Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

Respublika Komitəsinin X məclisi keçirildi

 

Noyabrın 16-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin X məclisi keçirildi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  konfrans zalında keçirilən yığıncaqda respublikanın müxtəlif bölgələrinin, eləcə də paytaxt rayonlarının TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının  sədrləri iştirak edirdilər. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək ilk öncə  bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir" adlı keçirilmiş müsabiqədən söz açdı. Qeyd olundu ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi müsabiqədə paytaxt məktəblərinin şagirdləri iştirak ediblər. Müsabiqənin keçirilməsində əsas məqsədin istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün hərtərəfli əlverişli imkan və şəraitin yaradılması olduğunu deyən sədr, daha sonra məclis iştirakçılarını ATİAHİ Respublika Komitəsinin üzv təşkilatları arasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Bu - mənim peşəmdir" başlığı altında təşkil olunan foto, təsviri və tətbiqi sənət üzrə müsabiqənin yekunları ilə tanış etdi. Ölkəmizdə  gənclər siyasətinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu, ulu öndər Heydər Əliyevin  uşaq və yeniyetmələrə, gənclərə hər zaman qayğı ilə yanaşdığını söyləyən millət vəkili bu işin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən də diqqətdə saxlanıldığını bildirdi. Sədr istedadlı yeniyetmə və gənclərin üzə çıxarılmasında, onların yaradıcılıq potensialının inkişafında müxtəlif  müsabiqələrin keçirilməsinin müstəsna əhəmiyyətindən danışdı. Səttar Mehbalıyev yuxarıda adları çəkilən müsabiqələrdə yer tutmuş qalibləri təbrik edərək  onlara uğurlar arzuladı. "İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir" adlı müsabiqədə I yeri tutan məktəblilərə ATİAHİ Respublika Komitəsi tərəfindən təqaüdlər və hədiyyə, digər adıçəkilən müsabiqədə müvafiq yerlərə layiq görülən qaliblərə isə diplom və pul mükafatları təqdim olundu.

Sonra ATİAHİ Respublika Komitəsinin gündəliyi və reqlamenti təsdiq olundu. Millət vəkili Səttar Mehbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarında hesabat-seçki yığıncaqlarının (konfranslarının) keçirilməsi barədə  geniş məlumat verdi. Bu seçki yığıncaqlarının yerlərdə şəffaf  və ədalətli şəkildə keçirilməsinin vacibliyinə toxunan sədr onu da qeyd etdi ki, təhsil sahəsində çalışanların istər iqtisadi,  sosial rifahının yaxşılaşdırılması, hüquqlarının müdafiəsinə köməklik göstərmək, istərsə də  onların asudə vaxtlarının səmərəli təşkili ATİAHİ Respublika Komitəsinin diqqət yetirdiyi ən vacib məsələlərdəndir. Respublika Komitəsinin öz fəaliyyətində tələbə gənclərlə aparılan işlərə xüsusi önəm verdiyini söyləyən sədr, gələcəkdə bu işlərə daha da diqqətin artırılmasının vacibliyini vurğuladı.     

Çıxış üçün söz alan ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə komitənin Məclis və Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilməsi barədə X məclisin qərarını diqqətə çatdırdı. Qərar yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qəbul edildi. Yığıncaqda həmçinin ATİAHİ Respublika Komitəsinin şöbə müdiri Emil Rüstəmov  2012-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarında hesabat-seçki yığıncaqlarının (konfranslarının) keçirilməsi barədə X məclisin qərarını oxudu və bu qərar da qəbul olundu. Daha sonra ATİAHİ Respublika Komitəsinin maliyyə təsərrüfat fəaliyyəti haqqında komitənin təftiş komissiyasının hesabatı dinlənildi. ATİAHİ Respublika Komitəsinin katibi, şöbə müdiri Mübariz Eyvazovun komitənin büdcə göstəriciləri və ştat cədvəli ilə bağlı təqdim etdiyi məlumatı müzakirə olunaraq təsdiq  edildi.

ATİAHİ Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov üzv təşkilatların aparatlarında vəzifələrin təsnifatı haqqında danışdı, bununla bağlı X məclisin qərarını yığıncaq iştirakçılarının nəzərinə çatdırdı və qərar qəbul olundu. Şaiq Əsgərov həmçinin  Gənclər Şurasının əsasnaməsində və tərkibində dəyişiklik edilməsi barədə də geniş məlumat verdi.

Geniş fikir mübadiləsi və işgüzarlıq şəraitində keçən yığıncağı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev yekunlaşdıraraq hamıya uğurlar arzuladı. 

 

Samirə KƏRİMOVA

Azərbaycan müəllimi.- 2011.- 18 noyabr.- S.4.