Danimarka Krallığının təhsil
sistemi
Danimarka Krallığı
Ərazisi: 43,098 km²
Əhalisi: 5,557 milyon nəfər
Paytaxtı: Kopenhagen şəhəri
Dövlət dili: Danimarka dili
Pul vahidi: Danimarka kronu
Təhsil sistemi
Danimarkada təhsilin ilkin təşəkkül tarixi IX əsrə
təsadüf edir. XII-XIII əsrlərdə kilsənin nəzdində
qrammatika məktəbləri yaradılıb. I Kral Kristian Roma Papasının icazəsi ilə
1479-cu ildə Kopenhagen Universitetini inşa etdirib. Kopenhagen Universiteti 400 ilə yaxın müddətdə
yeganə təhsil müəssisəsi kimi fəaliyyət
göstərib. Yalnız XIX əsrdə
bir sıra ixtisaslaşmış institutlar təşəkkül
tapıb. Bununla da ölkənin təhsil
sistemi inkişaf etməyə başlayıb.
Şimali Avropada yerləşən, konstitusiyalı
monarxiya idarə üsuluna malik olan Danimarkada ibtidai təhsil
müstəqil təhsil pilləsi deyil. İbtidai təhsilin daxil
olduğu əsas təhsil pilləsi 9 və ya 10 il davam edir. Təhsil əsasən
Danimarka dilində aparılır.
Ölkə əhalisinin 99 faizi savadlıdır. 1971-ci ildə icbari təhsil dövrü 7 ildən 9 ilə qaldırılıb. Hazırda 10 illik təhsil icbari xarakter daşıyır. Tam orta təhsil 11 il davam edir. Dövlət tərəfindən maliyyələşdirilən təhsil ödənişsiz əsaslarla aparılır və hər bir vətəndaşa bərabər təhsil almaq imkanı yaradılır.
Danimarka 1999-cu ildə Boloniya bəyannaməsini imzalayan
29 ölkədən biridir. Avropada ali təhsilin pulsuz olduğu
Danimarkada 17 dövlət universiteti, 17 universitet kolleci və 50
institut var. İngilisdilli ali məktəblərə qəbul
olmaq üçün TOEFL imtahanından 80, IELTS imtahanından
isə 6 bal toplamaq tələb olunur.
Müxtəlif təhsil müəssisələri ayrı-ayrı nazirliklər tərəfindən idarə olunur. Təhsil Nazirliyi ibtidai, orta və orta təhsilin yuxarı pilləsi, peşə təhsili və təlimi, eləcə də yaşlıların təhsili üzrə cavabdehlik daşıyır. Bağçalar və məktəbəqədər təhsil müəssisələri Sosial İşlər Nazirliyinə, universitetlər, elmi-tədqiqat müəssisələri Elm, Texnologiya və İnnovasiya Nazirliyinə, incəsənət, kitabxanaçılıq, arxitektura üzrə mütəxəssislər hazırlayan tədris ocaqları Mədəniyyət Nazirliyinə, hərbi təhsil müəssisələri isə Müdafiə Nazirliyinə tabedir.
Bütün pillələrdə təhsilalanlara müstəqil şəxsiyyət kimi yanaşılması, müzakirə və diskussiyalarda onların rəyinin dinlənilməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. Şagirdlər, tələbələr fərdi, eləcə də qrup daxilində öz bilik səviyyələrinə uyğun layihələr və təqdimatlar hazırlayırlar. Danimarka təhsil sisteminin əsas xüsusiyyəti yüksək standartlara cavab verməsi, ömürboyu öyrənmə prinsipinin qorunması, fənlərarası inteqrasiyanın təmin olunması məsələləri ilə xarakterizə edilir.
Ölkənin əmək bazarı öyrənilərək yaşlıların təhsilinə xüsusi diqqət yetirilir. Hazırda Danimarkada yaşlıların təhsili və fasiləsiz təlim xidmətləri göstərən bir sıra tədris müəssisələri fəaliyyət göstərir. Onlardan Özəl Əmək Bazarı Təlim mərkəzləri, Yaşlıların Təhsili mərkəzləri, Xalq Ali məktəbləri, Danimarka Dil mərkəzlərinin adlarını çəkmək olar. Yaşlıların Peşə Təhsili və Təlimi üzrə Milli Şura əmək bazarının real tələbatını öyrənməklə Təhsil Nazirliyinə, eləcə də müvafiq təlim və təhsil komitələrinə mütəmadi tövsiyələr verir.
Danimarkada ümumi milli
xərclərin 15,6 faizi təhsil sahəsinə
ayrılır. 2012-ci il üçün nəzərdə
tutulan maliyyə aktında təhsil sahəsinə ayrılan
büdcə vəsaiti 2,6 milyard kron
artırılıb. Belə ki, gələn il
orta təhsilin yuxarı pilləsinə 19 milyard kron, ali təhsil
sahəsinə 6 milyard kron ayrılıb. 18
milyard kron isə qrant və kreditlər üçün nəzərdə
tutulub.
Məktəbəqədər təhsil
Danimarkada məktəbəqədər təhsil müəssisələrinin dörd növü var. Ölkədə 3 yaşına qədər olan körpələr üçün nəzərdə tutulan gündəlik uşaq bağçaları, dövlət məktəblərinin nəzdindəki könüllü məktəbəqədər hazırlıq sinifləri və 3 aylığından 14 yaşına qədər uşaqlara xidmət göstərən inteqrasiya edilmiş təhsil müəssisələri fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində davamiyyət icbari xarakter daşımır.
Uşaq bağçaları, uşaq qayğı mərkəzləri və hazırlıq sinifləri dövlət tərəfindən yerli qurumlara ayrılmış vəsaitlər hesabına maliyyələşir. Bələdiyyələr daxilində fəaliyyət göstərən məktəbəqədər hazırlıq siniflərinin maliyyə xərclərini yerli özünüidarəetmə qurumları ödəyirlər. Lakin özəl məktəbəqədər müəssisələr üçün ödəniş tələb olunur.
Danimarkada ilk məktəbəqədər təhsil müəssisəsinin yaradılması 1820-ci ilə təsadüf edir. 1850-ci ildən 1900-cü ilə qədər yarım günlük iş qrafiki ilə işləyən özəl təhsil müəssisələri fəaliyyət göstərirdi.
Elm, Texnologiya və İnnovasiya Nazirliyi və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün müxtəlif qrant proqramlarını həyata keçirirlər. Məktəbəqədər təhsil müəssisələrinə baş müəllimlər rəhbərlik edir. Uşaqlar məktəbəqədər təhsil müəssisələrinə-körpələr evinə 6 aylıqdan, inteqrasiyalı təhsil müəssisələrinə 1 yaşdan, uşaq bağçalarına 3 yaşdan, məktəbəqədər siniflərə 5-6 yaşdan etibarən qəbul olunur.
1993-cü ildən məktəbəqədər təhsildə uşaqbaşına maliyyələşmə mexanizmi tətbiq edilir. Məktəbəqədər təhsil müəssisələri həftənin 5 günü işləyir. Dərs cədvəlini müəyyən etmək məktəbəqədər təhsil müəssisələrinin ixtiyarına verilir.
Məktəbəqədər təhsil müəssisələrində dil və ifadə vasitələri, təbiət və təbiət elmləri anlayışı, musiqi, idman, ictimai bacarıqlar, əməkdaşlıq kimi mövzular tədris olunur. Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində işləyən müəllimlərə tədrisin məzmunu, təlim üsulları və didaktik materialları seçmək baxımından tam sərbəstlik verilir.
Məktəbəqədər təhsil müəssisəsində tədris uşaqlar üçün oyun və digər inkişafetdirici tapşırıqlar üzərində qurulur. Uşaqlara oturmaq, fikrini ifadə etmək və şəkil çəkmək kimi bacarıqlar aşılanır.
Azyaşlı uşaqların təlim bacarıqları əsasən qeyri-rəsmi müşahidə və müvafiq monitorinq əsasında qiymətləndirilir. Valideynlərin iştirakı ilə mütəmadi valideyn məsləhətləşmə saatları keçirilir. Bu məsləhətləşmələr zamanı uşaqların güclü və zəif cəhətləri, onların digər uşaqlarla münasibətləri müəyyənləşdirilir, valideynlərin fikir və təklifləri dinlənilir.
Orta təhsil
Danimarkada orta təhsil digər ölkələrdə olduğu kimi, ibtidai və orta təhsil səviyyələrinə bölünmür. Orta təhsil icbari xarakter daşıyır. 6-7 yaşdan 16 yaşına qədər danimarkalıların hamısı icbari orta təhsil almalıdırlar. Dövlət məktəbləri 11 il müddətinə icbari təhsilin tam dövrünü əhatə edir. Dövlət məktəbləri 1 illik hazırlıq sinfindən və 9 illik orta təhsil dövründən ibarətdir. Dövlət məktəblərində məktəbəqədər təhsil dövrü ödənişsiz əsaslarla həyata keçirilir.
Dövlət məktəbləri ilə yanaşı, ödənişli əsaslarla fəaliyyət göstərən özəl təhsil müəssisələri də mövcuddur. Valideynlər uşaqlarının təhsil almaları üçün öz bələdiyyələri daxilində istənilən məktəbi seçməkdə sərbəstdirlər. Ümumi kurikulum və təlimatlar Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir. Kurikulum üç fənn bloku-humanitar fənlər, praktiki və incəsənət fənləri, eləcə də təbiət elmləri bölmələrindən ibarətdir. Şagirdlər maraq göstərdikləri müxtəlif fənn bölməsini seçə bilərlər.
Orta təhsil pilləsini başa vuran şagirdlər 10 fənn üzrə buraxılış imtahanı verirlər. Orta məktəbin sonunda bütün şagirdlərə tədris olunan fənlərin siyahısı və qiymətləri qeyd olunmuş buraxılış vərəqəsi təqdim edilir. Şagirdlərin VII sinfə qədər bütün fənlərə dair qiymətləri haqqında valideynlərə məlumat verilir. VIII sinifdən etibarən isə yalnız o fənlər qiymətləndirilir ki, şagirdlər X sinfi bitirəndə həmin fənlərdən buraxılış imtahanı verəcəklər.
İcbari orta təhsil dövründən sonra
orta yuxarı təhsil və orta yuxarı təhsildən
sonrakı dövr gəlir. Ümumi orta təhsil dövrü
gimnaziyalarda da davam etdirilə bilər. Gimnaziyalarda təhsil 3 il
davam edir və şagirdlər sonda imtahan verirlər.
Gimnaziyanı bitirən məzunlar ali təhsil
istiqaməti baxımından bir növ ixtisaslaşırlar.
Ölkədə təxminən 1605 bələdiyyə məktəbində
595573 şagird təhsil alır. Hər sinifdə orta hesabla 19,6 şagird təhsil alır. Müəllim
şagird nisbəti isə 1:10,7-dir. Orta məktəbdə
tədris ili 40 həftə və ya 200 gün davam edir.
Bələdiyyə məktəblərində şagirdbaşına maliyyələşmə sistemindən istifadə olunmur. Bələdiyyələr öz məktəbləri üçün hansı maliyyələşmə sistemini seçmək məsələsində sərbəstdirlər. Lakin bütün məktəblər Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş minimum tələblər əsasında fəaliyyət göstərir.
VII və IX siniflərdə ikinci xarici dil kimi alman və fransız dilləri tədris olunur. Seçmə fənlər və mövzular əsasən VIII-IX siniflərdə tədris edilir. X sinifdə şagirdlərə əlavə olaraq, latın dili öyrədilir, riyaziyyat və ingilis dili icbari fənlər kimi həftədə 14 saat keçirilir.
Texniki peşə
təhsili
Ölkədə peşə təhsilinin ilkin təşəkkül tarixi orta əsrlərə təsadüf edir. Həmin dövrdə hər bir peşə sahəsi ilə məşğul olan sənətkarlar, onların şagirdləri və xırda sexlər fəaliyyət göstərirdi. XIX əsrdə kapitalizm quruluşunda baş verən dəyişikliklər usta sexlərinin və müstəqil fəaliyyət göstərən ustaların sayının azalmasına səbəb oldu. Bununla da müstəqil peşə təlimi qurumlarının yaranması zərurəti meydana çıxdı.
Əmək bazarının tələbatının daha dolğun şəkildə ödənməsini təmin etmək məqsədilə 1999-cu ildə Danimarka parlamenti tərəfindən yeni Peşə Təhsili və Təlimi Aktı qəbul edildi. Qanun qüvvəyə mindikdən sonra bu sahədə əsaslı dəyişikliklər baş verdi. Bu dəyişiklik əsasən kommersiya xarakterli Peşə Təhsili Proqramında özünü göstərir. Kommersiya xarakterli Peşə Təhsili Proqramı üzrə aparılan islahatlar və prinsiplər hazırda texniki proqramlarda aparılan islahatların əsasını təşkil edir.
Ölkənin texniki peşə təhsili müəssisələrində çoxsaylı ixtisaslar üzrə mütəxəssislər hazırlanır. İxtisaslardan asılı olaraq təhsil müddəti 1,5-5,5 il arasında dəyişir.
Peşə kolleclərində nəzəri və praktik biliklərin inteqrasiyası əsasında tədris aparılır. Bu zaman əmək bazarının tələbatına uyğun bilik və bacarıqlara üstünlük verilir.
Ali təhsil
Danimarkada müxtəlif
ali təhsil müəssisələri fəaliyyət göstərir.
Ali təhsil
müəssisələri-universitet kollecləri, universitetlər,
universitet səviyyəli institutlara bölünür. Hər bir ali
təhsil müəssisəsinə tələbə qəbulu
prosesində sərbəstlik verilir. Akademik təhsil ili sentyabrın 1-də başlanır və
iyulun 1-də başa çatır.
Peşəyönümlü ali təhsil akademiyaları biznes, texnologiya və
informasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssislər
hazırlayır. Universitet kollecləri və
ixtisaslaşmış kolleclərdə biznes, təhsil,
mühəndislik və tibb bacısı ixtisasları verilir.
Təhsil müddətində əsasən tələbələrin
müvafiq nəzəri və praktik biliklər qazanması məsələlərinə
diqqət yetirilir.
Danimarka universitetlərinin, demək olar ki, hamısı
tədqiqatyönümlü təhsil proqramları təklif
edir. Bakalavriat səviyyəsini bitirən məzunlar
müəyyən peşə sahəsində
ixtisaslaşmış mütəxəssis hesab olunur.
Universitet səviyyəli institutlar Danimarka Mədəniyyət
Nazirliyi tərəfindən idarə edilir. Bu tədris
ocaqlarında əsasən arxitektura, dizayn, musiqi, təsviri incəsənət
kimi sahələr üzrə dərəcə proqramları təklif
edilir. Məzunlara topladıqları kreditlərə
uyğun olaraq bakalavr, magistr və fəlsəfə doktoru dərəcələri
verilir. Fiziki cəhətdən qüsurlu tələbələr
üçün xüsusi tədris qrupları təşkil
edilir.
Ali təhsil müəssisələri adambaşına
maliyyələşmə sistemi üzrə fəaliyyət
göstərir. Bu qayda ilə ayrılmış vəsait
fənn sahəsindən və təhsil səviyyəsindən,
o cümlədən tələbələrin tədris
uğurlarından asılı olaraq dəyişə bilər.
Danimarkanın
nüfuzlu ali təhsil müəssisələri
sırasında Kopenhagen, Cənubi Danimarka, Aolborq, Roskild
universitetlərinin adlarını çəkmək olar. Bu universitetlər əsasən incəsənət və
təbiət elmləri sahəsində mütəxəssis
hazırlayırlar. Kopenhagen Biznes Məktəbi,
Metropolitan Universitet Kolleci, Kapital Universitet Kolleci, Lillbelt
Universitet Kolleci, Silənd Universitet Kolleci, Cənubi Universitet
Kolleci, Qərbi Yutlandiya Universitet Kolleci isə əsasən biznes
və peşəyönümlü mütəxəssis
hazırlığını həyata keçirirlər.
Ölkənin
ən qədim ali təhsil müəssisələrindən
biri Aarhhus Universiteti hesab edilir. 1928-ci ildə
yaradılmış universitetdə 32000-dən artıq tələbə
təhsil alır. Bu ali məktəb
dünyanın ən yaxşı 100 universiteti
siyahısındadır. Hər il 1000-dən
çox əcnəbi tələbə bu universitetə üz
tutur.
Onu da qeyd edək ki, Danimarkada təhsil almağa gələn
əcnəbilərdən yaşayış vizası tələb
olunur.
Yaşayış vizasını əldə edən əcnəbi
tələbələr ali təhsil
proqramları, gənclərin təhsili proqramları üzrə
və dövlət məktəblərində təhsil ala bilərlər.
Skandinaviya ölkələrindən olan əcnəbi
tələbələr isə vizasız Danimarkada yaşamaq, təhsil
almaq və işləmək imkanına malikdirlər.
Təhsil
Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm, Texnologiya və
İnnovasiya Nazirliyi ali təhsilin idarə
olunmasını birgə həyata keçirirlər. Danimarka Qiymətləndirmə İnstitutu təhsil
sisteminin bütün səviyyələrində tədris və
təlimin keyfiyyətinə nəzarət edir. Bu institut müstəqil bir qurum kimi həm fərdi təşəbbüsü,
həm də hökumət, nazirliklər, məsləhət
şuraları və yerli qurumların sifarişi əsasında
təhsilin keyfiyyətini qiymətləndirir.
Danimarkanın
ali təhsil müəssisələrində
bakalavriat pilləsi üzrə təhsil almaq istəyən əcnəbilərdən
TOEFL və IELTS imtahanları vermək tələb olunur. Danimarka dilində olan proqramlarda təhsil almaq
üçün bu dil üzrə bilik səviyyəsini müəyyənləşdirən
imtahandan keçmək lazımdır. Magistr
proqramlarında təhsil almaq istəyənlər isə beynəlxalq
səviyyədə tanınmış bakalavr dərəcəsinə
sahib olmalı, ingilis və Danimarka dilini bilməlidirlər.
Digər
Avropa ölkələrində olduğu kimi, universitetlərdə
3 illik bakalavr proqramı, 2 illik kandidatura-magistr proqramı və
3 illik fəlsəfə doktoru proqramları təklif olunur. 2003-cü ildə qəbul edilmiş müvafiq
qanunvericilik aktına uyğun olaraq, universitetlər dövlət
tərəfindən maliyyələşdirilir.
Danimarka ali təhsil müəssisələrində
akademik təhsil və ali peşə təhsili arasında
müəyyən fərqlər mövcuddur. Ali
təhsildə ingilis dilinə yer verilsə də, əsas tədris
dili Danimarka dilidir.
Ölkədə 2007-ci ildən fəaliyyət göstərən
akkreditasiya sistemi Təhsil üzrə Akkreditasiya Agentliyinin
aktı əsasında tənzimlənir. Bu aktın tələblərinin
yerinə yetirilməsinə Elm, Texnologiya və İnnovasiya
Nazirliyi nəzarət edir. Akkreditasiya aktına əsasən
Akkreditasiya Şurası ali təhsil
proqramlarının akkreditasiyası ilə bağlı qərarlar
qəbul edir. Universitetlərdə tədris
olunan təhsil proqramları da Elm, Texnologiya və İnnovasiya
Nazirliyi tərəfindən təsdiq olunur.
Elmi tədqiqatlar
Elmi tədqiqatlar sahəsinə xüsusi diqqət yetirən
Danimarkada elmi araşdırmalar əsasən universitetlərdə
aparılır. 2007-ci ildə aparılan islahatlardan sonra
dövlət elmi tədqiqat sifarışlərini əsasən
universitetlərə verir.
Hökumətin tədqiqat institutları universitetlərin
daxilində fəaliyyət göstərir. Tədqiqat işləri əsasən
Kopenhagen Universiteti, Aarhhus Universiteti, Aalborq Universiteti, Cənubi
Danimarka Universiteti, Roskilde Universiteti, Danimarka Texniki Universiteti,
Kopenhagen İnformasiya-Kommunikasiya Texnologiyaları Universiteti və
Kopenhagen Biznes Universitetində aparılır.
Danimarkada universitetlərlə yanaşı, müxtəlif
nazirliklərin nəzdində fəaliyyət göstərən
çoxsaylı elmi-tədqiqat institutları və mərkəzlər
də mövcuddur. Onlardan Enerji Nazirliyinin tabeliyindəki
Meteorologiya İnstitutunu, Elm, Texnologiya və İnnovasiya
Nazirliyinin nəzdindəki Elmi Kompüterləşdirmə
üzrə Danimarka Mərkəzini və Səhiyyə
Nazirliyinin elmi-tədqiqat mərkəzlərini göstərmək
olar.
Aparılan elmi tədqiqatlar işləri dövlət
siyasətinin düzgün müəyyənləşdirilməsi,
texnoloji imkanların artırılması, biznes mühitinin
müəyyənləşdirilməsi, bəşəriyyətin
tədqiqi və ölkə əhalisinin rifahının
yüksəldilməsi kimi məsələləri əhatə
edir. Bundan əlavə, mühüm elmi kəşfləri
və innovasiyaları həyata keçirən bir sıra
elmi-tədqiqat mərkəzləri də fəaliyyət
göstərir. Bu mərkəzlərdə
sosial-siyasi məsələlər, tibbi diaqnoz, profilaktika,
müalicə, genetika, infeksion xəstəliklər, bioloji təhlükələrin
qarşısının alınması, anadangəlmə xəstəliklərin
müalicəsi, əqli zəiflik, görmə
orqanlarının xəstəlikləri təhlil edilir və
müvafiq istiqamətlərdə tədqiqatlar aparılır.
Beynəlxalq əməkdaşlıq
Danimarkada təhsil sahəsində
beynəlxalq əməkdaşlıq məsələlərinə
xüsusi diqqət yetirilir. Beynəlxalq əməkdaşlığın
əsas məqsədi qloballaşan dünyanın tələb
və ehtiyaclarının ödənilməsi baxımından
yüksək ixtisaslı mütəxəssis
hazırlığı işinin səmərəliliyini artırmaqdan
ibarətdir. Bütün bunlara mədəniyyətlərarası
anlaşma, bilik mübadiləsi, o cümlədən
dünyadakı qabaqcıl təcrübənin ümumi təhsil
sisteminə tətbiq edilməsi vasitəsilə nail olmaq
mümkündür.
Ölkə hökumətinin əsas məqsədi
Danimarkanı bilikyönümlü iqtisadiyyata qovuşdurmaq, cəmiyyətin
inkişaf dinamikasını yüksəltmək və
dünya miqyasında rəqabətyönümlü təhsil
proqramları təklif etməkdən ibarətdir. Danimarka vətəndaşları
üçün ən yaxşı təhsil
imkanlarının yaradılması, beynəlxalq aləmdə
ölkə haqqında düzgün təsəvvürün
formalaşdırılması, təhsil sistemini gücləndirməklə
istedadlı tələbələrin və tədqiqatçıların
ölkəyə cəlb edilməsi də qarşıda duran ən
vacib hədəflərdəndir.
Hökumət Avropa İttifaqı, Avropa Şurası,
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı,
YUNESKO və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlarla
təhsil sahəsində əlaqələri inkişaf etdirir. Danimarka institutları və
digər ali məktəblər həm
Avropa daxilində, həm də bütün dünyada beynəlxalq
əməkdaşlıq və mübadilə proqramlarında fəal
tərəfdaş kimi tanınıblar.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında
Danimarka Krallığının Təhsil, Elm, Texnologiya və
İnnovasiya nazirliklərinin rəsmi materiallarından istifadə
olunub.
Azərbaycan müəllimi.- 2011.- 18 noyabr.- S.8-9.