Sofiya Universitetinin rektoru Azərbaycan

Dövlət İqtisad Universitetində olub

  

Noyabrın 15-də Bolqarıstan Prezidentinin təhsil, elm iqtisadi inkişaf məsələləri üzrə müşaviri, Sofiya Milli Dünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov Azərbaycan Dövlət İqtisad Universitetində olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirmişdir ki, bu təhsil ocağı tələbələrin sayına görə respublikamızın ikinci böyük təhsil müəssisəsidir. Yaxınlarda universitet fəaliyyətə başlamasının 80 illiyini təntənə ilə qeyd etmişdir. Universitetdə iki minə yaxın pedaqoji işçi çalışır, dörd dildə tədris aparılır, dünyanın müxtəlif ölkələrinin vətəndaşları təhsil alır.

Sofiya Milli Dünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov təhsil müəssisəsində olmaqdan məmnunluğunu bildirmişdir. Qonaq söyləmişdir ki, Sofiya Universiteti dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlığın da uğurlu olacağına inanır. Azərbaycan Dövlət İqtisad Universiteti ilə Sofiya Milli Dünya Təsərrüfatı Universiteti arasında imzalanan əməkdaşlıq haqqında saziş bunu söyləməyə əsas verir. Qonaq, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevə "Stefan Bobçek" medalını təqdim etmişdir.

 Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

  

Azərbaycan müəllimi.- 2011.- 18 noyabr.- S.2.