Milli pedaqogikanın
metodoloji əsaslarına dair
Dövlət müstəqilliyinin bərpasının milli pedaqogikanın formalaşması üçün ilkin metodoloji şərt olması. Azərbaycanda dövlət müstəqilliyinin bərpası ilə tamam yeni dövr başlamışdır. Həyatımızın bütün sahələrində, o cümlədən təhsil sahəsində geniş miqyasda islahatlara keçilmişdir. Bütün bunlar təhsil məsələlərini öyrənən pedaqoji elmlərdə də əks-səda vermişdir: pedaqoji kateqoriya və məfhumların mahiyyətinə dair anlayışların yeniləşdirilməsi zərurəti yaranmışdı. Əslində yeni pedaqogikanı - rus imperiyası ideologiyasına əsaslanan ənənəvi pedaqogikaya alternativ olan pedaqogikanı - milli pedaqogikanı formalaşdırmaq zərurəti ilə üz-üzə qalmışdıq. Respublikanın aparıcı pedaqoqlarından rəhmətlik Y.Talıbov, Ə.Ağayev və bu sətirlərin müəllifi işə başladıq. Milli pedaqogika yaratmağın zəruriliyinə aid məqalə də çap etdirildi.
Pedaqoji hadisələrin birtərəfli deyil, hərtərəfli nəzərdən keçirilməsi. Pedaqoji kateqoriya və pedaqoji məfhumların şərhində ənənəvi pedaqogikanın uğursuzluqlarının səbəblərindən biri həmin hadisələri, məsələn, təlimi, təhsili və ya tərbiyəni hərtərəfli deyil, birtərəfli öyrənməyə cəhd etməsi olmuşdur. Belə olduqda həmin hadisələrin bir cəhəti və ya tərəfi qabardılır, ön plana çəkilir, digər cəhətlər və ya tərəflər diqqətdən yayınır, nəticədə mahiyyət açılmamış qalır.
Pedaqoji hadisələrin, məsələn, təlimin ənənəvi pedaqogikada hərtərəfli deyil, birtərəfli nəzərdən keçirilməsinə misal:
Pedaqoqların böyük bir qrupu "Təlim - müəllimin rəhbərliyi altında şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələndikləri pedaqoji prosesdir" deyir.
Azərbaycan pedaqoqlarının əksəriyyəti "Təlim - bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir", - fikrini qəbul edir.
Ənənəvi pedaqogikanın həmin anlayışları üçün ümumi olan nöqsanlar:
1. Təlim biliklərin, bacarıq və vərdişlərin öyrədilməsi ilə məhdudlaşdırılır.
2. Təlimdə müəllim fəaliyyətinin xüsusiyyətləri unudulur.
3. Öyrənilən biliklərin xarakteri qeyd edilmir.
4. Təlimin tərbiyəvi imkanları nəzərə alınmır.
5. Təlimdə şagirdlərin psixoloji qüvvə
lərinin inkişafı imkanları müəllimin diqqətindən yayınır.
Ənənəvi anlayışlara xas olan həmin nöqsanlar aradan qaldırıldıqda təlimin başlıca əlamətlərini müəyyənləşdirmək mümkün olmuşdur:
1. Müəllimin məqsədyönlü, planlı və mütəşəkkil rəhbərliyi, köməkliyi, istiqaməti;
2. Sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri şagirdlərin fəal mənimsəmələri;
3. Təlimdə şagirdlərin tərbiyə olunmaları;
4. Təlim zamanı onlarda psixoloji qüvvələrin inkişaf etdirilməsi.
Göstərilən xüsusiyyətlər hərtərəfli nəzərə alınaraq təlim milli pedaqogikada belə dəyərləndirilir: Təlim - müəllimin məqsədyönlü, planlı və mütəşəkkil rəhbərliyi ilə şagirdlərin sistemləşdirilmiş milli və ümumbəşəri dəyərləri mənimsəmələri, bu zaman onların tərbiyə olunmaları və psixoloji cəhətdən inkişaf etmələri prosesidir.
Pedaqoji yeniliklərin müqayisə yolu ilə üzə çıxarılıb sübut edilməsi. Müqayisə oxşar pedaqoji hadisələrdə fərqi, fərqli pedaqoji hadisələrdə isə oxşarlığı müəyyənləşdirməyin ən etibarlı yollarından biridir.
Nisbi mənada müstəqil özünü göstərən təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyaları arasında oxşarlıq o qədər güclüdür ki, onların spesifikasını ənənəvi pedaqogika nümayəndələrindən heç kəs müəyyənləşdirə bilməmişdir. Niyə? Çünki həmin kateqoriyalar müqayisə edilməmişdir. Təhsil kateqoriyasına dair ənənəvi pedaqogika anlayışı nümunəsində fikrimizi konkretləşdirək.
Məsələn, 1975-ci ildə Moskvada çapdan çıxmış "Vvedeniye v pedaqoqiku"da yazılır: "Təhsil sistemləşdirilmiş biliklər, bacarıq və vərdişlərdir" (səh. 22).
B.Lixaçov yazır: "İnsanın təlim və təhsili hissələr kimi tərbiyəyə daxildir" (Pedaqoqika. Kurs leksiy. 1998, səh. 7).
Eyni fikri gah tərbiyəyə, gah təhsilə aid etmək halları da var: "Yeni nəsilləri ictimai həyata və məhsuldar əməyə hazırlamaq məqsədi ilə ictimai tarixi təcrübənin onlara verilməsi tərbiyədir" (Ped. Ensikl. T.I, Moskva, 1960, səh. 184) və ya "...Sosial mahiyyətli təcrübənin əvvəlki nəsil tərəfindən sonrakı nəsillərə mütəşəkkil və normalaşdırılmış şəkildə verilməsi prosesi təhsildir".
Ənənəvi pedaqogikada təhsil kateqoriyasına dair bu cür anlayışları müqayisə edəndə məlum olmuşdur ki, həmin anlayışlar üçün ümumi olan nöqsanlar var:
1. Təhsilin sosial-iqtisadi həyatla əlaqəli olduğu unudulur;
2. Təhsilin tədris müəssisələrindən ayrılmaz olduğu nəzərə alınmır;
3. Təhsilin təlimə çevrilə bilməsi qeyd edilmir;
4. Təhsilin məzmunu və gedişində tərbiyə və psixoloji qüvvələrin inkişafı imkanlarının olduğu yada düşmür.
Nöqsanları
nəzərə alaraq milli
pedaqogikada təhsil kateqoriyasının
mahiyyəti belə dəqiqləşdirilmişdir: "Təhsil sosial-iqtisadi həyatın
tərkib hissəsi olub, müvafiq
tədris müəssisəsində, müəyyən müddətə
həyata keçirilən, bir halda təlimin zəruri şərti, digər halda gedişi, üçüncü halda
nəticəsinə çevrilən, tərbiyəvi və psixoloji inkişaf
imkanları olan milli və
ümumbəşəri dəyərlərin məcmusudur".
Kateqoriyalar müqayisə edildikdə məlum olur ki, onların dördünün də daha geniş həcmə malik olan pedaqoji proses kateqoriyasından diferensiasiya edilmək (ayrılmaq) və inteqrasiya olmaq (qovuşmaq) imkanları var; bu səbəbdən də təlim, tərbiyə, təhsil və psixoloji inkişaf həm ortaq xüsusiyyətlərə, həm də fərqli xüsusiyyətlərə malik olur.
Pedaqoji hadisələrin qarşılıqlı əlaqədə nəzərdən keçirilməsi. Ənənəvi pedaqogika ideyaları əsasında yazılan dərs vəsaitlərinin əksəriyyətində bölmələr arasında məntiqi əlaqəyə toxunulmur.
Öz tədqiqat sahəsinə sadiq qalan milli pedaqogikada isə dərsliklər pedaqoji prosesdən qidalanır, pedaqoji prosesin tərkib hissələri olan əvvəl təlim, sonra təhsil, arxasınca tərbiyə və nəhayət, psixoloji qüvvələrin inkişafı əlaqəli şəkildə oxucuya təqdim edilir. Sonda isə pedaqoji prosesə hansı qurumların necə xidmət etdiyi açıqlanır.
Nəinki pedaqoji kateqoriyalar arasında, hətta kateqoriyaların əhatə dairəsində olan pedaqoji məfhumlar arasında da qarşılıqlı əlaqə təmin edilir.
Məsələn, milli pedaqogika ruhunda yazılmış "Məktəb pedaqogikası"nın birinci bölməsində pedaqoji proses və pedaqoji elm arasında qarşılıqlı əlaqə işıqlandırılır.
İkinci bölmədə təhsilin ümumi məsələləri, Azərbaycanda təhsil sistemi, təhsil sisteminin əsasında duran prinsiplər, təlimin ümumi məsələləri, təlimin qanunauyğunluqları və qanunları, təlimin prinsipləri, təlimin mərhələləri və üsulları və s. məsələlər şərh olunur.
Üçüncü bölmədə tərbiyənin nəzəri məsələləri, dördüncü bölmədə tərbiyənin tərkib hissələri olan ağıl tərbiyəsi, ideya-siyasi tərbiyə, əxlaq tərbiyəsi, əmək tərbiyəsi, fiziki tərbiyə, estetik tərbiyə, tərbiyənin digər hissələri aydınlaşdırılır.
Sonuncu, beşinci bölmədə isə yuxarıda deyildiyi kimi, pedaqoji prosesə xidmət məsələləri araşdırılır.
Nəticə etibarilə, bir-biri ilə qırılmaz tellərlə bağlanan pedaqoji kateqoriyalar və pedaqoji məfhumlar arasında monolit bir sistem alınmış olur.
Formal məntiqə deyil, dialektik məntiqə üstünlük verilməsi. Formal məntiqə görə, müəllimin başlıca vəzifəsi bilik və bacarıqları öyrətməkdir; şagirdlərin vəzifəsi isə bilik və bacarıqları öyrənməkdir. Bu məntiq təlimdə digər növ öyrənmələri, o cümlədən şagirdlərin nisbi mənada müstəqil öyrənmələrini istisna edir. Milli pedaqogikada uğurla sınaqdan keçirilmişdir ki, öyrənməni iki mərhələdən ibarət təşkil etmək nəinki mümkündür, hətta bir çox cəhətdən faydalıdır. Müəllim sillabus əsasında hər növbəti məşğələdə öyrənilməli mövzunu elan edir, onun planını verir, istifadə edəcəkləri mənbəyi, tədris vəsaitlərini göstərir; yardımçı tapşırıqlar verir və deyir: "mövzunu tam müstəqil öyrənərsiniz!".
Növbəti dərsdə şagirdlərdən bir qismi növbə ilə, plan üzrə məsələlərin şərhinə başlayır; qalanları diqqətlə qulaq asmalı olurlar; nəyin düzgün şərh olunduğunu, nəyin unudulduğunu, nəyin dəqiq deyilmədiyini bildirirlər. Müəllim müzakirədə mümkün qədər bütün şagirdlərin fəallığını təmin edir, zəruri hallarda düzəlişlər verir. Şagirdlərin müəllimə verdikləri suallara, adətən, sinifdən cavab almağa çalışılır; bu mümkün olmadıqda isə müəllimin özü həmin suala aydınlıq gətirir.
Bu təcrübənin təhlili nəticəsində müəyyənləşdirə bilmişik ki, burada biri digərini tamamlayan və inkişaf etdirən iki mərhələ var: mövzuya şagirdlərin müstəqil hazırlaşmaları və dərsdə onların hazırlıq səviyyəsinin müzakirəsi. Birinci mərhələdə müəllimin göstərişi əsasında şagirdlər öyrənməyi müstəqil öyrənirlər; ikinci mərhələdə isə onlar öyrənməyi nə dərəcədə öyrəndiklərini müstəqil nümayiş etdirirlər. Başqa sözlə, öyrənməyi öyrənmək birinci halda şagirdlər (tələbələr) tərəfindən fərdi qaydada, müəllimin bilavasitə iştirakı olmadan, onun tapşırığına əsasən dərsə qədər həyata keçirilir; ikinci halda isə dərs zamanı, müəllimin rəhbərliyi altında sinifdəki bütün şagirdlərin fəal iştirakı ilə baş verir: kimin öyrənməyi nə dərəcədə öyrəndiyi müəyyənləşdirilir.
Göründüyü kimi, şagird (tələbə) təlimdə müəllimin bilavasitə rəhbərliyi olmadan öyrənməyi nəinki öyrənə bilir, hətta bu, çox gözəl nəticə verir.
Öyrənməyi öyrənmək isə formal məntiqə sığmır. Formal məntiqə görə öyrənilən bilik və bacarıqlardır. Dialektik məntiqdə öyrənməni öyrənmək və bilikləri öyrənmək rahatlıqla uyuşur. Ziddiyyətli və uyuşmaz görünən iki cəhəti professor S.Seyidovun "Fenomenoloqiya tvorçestva" adlı əsərində təsvir etdiyi qəribə ziddiyyətlərə (paradokslara) bənzətmək olur. Səməd Seyidov ziddiyyətləri belə yekunlaşdırır: "İnsanın həm daxilində, həm də xaricində baş qaldıran ziddiyyətlərdən istifadə edə bilmək imkanına malik olması yaradıcılıqdır" (səh. 139).
Müasirliyin tarixiliklə vəhdətdə nəzərdən keçirilməsi. Pedaqoji elmin nəzəri problemlərinə nisbətən onun arxivlə bağlı olan tarixi daha ətraflı öyrənilib. Halbuki, Azərbaycan xalqının müasir dövrümüz üçün aktuallığını itirməyən zəngin adət və ənənələri, fikirləri vardır.
Milli pedaqogika azı iki istiqamətdə keçmiş pedaqoji irsimizdən: atalar sözlərindən, elm və mədəniyyət xadimlərimizin çox dəyərli fikirlərindən qidalanır.
Sovet dövründə hər hansı fikrin qaynağını axtaranda Rusiyaya və ya Avropa ölkələrinə üz tutardıq.
Dövlət müstəqilliyi şəraitində məlum olmuşdur ki, axtardığımız fikirlərin kökləri neçə əsr avropalılardan əvvəl yazıb-yaratmış olan Əbül Həsən Bəhmənyar, Əfzələddin Xaqani Şirvani, Nəsirəddin Tusi və b. mütəfəkkirlər tərəfindən deyilmişdir.
Məsələn, qanunauyğunluq məfhumunun mahiyyətinə dair ilk dəfə məhz N.Tusi yazmışdır: "Hər bir mürəkkəb varlığın özünəxas olan səciyyəvi ümumi qanunauyğunluq, xüsusiyyət və sistemi vardır ki, bu onun tərkibinə daxil olan ünsür və elementlərdə ayrı-ayrılıqda təsadüf edilməz, insan cəmiyyətində də elə bir qanunauyğunluq, xüsusiyyət və quruluş və sistem vardır ki, o, ayrı-ayrı, tək adamda ola bilməz".
Dəyərlərdən istifadədə bəşəriliyə nisbətən milliliyə üstünlük verilməsi. Əvvəla, bəzi yeni pedaqoji ideyaların qaynaqlarını Rusiyada və ya Avropada deyil, özümüzdə - Azərbaycanda, xalqımızın uzaq və yaxın keçmişində axtarıb tapmağa çalışmışıq.
İkincisi, hər hansı
pedaqoji
kateqoriyanı və ya pedaqoji məfhumu
səciyyələndirən
zaman milli dəyərləri önə
çəkirik. Məsələn, ilkin tərbiyədə olduğu
kimi: "Davranışla əlaqədar olan, ailə və
cəmiyyət üçün
faydalı hesab edilən
milli və ümumbəşəri mənəvi keyfiyyətlərin adamlarda formalaşdırılması prosesi ilkin tərbiyədir".
Üçüncüsü, milli pedaqogikada belə bir strateji məqsəd ifadə olunmuşdur: "Sistemləşdirilmiş milli və ümumbəşəri dəyərlərin gənc nəsil tərəfindən mənimsənilməsi yolu ilə Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa və respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşlar yetişdirmək təhsilin uzaq strateji məqsədidir".
Dördüncüsü, təhsilin məzmununda Azərbaycanla, onun tarixi, təbiəti, elmi və mədəniyyəti ilə əlaqədar olan məlumatlar gücləndirilmişdir. Fizika, riyaziyyat, kimya, biologiya və s. fənlər sahəsində Azərbaycan alimlərinin fəaliyyətlərindən söz açılır.
Elmi həqiqəti tam açmaq üçün ənənəvi pedaqogika müddəalarının tənqidi təhlilinin aparılması. Pedaqoji elmin tədqiqat mövzusundan tutmuş kateqoriyaları və aparıcı məfhumlarınadək anlayışlarının tənqidi təhlil süzgəcindən keçirilməsinə və dəqiqləşdirilməsinə böyük ehtiyac var idi. Fikrimizi ənənəvi pedaqogikanın tədqiqat mövzusu məfhumuna dair anlayışlarda konkretləşdirək. Mütəxəssislərdən biri üçün pedaqogika uşaqların təlim-tərbiyəsini öyrənir; digərinə görə, bu elm şagirdlərin təlim-tərbiyəsini öyrənməlidir; üçüncü qrupun əqidəsincə, pedaqogika gənc nəslin təlim-tərbiyəsini diqqət mərkəzində saxlamalıdır; insanların təlim-tərbiyəsi məsələlərini öyrənməyi tövsiyə edənlər də var; tərbiyə məsələsini deyil, təhsili pedaqogikanın tədqiqat sahəsinə aid edənlər də mövcuddur. Tərbiyəni pedaqoji elmin tədqiqat sahəsi kimi nəzərdən keçirən və buna əsas kimi əksəriyyətin qəbul etdiyini deyənlər də var.
Pedaqoji elmin tədqiqat mövzusu barədə B.P.Lixaçov milli pedaqogika mövqeyinə tərəf daha bir addım atmışdır: "Pedaqoji fəaliyyət və pedaqoji proses pedaqoji elmin predmetidir".
Lixaçovun yuxarıdakı fikrini milli pedaqogikaya doğru atılan addım kimi ona görə qiymətləndiririk ki, o, ənənəvi pedaqoqlar arasında ilk dəfə pedaqoji prosesi pedaqoji elmin tədqiqat sahəsinə aid edənlərdən biri olmuşdur. Bununla belə, pedaqoji fəaliyyəti pedaqoji prosesdən ayırmağın, onların arasında "və" yazmağın yolverilməz olduğunu da qeyd etməliyik.
Deməli, başlıca pedaqoji kateqoriya və məfhumların qısa təhlili göstərir ki, getdikcə mütəxəssislər pedaqoji prosesi pedaqoji elmin tədqiqat sahəsi kimi qəbul etməyə meyillənməyə başlamışlar.
Psixoloji qüvvələrin inkişafının nisbi mənada müstəqil pedaqoji kateqoriya kimi qəbul edilməsi. Yuxarıda deyildiyi kimi, ənənəvi pedaqogikada heç kəs psixoloji qüvvələrin nə özlərini, nə də təlim zamanı onların inkişafını pedaqoji kateqoriya kimi dilə gətirməmişdir. Buna baxmayaraq, psixoloqlar arasında psixoloji qüvvələrin təlimdə rolu barədə mübahisələr getmişdir. Bəziləri sübut etməyə çalışmışlar ki, psixoloji inkişaf təlimdən öndə getməlidir; digərləri isə əksinə, düşünmüşlər ki, təlim psixoloji inkişafı qabaqlamalıdır.
Psixoloqların fərqli tədqiqatlarından alınan nəticələrin ikisi də milli pedaqogikada nəzərə alınır. Çünki real həyatda psixoloji qüvvələr təlimi qabaqlaya da, təlimin gedişində də, təlimin nəticəsində də iştirak edə bilir. Belə olduqda psixoloji qüvvələr təlimin də, tərbiyənin də, təhsilin də ayrılmaz tərkib hissəsinə çevrilir.
Nəticə olaraq, ənənəvi pedaqogikada qətiyyən yada düşməyən psixoloji qüvvələrin inkişafı milli pedaqogikada müstəqil kateqoriya kimi təlim, tərbiyə və təhsil səviyyəsinə qaldırılaraq pedaqoji prosesin tərkibinə daxil edilmişdir. Bu anlam müəllimə imkan verir ki, məktəblərimizdə təlim-tərbiyə işinin səviyyəsini daha da yüksəklərə qaldırsın.
Zərurət yarandıqda dərsliyə müasir mövzuların salınması. Respublikanın dövlət müstəqilliyi şəraitinin tələblərindən birisi vətəndaşlarının ağıllı olmasıdır; yəni hər hansı addımı atmazdan əvvəl, hər hansı sözü deməzdən əvvəl hansı nəticələr verəcəyini qabaqcadan ətraflı düşünmək tələb olunur. Bu səbəbdən də dərsliyə "Ağıl tərbiyəsi" mövzusu daxil edilmişdir.
Ənənəvi pedaqogikaya aid dərs vəsaitlərində olmayan mövzulardan biri də müəllimin pedaqoji prosesdə öz emosionallığını idarə etməyi bacarmasıdır. Təcrübə göstərir ki, bəzi müəllimlərimiz təlim-tərbiyə zamanı bu və ya digər üzrlü, yaxud üzrsüz səbəbdən əsəbiləşir, əsəblərini cilovlaya bilmir, şagirdi (tələbəni) təhqir edir, kobud hərəkətə və ya sözə yol verir, sonradan üzr istəməsi az səmərəli olur. Bu səbəbdən də "Pedaqoji prosesdə müəllimin öz emosionallığını idarə etməyi bacarması" adlı mövzu dərsliyə daxil edilmişdir.
Pedaqoji prosesin qanunauyğunluqları məsələsinin gücləndirilməsi. Məlum olduğu kimi, bütövlükdə pedaqoji elmin, xüsusən pedaqogikadan dərslik və dərs vəsaitlərinin ən zəif işlənmiş sahələrindən biri pedaqoji prosesin qanunauyğunluqları məsələsidir. Vəziyyəti nəzərə alaraq çalışmışıq ki, pedaqoji qanunauyğunluqların açılmamış, qaranlıq qalan cəhətlərinə aydınlıq gətirək.
Aparıcı sovet pedaqoqlarından M.A.Danilov və M.N.Skatkinin "Didaktika sredney şkolı" adlı kitabında təlimin qanunauyğunluğu belə ifadə olunmuşdur: "Təlim və tərbiyədə şagirdlərin fəallığı". Yaxud, "Pedaqogika" adlı kitabın 213-cü səhifəsində qanunauyğunluqlardan biri belə təqdim edilir: "Tərbiyədə fəaliyyət və ünsiyyət ayrılmazdır". Qanunauyğunluqların bu cür qeyri-müəyyən formada ifadəsini nəzərə alaraq milli pedaqogikada nəinki ümumiyyətlə qanunauyğunluq, nəinki pedaqoji qanunauyğunluq məfhumlarının mahiyyətinə aydınlıq gətirilmiş, hətta ilk dəfə pedaqoji qanunauyğunluqlar dörd qrupa ayrılmışdır: 1. Pedaqoji elmin inkişaf qanunauyğunluqları; 2. Pedaqoji prosesin ümumi qanunauyğunluqları; 3. Təlimin qanunauyğunluqları; 4. Tərbiyənin qanunauyğunluqları.
Pedaqoji prosesin 7 ümumi qanunauyğunluğu, təlimin və tərbiyənin hərəsinə xas olan 13 qanunauyğunluq "Məktəb pedaqogikası"nda şərh olunmuşdur.
Pedaqoji qanunauyğunluq
nədir - sualına orada belə cavab verilir: "Pedaqoji
hadisələr arasında davamlı təkrar olunan
səbəb-nəticə əlaqələrinin mahiyyətinin
aydın və dəqiq ifadəsi pedaqoji qanunauyğunluqdur".
Nurəddin KAZIMOV
Azərbaycan müəllimi.-
2011.- 18 noyabr.- S.5.