Qızlar arasında dünya çempionu
Mehdiyeva
Sevinc İlham
qızı 1994-cü il noyabrın 20-də
Bakıda ziyalı ailəsində anadan olub. O, Bakıdakı 64 nömrəli orta
məktəbin XI sinif şagirdidir.
İdmana olan sevgisi
uşaqlıq illərindən yaranıb. Dediyinə
görə, daha çox
Van Damm, Brüs Linin və digər
kino ulduzlarının filmlərinə
baxdıqdan sonra idmanı daha
çox sevməyə başlayıb. Sevinc Azərbaycan dili, ədəbiyyat
və tarix fənlərini daha
çox sevir. O deyir ki, "Hər bir kəs öz
xalqının tarixini və ədəbi irsini dərindən bilməli, ona
hörmətlə yanaşmalıdır. Hansı sənəti
sevib seçsən də mütləq Vətəninin
tarixini, xalqının mədəniyyətini
öyrənməyə borclusan". 16
yaşlı Sevincin uğurları az deyil. Dərslərinə
həvəslə yanaşsa da, hələ kiçik
yaşlarından bu çevik
və cəsur qızın arzuları ən çox
idmanla bağlı olub.
Özünü ən güclü
idmançı kimi görmək istəyib.
O, 5 yaşından başlayaraq Əhmədli
qəsəbəsindəki "Ruslan" idman sağlamlıq mərkəzində
idmanın karate növü
ilə məşğul olub.
Sevinc
Mehdiyeva özü haqqında
bunları əlavə etdi:
-İlk növbədə, idmanın yüksək
inkişafına və bu sahəyə
göstərilən böyük diqqət
və qayğıya görə ölkə
başçısı cənab İlham Əliyevə bütün
idmançılar və idmansevərlər adından öz minnətdarlığımı bildirirəm.
İdmanı sevən bir gənc kimi onu
deyə bilərəm ki, ölkəmiz
müstəqillik əldə etdikdən sonra
bütün sahələrdə olduğu kimi, idmanda da böyük
uğurlara imza
atdı. Sevindirici haldır ki, bu gün
dövlətimiz tərəfindən biz
idmançılar üçün hər
cür şərait yaradılıb.
Respublikamızın bütün
regionlarında müasir standartlara
cavab verən idman
kompleksləri, idman məktəbləri
yaradılıb. Ölkəmizdə uşaq
və gənclərlə iş bu gün möhkəm zəmin
əsasında qurulur. Gənclərin asudə
vaxtlarını maraqlı və
səmərəli keçirmələri, pis
vərdişlərdən uzaq olmaları üçün bu olduqca vacibdir.
Uğurlarım haqqında onu deyə bilərəm
ki, ilk dəfə
"Ruslan" idman
sağlamlıq mərkəzində məşğul olsam da, sonra
"Yüksək fərasət" idman klubunda məşqlərimi davam
etdirdim. Karate ilə beş
yaşından məşğul olmağa
başlamışam. İdmanda ciddi olmaq lazımdır.
Müəllimlərin tapşırıqlarına əməl edir və məşqlərə ciddi yanaşırıq. Bütün
uğurlarıma görə müəllimlərimə minnətdaram.
Xüsusən də məşqçi müəllimlərim Vüqar Kərimov və Vüqar
Məcidova təşəkkürümü bildirirəm. Hər bir
işdə ağıl və səbr ilə hərəkət
etmək lazımdır. Müəllimsiz sənin heç bir uğurun ola bilməz.
Yaxşı perspektivli bir
idmançı olmaq, böyük
uğurlar qazanmaq üçün zəhmət çəkmək
lazımdır. Bir şeyi qeyd
etmək istərdim ki, beynəlxalq turnirlərdə iştirak etmək üçün
biz idmançılara maddi
və mənəvi kömək göstərən Karate
Federasiyasının prezidenti Yaşar Bəşirova, federasiyanın bütün əməkdaşlarına təşəkkürümü
bildirirəm.
Bu
çalışqanlığın və fitri istedadın sayəsində Sevinc idmanda artıq kifayət
qədər uğurlar qazanmış, qələbələr
əldə etmişdir. O, respublika
və beynəlxalq yarışlarda bir
sıra yüksək mükafatlara layiq görülmüşdür.
İndiyədək iştirakçısı olduğu
yarışlarda Sevinc, ümumən, 14
qızıl, 6 gümüş, 10 bürünc medal
qazanmışdır. O, 2003-cü ildə Azərbaycan Karate -do Federasiyaları
Assosiasiyasının keçirdiyi uşaq və yeniyetmələrin respublika birinciliyində qızlar arasında
10-11 yaş qrupunda ən
yaxşı nəticə göstərərək birinci yeri tutmuşdur.
Bu, Sevincin ilk çempionluğu
idi. 2008-ci ildə isə S.Mehdiyeva
14-15 yaşlılar arasında üçüncü
yeri tutmuş, 2009-cu
ildə yeniyetmə və gənclər arasında respublika çempionatında gümüş
medala layiq görülmüşdür. 2009-cu ilin mayında Yaponiyanın məşhur karate ustası Hizokazu Kanazava Bakıda gənc karateçilərə
ustad dərsi keçərkən Sevincin məşqlərini
bəyənərək ona "Qara kəmər" təqdim etmişdir.
O, "Bakı Open" yarışmasında 16-17
yaşlı qızlar arasında bütün
döyüşləri udaraq qızıl medalla təltif edilmiş,
Gürcüstanın Batumi şəhərində
Qara dəniz və Xəzərətrafı
ölkələrin açıq çempionatında üçüncü yeri
tutmuşdur. 2010-cu ildə isə
qadınlar arasında keçirilən respublika
çempionatında fəxri kürsünün
ən yüksək pilləsinə qalxaraq
qızıl medala layiq
görülmüşdür. Onun ən böyük uğuru
2010-cu ildə Türkiyənin İstanbul
şəhərində keçirilən 16-17 yaşlı
qadınlar arasında Şotakan karate üzrə birinci dünya çempionatında bütün
döyüşləri qələbə ilə başa vuraraq dünya çempionu
adını qazanmasıdır. Ümumiyyətlə, respublika və beynəlxalq
yarışlarda qazandığı qələbələrə
görə Sevinc qırxa yaxın diplom və fəxri fərmanla təltif olunmuşdur. Sevinc bu ilin
iyun ayında Yunanıstanın Loutraki şəhərində keçirilən
karate üzrə dünya
kuboku yarışlarında da müvəffəqiyyətlə
çıxış edərək Vətənə qələbə
ilə dönmüşdür.
Rafayıl
Mehdiyev, 64 nömrəli orta məktəbin direktoru:
-Sevinc Mehdiyeva təhsilinə
elə 64 nömrəli orta məktəbdən
başlayıb. 2006-cı ildə mən burada direktor kimi fəaliyyətə başlayanda
Sevinci adi uşaqlardan biri kimi tanımışdım. Dərslərindən
həmişə "əla" qiymətlər alan, nizam-intizamı və tərbiyəsi ilə
müəllimlərinin hörmətini qazanan
Sevinc əsasən Azərbaycan dili, ədəbiyyat və tarix
dərslərini daha çox
sevir. S. Mehdiyeva idmanla bərabər, dərslərində də
yaxşı nəticələr qazanır. Onun
şəkli məktəbin həm idman, həm
də şərəf guşəsindədir. O, həmişə
dostları ilə mülayim və tərbiyəli
rəftar etməklə seçilir. Sevinc çox vətənpərvər
qızdır. O, idmanla yanaşı, Azərbaycan
tarixi ilə daha
yaxından maraqlanır. Məktəbdə keçirilən vətənpərvərlik
mövzusunda inşa
yazı müsabiqələrində həmişə
qabaqcıl yerləri tutur. O, heç vaxt güclü idmançı olduğunu
büruzə vermir. Həmişə özünü sakit və
mədəni aparır. Məktəblərarası keçiriən
idman yarışlarında, "Şahin" hərbi-idman oyunlarında Sevinc həmişə oxuduğu
məktəbin adını uca edir. Vətənimizi Sevinc
kimi ləyaqətlə təmsil edən,
üçrəngli dövlət bayrağımızı beynəlxalq
turnirlərdə zirvələrə qaldıran gənclərimizlə
təkcə onların ata-anası deyil, biz hamımız fəxr edirik.
Məşqçisi
Vüqar Kərimovun sözlərinə
görə, Sevinc məşqlərə ciddi yanaşan, öz üzərində müntəzəm
çalışan, zəhmət çəkməkdən qorxmayan, işləməkdən usanmayan perspektivli bir idmançıdır. Məşqçinin
dediklərindən: "Sevinc 5-6
yaşlarından bizim zala
gəlir. Gəldiyi ilk vaxtlardan
hiss olunurdu ki, bu uşaqda
idmana böyük həvəs
və sevgi var. O, məşqlərdə verilən
tapşırıqları məsuliyyətlə yerinə yetirir,
həmişə öz üzərində
işləməyi çox sevir. İlk vaxtlardan bu qızın gələcəyi
barədə rəy vermək mümkün
idi. Çünki o, məşqçi müəllimlərin hər
bir hərəkətini,
priyomları tez
qavrayırdı. Ailələrində müəyyən
problemlərin olması Sevincin əvvəllər
məşqlərdə müntəzəm iştirak
etməsinə imkan vermirdi.
Valideynləri onun idmançı
olmasını istəmirdilər. Ancaq Sevincin bu idman
növünə olan həvəsi ailəsini
razı saldı. İndi isə valideynləri
Sevincin idman uğurları ilə fəxr edirlər. S.Mehdiyeva
qısa vaxt ərzində klublar arasında keçirilən
yarışlarda birincilik əldə edərək
Bakı və Azərbaycan çempionatına vəsiqə qazanmağa nail oldu. O, ilk dəfə 10
yaşlı qızlar arasında 8 yaşında respublika çempionu oldu. Baxmayaraq ki, Sevincin 8 yaşı var idi, amma
o bunun öhdəsindən
bacarıqla gəldi. Bundan sonra
o, dəfələrlə Azərbaycan çempionu oldu. Sevinc 2009-cu
ildən başlayaraq ölkəmizi beynəlxalq
turnirlərdə layiqli təmsil etməyə
başladı, dəfələrlə dünya
və Avropa çempionatlarında II və
III yerlərə layiq görüldü.
Onun ən böyük
uğuru 2010-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən
dünya karate federasiyasının təşkil etdiyi dünya
çempionatındakı uğuru oldu. S. Mehdiyeva bu beynəlxalq turnirdə ölkəmizi
layiqincə təmsil edərək
dünya çempionu oldu. O, Azərbaycan bayrağını dünya turnirində zirvələrə
qaldıraraq bütün idmansevərləri
və xalqımızı sevindirdi. Komanda yarışlarında da
çempion olaraq iki qızıl medalla vətənə
döndü. 2012-ci ilin
fevral ayında Sevinci Avropa çempionatı gözləyir. Mən
və digər məşqçilər ümid
edirik ki, o, həmin beynəlxalq turnirdə də öz sözünü deyərək
ölkəmizi layiqli təmsil edəcək.
Sevincin
uğurlarında mənimlə bərabər baş
məşqçi, dəfələrlə dünya
və Avropa çempionu
olmuş Vüqar Məcidovun,
yığma komandanın məşqçiləri Şahin Xudaverdiyev və Anar Allahverdiyevin zəhməti
böyükdür. İnanırıq ki, Sevinc bütün
ümidləri doğruldacaq".
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2011.- 11 noyabr.- S.14.