Rays Universiteti
Yerləşir: ABŞ, Texas ştatı, Hyuston şəhəri
Yaranma tarixi: 1912-ci il
Tipi: Özəl
İşçi heyətinin ümumi
sayı: 2802 nəfər
Tələbələrin ümumi
sayı: 6100 nəfər
İllik gəlirləri: 52640800 ABŞ dolları
İllik xərcləri: 525442000 ABŞ dolları
Rəsmi saytı: www.rice.edu
Rays Universiteti (Rice University) ABŞ-ın Texas
ştatının Hyuston şəhərində yerləşən
özəl elmi-tədqiqat müəssisəsidir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Rays Universiteti 100 ən yaxşı ali məktəb
arasında 100-cü yerdə olub. 2010-cu il
üzrə dünyanın ən nüfuzlu universitetləri
arasında Rays Universiteti "Times Higher Education World University
Rankings"in apardığı araşdırmaya əsasən
47-ci, "QS World University Rankings"in açıqlamasına
görə isə 115-ci yerdə qərarlaşıb. 2011-2012-ci tədris ilində Rays Universiteti "Times
Higher Education World University Rankings"in apardığı
araşdırmaya əsasən 72-ci yerdə dayanır.
Tarixi
Rays Universitetinin tarixi Massaçusets ştatından olan
biznesmen Uilyam Marş Raysın adı ilə
bağlıdır. Texas ştatında pambıq
satışı ilə məşğul olan Rays yüksək
məbləğdə vəsait əldə edir. 1891-ci ildə Rays Hyuston şəhərində
öz adını daşıyan müstəqil təhsil
müəssisəsi yaratmaq qərarına gəlir.
1900-cü il sentyabrın 23-də Rays qəflətən
vəfat edir və ölümündən sonra onun vəsiyyətnaməsi
ətrafında mübahisələr yaranır. Sonradan
Raysın vəkili Albert Patrikin vəsiyyətnamədə
saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.
1907-ci ildə
yeni yaradılacaq ali təhsil müəssisəsinin
Qəyyumlar Şurası Prinston Universitetində Riyaziyyat və
astronomiya kafedrasının müdiri olan Edqar Odell Lovetti Rays
İnstitutuna rəhbər təyin etmək qərarına gəlir.
1908-ci ildə Lovett təklifi qəbul edir və 1912-ci il oktyabrın 12-də rəsmi olaraq Rays
İnstitutun prezidenti təyin olunur. Bu vəzifənin
icrasına başlayan E.O.Lovett 1908-1909-cu illər ərzində
dünyanın 78 ali təhsil müəssisəsinə
baş çəkir və tədqiqatlar aparır. Səfərləri
zamanı Pensilvaniya Universitetinin estetik gözəlliyini, Kembric
Universitetinin yataqxana kolleclərini bəyənən Lovett
gördüklərini rəhbərlik etdiyi ali
məktəbdə tətbiq etmək qərarına gəlir.
Lovett yüksək səviyyəli, liberal və texniki təhsil
verən ali məktəb yaratmaq niyyətində
olur. 1911-ci ildə Rays İnstitutunun hazırda
Lovett Holl kimi tanınan inzibati binası tikilir. 1912-ci il sentyabrın 23-də, Raysın
ölümünün ildönümündə universitetin
Uilyam Marş Rays adına Ədəbiyyat, Dəqiq və
Humanitar Elmlərin İnkişafı İnstitutu fəaliyyətə
başlayır. İnstitutda 48 oğlan, 29
qız tələbə təhsil alır və
yarandığı gündən institutda qızlarla
oğlanların birgə təhsil almalarına icazə verilir.
3 həftə sonra həmin institutda
dünyanın diqqətini çəkəcək beynəlxalq
akademik festival təşkil olunur. 1916-cı
ildə institutun 35 nəfər tələbəsinə
bakalavr, 1 nəfərə isə magistr dərəcəsi
verilir. Onu da qeyd edək ki, universitetdə
ilk doktorluq dərəcəsi 1918-ci ildə verilib.
1930-cu ildə
Lovett Hollun yaxınlığında Uilyam Marş Raysın əyləşmiş
şəkildə böyük tunc heykəli qoyulur. İkinci
Dünya müharibəsi dövründə Rays İnstitutu
"Milli V-12 Donanma Kollec Tədris Proqramı"nda iştirak
edən 131 ali məktəbdən biri olur. İnstitutun prezidenti Lovettin təklif etdiyi yataqxana
kolleclərinə uyğun olaraq 1958-ci ildə buradakı
İst Holl Beyker, Sout Holl Uill Rays, Uest Holl Hanszen, Uiess Holl isə
Uiess kolleci adlandırılır.
1960-cı ildə Rays İnstitutu rəsmi olaraq Uilyam
Marş Rays Universiteti adlandırılır. 1962-ci ildə
ABŞ prezidenti Con Kennedi Rays stadionunda çıxış edərək
60-cı illərin sonunadək ABŞ-ın Aya kosmik gəmi
göndərəcəyini və dünyanın ən nəhəng
kosmik dövlətə çevriləcəyini bəyan edir.
1960-cı ildən Rays
Universiteti NASA ilə
əməkdaşlığa
başlayır və bu
günədək həmin əlaqələr davam etməkdədir.
1974-cü ildə Rays Universitetində Cess Cons İdarəetmə
Ali Məktəbi və Şeferd Musiqi Məktəbi
yaradılır. 1979-cu ildə universitetin Rays Sosial Elmlər
Məktəbi fəaliyyətə başlayır.
Büdcəsi və təhsil
haqqı
2011-ci ildə Rays Universitetinin əməliyyat gəlirləri
ümumilikdə 526408000 ABŞ dolları olub. Bu vəsaitin 111339000 ABŞ
dollarını federal qrant və sazişlər, 107145000
ABŞ dollarını təhsil haqqı və təhsil
sazişləri, 24623000 ABŞ dollarını yardım və
hədiyyələr, 39817000 ABŞ dollarını köməkçi
müəssisələr, qalanlarını isə digər
vasitələr hesabına əldə olunan gəlirlər təşkil
edib.
Həmin
tədris ilində ali məktəbin
ümumi xərcləri 525442000 ABŞ dolları olub. Bu vəsaitin əsas hissəsini əməkdaşların
əməkhaqqı, amortizasiya xərcləri, tələbələrin
təqaüdü və yardımlar, eləcə də digər
əməliyyat xərcləri təşkil edib. 2011-ci ildə Rays Universitetinin İanə fondunun gəlirləri
təxminən 4500000000 ABŞ dolları olub.
2011-2012-ci tədris ilində Rays Universitetində tələbələrin
təhsil haqqı 34900 ABŞ dolları təşkil edir.
Rays
Universitetində tələbələrə əlavə olaraq
yataqxana və qidalanmaq üçün 12270, kitab və digər dərs ləvazimatları
üçün 800, şəxsi xərclər
üçün isə 1550 ABŞ dolları lazım gəlir.
Universitet bu gün
Rays
Universitetinin kampusu meşəlikdən ibarətdir və
Hyuston şəhərində 1,15 km2 (285
akr) ərazini əhatə edir. Kampus 5
küçədən (Qrinbraye, Rays Bulvar, Sanset Bulvar,
Universitet Bulvar və Meyn Strit) ibarətdir. Son illər kampus yaxınlığında yeni-yeni
binalar tikilsə də, universitetin inzibati və akademik
binaları əsas kampusda yerləşir. Magistr
və doktorantlar üçün yataqxanalar, Qrinbraye, Uiess
binaları universitet şəhərciyindən kənarda yerləşir.
Rays Universitetinin kampusu gözoxşayan
yaşıllığı ilə diqqəti cəlb edir, şəhərcikdə
4000 ağac və kolluq, eləcə də digər bitki
növləri mövcuddur. Universitetin ilk
prezidenti Edqar Odell Lovett bu təhsil müəssisəsinin
memarlıq üslubuna və estetik gözəlliyinə
xüsusi diqqət ayırdığından kampus gözəlliyi
ilə seçilir. Şəhərciyin binaları əsasən
Bizans üslubunda, qum və çəhrayı
kərpicdən inşa edilib. Kampusun ərazisindəki
ən möhtəşəm bina Lovett Holldur. Kampusdakı binalar dördbucaq formasında tikilib.
Rays
Universitetində aşağıdakı məktəb və fakültələr
fəaliyyət göstərir:
Memarlıq Məktəbində Memarlığın tarixi,
Şəhərsalma və regional planlaşdırma,
Memarlıq və dizayn, Təsviri incəsənət
proqramları təklif olunur. Məktəb 1912-ci ildə
yaradılıb.
Syuzanna Qlasskok Fasiləsiz Təhsil
Məktəbi
Liberal tədqiqatlar, İngilis dili ikinci dil kimi departamentlərindən
ibarətdir.
Corc Braun Texniki Məktəbində Biomühəndislik, Kimya və
biomolekulyar mühəndislik, Vətəndaş və ekologiya
mühəndisliyi, Hesablama və tətbiqi riyaziyyat,
Kompüter elmləri, Elektrotexnika və hesablama texnikası,
Maşınqayırma və materialşünaslıq, Statistika
məktəbləri mövcuddur.
Humanitar Elmlər Məktəbi nəzdində Qədim
Aralıq dənizi sivilizasiyası, İncəsənətin
tarixi, Xarici dillər, Qadın, gender və cinsi fərqlilik,
Klassik tədqiqatlar, İngilis, Fransız, Alman, İspan tədqiqatları,
Tarix, Humanitar tədqiqatlar, Kineziologiya, Dilçilik, Fəlsəfə,
İlahiyyat, Vizual və dramatik incəsənət departament və
mərkəzləri fəaliyyət göstərir.
Cess Cons Ali Biznes Məktəbi Rays sahibkarlıq, Rays
icraedici təhsil, MBA, Rəhbər işçilər
üçün MBA, Peşəkarlar üçün MBA,
Biznes üzrə PhD proqramları təklif edir.
Şeferd Musiqi Məktəbi 1974-cü ildə
yaradılıb və ölkənin ən böyük musiqi məktəblərindən
biridir. Məktəbdə orkestr və opera musiqisinin oyrənilməsinə
xüsusi diqqət ayrılır.
Uiess Təbiət Elmləri
Məktəbinə Biokimya və hüceyrə biologiyası, Kimya, Ekologiya və
təkamül biologiyası, Yer Elmləri, Riyaziyyat, Fizika və
astronomiya departamentləri daxildir.
Sosial Elmlər Məktəbi Antropologiya, Koqnitiv elmlər,
İqtisadiyyat, İdarəetmə tədqiqatları, Siyasət
tədqiqatları, Siyasi elmlər, Psixologiya, Şell sabit
inkişaf, Sosiologiya departamentlərindən, Kinder
Şəhər Tədqiqatları, İctimai Elmlər Elmi-Tədqiqat
institutlarından, Hobbi Texasın Öyrənilməsi Mərkəzindən
ibarətdir.
Rays
Universiteti yuxarıda sadalanan ixtisaslardan əlavə, Hərbi-hava
qüvvələri elmləri, Tətbiqi fizika, Koqnitiv elmlər,
Hesablama elmi və texnikası, Təhsilin
sertifikatlaşması, Ekologiya, Rays Liderlik, Hərbi, Hərbi-dəniz
elmləri və s. proqramlar təklif edir.
Rays
Universitetinin məşhur məzunları arasında 101
Fulbrayt, 20 Marşall, 12 Rodos elmi mükafatçıları,
minlərlə alim, iş adamı və digər nüfuzlu
şəxslər vardır. 2004-cü ildən bu
günədək professor Devid Libron universitetin prezidentidir.
Ali məktəbin rektoru isə professor Corc
Maklendondur. Universitetdə 650 akademik, 2152
inzibati işçi çalışır. Universitetdə ümumilikdə 6100-ə qədər
tələbə təhsil alır. Tələbələrin
4000-ə qədəri bakalavr, qalanları isə magistr və
doktorantlardır. Tələbələrin
48 faizini qızlar təşkil edir.
Rays Universitetində 11 yataqxana fəaliyyət göstərir. Bunlar Beyker, Braun, Dunkan,
Hanszen, Cons, Lovett, Martel, MakMartri, Uill Rays, Sid Riçardson,
Uiess yataqxana-kollecləridir. ABŞ-ın digər
universitetlərində olduğu kimi, Rays Universitetində də
idmanın bütün növlərinə xüsusi diqqət
ayrılır və bu sahədə Rays Universitetinin əsas rəqibi
Hyuston Universitetidir.
Rays Universiteti beynəlxalq şöhrətə malik olan
özəl təhsil ocağıdır. Burada
dünyanın 83 ölkəsindən əcnəbi tələbələr
təhsil alır. Digər ölkələrdən
olan tələbələrin oxumasına üstünlük verən
universitet, eyni zamanda istedadlı və savadlı müəllimlərin
cəlb edilməsinə də xüsusi diqqət
ayırır. Şüarı "Yazı,
elm, incəsənət" olan Rays Universiteti gənclərin
arzuladıqları təhsili ala biləcək ən mükəmməl
elm ocaqlarından biridir.
Universitetin məşhur məzunları
Ceyms
Beyker ABŞ-ın sabiq dövlət
katibi
Alberto
Qonzales ABŞ-ın sabiq baş
prokuroru
Ennis Parker Hyuston şəhərinin
sabiq meri
Roy
Hofhaynz Hyuston şəhərinin sabiq meri
Robert
Vudro Vilson fizika üzrə Nobel
mükafatı laureatı,
kosmik mikrodalğalı fon
şüalanmasının yaradıcısı
Riçard Smolli kimya üzrə Nobel
mükafatı laureatı
Herman
Cozef Meller tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Larri
MakMertri Pulitser və Oskar mükafatları
laureatları
Peqqi
Uitson NASA-nın astronavtı
Con
Bull NASA-nın astronavtı
Hovard
Hages ABŞ aviatoru, mühəndis və
film prodüseri
Hazırladı:
Lamiyə
ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.-
18 noyabr.- S.12-13.