Ümumi
təhsilin inkişaf perspektivlərinə həsr olunmuş
konfrans keçirilib
Noyabrın
3-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan Respublikası Təhsil
Şurası və BPKİYİ-nin birgə
təşkilatçılığı ilə "Azərbaycan
Respublikasında ümumi təhsilin inkişaf perspektivləri" mövzusunda
elmi-praktik konfrans keçirildi. Konfransda Təhsil Şurası İdarə Heyətinin
üzvləri, BPKİYİ-nin əməkdaşları,
məktəb rəhbərləri iştirak
edirdilər.
Konfransı
giriş sözü
ilə açan BPKİYİ-nin
rektoru, fizika-riyaziyyat
elmləri doktoru, professor
Asəf Zamanov iştirakçıları
salamlayaraq elmi-praktik
konfransın Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20 illiyi
münasibəti ilə keçirildiyini bildirdi və onun gündəliyi,
iş qaydası haqqında məlumat verdi.
Gündəliyə
uyğun olaraq əvvəlcə
konfrans çərçivəsində Azərbaycan
Respublikası Təhsil Şurası İdarə Heyətinin
iclası keçirildi. Təhsil
Şurasının sədri, pedaqoji elmlər
doktoru, professor Əjdər
Ağayev şuranın genişləndirilmiş
iclasına qatılanlara təşəkkürünü bildirərək
İdarə Heyətinin üzvlərini konfrans
iştirakçılarına təqdim etdi.
Onun təklifi ilə İdarə Heyətinin
son iclasından ötən müddət ərzində
dünyasını dəyişmiş heyət üzvlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra professor
Ə.Ağayev rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının
son ikiillik fəaliyyəti
haqqında hesabat
verdi. Öncə Təhsil
Şurasının yaranma tarixindən söz açan Ə.Ağayev onun 1998-ci ildə
Azərbaycan müəllimlərinin XI qurultayında ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə təsis olunduğunu,
bir ictimai qurum kimi əsas fəaliyyətinin
təhsildəki problemlərin həlli ilə bağlı
hökumət təşkilatlarına, digər müvafiq
qurumlara və rəsmi şəxslərə
təkliflər vermək olduğunu bildirdi. Ə.Ağayev
diqqətə çatdırdı ki, belə
təkliflər vermək üçün
Təhsil Şurası müntəzəm olaraq
təhsilin müxtəlif məsələlərinə həsr
olunmuş elmi-praktik konfranslar, seminarlar, pedaqoji kollektivlərlə görüşlər
keçirir, təhsildəki problemləri,
təhsil işçilərini düşündürən məsələləri araşdırır, irəli
sürülən təklifləri ümumiləşdirir və
müvafiq orqanlara
çatdırır. Şura sədri son iki ildə orta məktəblərdə musiqi
fənninin tədrisi, qiymətləndirmə, pedaqoji
kadr hazırlığı, Boloniya prosesinə inteqrasiya,
təlimə innovativ yanaşmalar
və s. mövzulara həsr olunmuş elmi-praktik
konfransların, bir sıra təhsil
ocaqlarında, o cümlədən
Naxçıvan Dövlət Universitetində,
Naxçıvan Müəllimlər İnstitutunda
görüşlər keçirildiyini bildirdi, şuranın mətbu orqanı olan "Təhsil və zaman"
qəzetinin uğurlu fəaliyyətindən
söz açdı.
Təhsil
Şurasının fəaliyyət istiqamətlərindən birinin də qabaqcıl təhsil işçilərini
rəğbətləndirmək təşkil etdiyini
söyləyən Ə.Ağayev
Bakıdakı 177 nömrəli orta məktəbin
direktoru, tanınmış təhsil işçisi Həqiqə Məmmədovaya Təhsil
Şurası
İdarə Heyətinin qərarı ilə
"Ustad müəllim" diplomu verildiyini, bu günlərdə isə Təhsil Problemləri
İnstitutu Kurikulum Mərkəzinin
direktoru, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasovun
təhsilin modernləşdirilməsi sahəsindəki xidmətlərinə
görə və anadan olmasının 60 illiyi ilə əlaqədar "Nəsirəddin
Tusi" mükafatına layiq
görüldüyünü bildirdi və mükafatı Ə.Abbasova təqdim etdi.
Sonra elmi-praktik
konfrans öz işinə
başladı. Konfransda giriş
sözü söyləyən Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun rektoru, professor A.Zamanov onun mövzusunun "Azərbaycan Respublikasında ümumi təhsilin inkişaf
perspektivləri" kimi müəyyənləşdirilməsinin
təsadüfi olmayıb bu barədə Təhsil Şurası, institutun professor-müəllim heyətinin
üzvləri ilə məsləhətləşmələr
aparıldıqdan sonra qərara gəlindiyini,
tarixin bütün
dönəmlərində olduğu kimi bu gün
də təhsilin çox aktual
olduğunu bildirdi.
Məşhur
alimlərdən birinin apardığı
təsnifata görə, sivilizasiyanın inkişafının bir neçə dövrə bölündüyünü,
həmin dövrlərdən sonuncunun ən
böyük var-dövlətinin məhz intellektual kapital olduğunu, müasir
dövrdə ölkələrin, dövlətlərin
inkişafında
intellektual kapitalın mühüm rol oynadığını, məhz buna görə də son
illər ölkəmizdə möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi
altında neft kapitalının insan kapitalına, intellektual
kapitala çevrilməsi istiqamətində
mühüm işlər görüldüyünü
diqqətə çatdırdı.
Rektor Azərbaycanın intellektual potensialının
formalaşmasında ulu öndər Heydər
Əliyevin xidmətlərini xüsusi qeyd edib məhz onun Azərbaycana rəhbərlik etməyə
başladığı 1969-cu ildən sonra
bu istiqamətdə ciddi
addımlar atıldığını, hər il
ölkəmizdə xeyli gəncin təhsil
almaq
üçün keçmiş Sovetlər birliyinin ən nüfuzlu ali məktəblərinə göndərildiyini,
həmin siyasətin bu gün
də uğurla davam etdirildiyini, Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə
təsdiq edilmiş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"na əsasən
5 minədək azərbaycanlı gəncin dünyanın ən
nüfuzlu universitetlərinə göndərilməsinin
nəzərdə tutulduğunu və bu prosesin bu
gün çox uğurla getdiyini
vurğuladı.
A.Zamanov
çıxışında Azərbaycanda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi,
informasiya təminatının
yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi,
təhsilimizin dünya təhsil məkanına
inteqrasiyası istiqamətində mühüm
işlər görüldüyünü
söyləyərək bütün bunların son nəticədə ölkəmizdə intellektual potensialın inkişafına xidmət
etdiyini bildirdi. Sonra professor A.Zamanov ölkəmizin dövlət müstəqilliyinin
bərpasından keçən 20 il ərzində
görülmüş işlərə
qısa ekskurs edərək, təhsil sahəsində
əldə olunmuş bəzi
uğurları diqqətə çatdırdı.
Çıxışının
sonunda rektor Təhsil
Şurasının rəhbərlik etdiyi institutla sıx əməkdaşlığına
görə bu qurumun rəhbəri
Əjdər Ağayevə təşəkkür etdi, Şuranın mükafatını
almış Ənvər Abbasovu təbrik etdi.
Elmi-praktik konfransda
Təhsil Şurasının sədri, professor
Əjdər Ağayevin "Azərbaycan
Respublikasında ümumi təhsilin modern inkişafı" mövzusunda
məruzəsi dinlənildi. Məruzəçi
müstəqilliyimizin 20 ili ərzində
təhsilin modernləşdirilməsi istiqamətində
aparılan işlərin bir neçə
mərhələdən keçdiyini,
1991-1993, 1993-1998, 1998-2003 və 2003-cü ildən bü günədək olan
dövrlərə böldüyü həmin
mərhələlərin hər birində görülmüş işlər, əldə
olunan uğurlar barədə
geniş məlumat verdi.
Sonra məruzə ətrafında
çıxışlar oldu. İlk söz alan Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədr
müavini, Təhsil Şurası İdarə
Heyətinin üzvü Şaiq
Əsgərov ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının
möhkəmləndirilməsi, təlim-tərbiyə işinin
təşkili, xüsusən də təhsilin normativ-hüquqi bazasının
hazırlanması sahələrində son
illər böyük işlər görüldüyünü, irimiqyaslı
layihələr həyata keçirildiyini,
möhtərəm Prezidentimiz İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın təhsil sahəsinə böyük diqqət və qayğı
göstərdiklərini bildirdi. Ş.Əsgərov
çıxışında ATİAHİ Respublika
Komitəsinin Təhsil Nazirliyi, Bakı
Şəhəri üzrə Təhsil İdarəsi,
BPKİYİ ilə birlikdə həyata keçirdiyi
çoxsaylı tədbirlərdən, layihələrdən
də bəhs edib, komitənin bütün bu tədbirlərdə
bərabər tərəfdaş kimi iştirak etdiyini söylədi,
keçirilən belə birgə layihələrin bəzilərini
diqqətə çatdırdı.
Tədbirdə
Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru
Ənvər Abbasov, Bakıdakı 177
nömrəli orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi
Həqiqə Məmmədova da
çıxış edib mövzu
ilə bağlı öz fikirlərini
bildirdilər, bəzi təkliflər irəli sürdülər. Ə.Abbasov layiq görüldüyü
mükafata görə Təhsil
Şurasının sədri, professor Ə.Ağayevə
minnətdarlığını ifadə etdi.
Yusif
ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 4 noyabr.- S.4.