TEMPUS proqramı çərçivəsində beynəlxalq simpozium keçirilib
Naxçıvan
Dövlət Universitetində Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində
"İnnovasiyaların tətbiqi: inkişaf
və müasirləşmə" mövzusunda
beynəlxalq simpozium keçirilmişdir.
Simpoziumdan öncə Leyzpig Tətbiqi Elmlər
Universitetinin rəhbərlik etdiyi, Portuqaliya Superior de Paços
de Brando İnstitutunun, Fərqanə Dövlət Universitetinin, Azərbaycan Milli
TEMPUS Ofisinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və
Naxçıvan Dövlət Universitetinin
birgə həyata keçirəcəkləri Univent
TEMPUS layihəsi "dəyirmi masa"
ətrafında müzakirə olunmuş,
layihə ilə bağlı təkliflər verilmiş,
perspektiv planlar müəyyənləşdirilmişdir.
Simpozium işinə başlamazdan öncə universitetin
İnnovasiyaların Ötürülməsi Mərkəzinin açılış mərasimi olmuşdur.
Rektor, akademik İsa Həbibbəyli,
Leypzig Tətbiqi Elmlər Universitetinin
İnnovasiya sistemləri və multimedia proqramları kafedrasının professoru, Univent layihəsinin
koordinatoru Klaus Haenssgen, Fərqanə Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Madaminbek Əhmədov, həmin universitetin dosenti, layihənin
Özbəkistan arxiv direktoru
Alişar Yunusov, Azərbaycan
Milli TEMPUS Ofisinin
rəhbəri Pərviz Bağırov, NDU-nun elmi işlər
üzrə prorektoru, layihənin Azərbaycan
üzrə koordinatoru Anar
Kazımov, yeni mərkəzə rəhbərlik
edəcək, iqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm
Cabbarzadə və digərləri çıxış edərək
respublikanın ali məktəblərində
fəaliyyət göstərəcək ilk
innovasiya mərkəzinin əhəmiyyətindən
danışmışlar.
Simpoziumu giriş
sözü ilə rektor,
akademik İsa Həbibbəyli
açaraq universitetin
beynəlxalq əlaqələrindən, bir
sıra beynəlxalq təşkilatlarla əməkdaşlığından,
o cümlədən Avropa
Birliyi ölkələrinin TEMPUS
proqramının layihələrində fəal iştirakından
danışmışdır. 1999-cu ildə TEMPUS proqramı
çərçivəsində "Naxçıvan Dövlət
Universitetində beynəlxalq əlaqələrin
qurulması" layihəsi ilə qalib gələn
bu ali məktəb
sonrakı illərdə informasiyaları kommunikasiya
texnologiyalarının tətbiqi ilə bağlı layihələrin
təqdimatında, 2010-cu ildə isə Azərbaycan Dillər Universitetinin müəllifi olduğu
"Azərbaycanda şifahi və
yazılı tərcümənin tədrisi sahəsində islahatlar" adlı layihədə
Avropanın Fransa,
Almaniya, İtaliya və
Böyük Britaniyanın ali
məktəbləri ilə birgə fəal iştirak
etmişdir. Rektor Naxçıvan Dövlət Universitetinin
yerli əlaqələndirici qismində iştirak etdiyi,
Almaniyanın Leypsiq Universitetinin,
Danimarka, Portuqaliya kimi ölkələrinin, Özbəkistanın
8 təhsil müəssisəsinin, o
cümlədən Azərbaycandan 3 universitetin
qoşulduğu "İnnovasiyaları
işgüzarlığa çevirməkdə universitetlərin
rolunun artırılması" adlı
layihənin əhəmiyyətindən
danışmışdır.
Sonra Fərqanə Dövlət
Universitetinin rektoru, biologiya elmləri doktoru Madaminbek Əhmədov, Leypzig
Tətbiqi Elmlər Universitetinin İnnovasiya sistemləri və multimedia
proqramları kafedrasının professoru, Univent layihəsinin koordinatoru
Klaus Haenssgen, Azərbaycan
Milli TEMPUS Ofisinin rəhbəri
Pərviz Bağırov məruzələrlə
çıxış etmişlər. Məruzələrdə
Univent TEMPUS layihəsinin gerçəkləşdirilməsinin
əhəmiyyətindən, innovasiyaların texniki
və texnoloji müasirləşmədə,
elmi-tədqiqat işlərinin aparılmasında, təhsildə
rolu barədə məlumat verilmişdir. Çıxışlarda TEMPUS
proqramının tərəfdaş ölkələrdə institusional əməkdaşlığın, ali təhsilin təkmilləşməsi
və inkişafındakı xidmətlərindən
danışılmışdır. Qeyd olunmuşdur ki, yeni layihənin əsas məqsədi
innovasiyaların işgüzarlığa cəlb olunmasında
universitetlərin funksiyalarını fəallaşdırmaqdır.
Plenar iclasın sonunda
incəsənət fakültəsinin hazırladığı
konsert proqramı izlənilmişdir.
Növbəti
gün simpozium "İnnovasiya texnologiyaları" və
"Sahibkarlıq, inkişaf və modelləşdirmə" mövzularında plenar
iclaslarla işini davam etdirmişdir. Yekunda layihə
çərçivəsində həyata keçiriləcək
müştərək treninqlər, elmi təcrübə
mübadilələri və digər tərəfdaşlıq
məsələləri müzakirə olunmuş,
bütün bunların dünya
təcrübəsinin öyrənilməsində, modern tədris üsullarının tətbiqində
böyük rol
oynayacağı bildirilmişdir.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2011.- 11 noyabr.- S.3.