İnşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

  

Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində filologiya fakültəsinin tələbələri arasında keçirilən xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsinin nəticələri ilə bağlı  tədbir keçirildi.  ADU-nun filologiya fakültəsinin dekanı Fikrət Cahangirov çıxış edərək  xalq yazıçısı Mirzə İbrahimovun ədəbi fəaliyyətindən, gənc nəslin tərbiyəsində, eləcə də Azərbaycan dilinin inkişafında göstərdiyi xidmətlərdən söz açdı.   "Mirzə İbrahimovdil məsələləri", "Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığı" və "Mirzə İbrahimov - ictimai-siyasi xadim kimi" mövzularında keçirilən müsabiqəyə toxunan dekan bildirdi ki, təqdim olunan 100-ə yaxın yazıdan qiymətləndirmə komissiyası 14 yazını mükafata layiq görüb.

Qalib tələbələrdən Məhəbbət Hacıyeva, Flora Zərbəliyeva, Aynur İsmayılova və magistr Mətanət Atakişiyeva isə çıxışlarında M.İbrahimovun Azərbaycan ədəbiyyatının və dilinin inkişafına verdiyi töhfələrdən danışdılar. Tələbələr  xalq yazıçısının yaradıcılığında azadlıq məfhumuna daha çox yer verdiyini qeyd etdilər.

ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev filologiya fakültəsinin tələbələrinin inşa müsabiqəsində uğurlu çıxışlarından məmnun olduğunu bildirdi. O, mədəni-kütləvi, ədəbi yaradıcılıq tədbirlərinin təşkilində filologiya fakültəsinin xüsusilə fərqləndiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.  M.İbrahimovun xidmətlərindən söz açan Ə.Əliyev tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev isə xalq yazıçısının ictimai-siyasi fəaliyyətindən danışdı. O, Mirzə İbrahimovun istər ictimai, istərsə də siyasi fəaliyyətində azadlıq axtarışında olduğunu və Azərbaycan dilinin kənar təsirlərdən qorunmasında mübarizlik göstərdiyini vurğuladı.

Sonda mövzular üzrə qalib olan 14 tələbə mükafatlandırıldı. Qaliblərə diplom və hədiyyələr təqdim olundu. 

 

 

Azərbaycan müəllimi.- 2011.- 4 noyabr.- S.15.