Elmira
Mikayıl qızı Qafarova
Elmira
Mikayıl qızı Qafarova 1934-cü ildə
Bakıda anadan olub. Bakı şəhərindəki
23 nömrəli orta məktəbdə təhsil
alıb.1958-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsini fərqlənmə diplomu
ilə bitirdikdən sonra aspiranturada
oxuyub. 1961-ci ildə Elmira
Qafarova dissertasiya
müdafiə edərək filologiya elmləri
namizədi alimlik dərəcəsi
alıb. 1961-1970-ci illərdə Azərbaycan
KP MK-nın təlimatçısı, Azərbaycan Lenin Kommunist Gənclər
İttifaqı MK-nın katibi və birinci katibi vəzifələrində
çalışıb. 1970-1980-ci illərdə Azərbaycan
KP MK mədəniyyət şöbəsinin müdir
müavini, Bakı Şəhər Partiya Komitəsinin katibi
işləyib. Elmira Qafarova
1980-ci ildə xalq maarifi
naziri təyin edilib, 3
il bu vəzifədə
çalışıb.
Sov. İKP MK-nın Siyasi Bürosu
üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin
rəhbərliyi altında həmin illərdə respublika məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, təlimin məzmununun
təkmilləşdirilməsi, pedaqoji kadrlarla təminatın
yaxşılaşdırılması istiqamətlərində
görülən işlərdə xalq maarifi naziri kimi təşkilatçılıq
bacarığını əsirgəməyib. Respublika
üzrə müxtəlif elmi-praktik
konfransların təşkilində, məktəblərdə pedaqoji mühitin
yaxşılaşdırılmasında xüsusi
fəallıq göstərib.
Elmira Qafarovanın təşəbbüsü
ilə Estetik tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi
yaradılıb. Bununla bağlı nazirliyin işçiləri Zaqafqaziyanın mərkəzi
şəhərlərinə dəfələrlə ezamiyyəyə
göndərilib və nəhayət, mərkəzin səmərəli
fəaliyyəti təmin olunub.
Həmin
dövrdə müəllimlərin təltif olunması mərasimləri
xüsusilə yaddaqalan olurdu.
1981-ci ildə Azərbaycanda orden-medallara layiq görülmüş
305 maarif işçisinin
Siyasi-Maarif Evində təltif olunması mərasiminə
Heydər Əliyev də qatılıb və onlara
orden, medalları şəxsən özü təqdim edib. Təhsil sahəsində
də milli kadrların irəli çəkilməsinə
xüsusi önəm verən Heydər Əliyevin
təşəbbüsü ilə "SSRİ xalq
müəllimi" fəxri adına namizədlər
arasında azərbaycanlılara xüsusi yer verilirdi.
Orta məktəbi bitirənlərin
qızıl, gümüş medalla təltif edilməsi adi
məsələlərdən biri olsa da, Elmira
Qafarova bunu xeyli sərtləşdirib, bu
işə nəzarəti gücləndirib. Eləcə də
qəbul olunmuş qərara əsasən uşaqlar valideynlərinin müəllim
işlədiyi məktəblərdə təhsil ala bilməzdilər.
Müsbət
haldır ki, Elmira
Qafarovanın dövründə xarici
ölkələrlə təhsil sahəsindəki əlaqələr
də xeyli canlandı. Xaricdə işləməyə
gedən azərbaycanlı gənclərin sayı artdı. Azərbaycana
Polşadan, Macarıstandan, Vyetnamdan, Bolqarıstandan, Finlandiyadan
və başqa ölkələrdən
nümayəndələr
səfər edirdi.
Elmira Qafarovanın incəsənət
işçiləri ilə sıx əlaqəsi var idi. Ən
tanınmış mədəniyyət və incəsənət
işçiləri nazirliyə tez-tez gəlirdilər.
O,
qadınların rəhbər vəzifələrə irəli
çəkilməsinə də müsbət
yanaşırdı. Həmin illərdə Sabirabad,
Balakən, Yevlax, Səbail, Nərimanov, Xaçmaz, Naftalan və başqa rayonlarda xalq maarifi şöbələrinə
qadınlar müdir təyin olunmuşdu.
1983-cü
ildə Azərbaycanın xarici işlər
naziri təyin edilən Elmira
Qafarova 4 ilə yaxın bu
vəzifədə çalışıb. 1987-ci ildə Azərbaycan
Respublikası Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin edilib.
SSRİ
Ali Sovetinin və bir neçə çağırış Azərbaycan
SSR Ali Sovetinin
deputatı olub.
Dağlıq
Qarabağ hadisələrinin regionda ciddi ziddiyyətlər
doğurduğu bir zamanda Elmira Qafarova Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin
sədri seçilib. Bu
qurumun adı dəyişdiriləndən sonra isə 1991-ci ilə qədər Respublika Ali Sovetinin sədri vəzifəsində
çalışıb.
Elmira Qafarova 1993-cü
ildə vəfat edib.
Azərbaycan müəllimi.- 2011.- 11 noyabr.- S.6.