"Müasir şəraitdə ümumtəhsil məktəblərində
tədrisin
keyfiyyətini yüksəltmək
yolları" mövzusunda
II Respublika elmi-metodiki konfrans
Noyabrın 14-də Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda II Respublika elmi-metodiki konfrans keçirildi. Konfrans BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyi tərəfindən təşkil olunmuşdu. Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, "Gənc istedadlar" liseyinin direktoru, professor Qasım Hüseynov, Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov, BDU-nun və liseyin professor-müəllim heyəti, Bakı və regionlardan tanınmış alimlər, təhsil işçiləri, valideynlər və digər şəxslər iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Son illər ölkə Prezidenti cənab İlham Əliyevin elm və təhsil sahəsində imzaladığı sərəncamların bu sahədə dinamik inkişafa səbəb olduğunu iştirakçıların nəzərinə çatdırdı. Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2006-cı il tarixli sərəncamı ilə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" qəbul edilmişdir. Bu proqrama uyğun olaraq 2007-ci ildə BDU-nun nəzdində "Gənc istedadlar" liseyi fəaliyyətə başladı. Liseyi yaratmaqda məqsədin istedadlı gəncləri aşkar etməklə gələcəkdə Azərbaycan elminə və təhsilinə böyük töhfələr vermək olduğunu bildirən akademik A.Məhərrəmov bunun üçün ümumtəhsil məktəblərinin tədris metodologiyasının düzgün qurulmasını və şagirdlərin gənc yaşlarından ali məktəb düşüncəsi və mühiti ilə formalaşmasının vacibliyini bildirdi.
XXI əsrdə qloballaşma şəraitində elmin, təhsilin mühüm rolunu qeyd edən rektor bu sahələrin inkişafında informasiya-kommunikasiya texnologiyalarının son dərəcə əhəmiyyətli rol oynadığını bildirdi. Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinin, bunun üçün hər bir şagirdə fərdi yanaşmanın ən vacib amillərdən olduğunu söyləyən akademik A.Məhərrəmov BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyində tədris üzrə reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışdı. Rektor hər il lisey şagirdlərinin respublika fənn olimpiadalarında, məzunlarının ali məktəblərə qəbul imtahanlarında və digər müsabiqə və yarışlarda yüksək nailiyyətlər əldə etdiklərini diqqətə çatdırdı. Belə tədbirlərin keçirilməsinin ümumi işə müsbət təsir edəcəyindən ümidvar olduğunu bildirdi.
BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyinin fəaliyyəti barədə videofilm nümayiş etdirildi.
Konfransda çıxış edən Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov "Ümumtəhsil məktəblərində təlimin keyfiyyətini yüksəltməyin mühüm şərtləri" mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nda "Demokratikləşdirmə, humanistləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanaraq eyni təhsil sisteminin yaradılması" zəruri tələb kimi qarşıya qoyulur. Bu tələbin yerinə yetirilməsi üçün ümumtəhsil məktəblərində müvafiq islahatyönümlü işlərin həyata keçirilməsi başlıca istiqamətlərdən biri kimi nəzərdə tutulur. Burada təlimin keyfiyyətini yüksəltmək, onu qlobal dünyanın ümumtəhsil standartları səviyyəsinə çatdırmaq başlıca amil hesab edilir.
Ümumtəhsilin yeni sisteminin qurulmasında təlimin keyfiyyətinin yüksəldilməsi başlıca şərtdir. Ona müasir baxımdan yanaşılmalı, pedaqoji cəhətdən düzgün qiymət verilməlidir. Çünki təlimin keyfiyyəti anlayışı nəinki ümumi təhsilin, o cümlədən də bütövlükdə təhsil sisteminin ən vacib və hamının istinad etdiyi atribut kimi həmişə mövcud olmuşdur. Hazırda isə bu anlayış müasir müstəvidə təqdim olunmalı və qəbul edilməlidir. Artıq ona şagirdlərin "4" və "5" qiymətinin sayından çıxan nəticə kimi deyil, məntiqi və yaradıcı təfəkkürü ifadə edən təlim standartlarının tələbi kimi yanaşılır.
Aparılan araşdırmalar onu göstərir ki, ənənəvi dərslər özünün yorucu xarakteri ilə şagird marağının aşağı düşməsinə, bununla da təlim keyfiyyətinə mənfi təsir göstərir. Qabaqcıl müəllimlər belə sxematik, standart dərsləri quru şablonçuluqdan çıxarmaqla ona yaradıcı yanaşır, xüsusi peşəkarlıqla əlavələr edirlər. Belə dərslər məzmunu və strukturuna görə orijinal olmaqla qeyri-standart xarakter daşıyır. Onların təşkilində şagirdlərin daha çox fəallıq göstərdiyi müşahidə olunur.
Ölkədə islahatların həyata keçirildiyi hazırkı şəraitdə müəllim hazırlığı mühüm əhəmiyyət daşıyır. İstər elmi, istərsə də pedaqoji, metodik cəhətdən zəruri tələblərə cavab vermək müasir müəllimin əsas keyfiyyətləri kimi qəbul edilir.
Məlum həqiqətdir ki, müəllim özünün fəaliyyətində bir sıra pedaqoji, psixoloji qabiliyyətləri ilə yanaşı, tədqiqatçılıq keyfiyyətlərinə malik olmalı, hər yeni situasiyada orijinal yanaşma imkanlarını meydana çıxarmalıdır.
Bundan əlavə, müəllimin kommunikativ və ünsiyyət bacarıqları onun fəaliyyətinin əsasını təşkil etməlidir.
Konfransın keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən Ənvər Abbasov iştirakçılara uğurlar arzuladı.
Tədbirdə liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Əliyeva "BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyində Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi təcrübəsindən" mövzusunda çıxış etdi. Qeyd etdi ki, müasir təhsilimizin qarşısında duran ən vacib vəzifə şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etmək, onlarda bacarıq və vərdişləri formalaşdırmaq, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməkdir. Elə bir şəxsiyyət ki, milli zəminə, bəşəri dəyərlərə əsaslanaraq öz elmi, mədəni, fiziki potensialı, xüsusi istedadı, bacarığı sayəsində müstəqil Azərbaycanı dünya miqyasında təmsil edə bilsin. G.Əliyeva XI b sinfində ədəbiyyatdan "C.Məmmədquluzadənin "Anamın kitabı" əsərinin təhlili" mövzusunda keçdiyi dərs haqqında geniş məlumat verdi. Qeyd etdi ki, şagirdlər fərddən şəxsiyyətə gedən mürəkkəb yolu məhz məktəb dövründə, partalar arxasında keçirlər. Ona görə də onlara elə düzgün istiqamət vermək lazımdır ki, labirintlər qarşısında aciz qalmasınlar. Bu məqsədlə Azərbaycan dili və ədəbiyyat dərslərindən çox səmərəli istifadə etmək olur.
Tədbirdə çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun elmi işlər üzrə prorektoru, dosent Nazilə Abdullazadə, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Elbəyi Maqsudov, BDU-nun kimyanın tədrisi metodikası kafedrasının müdiri Əyyub Əzizov, liseyin Valideynlər Komitəsinin sədri, şair pedaqoq Oktay Zəngilanlı və valideyn Yusif Ağayev konfransın əhəmiyyətindən danışdılar.
Konfrans öz işini noyabrın 15-də "Gənc istedadlar" liseyində təşkil olunmuş bölmə iclaslarında davam etdirdi. Azərbaycan dili və ədəbiyyat bölməsinə professor Hüseyn Əsgərov, pedaqogika və psixologiya bölməsinə professorlar Nübar Muxtarova və Ləzifə Qasımova, fizika, coğrafiya bölməsinə professor Tapdıq Həsənov, kimya bölməsinə kimya elmləri üzrə fəlsəfə doktoru Talıb Mahmudov, biologiya bölməsinə professor Elşad Qurbanov, riyaziyyat və informatika bölməsinə isə professorlar Karlen Xudaverdiyev və Məmməd Yaqubov sədrlik edirdilər. Bölmələrdə paytaxt və bölgələrdən olan iştirakçıların 128 məruzəsi dinlənildi. Mövzular ətrafında diskussiya və müzakirələr aparıldı.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
18 noyabr.- S.4.