Ədəbiyyatdan ev inşalarının təşkili
haqqında
Azərbaycan
xalqının gələcəyi, müstəqil Azərbaycanın
gələcəyi gənclərin bu gün aldıqları
bilik, təhsil və tərbiyədən asılıdır.
Heydər
ƏLİYEV
Son 20 ildə respublikamızın
ictimai-siyasi həyatında, o cümlədən təhsil
sistemində də böyük inqilabi dəyişikliklər
baş vermişdir. Müstəqillik yollarında sürətlə
irəliləyən ölkəmizdə ali məktəblərə
qəbul hazırda test üsulu ilə həyata keçirilir,
müasir avadanlıqlar, əyani-texniki vasitələrlə təchiz
olunan yeni ümumtəhsil məktəblərimizin sayı
sürətlə artır, köhnə məktəblər
yeni məktəblərə bərabər şəkildə dəyişmişdir.
Dünya təhsil sisteminə inteqrasiya etdiyimiz, ənənəvi
təlim üsulları ilə yanaşı, fəal təlim
metodlarından da geniş bəhrələndiyimiz bir vaxtda Azərbaycan
dili və ədəbiyyat müəllimləri hələ də
XX əsrin 70-ci illərində hazırlanmış
"Ümumtəhsil məktəblərində şagirdlərin
yazı işlərinin aparılması və dəftərlərinin
yoxlanmasına verilən vahid tələblər"lə
işləyirlər. Bu tələblər isə son dəfə
20 il bundan qabaq "Ana sözü" jurnalında təkrar
çap olunmuşdur (1991, ¹4-6, səh. 85-86). Böyük
dəyişikliyə ehtiyacı olan bu sənədi elə
olduğu kimi də qəbul etmək olar. Bəlkə də 40
il bundan əvvəl qəbul olunan bu sənəd öz
aktuallığını itirməmişdir. Bu başqa bir məqalənin
mövzusu olsa da həmkarlarımız üçün
faydalı olduğunu nəzərə alaraq təkcə o
"Tələblər"də əksini tapan, lakin müasir
proqramlarda (dərsliklərlə düz gəlməyən və
dəqiqləşmələrə ehtiyacı olan
"Ümumtəhsil məktəblərinin V-XI sinifləri
üçün Azərbaycan dili proqramı" 2002-ci,
"Ümumtəhsil məktəblərinin V-XI sinifləri
üçün ədəbiyyat proqramı" isə
2003-cü illərdə nəşr olunmuşdur, metodik ədəbiyyatda
xatırlanmayan və şagirdlərin inşa yazmaq vərdişlərinin
inkişaf etdirilməsində, tədqiqatçılıq
qabiliyyətlərinin formalaşdırılmasında müstəsna
rol oynayan ev inşaları haqqında məlumat verməyi
lazım bilirik.
Etiraf etmək lazımdır ki,
hazırda ali məktəblərə qəbul zamanı test
üsulundan istifadə olunduğu üçün şagirdlərin
inşa yazmaq həvəsi və maraqları çox zəifləmişdir.
(Bunun əsas günahkarı şagirdlər yox, məktəb
rəhbərləri və fənn müəllimləridir).
X-XI sinif şagirdlərinin 5-6 səhifə əvəzinə,
2-3 səhifə inşa yaza bildikləri bir vaxtda ev
inşalarından söz açmaq, bəlkə də yersiz
görünə bilər. Lakin unutmaq olmaz ki, ixtisasından,
cinsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları
doğma dilimizdə doğru, düzgün
danışmağı, savadlı və gözəl
yazmağı, öz fikirlərini yazı ilə ifadə etməyi
bacarmalıdır. Bu mühüm problemi isə ümumtəhsil
məktəblərində əvvəl ibtidai sinif, sonralar isə
fənn müəllimləri həyata keçirirlər.
Hazırda ümumtəhsil məktəblərində
uğurla həyata keçirilən təhsil islahatının
qarşısında duran əsas problemlərdən biri də
yeni insan şəxsiyyətinin formalaşdırılması,
bütün təlim-tərbiyə proseslərinin onun hərtərəfli
inkişafı məsələlərinin həllinə yönəldilməsidir.
Şagirdlərin inşa yazmaq vərdişləri isə
onların hərtərəfli inkişaf etdirilməsində
mühüm rol oynayır.
Ümumtəhsil məktəblərində
müxtəlif öyrədici imla, ifadə, inşa
yazılardan istifadə şagirdlərdə yoxlama inşa
yazmaq vərdişlərinin yaradılmasında böyük əhəmiyyətə
malik olur. Haqqında söz açılan ev inşaları isə
həm öyrədici, həm də yoxlama inşalara bənzəyir.
Lakin onlar həm də şagirdlərin tədqiqatçılıq
vərdişlərinin formalaşdırılmasına daha
çox xidmət edir. Çox təəssüfləndirici
haldır ki, bu vaxta qədər metodik ədəbiyyatda bu
inşaların aparılması üsulu, yoxlanması, qiymətləndirilməsi
və qiymətlərin jurnala yazılması haqqında müəyyən
məlumatlara təsadüf edilmir. Vaxtilə Moskva qəzetlərində
ev inşaları haqqında müəyyən məqalələrə
təsadüf olunduğu üçün Azərbaycan məktəblərində
ev inşalarının aparılması haqqında müvafiq ənənə
yaranmışdı. Lakin bəzi gənc müəllimlərimiz
hazırda bu inşalar haqqında məlumata malik deyillər.
Adətən, ev inşaları həm sərbəst
mövzulara, həm də təlim prosesində öyrədilən
əsərlərə həsr oluna bilər. Əvvəllər
ümumtəhsil məktəblərində ədəbiyyatdan hər
rübdə iki inşa yazıldığı halda, indi hər
yarım ildə iki yoxlama inşa yazdırılır. Bu vəziyyət
ev inşalarının aparılmasına olan ehtiyacı zərurətə
çevirir. Demək, ev inşaları üçün təlim
prosesində öyrədilən əsərlərdən ən
ümumi (çünki konkret mövzular sinifdə
yazdırılan yoxlama inşalara həsr olunur)
mövzuları əhatə etməlidir. Məsələn, 1.
X.Şirvani və M.Gəncəvi Azərbaycan
intibahının ilk nümayəndələri kimi; 2. N.Gəncəvi
və Azərbaycan intibahı; 3. Nizami
yaradıcılığında əməkçi insan surətləri;
4. N.Gəncəvi yaradıcılığında ədalətli
hökmdar problemi; 5. N.Gəncəvi
yaradıcılığında qadın surətləri; 6.
Nizami ədəbi məktəbinin davamçıları
haqqında; 7. Nizaminin mütərəqqi ideyaları bu
gün; 8. "Dədə Qorqud" qəhrəmanlıq
dastanıdır; 9. Alban-Aran ədəbiyyatı. Ərəb və
fars dilli Azərbaycan ədəbiyyatı; 10. Q.Təbrizinin həyat
və yaradıcılığı. Divan ədəbiyyatının
yaranması və onun janrları; 11. Azərbaycandilli ədəbiyyatın
yaranması. İzzəddin Həsənoğlu. "Dastan-Əhməd
Harami" və s.
"Ümumtəhsil məktəblərində
şagirdlərin yazı işlərinin aparılması və
dəftərlərinin yoxlanılmasına verilən vahid tələblər"də
il ərzində V-XI siniflərdə Azərbaycan dili və ədəbiyyatdan
yoxlama yazı normaları ilə yanaşı, ev inşaları
haqqında da məlumat verilmişdir: V-VI siniflərdə il ərzində onların
sayı 1, VII-VIII
siniflərdə 2, IX-XI
siniflərdə isə
3-dür.
Əgər ev inşalarının
sayı yoxlama yazı normaları ilə birlikdə verilirsə,
bu onları yoxlama inşalarına daha çox yaxınlaşdırır.
Məsələnin bu cür qoyuluşu müəllimlərimizin
ev inşalarının icrası ilə əlaqədar məsuliyyətini
daha da artırmalıdır.
Hər bir inşa
yazı şagirdin elmi əsəridir.
Müəllimlər çox gözəl
bilirlər ki, inşalar hazırda ümumtəhsil məktəblərində
çox geniş yayılan "İnşa"
kitablarından köçürülməməlidir.
Bu yazılar onların
mövzu ilə əlaqədar yiyələndikləri
nəzəri biliklərin
yazıda ifadəsi olmalıdır. Bu zaman şagirdlərin bilikləri möhkəmlənir
və uzun müddət onların hafizələrində yaşayır.
Buna görə də müəllimlər
bütün inşa yazılarının aparılmasına
xüsusi qayğı,
tələbkarlıq və
məsuliyyətlə yanaşmalıdırlar.
Məlumdur ki, X sinifdə il ərzində
üç ev inşası yazdırılmalıdır.
Birinci inşanın mövzusunu irəlidə göstərilən
qədim dövr Azərbaycan ədəbiyyatına
həsr etmək olar. Bu zaman
onları digər sərbəst və ədəbi mövzularla da zənginləşdirmək
olar. Bu qayda
ilə ikinci və üçüncü
inşalar üçün
də ümumi mövzular hazırlana bilər.
Müəllim mövzuları şagirdlərə paylayanda
hərəyə bir, ya da iki
şagirdə bir mövzu da verə
bilər. Hər mövzu ilə əlaqədar şagirdlərə
fərdi məsləhətlər
və istifadə olunan ədəbiyyatın
siyahısı da verilir. İnşalar xüsusi dəftərlərdə
20-30 gün müddətində
yazılır. İnşaların
həcmi isə ən azı 6-10 və daha çox
səhifədən ibarət
olur...
İnşalar hazır olandan sonra müəllim
onları yoxlayır və qiymətləndirir.
Bu işi hər
sinfin öz şagirdlərinə (yəni
şagirdlər bir-birinin
dəftərlərini yoxlayırlar),
həm də yuxarı sinif şagirdlərinə (hərəsinə
1-2 dəftər verməklə)
də gördürmək
olar. Təcrübə göstərir ki,
bu zaman şagirdlər inşaların
yoxlanılmasına çox
böyük məsuliyyətlə
yanaşırlar. Onlar səhvləri
müəllimlər kimi
qırmızı qələmlərlə
qeyd edir və yazıları qiymətləndirirlər. Lakin bu yazıları müəllimlər özləri
də yoxlayırlar.
Bu zaman həm
yazıda olan səhvləri, həm də yoxlayanın yol verdiyi nöqsanlar
qeyd olunur.
Metodik ədəbiyyatda ev inşalarının aparılması
haqqında müəyyən
fikrə təsadüf
edilmədiyi kimi, onların uçotunun
aparılması barədə
məlumatlara da rast gəlinmir. Odur ki, bir
çox məktəblərdə
ev inşaları
yazdırılmır, ev
inşaları yazdırılan
məktəblərdə isə
onun uçotu aparılmır. Lakin bizə elə gəlir ki, müəllim həyata keçirdiyi bütün işlərin, o cümlədən
ev inşalarının
da uçotunu aparmağa borcludur.
Məlumdur ki, ümumtəhsil məktəblərinin ədəbiyyat
proqramlarında VI sinifdə
sinifdənxaric oxu üçün ildə
4, V və VII-IX siniflərdə
isə 8 saat vaxt ayrılmış və dərslikdə də bununla əlaqədar materiallar mövcuddur. Zənnimizcə,
V-IX siniflərdə sinifdənxaric
oxu ilə əlaqədar keçirilən
ev inşalarının
qiymətləri də
hər yarım ildə sinifdənxaric oxu ilə əlaqədar
tədris olunan mövzuların yazıldığı
xanalarda yazılmalıdır.
X-XI siniflərin proqramlarında isə sinifdənxaric oxu üçün xüsusi
saat ayrılmamışdır.
Lakin əvvəllər "Ədəbiyyat"
dərsliklərində sinifdənxaric
oxunulacaq əsərlərin
adları qeyd olunurdu. İndi onlara da təsadüf olunmur.
Ədəbiyyat dərslərində seçmə saatlardan geniş istifadə olunduğu üçün
müəllimlər X və
ya XI sinifdə oxunması lazım olan əsərlərin siyahısını müəyyənləşdirir
və dərs ilinin sonunda o əsərlərin adını
şagirdlərə yazdırır
və yayda oxumalarını tapşırır.
Qabaqcıl və təcrübəli müəllimlər bu siniflərdə sinifdənxaric
oxu üçün jurnalın sonunda xüsusi bir səhifə ayırırlar.
Sinifdənxaric məşğələlərdə
oxunulmuş əsərlərin
uçotu məhz bu səhifədə aparılır. Həmin məşğələlərin
keçirildiyi günlər,
mövzuların adları,
oxunulmuş əsərlər
haqqında məlumat verən şagirdlərin qiymətləri də məhz bu səhifədə
qeyd olunur.
Ümumi bilik səviyyələrinin
inkişaf etdirilməsi
ilə yanaşı, şagirdlərin tədqiqatçılıq
qabiliyyətlərinin də
formalaşmasında mühüm
rol oynadığını
nəzərə alaraq
müəllimlər ev inşalarının
təşkilinə xüsusi
qayğı və tələbkarlıqla yanaşmalıdırlar.
Aydın PAŞAYEV,
Ofelya SEYFƏDDİNOVA
Azərbaycan müəllimi.- 2011.- 4 noyabr.- S.14.