AMEA-da "Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda seminar keçirilib

  

 Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Azərbaycan Müəllimlər İnstitutunun təşəbbüsü ilə "Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda seminar keçirilmişdir.

İTİ-dən AzərTAc-a bildirmişlər ki, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti, ölkəmizdə İKT-nin, informatika elminin inkişafı istiqamətində həyata keçirilən tədbir və layihələr, qəbul edilən dövlət proqramları haqqında məlumat vermişdir.

Müasir dövrdə informasiya təhlükəsizliyi məsələlərinin qlobal problemlərdən olduğunu qeyd edən R.Əliquliyev institutda İnternetin elmi-nəzəri əsaslarının tədqiqi ilə bağlı mühüm işlərin aparıldığını diqqətə çatdırmışdır. O, İTİ-də aparılan elmi-tədqiqat işlərinin, əldə edilən elmi nəticələrin Thomson Reuter Agency-nin istinad indeksli jurnallarında əksini tapmasının mühüm göstərici olduğunu vurğulamışdır. İTİ-də "İnformasiya cəmiyyəti problemləri" şöbəsinin fəaliyyət göstərdiyini bildirən alim institutun bu sahədə həyata keçirdiyi layihələrdən bəhs etmişdir.

İnformasiya cəmiyyətində hər kəsin informasiyabilik əldə etmək, mübadilə aparmaq imkanına malik olduğunu qeyd edən R.Əliquliyev bütün bunlara nail olmaq üçün təhsil sisteminin qarşısında insanlarda informasiya mədəniyyətini formalaşdırmaq və inkişaf etdirmək, elektron vətəndaş yetişdirmək kimi mühüm vəzifələrin dayandığını bildirmişdir. Alim qlobal dünyada cəmiyyətin informasiyalaşdırılması prosesinin getdiyini, dünya təhsil məkanında layiqli yer tutmaq üçün təhsil sistemində müasir informasiya texnologiyalarının tətbiqinin zəruriliyini vurğulamışdır. O, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təhsilin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi, keyfiyyətinin yüksəldilməsi, vahid elm-təhsil məkanının formalaşdırılması, Azərbaycanın təhsil sisteminin dünyanın təhsil sisteminə inteqrasiyası məqsədlərinə xidmət etdiyini qeyd etmişdir.

Bu gün təhsil sistemində müasir informasiya texnologiyalarının geniş tətbiqinə böyük önəm verildiyi diqqətə çatdırılmışdır. Təhsilin informasiyalaşdırılması problemləri ilə bağlı AMEA İTİ-də aparılan elmi tədqiqatlardan danışan institutun direktoru araşdırmaların müxtəlif elmi istiqamətləri əhatə etdiyini bildirmişdir.

Sonda R.Əliquliyev müəllimləri maraqlandıran sualları cavablandırmışdır.

 

 

Azərbaycan müəllimi.- 2011.- 11 noyabr.- S.2.