsbət təcrübədən söz
açıb, həmin təcrübənin
bölüşülməsinin faydalı olacağına əminlik
ifadə ediblər.
Simpoziumun birinci iş günündə
BDU-da keçirilən 3 iclasında insan hüquqları, cinayət
hüququ və inzibati hüquq, ikinci iş günündə
Qafqaz Universitetində keçirilən 3 iclasında isə
mülki hüquq: şəxsiyyət hüquqları, ailə
hüququ-mülki proses, ticarət hüququ məsələlərinə
dair türkiyəli və azərbaycanlı
hüquqşünas alimlərin 20-dən çox məruzəsi
dinlənilib. Mərzuzələr ətrafında müzakirələr
aparılıb, iştirakçıları maraqlandıran
suallar cavablandırılıb.
İki gün davam edən simpoziumun
bağlanışı oktyabrın 29-da Qafqaz Universitetində
olub. Həmin gün bu təhsil ocağında həm də
Türkiyə Cümhuriyyətinin yaranmasının 88-ci
ildönümü qeyd olunub. Universitetin "Gənc akademiya
klubu"nun hazırladığı bayram tədbirində
Qafqaz Universitetinin professor-müəllim, tələbə heyətlərinin
nümayəndələri ilə yanaşı qardaş
Türkiyədən II Beynəlxalq Türkiyə-Azərbaycan
simpoziumuna gəlmiş alimlər də iştirak ediblər.
Mərasimdə Qafqaz Universitetinin
prorektoru, professor Cihan Bulut, Türkiyənin Özyegin
Universitetinin hüquq fakültəsinin dekanı, professor Yener
Ünver çıxış edərək bayram münasibəti
ilə zala toplaşanları təbrik edib, müstəqillik
uğrunda mübarizənin tarixindən söz açıb,
müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün
qardaş türk xalqının azadlıq mücadiləsindəki
rolundan, cümhuriyyətin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən
danışıblar.
Sonra tanınmış incəsənət
ustaları və tələbələrin ifasında konsert
proqramı təqdim olunub.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 4 noyabr.- S.3.