Pedaqoji
jurnalistikanın fədailərindən biri
Mənə belə gəlir
ki, cəmiyyətdə fəal mövqe tutmuş, əməlləri
ilə hörmət və ehtiram
qazanmış insanlar haqqında söz demək o qədər
də asan məsələ deyil. Çünki barəsində
söz açacağın insanın bütün həyat yoluna,
problemlərinə, uğurlarına
gərək bələd olasan. Bu bələdliyi isə kiminsə söhbəti,
kiminsə yazısı, hətta yazacağın insanın tərcümeyi-hal
məlumatları da mükəmməl
şəkildə verə bilmir. Bunun üçün gərək
o insanın həyatının, ömür yolunun şahidi olasan. Bu baxımdan mənim üçün
Yusif Əliyev haqqında yazmaq,
onun 60 illik ömür yoluna nəzər
salmaq çətin deyil.
Çünki mən onu
lap kiçik
yaşlarından tanıyıram.
Həsənəli
kişinin ailəsi Salyan
rayonunun Qırmızıkənd kəndində
yaşayırdı. Atası Həsən kişi
Şərq ədəbiyyatına bələd, Quran
oxuyan maarifçi bir insan idi.
O, öz biliyini
övladlarına, nəvələrinə,
tanıdığı, bildiyi gənclərə
ötürməyə çalışardı. Həsənəli
kişi də atasının verdiyi təhsili yaşadan,
Qurani-Kərimə bələd bir insan kimi
tanınırdı. O, 1941-1945-ci illər Böyük
Vətən müharibəsində ağır bir döyüş yolu keçmişdi. Cibinə
sığışan kiçik bir Quran kitabını həmişə
öz yanında gəzdirmişdi. Bəlkə
elə buna görə də ağır
döyüşlərdə ağır itkilərdən salamat çıxmışdır. Onun övladları da babadan, atadan qalma zəhmətsevərliyi, maarifçiliyi,
halallığı, səbrliliyi, şərəf və ləyaqətini
qorumağı özlərinə amal
seçmişlər. Yusif Əliyev
babasını görməsə də, atasından çox şeyləri - zəhmətsevərliyi,
dostlara sədaqətli olmağı, sadəliyi,
təvazökarlığı, davranışda, ünsiyyətdə
mədəniyyət nümayiş etdirməyi
əxz etmişdir. Bəlkə
elə buna görə də o, Qırmızıkənd orta
məktəbinin 8-ci sinfini bitirdikdən sonra müəllimlik peşəsinə yiyələnməyi
qərarlaşdırdı. Onun bu istəyində məktəbin direktoru, bacarıqlı ədəbiyyat müəllimi
Abuzər Ağayevin və əmisi, ibtidai sinif müəllimi
Səfərəli Məmmədovun da
payları olmamış deyildir.
Yusif sənədlərini Əli
Bayramlı Pedaqoji Texnikumuna
təhvil verəndə qəbul komissiyasında onu xüsusi qayğı və
diqqətlə qarşıladılar. Çünki
8 illik məktəbi "əla" qiymətlərlə
bitirmişdi. Tələbəlik illərinin
1967-1971-ci zaman kəsiyi bu
təhsil ocağında keçdi. O, ilk kursdan başlayaraq,
təhsil əlaçısı kimi
tanındı, ictimai işlərdəki fəallığı
ilə seçildi. Ona
görə də şəkli şərəf lövhəsini
bəzədi, təşkilatçılığı ilə
həyata keçirilən tələbə tədbirləri məzmunca
və formaca zənginliyi ilə bütün iştirakçıların
marağına səbəb oldu. O, bu illərdə mükəmməl təhsil və
pedaqoji təcrübə keçərək,
ibtidai sinif müəllimi
ixtisasına yiyələndi, fərqlənmə diplomuna layiq bilindi.
Texnikumda keçən qaynar tələbə həyatı onu insanlarla, cəmiyyətlə
ünsiyyətə hazırlamışdı. Rayon
qəzetində və texnikumun divar qəzetində dərc etdirdiyi
məqalələr maraqla oxunurdu.
Yusif təhsilini davam
etdirmək qərarına gəldi. Amma bu dəfə müəllimlik ixtisasını
deyil, jurnalist
olmağı seçdi.
Texnikumda olduğu
kimi, Bakı Dövlət Universitetində
də Yusif Əliyevin sənədlərini
həvəslə qəbul etdilər. Ona
bildirdilər ki, texnikumu
fərqlənmə diplomu ilə bitirdiyi üçün
yalnız bir fəndən - ədəbiyyatdan
yazılı imtahan verməlisən. O, tərəddüd etmədən bu
sınağa qatıldı. Bircə imtahandan
"əla" qiymət alaraq, jurnalistika ixtisasına yiyələnmək üçün şans
qazandı. Beşillik universitet
həyatı, ali məktəbdə tələbəlik
illəri Yusifin şəxsiyyət və
mütəxəssis kimi yetişməsində
mühüm rol
oynadı. Görkəmli jurnalist kimi tanınmış və jurnalistika
elminin tədqiqi ilə məşğul olan dəyərli müəllimləri onun jurnalist peşəsinə
mükəmməl yiyələnməsinə xeyli
əmək sərf etdilər. 1976-cı ildə o, universiteti bitirdi. Harada işləmək
sualı yarananda o, pedaqoji mətbuatda çalışmaq istədiyini
bildirdi. Mən o zaman "Azərbaycan məktəbi"
jurnalının baş redaktoru
vəzifəsində çalışırdım. Gənc jurnalist Yusif Əliyevin pedaqoji mətbuata maraq
göstərdiyini eşitdim və bunu təbii saydım. Çünki
o, ilkin olaraq pedaqoji biliklərə
yiyələnmiş, müəllimlik ixtisasına sahib olmuşdur. Mənim
belə bir jurnalist, kadr olaraq diqqətimi
çəkdi. Ona görə də Yusif Əliyevi universitet məzunları
sırasından "Azərbaycan məktəbi"
jurnalının redaksiyasında işləməyə dəvət
etdim. Lakin məsələ
asanlıqla həll olunmadı. O zamankı Azərbaycan KP
MK-nın Elm və Təbliğat
şöbələrindən bildirdilər ki,
Yusif Əliyevin təyinat alması üçün MK-ya tələbnamə
göndərmək lazımdır. O zamanlar jurnalistlərin işlə təminatında
Azərbaycan KP MK-nın müvafiq
şöbələri əsas rol
oynayırdı. Belə olduqda mən MK-ya tələbnamə göndərərək,
pedaqoji və jurnalist
təhsilli Yusif Əliyevin "Azərbaycan
məktəbi" jurnalı redaksiyasına göndərilməsini
xahiş etdim.
Xahişimizə əməl olundu. Fikirləşdim
ki, Yusif Əliyev nə
qədər istedadlı və pedaqoji mətbuata
uyğun kadr olsa da, hələ bu sahədə mükəmməl praktik bacarıqlara malik deyil. Ona görə də
onu korrektor vəzifəsinə
işə qəbul etdim. İki
il mətbəədəki korrektor
otağında əyləşərək, jurnalın korrektəsini
həyata keçirdi, eyni
zamanda texniki redaktor bacarığına da
yiyələndi. Bundan sonra
onu redaksiyada
şöbə müdiri vəzifəsinə
irəli çəkdim. Sonrakı illərdə
o, məsul katib, baş redaktor müavini vəzifələrində
çalışdı. Bu zaman
jurnalın baş redaktoru
Zəhra xanım Əliyeva idi. 1976-cı
ildən 1992-ci ilə qədər "Azərbaycan məktəbi"
jurnalındakı fəaliyyəti Yusifi
tanınmış qələm sahibinə çevirdi.
O, pedaqoji mövzuda
yazdığı sanballı məqalələri ilə həm
jurnalist həmkarları, həm də pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə
qarşılandı.
Yusif Əliyev kollektivdə
sevilən, böyük hörmətə layiq əməkdaş kimi
tanınırdı. O, özünün
sadəliyi, qayğıkeşliyi, müəlliflərlə
yüksək mədəni münasibəti ilə
çoxlarından seçilirdi. Seçdiyi oçerk qəhrəmanlarının
problemlərini özü həll edirdi. Onun sağlam
mənəviyyatlı, ləyaqətli olması, olduqca zəhmətkeş və
halallığa tapınan amalı ona
hamıda inam və etibar
yaratmışdır. İndiki kimi yadımdadır: Ordubad
rayonunun Bist kəndindən
Sadıq Xanəliyev adlı bir müəllim
məktublaşdığı, Rusiyada yaşayan Böyük Vətən
müharibəsi qəhrəmanını redaksiyaya
gətirmişdi. Onların dostluğu
haqqında məqalə hazırlamaq lazım idi.
Yusif Əliyev məqaləni
hazırladı, mən yazıda onların şəklinin də
yerləşdirilməsini təklif etdim. Səhəri
gün S.Xanəliyev istənilən şəkli
mənə təqdim etdi. Dedi
ki, sizin nə qədər
təvazökar, qayğıkeş əməkdaşınız
var. O, bizi fotoatelyeyə
apardı, şəklimizi çəkdirdi, pulunu
ödədi, hələ bizi günorta yeməyinə də qonaq
etdi. Soruşdum: "Kimdir o?". Cavab verdi: "Yusif Əliyev".
O, belə
insandır, - dedim. Heç
kəsdən minnət və təmənna götürməz.
Amma özü
faydalı olmağa can
atar.
Təsadüfi
deyildir ki, 1981-ci ildən
baş redaktor vəzifəsində
işləyən Zəhra xanım Əliyeva onu
əvvəlcə məsul katib, bir neçə il sonra isə baş redaktor müavini vəzifəsinə
irəli çəkmişdi.
1990-cı
illər təlatümlü oldu. Jurnal və qəzetlər ya
fasilələrlə nəşr olunur, ya da nəşrini
dayandırırdı. Jurnalistlər redaksiyalardan
digər sahələrdə işləməyə üz tuturdular. Yusif Əliyevin
problemi asanlıqla həll olundu.
Çünki onun
müəllimlik peşəsi də vardı. 1992-ci ildən
1995-ci ilə qədər Bakıdakı 264 nömrəli orta ümumtəhsil məktəbində əvvəlcə
ibtidai sinif, sonra isə Azərbaycan dili
və ədəbiyyat müəllimi kimi fəaliyyət
göstərdi. Bu müddətdə
də o, özünün
səbri və təmkini, şagirdlərlə və valideynlərlə
yüksək mədəni davranışı, metodik
ustalığı ilə böyük
hörmət qazandı.
1993-cü
ilin sentyabrından "Azərbaycan müəllimi"
qəzeti nəşrini bərpa etdi. Yeni baş redaktor,
vaxtilə "Azərbaycan məktəbi" jurnalı
redaksiyasında məsul katib olmuş, tanınmış jurnalist-publisist
Məhəmməd Baharlı Y.Əliyevi qəzetə
şöbə redaktoru vəzifəsinə
dəvət etdi. Bu dəvət,
bəlkə də M.Baharlının Yusif Əliyevə
verdiyi qabiliyyətli, bacarıqlı jurnalist dəyərindən daha
çox, onun
insanlığına, həmkar, dost fədakarlığına
hörmət və ehtiramından irəli gəlmişdi.
Məhəmməd
Baharlı "Azərbaycan məktəbi" jurnalının
məsul katibliyindən o zaman
yeni nəşrə başlayan
"Gənclik" jurnalına məsul katib
vəzifəsinə dəvət edilmişdi.
Bu gediş nəticəsində
Y.Əliyev məsul katib vəzifəsinə
irəli çəkilmişdi. İki il işlədikdən sonra
M.Baharlı yenidən "Azərbaycan məktəbi"
jurnalına qayıtmalı oldu. Belə alındıqda
Y.Əliyev baş redaktordan
xahiş etdi ki, onu şöbə müdiri vəzifəsinə keçirsin,
M.Baharlının isə məsul katib kimi işləməsinə şərait
yaratsın. Baş redaktor
bu təklifə etiraz
etsə də, Y.Əliyev sözündə israrlı olduğunu bildirdi. Beləliklə,
bir çoxlarının etmədikləri
və ya edə bilməyəcəkləri
humanizmi Yusif Əliyev
nümayiş etdirdi.
Nəticədə iki jurnalist
həmkarın dostluğu daha
da möhkəmləndi.
Yusif Əliyev "Azərbaycan
məktəbi", "Azərbaycan müəllimi",
"Təhsil və zaman" jurnal və qəzetlərində, eləcə
də digər mətbuat orqanlarında minə qədər
müxtəlif səpgili yazılarla çıxış edib. Bunların arasında operativ
xəbərlər, reportajlar, qeydlər,
oçerklər və digər irihəcmli publisist
yazılar vardır. O, bir sıra
rubrikaların yaradıcısı və daimi
aparıcısı olmuşdur. Onun jurnalist müşahidəsi
ölkənin qabaqcıl təhsil ocaqlarından, maarif xadimlərindən yan
keçmir. Onlarla
nümunə olan insanların, pedaqoji kollektivlərin örnək iş üslubunu, nailiyyətlərini,
uğurlarını qələmə alıb, oxucularına təqdim
edib. Onun rəngarəng
mövzuları həm məzmunca, həm də təqdimat
formasına görə oxucularının marağını, rəğbətini
qazanır. Qeyd etdiyim kimi, müəllim-jurnalist Yusif
Əliyev təhsilin bütün növləri,
sahələri, pillələri, mərhələləri
haqqında məharətlə yaza bilən
qələm sahibidir. Onun
"Müəllim ömrü"
rubrikasında qabaqcıl müəllimlər haqqında
yazdığı məqalələrdə sanki
haqqında bəhs edilən insanların qəlbi döyünür, gördüyü
işlər göz önündə
canlanır. "Müəllim təcrübəsi"
rubrikasında təqdim etdiyi dərslərdən,
təlim prosesindən, onun metod
və texnologiyalarından, müasirləşməsindən
yazılar sadəcə informasiya xarakteri daşımır, müasirləşmə
yollarını oxucusuna öyrədir, onu inkişaf etdirir. Y.Əliyevin görkəmli
təhsil xadimləri ilə müsahibələri yalnız
ölkə daxili ilə məhdudlaşmır,
yaxın qonşu ölkələrdəki
görkəmli təhsil təşkilatçılarının
iş təcrübəsi, fikir
və ideyaları ilə təkcə jurnalistikanı deyil, pedaqoji
axtarışları zənginləşdirir.
Ayrı-ayrı tədbirlərdən - təqdimatlardan,
görüşlərdən, müşavirələrdən, konfranslardan, kollegiya
iclaslarından və s. yazdığı informasiyalar həmişə dolğunluğu,
məzmunu çatdıra bilməsi və oxunaqlığı
ilə diqqəti cəlb edir. Onun müsahibləri sadə təhsil
işçisindən təhsil nazirinə qədər, adi tələbədən rektora
qədər hər bir fəal insan, lider şəxsiyyət
ola bilir.
Yusif Əliyev o
jurnalistlərdəndir ki, qəzet səhifələrində
imzası görünən kimi diqqəti
cəlb edir. Yazdığı məqalə
təkcə maraqla deyil,
müəllifə məhəbbətlə oxunur.
O, işlədiyi redaksiyada və jurnalistlər
arasında ən təcrübəli yazar,
ən mehriban, xeyirxah insan, heç vaxt qeybət və şikayətin nə olduğunu bilməyən sadə vətəndaş
kimi yüksək dəyərləndirilir.
Onun sevinci də, kədəri
də ümumxalq sevinci
və kədərindən doğur. Qələmini torpaqlarımızı işğal edənlərə qarşı
mübarizədə şəhid olmuşların, köçkün və didərgin
düşmüşlərin, qaçqınlığa məcbur
edilmişlərin həyatından bəhs edən yazılar
üzərində işlədəndə sanki
özü də onlara
qoşulur, onların faciəsini
yaşayır. Bəlkə elə buna
görə də ürək əməliyyatına məruz qalan jurnalist digərlərinin
qəlb arzularını, ürək
çırpıntılarını həssaslıqla duyur, xoş duyğular oyadan sözləri
ilə onlara məlhəm olmağa
çalışır...
Yusif Əliyev oxucuları tərəfindən
sevildiyi qədər də dövlətimiz,
hökumətimiz tərəfindən qiymətləndirilir.
2007-ci ildə ölkə başçısı Prezident İlham Əliyevin
sərəncamı ilə o, "Azərbaycan
Respublikasının əməkdar jurnalisti"
fəxri adına layiq bilinmişdir. Buna qədər isə Təhsil
Nazirliyinin, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin və digər nüfuzlu qurumların fəxri fərmanları,
diplomları, pul mükafatları ilə əməyi
dəyərləndirilən Yusif Əliyev,
eyni zamanda "Kamil sənətkar" diplomu
təqdim edilməklə, "Qızıl qələm"
mükafatının laureatı olmuşdur.
Yusif Əliyev vəfalı, sədaqətli
həyat yoldaşı, qayğıkeş ata
kimi də ailəsində böyük
nüfuz sahibidir. Onun bir oğlan,
iki qız övladı vardır. Hər üçü yüksək ixtisaslı, ali təhsilli mütəxəssisdir.
Elin-obanın xeyir-şər işlərində heç vaxt geridə qalmayan jurnalist, yurduna, soy-kökünə
bağlılığı ilə də örnəkdir.
Pedaqoji jurnalistikada öz dəst-xətti,
izi olan bu zəhmətkeş insanın 60 yaşı tamam olur. Düz
deyiblər ki, illər qanadlı quş kimi uçur.
1951-ci ilin noyabr
ayının 20-də dünyaya gələn
Yusifin doğum gününü ap-aydın xatırlayıram.
O gün Qırmızıkənd kəndində hamı ata Həsənəli
kişini, ana Sayad xanımı təbrik edirdi.
Uşağın adını Yusif qoymuşdular. "Yusif
peyğəmbər kimi gözəl olsun, hörmətli, nüfuzlu
olsun, tanınan, məşhur olsun", - deyirdilər. Elin
arzusu çin olub. Yusif Əliyev 60 illik ömür
zamanında bitib-tükənməyən mənəvi sərvət
qazanıb, Azərbaycan jurnalistikasının fəxri ad daşıyan, şöhrətli insanı kimi tanınır. Hər şeydən əvvəl,
ən gözəl keyfiyyətləri özündə cəmləşdirən
insanlıq mücəssəməsinə çevrilib.
Biz onu yubileyi
münasibətilə böyük səmimiyyətlə
təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Əjdər
AĞAYEV
Azərbaycan
müəllimi.- 2011.- 11 noyabr.- S.7.