Şahmat turnirinin
qalibləri mükafatlandırıldı
Noyabrın 14-də "Təhsil" Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş açıq şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimi giriş sözü ilə təhsil nazirinin müavini Qulu Novruzov açaraq nazir Misir Mərdanovun təbriklərini tədbir iştirakçılarına çatdırdı. Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş ümumrespublika şahmat turniri haqqında ətraflı məlumat verən nazir müavini bildirib ki, ölkəmizin 48 şəhər və rayonundan 250-yə yaxın şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Turnirin çox yüksək səviyyədə təşkil olunduğunu deyən Q.Novruzov yarışın obyektiv və şəffaf keçirilməsində əməyi olan məşqçilərə, hakimlərə və bu işdə yaxından köməklik göstərən "Təhsil" Respublika İdman Mərkəzinin kollektivinə təşəkkürünü bildirdi. Qeyd olundu ki, Azərbaycanda şahmat məktəblərinin, şahmata cəlb olunan şagirdlərin sayının artması, şahmatda olan uğurlar çox sevindiricidir. Qulu Novruzov vurğuladı ki, şahmatın respublikada kütləviliyinin təmin olunması üçün məktəblərdə hansısa formada ibtidai sinif səviyyəsində şahmatla hər bir şagirdin tanışolma imkanının yaradılması barədə ciddi müzakirələr aparılır. O daha sonra dedi: "Hər yeni tədbirdə biz şahmatın daha kütləvi xarakter, turnirlərin daha geniş miqyas aldığını görürük. Çox sevindirici haldır ki, Azərbaycanda bu gün geniş şahmat məktəbləri şəbəkəsi yaranmışdır. Təcrübə onu göstərir ki, şahmata meyilli uşaqlar, bu idman növü ilə məşğul olan şagirdlər çox nümunəvi və dərslərində həmişə kifayət qədər uğur qazanan olurlar. Mən ümid edirəm ki, bu turnirə qatılan şagirdlər də ən qabaqcıl, nizam -intizamlı, dərslərini yaxşı oxuyan şagirdlərdir. Q.Novruzov müəyyən olunmuş 5 yaş qrupu üzrə 30 qalibə diplom və medalları təqdim edərək onları təbrik etdi.
Rəşad
ZİYADOV
Azərbaycan müəllimi.- 2011.-
18 noyabr.- S.2.