BDU-nun rektoru Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

  

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib.

Rektor Abel Məhərrəmov Azərbaycanla Ukrayna arasında qardaşlıq, dostluq əlaqələrinin mövcudluğundan danışıb, universitetin tarixi, bu günü barədə məlumat verib. Ukraynanın Kiyev şəhərində keçirilən "MDB-yə üzv olan ölkələrin elm və yaradıcı ziyalılarının VI forumu" çərçivəsində Avrasiya  Universitetləri  Birliyi və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının birgə iclasında iştirakına toxunan akademik Abel Məhərrəmov bu tədbirin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu qeyd edib. 

Səmimi qəbul üçün rektor Abel Məhərrəmova minnətdarlığını bildirən səfir Aleksandr Mişenko Bakı Dövlət Universitetinin təhsil və elm sahəsindəki böyük təcrübəsi barədə məlumatı olduğunu bildirib. Ölkəsinin ali məktəbləri haqqında ətraflı danışan Aleksandr Mişenko Ukrayna universitetləri ilə Bakı Dövlət Universiteti arasında bir çox sahələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq təkliflər səsləndirilib.

 

 

Azərbaycan müəllimi.- 2011.- 11 noyabr.- S.2.