ABŞ-da filialını açmaq istəyən
universitet
"Çağ" Öyrətim
İşlətmələri Şirkətinin Qafqaz Universiteti
Dünyanın
onlarca ölkəsində yaratdığı tədris müəssisələri
vasitəsi ilə təhsil xidmətləri göstərən
qardaş Türkiyənin "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin Azərbaycana gəlişinin
20 ili tamam olur. Bu illər ərzində
şirkət ölkəmizdə də kifayət qədər
geniş coğrafiyanı əhatə edən təhsil
ocaqları şəbəkəsi quraraq Azərbaycan
balalarının təhsillənməsi, ölkəmiz
üçün yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması yönündə böyük xidmətlər
göstərmiş və hazırda da göstərməkdədir.
Şirkətin demək olar ki, bütün tədris
müəssisələri verdikləri təhsilin yüksək
keyfiyyətinə görə ölkə ictimaiyyətinin dərin
rəğbətini qazanmışdır. Bu təhsil
ocaqları arasında yeganə ali təhsil
müəssisəsi olan Qafqaz Universiteti isə fəaliyyətə
başladığı 1993-cü ildən bəri böyük
inkişaf yolu keçərək ölkənin ən yüksək
reytinqli ali məktəblərindən birinə
çevrilmişdir.
18 il öncə cəmi bir neçə ixtisasla fəaliyyətə
başlayan universitetdə hazırda bakalavr pilləsində 22,
magistratura pilləsində 18, doktorantura pilləsində isə
7 ixtisas üzrə mütəxəssis
hazırlığı aparılır. İlk vaxtlar universitetə
hər il 150-200 nəfər tələbə gəlirdisə,
bu il bakalavr səviyyəsi üzrə 600, magistratura səviyyəsi üzrə isə
200 tələbə qəbul olunub.
Ötən
müddət ərzində universitetə daxil olan tələbələrin
keyfiyyət baxımından tərkibi də müsbətə
doğru xeyli dəyişmişdir. Belə ki, əgər əvvəllər
qəbul imtahanlarında 400-500, bəzən isə 300 bal
toplayan abituriyentlər Qafqaz Universitetinə qəbul
olunurdularsa, indi əsasən 500, 600-dən yüksək bal
toplayanlar bura gəlirlər. Təkcə onu göstərək
ki, bu il qəbul imtahanlarında ən yüksək - 700 bal
toplamış 4 abituriyentin 4-ü də Qafqaz Universitetini
seçmişdir və hazırda universitetin kompüter mühəndisliyi,
informasiya texnologiyaları və sistemləri mühəndisliyi,
kimya mühəndisliyi bölmələrində təhsil
alırlar. 185 tələbə universitetə
600-dən yuxarı balla qəbul olunmuşdur. Bu il qəbul imtahanlarında yüksək bal
toplayaraq Prezident təqaüdünə layiq görülən
102 I kurs tələbəsinin 25-i Qafqaz Universitetini
seçmişdir. Ölkə üzrə ali
məktəblər arasında yüksək reytinqə malik
olan Qafqaz Universiteti "QS World University Rankings-2011"
reytinqinə görə dünyanın 700 ən yaxşı
universiteti siyahısına daxil olmuşdur. Universitet
bu siyahıda 601-ci yerdədir.
Bütün
bunlar sadəcə fakt və rəqəmlər olmayıb,
Qafqaz Universitetinin təhsili yüksək səviyyədə təşkil
etməsindən, ölkə ictimaiyyəti arasında
nüfuzundan xəbər verir.
Ulu öndər
Heydər Əliyevin xeyir-duası ilə ölkəmizdə fəaliyyətə
başlayan və həmişə etimada yüksək sədaqət
göstərən Qafqaz Universitetinə ümummilli liderimiz
Heydər Əliyev, onun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
hər zaman yüksək dəyər verilmiş və
lazımi dəstək göstərilmişdir. İlk illər
darısqal bir binada fəaliyyət göstərən
universitetə müasir universitet şəhərciyi yaratmaq üçün şəhər
kənarında geniş torpaq sahəsinin ayrılmasını
da məhz bu diqqət və qayğının parlaq təzahürü kimi qiymətləndirmək olar.
Hazırda
universitet zəngin maddi-texniki bazaya malikdir. Geniş,
yaraşıqlı tədris korpusları və yataqxanalar, ən
müasir cihaz və avadanlıqlarla təchiz olunmuş
laboratoriyalar, İKT-nin geniş tətbiqinə əsaslanan tədris
sistemi, yüksək ixtisaslı professor-müəllim heyətinin
olması universitetdə mütəxəssislər
hazırlığını dünya standartları səviyyəsində
həyata keçirməyə imkan verir.
Universitetin məzunları 46 ölkədə
çalışır
Bəs Azərbaycan
ali təhsil məkanında xüsusi yeri
olan Qafqaz Universitetinin son illər əldə etdiyi
uğurların səbəbi nədir? Gənclər nə
üçün bu ali məktəbə
daha çox üstünlük verir və bura daxil olmağa
can atırlar? Qafqaz Universitetini Azərbaycanda çox iri
universitet saymasa da, yetkili bir universitet olduğunu
düşünən bu ali təhsil
ocağının rektoru, professor Ahmet Saniçin fikrincə,
bunun səbəblərindən biri universitetin ən
mühüm, önəmli göstəricisi olan məzunlarıdır.
Bu gün Qafqaz Universitetinin məzunları 46
müxtəlif ölkədə ya çalışır, ya
da magistratura və doktoranturada təhsillərini davam etdirirlər.
Məzunlar arasında həm dövlət, həm
də özəl sektorda ən yüksək vəzifələrdə
çalışan insanlar vardır. Universitetə
üz tutan ən yüksək ballı abituriyentlər də məhz
o məzunlara baxaraq gəlirlər. Burada məzunlar
universitetdən belə bir tövsiyə ilə həyata pərvazlandırılırlar:
"Haraya
gedirsinizsə gedin, olduğunuz o yeri yüksəkliyə
qaldırmağa çalışın". Bunun üçün
lazım olan bilik və bacarıqlar universitetdə məzun
olacaq tələbələrə dərindən
aşılanır.
Avropa təhsil modeli və yüksək texnologiyalar
uğurların əsas təminatçısıdır
Qafqaz
Universitetində layihələrlə bağlı təhsilə
üstünlük verilir. Çünki özəl
universitet xərclərinin 20-30 faizini məhz qoşulduğu,
iştirakçısı olduğu layihələrdən əldə
etmək məcburiyyətindədir. Tələbələr
də tələbəlik dövründə bu layihələrlə
işləməyə alışırlar. Bu səbəbdən
də həyatda çətinliklərlə
qarşılaşanda onları bacarıqları hesabına
aradan qaldırmağa nail olurlar. Müasir dövrdə işəgötürənlər
də məhz belə həyati bacarıqlara
üstünlük verdiklərindən universitetdə həmin
bacarıqlara yiyələnmiş məzunlar iş tapmaqda o qədər
də çətinlik çəkmirlər.
Rektorun qənaətinə
görə, rəhbərlik etdiyi Qafqaz Universitetinin qısa
müddətdə ölkəmizin ən öndə gedən
ali məktəblərindən birinə çevrilməsinin səbəblərindən
biri də vaxtilə əksəriyyəti Türkiyədən
gəlmiş, indi isə azərbaycanlıların təşkil
etdiyi professor-müəllim heyətinin Azərbaycan sevgisi ilə,
ölkəmizi sevərək çalışmaları, öz
fəaliyyətlərində bu duyğu və
düşüncələri milli dəyərlər olaraq rəhbər
tutmalarıdır. Digər bir səbəb
universitetdə türk, Avropa təhsil modelinin tətbiq
olunmasıdır. Ulu öndər Heydər Əliyevin
universiteti yaradanlara verdiyi "Köhnə təhsil sistemi ilə
davam etmək olmaz, hökmən müasir təhsil sisteminə
keçmək gərəkdir" tövsiyəsini nəzərə
alan universitet 1993-cü ildən
güclü model hesab olunan Türkiyə modeli ilə, kredit
sistemi ilə işləyir. Ölkəmiz Boloniya Bəyannaməsinə
qoşulduqdan sonra isə digər ali təhsil
müəssisələrindən fərqli olaraq Qafqaz
Universiteti cəmi 6 ay ərzində Boloniya sisteminə
keçmişdir.
Uğurların
digər bir səbəbi isə universitetdə texnologiyanın
ən yeni modellərinin tətbiqi ilə bağlıdır. Hələ kompüter Azərbaycanda
yayılmadığı dövrdə Qafqaz Universitetində
onlardan geniş istifadə olunurdu. İndi
İKT hər yerdə geniş tətbiq olunur və kifayət
qədər kompüterə sahib olmaq fəxredici durum
sayılmır. Ona görə də indi
universitetin əsas qayğısı hələlik
çoxları üçün əlçatmaz olan ən
yeni və yüksək texnologiyaların əldə
olunması və təhsildə tətbiqidir. Bu işdə
iş dünyası ilə əlaqələrinin universitetə
böyük köməyi dəyir. Məsələn, təkcə
son bir il ərzində "Azercell Telecom" Şirkətinin
köməyi ilə universitetdə 2G, 3G və 4G tipli ən
müasir telekommunikasiya laboratoriyaları qurulmuşdur. BP
şirkəti isə ötən il burada
modern kimya mühəndisliyi laboratoriyaları
yaratmışdır. Yaxın vaxtlarda BP universitetdə
mexanika laboratoriyaları açmağı da
planlaşdırmışdır.
Universitetdə
mənəvi cəhətdən köhnəlmiş
kompüterlər müntəzəm olaraq yeniləşdirilir,
tələbələr üçün innovasiya mərkəzləri
açılır.
Qafqaz
Universitetində təhsil Azərbaycan və ingilis dillərində
aparılır. Tədrisin ingilis dilində aparıldığı
ixtisaslar üzrə təhsil müddəti dil
hazırlığı daxil olmaqla 6 ildir. Lakin
tələb olunan səviyyədə dil
hazırlığı nümayiş etdirən tələbələr
birbaşa bakalavr təhsilinə başlaya bilərlər.
Universitetə azərbaycanlı tələbələr
TQDK-nın keçirdiyi qəbul imtahanları, xarici ölkələrdən
gələn gənclər isə universitetdə təşkil
olunan ön testlər vasitəsi ilə qəbul edilirlər.
Müəllimlərin işə qəbulu da
ciddi seçim prosedurları vasitəsi ilə həyata
keçirilir. İlk illər Türkiyədən
gələn müəllimlərə üstünlük verilir
və belələri professor-müəllim heyətinin 80-90
faizini təşkil edirdi. Zaman keçdikcə
bu tendensiya da dəyişmişdir. İndi
əksinə, professor-müəllim heyətinin 80-90 faizi azərbaycanlılardır.
Bu zaman Türkiyədə, xarici ölkələrdə
doktorantura təhsili almış azərbaycanlı mütəxəssislərə
üstünlük verilir. Universitet onlara
qaneedici əməkhaqqı təklif edir. İşə
qəbul zamanı müraciət edənin ingilis dilini bilməsi,
İKT bacarıqları əsas şərtlər kimi nəzərə
alınır.
Maddi-texniki baza
Qafqaz
Universitetində maddi-texniki və tədris bazasının
möhkəmləndirilməsi daim diqqət mərkəzindədir
və bu istiqamətdə müntəzəm iş
aparılır. Hazırda universitet şəhərciyində
2 tədris korpusu inşa olunur. Onların bu il istifadəyə verilməsi nəzərdə
tutulub. Yaxın illərdə daha 2 korpusun tikilməsi
və yataqxana şəbəkəsinin genişləndirilməsi
planlaşdırılıb. Beləliklə, 5-6 il ərzində universitet şəhərciyi
tamamlanmış olacaqdır. Mövcud texnoloji avadanlığın 5
ildə bir dəfə dəyişdirilməsi həyata keçirilir.
Nəticədə universitetdə daim ən yeni
texnologiyalardan, müasir kompüterlərdən istifadə
olunur. İnternet şəbəkəsi son
dərəcə yüksəkdir. Məhz
bunun hesabına universitetdə məsafədən (distant) təhsil
formasından, videokonfranslardan geniş istifadə olunur. Türkiyə,
İsveç, Amerika, eləcə də digər ölkələrlə
tez-tez videokonfranslar keçirilir.
Burada
bir neçə videokonfrans otağı yaradılmış və
müasir İKT vasitələri ilə təchiz olunmuşdur.
Bir
zamanlar universitetin hədəfi ancaq təhsil vermək idisə,
indi elmi çalışmalara daha çox üstünlük
verilir. Universitet alimlərinin elmi məqalələri
dünyanın nüfuzlu elmi jurnallarında dərc olunur,
patent alacaq elmi tədqiqatlara xüsusi önəm verilir.
Universitetdə 10 elmi-tədqiqat mərkəzi fəaliyyət
göstərir.
Bu il universitetdə iki
yeni ixtisas açılıb
Hazırda
universitetdə bakalavriatura, magistratura səviyyələrində
bütövlükdə 26 ixtisas üzrə kadr
hazırlığı aparılır. İxtisaslar müəyyənləşdirilərkən
onlara tələbat ciddi surətdə öyrənilir və nəzərə
alınır. Mövcud maddi-texniki
bazanın, texnologiyanın, professor-müəllim heyətinin
yüksək olması burada vaxtaşırı olaraq yeni-yeni
bölümlərin açılmasına imkan verir.
Ötən il mexanika mühəndisliyi və
jurnalistika ixtisasları açılıb. Bu il
hər iki ixtisasa ilk tələbə qəbul olub. Jurnalistika ixtisası İstanbul Universiteti ilə birgə,
onların proqramına uyğun fəaliyyət göstərir.
Müəllimlər də İstanbul
Universitetindən gəlir. Məqsəd
Türkiyə jurnalistikasının təcrübəsini buraya
gətirməkdir. Universitet rəhbərliyi
faydalı olacağına ümid etdiyi mühasibat uçotu,
kimya-biologiya müəllimliyi ixtisaslarının, BP-nin köməyi
ilə ya inşaat, ya da neft mühəndisliyi
bölümünün açılmasını da nəzərdə
tutur.
İş dünyası ilə əlaqələr
Qafqaz
Universitetinin uğurlarının əsas səbəblərindən,
bu ali məktəbi digərlərindən
fərqləndirən cəhətlərdən biri iş
dünyası ilə yaradılmış sıx əlaqələrdir.
Rektorun fikrincə, Harvard, Kembric kimi universitetlər
hazırda tamamilə sənaye ilə bərabər
çalışır. Çünki sənaye ilə, iş dünyası ilə birgə
çalışmayan universitet kitabların arasında
boğulub qalır. Bu səbəbdən Qafqaz Universiteti
artıq çoxdan universitet divarlarını aşıb,
iş dünyası ilə sıx əlaqələr
yaratmışdır. Hazırda universitet "Azərsun
Holdinq", "Embavud Holdinq", "Azərkimya",
"Azercell Telecom" və b. şirkətlərlə
sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq
həmin şirkətlərin universitetdə laboratoriyaların
qurulmasına və müasir avadanlıqla təchiz
olunmasına kömək göstərməsi, şirkətlərdən
gələn mütəxəssislərin universitetdə kurslar
yaradaraq yeni texnologiyalarla iş prinsipləri və
qaydalarını tələbələrə öyrətməsi,
tələbələrin həmin şirkətlərin müəssisələrində
təcrübə keçməsi, universitetin
professorlarının şirkətlərə gedib bəzi məsələlərdə,
xüsusən də elmi-tədqiqat işlərində
onların mütəxəssislərinə
yardımçı olması, elmi məsləhətlər
verməsi və s. şəklində həyata keçirilir. Nəticədə hər iki tərəf əməkdaşlıqdan
böyük fayda götürür. Əməkdaşlıq
birgə layihələr işlənməsi formasında da
reallaşdırılır. Universitetlə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının arasında da sıx əməkdaşlıq
əlaqələri mövcuddur. Bu əlaqələr
çərçivəsində müəllimlik ixtisasları
üzrə təhsil alan tələbələrin
akademiyada təcrübə keçmələri təşkil
olunur.
Beynəlxalq əlaqələr
Qafqaz
Universitetini bir çox xarici ölkələrin universitetləri
ilə də sıx əməkdaşlıq əlaqələri
birləşdirir. Bu
baxımdan Türkiyənin, Avropa və Amerikanın ali təhsil müəssisələri ilə əlaqələr
daha sıxdır. Bunlarla yanaşı, universitet
Koreya, Qazaxıstanla da əlaqələr qurmuşdur. Hazırda Rusiya ilə əlaqələrin
qurulması istiqamətində təşəbbüslər
edilir. Universitetin tələbələrinin
təxminən üçdə iki hissəsi xaricdə, əsasən
də Türkiyədə, Almaniyada təcrübə
keçirlər. Bir çox xarici universitetlərlə
imzalanmış anlaşmalara əsasən Qafqaz Universitetinin tələbələri
1 il və ya 6 ay ölkə xaricində təhsil
ala bilirlər. 2006-2007-ci tədris ilindən
etibarən Amerikanın Troy Dövlət Universiteti ilə
birlikdə məzunlara ikili diplom vermək şərtilə 2
ixtisas üzrə MBA proqramı açılmışdır.
Bu təhsil ocağı beynəlxalq layihələrdə
də yaxından iştirak edir. Ötən il universitetin iştirakçısı
olduğu Avropa İttifaqının bir TEMPUS layihəsi
başa çatıb. Beynəlxalq əlaqələrin
artırılması məqsədini daşıyan layihə
Qafqaz Universitetinə bir çox xarici universitetlə
anlaşma yaratmasına imkan verib. Bu il
isə universitet 3 TEMPUS layihəsini və tələbə
mobilliyini saxlayan 1 Erazmus Mundus layihəsini udub. Hər
iki layihə, şübhəsiz, universitetin xarici ölkələrlə
əlaqələrini daha ciddi şəkildə gerçəkləşdirmək
imkanı verəcəkdir.
Qafqaz
Universitetində məzunlarla sıx əlaqə
saxlanılır. Burada fəaliyyət
göstərən "Karyera Planlama Mərkəzi" iş
dünyası ilə əlaqələr qurulmasına səy edərək
məzunların işlə təmin olunmasına yardım
göstərir. Bu əlaqələr nəticəsində
böyük holdinqlərin nümayəndələri universitetə
gəlib tələbələrlə görüşür, məsləhətlər
verirlər. Bu zaman onlar həm də tələbənin
necə olduğunu öyrənmiş olurlar. Nəticədə özlərinə lazım olan
işçiləri tələbələr arasından
seçirlər. Məzunlarla elektron
poçt vasitəsi ilə əlaqə saxlanılır,
universitetdə onlarla görüşlər keçirilir, məzunlar
tədbirlərə dəvət olunurlar. Bu
qayda ilə məzunların fəaliyyəti, karyera
inkişafı davamlı olaraq izlənilir.
Tələbə dərnəkləri
Tələbələrin
dünyagörüşünün genişlənməsi, mənəvi
tələbatlarının ödənməsi, ideal
düşüncələrə sahib olması da Qafqaz
Universitetində ən önəmli məsələlərdəndir. Burada hesab edirlər ki, həyata
atılacaq mütəxəssis insana təkcə ixtisas biliklərini
öyrətmək kifayət deyil. Həyata
uğurlu adaptasiya üçün məzun olacaq tələbələrə
geniş dünyagörüşü, mənəvi dəyərlər
də aşılanmalıdır. Bu istiqamətdə
iş universitetdə tələbə dərnəkləri
vasitəsi ilə həyata keçirilir. Hazırda
universitetdə 26 tələbə dərnəyi fəaliyyət
göstərir. Tələbələrin 60
faizi bu dərnəklərin işində iştirak edir. Dərnəklər milli bayramlarımızın,
acılı günlərimizin qeyd olunması üçün
rəngarəng proqramlar həyata keçirirlər. Universitetdə xarici ölkələrdən tələbələrin
də oxuduğu nəzərə alınaraq ayrı-ayrı
ölkələrin milli bayramlarına həsr olunmuş tədbirlər
düzənlənir. Bütün bu tədbirlər
tələbələrin özlərinin təşəbbüsü
və təşkilatçılığı ilə baş
tutduğundan onlarda təşkilatçılıq bacarıq
və vərdişlərinin formalaşmasına da müsbət
təsir göstərir.
Universitetdə
tələbələrin dünyagörüşünün genişləndirilməsinə, iş
dünyasına inteqrasiyasına hesablanmış aylıq
seminarların, dövlət və hökumət rəsmiləri,
tanınmış elm və mədəniyyət xadimləri,
iş adamları ilə görüşlərin keçirilməsi
də ənənə halını alıb. Belə
tədbirlər tələbələrin dəvət
olunmuş tanınmış adamların həyat və fəaliyyəti
ilə tanışlığında, onların nümunəsində
tərbiyəsində mühüm rol oynayır. Tələbələr
sevdikləri, maraqlandıqları idman növləri ilə də
bu dərnəklərdə məşğul ola
bilirlər.
Gələcək hədəflər
Yarandığı
ilk illərdə ölkənin ən yaxşı ali məktəblərindən birinə
çevrilməyi hədəfə almış Qafqaz
Universitetinin yaxın və uzaq perspektiv üçün də
maraqlı planları vardır: universitet kampuslarından kənara
çıxmaq, universitet xaricində filiallar açmaq. Universitet rəhbərliyinin fikrincə, bu, Azərbaycanın
içində olduğu kimi, ölkənin xaricində də
olmalıdır. Bu baxımdan universitetin
niyə də Amerikada bir filialı olmasın. Bu, hələlik arzu da olsa, universitetdə onu
yaxın gələcəkdə reallaşdırmaq üzərində
düşünürlər.
Universitetin
rektorunun sözlərinə görə, Qafqaz Universiteti
hazırda Harvard, Kembric və s. kimi dünyanın ən nüfuzlu
universitetlərinə tələbə göndərməsi ilə
fəxr edir. Həmin universitetlərdən tələbə
almaq isə gələcək hədəflərdəndir.
Universitet məzunları arasında hazırda
dünyanın ən nüfuzlu ödüllərinə layiq
görülənlər var. Lakin universitetin bir hədəfi də
Nobellik insanlardır.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.- 11
noyabr.- S.4-5.