Xalq yazıçısı ilə görüş

   

Oktyabrın 28-də Azərbaycan Dillər Universitetində xalq yazıçısı Mövlud Süleymanlı ilə görüş keçirildi. ADU-nun filologiya fakültəsinin və Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən fakültənin dekanı, professor Fikrət Cahangirov ADU-da belə tədbirlərin keçirilməsinin ənənə halı aldığını bildirdi.  O, ədəbiyyat sahəsində tanınmış şəxslərlə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışaraq belə tədbirlərin tələbələrin dünyagörüşünün formalaşmasında önəmli rol oynadığını qeyd etdi.

Görüşdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Səyyad Aran, Bakı Slavyan Universitetinin tərcümə fakültəsinin dekan müavini, dosent Kamran Hacıyev, ADU-nun tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev M.Süleymanlının Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, yazıçının geniş düşüncə, çoxşaxəli fəaliyyət istiqamətlərindən və ədibin yazı üslubunun digər yazarlardan fərqləndiyindən söz açdılar.

Görüşdə ədibin həyat və yaradıcılığını əks etdirən slayd da nümayiş olundu. Tələbələr ədibin şeirlərindən parçalar səsləndirdilər.  Tədbirdə iştirakçıları maraqlandıran çoxsaylı suallar da cavablandırıldı.

Sonda xalq yazıçısı M.Süleymanlı ona göstərilən diqqəti yüksək qiymətləndirdi və "Məndən sonralar" şeirini söylədi.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 11 noyabr.- S.15.