Keçir ömür
karvanı...
Ömür karvanı aram-aram
ötüb keçir
və bir gün nəfəsimizi
dərib geriyə boylanarkən, necə
yaşadığımızın fərqinə
varırıq. Ömrü mənalı
illərəmi verdik, yoxsa
hədər əsən yellərəmi? Elm öyrənmək
ən savab əməllərdəndir. Bir saat elm öyrənmək
dinimizdə qırx il ibadətə bərabər
buyrulub. Ömrünün
53 ilini öyrənməyə və
öyrətməyə həsr etmiş elm fədaisini, zəhmətkeş bir ziyalımızı qəzetimizin bu sayında oxucularımıza təqdim etmək
istərdik. Qonağımız Təhsil Nazirliyinin
İqtisadiyyat Şöbəsinin Mühasibat uçotu və
Hesabat sektorunun müdiri Fərhad Əli oğlu
Əliyev ömür kitabını səhifələyərək
söhbətə bu sözlərlə
başladı:
- Əslən
Qərbi Azərbaycandanıq. Eçmiədzin rayonunun
Kolanı kəndindən 1948-ci ildə deportasiya olunan nəsillərdən
birinin övladıyam. O vaxt babamgil Bərdənin Alpoud kəndində
məskunlaşıblar. Mən 1951-ci il dekabrın 3-də
dünyaya göz açmışam. Ata tərəfdən
babam dövrünə görə tanınmış şəxs
olub. Hələ Bağırovun vaxtında babamı Moskvaya
"mühasibat" kursuna təhsil almağa göndəriblər.
Uzun illər babam kolxozda mühasib, sonralar isə sədr
işləyib. Nənəm şuşalı qızı
idi.
Mən I
sinfə 1957-ci ildə getdim, dördüncü sinfi kəndimizdəki
orta məktəbdə bitirdim. Atamın bir əmisi vardı -
Səyyad müəllim. Çox güclü
riyaziyyatçı, onun həyat yoldaşı Xanım nənəm
isə tarix müəllimi idi. Qubanın II Nügədi kəndinə
məktəb direktoru göndərilmişdi. Yeganə
övladları Fərman Moskvada təhsil almağa getdiyindən
çox darıxırdılar. Yayda Səyyad babamgil Alpouda gələndə
belə məsləhət bilindi ki, mən də onlarla Qubaya
gedim, təhsilimi də orada davam edim. Beləliklə, II
Nügədi kəndində V sinfi oxudum, növbəti il
babamgilin iş yerini dəyişdilər. Köçdük
Bakıya.
Bakıdakı
158 nömrəli orta məktəbi bitirənə kimi Səyyad
babamgillə qaldım. Sonralar Fərman da təhsilini başa
vurub Moskvadan qayıtdı. Hazırda dosentdir, Bakı Dövlət
Universitetinin riyaziyyat kafedrasında müdir müavinidir.
- Doğma valideynlərdən uzaqda
yaşamaq məktəbli bir uşaq üçün çətin
olmadı ki?
- Əslinə
qalanda, riyaziyyata, dəqiq elmlərə həvəs mənə
elə Səyyad babamdan keçib. Bir də ki, onlar da yad
deyildi, mənim doğmalarım, ağsaqqallarım idi.
1967-ci ildə
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun Uçot-iqtisad fakültəsinin tələbəsi
olanda 16 yaşımın tamamına hələ üç ay
vardı.
1972-ci ildə
institutu başa vurub "mühasibat" uçotu
ixtisasına yiyələndim.
- Təhsili daha da mükəmməlləşdirmək,
bilik səviyyəsini artırmaq mənəvi
ucalığın təməlidir. Bu yolda yorulan
vaxtınız olubmu heç?
- İnsan əgər
öz üzərində işləmirsə,
çalışmırsa, deməli, yerində sayır. Tutduğum
yol heç vaxt məni yormayıb, apardığım vəzifələr
elmi irəliləyişimə mane olmayıb. 1978-1980-ci illərdə
Azərbaycan Respublikası Mərkəzi Komitəsinin
Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsinin
iqtisadiyyat şöbəsində oxumuş, oranı fərqlənmə
diplomu ilə bitirmişəm.
1990-cı
ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin nəzdində
Azərbaycan Xalq Təsərrüfatının İdarəetmə
İnstitutunda "Müasir İdarəetmə
üsulları, istehsalın təşkili və
planlaşdırılması" ixtisası üzrə təhsil
almışam.
Əvvəllər
mühasibat işlərimiz əllə
görülürdü, indi mühasibat uçotunun təşkili,
təkmilləşdirilməsi sahəsində xeyli işlər
görülmüş, uçot əməliyyatlarının
avtomatlaşdırılmasına nail olmuşuq.
- Fərhad müəllim, tələbələrinizin
perspektivi sizi qane edirmi?
- Dünən bizi öyrədənlər olub.
Bu gün də
cavan nəsli biz öyrətməliyik. Tələbələrim mənə övladlarım
qədər doğmadır.
Yetirmələrimin sırasında respublikamızın ictimai-siyasi
həyatında, inkişafında yaxından
iştirak edən, üzağardan mütəxəssislərimiz
tək mənim yox, xalqımızın güvənc yeridi.
- Fərhad müəllim, bu qədər iş, məsuliyyət ailə düzəninizə
təsir etməyib ki?
- İş və ailə bir-birilə vəhdət təşkil
edən məsələlərdir. Həyat yoldaşım Şəmsiyyə
elə öz kəndimizin qızıdı.
Atalarımız möhkəm
dost idilər. Biz də bu dostluğu
sonradan qohumluğa çevirdik. Yoldaşım
ingilis dili müəllimiydi, indi əmək təqaüdündədi...
Əl-ələ verib üç
övlad böyütmüşük. Artıq nənə-babayıq.
İlkimiz Sevinc ali magistr təhsilli iqtisadçıdır,
hazırda həyat yoldaşının işi
ilə əlaqədar
Türkiyənin Konya şəhərində
yaşayır.
Oğlumuz Fuad İstanbul
Memar Sinan Universitetinin magistr pilləsini bitirib. Keramik-rəssamdır. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında öz
ixtisası üzrə
müəllimdir. Bu yaxınlarda toyunu etmişik.
Sonbeşiyimiz Mətanət ali pedaqoji
təhsil alıb, Elitar Gimnaziyada işləyir.
Qızlarımdan iki oğul,
iki qız nəvəm var. İnsan yaşa dolduqca balalarına ayıra bilmədiyi diqqəti, qayğını nəvələrinə
verməyə çalışır. Kaş hər bir valideynə nəvə görmək qismət olsun.
Övlad da, nəvə
də, yaradanın ən əvəzsiz payıdı...
Ömür yolundan səhifələr
Fərhad Əliyev 1972-ci ildə Respublika Toxumçuluq Birliyində
ilk əmək fəaliyyətinə
başlayıb.
1972-73-cü
illərdə Moskvada hərbi xidmətdə olub.
1974-cü ildən 1982-ci ilədək
Azərbaycan Respublikası
Ali və Orta İxtisas Təhsili Nazirliyinin Mərkəzi Aparatının Plan-Maliyyə
şöbəsində böyük,
aparıcı və baş iqtisadçı
vəzifələrində çalışıb.
1982-ci ildən 1988-ci ilədək
Təhsil Nazirliyinin Təftiş və Nəzarət şöbəsinin
rəisi olub.
1988-1993-cü
illərdə isə Mühasibat uçotu, hesabat və nəzarət idarəsində
aparıcı iqtisadçı,
idarə rəisinin müavini işləyib.
1993-cü
ildən bu günədək Təhsil
Nazirliyində İqtisadiyyat
şöbəsinin Mühasibat
uçotu və hesabat Sektorunun müdiridir.
Fərhad Əliyev 1992-ci ildən Azərbaycan İqtisadçılar İttifaqının
üzvüdür.
1998-ci ildən isə MDB dövlətləri üzrə
yaradılmış "Sodrujestvo"
Mühasiblər və
Auditorlar Assosiasiyasına
üzv seçilib.
1998-1999-cu
illərdə Moskvada keçirilən Mühasiblərin
və Auditorların I
və II qurultaylarında,
həmçinin 2000-ci ildə
yenə də Moskvada Mühasiblərin Beynəlxalq Toplantısında
Azərbaycan Respublikasından
nümayəndə kimi
iştirak edib.
O, 2000-ci ildə Amerika Birləşmiş Ştatlarının
Nyu-Yorkdakı Beynəlxalq
Daxili Auditorlar İnstitutuna üzv seçilib və həmin institutun beynəlxalq sertifikatını
alıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyində yaradılmış - "Mühasibat
Uçotu və Hesabat" üzrə Metodoloji Şuranın tərkibində Fərhad Əliyevin də adı var.
O, 2006-cı ildə Türkiyənin İstanbul şəhərində
keçirilən Dünya
Mühasiblərinin 17-ci Beynəlxalq
Konqresində Azərbaycan
nümayəndə heyətinin
tərkibində iştirak
etmişdir.
Fərhad Əliyev 2011-ci ilin iyun ayından
"Audit Azərbaycan" İnstitutunun
idarə heyətinin yeni tərkibdə intizam komitəsinin sədridir.
Müəllimi tələbəsi haqqında
Bəybala Xankişiyev - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, respublikanın əməkdar iqtisadçısı:
- Fərhad Əliyev insana xas olan
bütün mənəvi
keyfiyyətlərə malik
bir ziyalıdır. Mən onu 1974-cü ildən tanıyıram. O vaxt
Fərhad Təhsil Nazirliyinin Plan-maliyyə şöbəsində çalışırdı.
1975-ci ildə mən həmin şöbəyə rəis
təyin olunandan sonra biz Fərhadla birlikdə çalışmağa
başladıq. İnsanlar bir-birindən
insani keyfiyyətləri
ilə, cəmiyyətdə
tutduqları mövqeləri
ilə fərqlənir.
Hər bir insan
yaşın hansı çağındasa keçdiyi
həyat yoluna baxanda, xoş xatirələrlə, səmərəli
əməllərlə dolu
bir ömür görürsə, bundan mənalı həyat ola bilməz.
Fərhad Əliyev də
o insanlardandır ki, özünün xoşbəxtliyini,
varlığını, səadətini
xalqına xidmətdə,
xeyirxahlıqda tapıb.
O, çalışdığı kollektivdə həmişə
özünün keyfiyyət
göstəriciləri ilə
fərqlənib, təşəbbüskar,
istedadlı mütəxəssis
kimi tanınıb.
Fərhad Əliyev 1984-cü ildə çap edilən "Hansı peşəni seçməli",
"Oxumağa hara getməli" məlumat kitabının, müxtəlif
mətbu orqanlarda çap edilmiş 40-a yaxın elmi-praktik məqalə və tezislərin müəllifidir.
Onun 2007-2010-cu illərdə
çap edilmiş məqalələri aktuallığına
və əhəmiyyətinə
görə Azərbaycan
Respublikası Prezidentinin
işlər idarəsinin
"Prezident Kitabxanası"nda
saxlanılan məqalələrin
siyahısına əlavə
edilib.
Uzun müddətli əmək fəaliyyətinə
görə Təhsil Nazirliyinin rəhbərliyi
tərəfindən dəfələrlə
Fəxri fərmanlara layiq görülən Fərhad Əli oğlu Əliyev Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə 2011-ci il oktyabrın 3-də
"Tərəqqi" medalı
ilə təltif edilib.
Gənclik illərimin yadigarı - tələbəm
olan Fərhad bu gün mənim
üçün təmənnasız
bir dost, sədaqətli
bir həmkardır.
Əzizim Fərhad! Artıq 60 il
arxada qalır. Mənalı,
məzmunlu keçən
həyatının 60 illiyini,
səmərəli fəaliyyətini
ürəkdən təbrik
edir, sənə cansağlığı, uzun
ömür, ailə səadəti və işlərində yeni-yeni
uğurlar arzulayıram.
Dost sözü
Ramiz Hümbətov - ADNA-nın avtomatika, telemexanika və elektronika kafedrasının
müdiri, texnika elmləri doktoru, professor.
- Fərhad Əliyev məndən ötrü səmimi, müdrik, etibarlı bir dost, cəmiyyət üçün
isə əxlaqlı,
intizamlı, savadlı
bir vətəndaşdır.
Onunla ilk tanışlığımız
29 dekabr 1988-ci ildə
iş prosesində olub. 1989-cu ildən
də bu günə kimi ayrılmaz dosta çevrilmişik. Fərhad
nəinki mənim üçün, ümumiyyətlə
dost çevrəsi üçün
təcili və təxirəsalınmaz yardım
rolunu oynayır. Mən ondan yeddi yaş
böyük olsam da, bəzən onun yüksək səviyyədə xeyirxahlığına,
daxili mədəniyyətinə,
böyüklərinə münasibətdə
nəcibliyinə qibtə
edirəm. Çalışdığı
bütün işlərdə
peşəkarlığı onu kollektivdə əvəzedilməz bir simaya çevirib.
Fərhad Əliyev tabeçiliyində olanlara
bir dəfə də səsini qaldırmaz, gənclərlə
bağlı ona müraciət olunan hər
bir problemin müsbət həllini tapmağa çalışar.
O, həm də nümunəvi ailə başçısıdır.
Qardaş, yubileyini təbrik edirəm. Həmişə bugünkü kimi qal!
- Fərhad müəllim, qarşıda
60 illik yubileyiniz yol gəlir, arxada açıq alınla, gərgin zəhmətlə keçən
illəriniz sizə əl edir... Biz də sizi
əvvəlcədən təbrik
edir, sizə yeni yaradıcılıq sevincləri və cansağlığı arzulayırıq.
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2011.- 25
noyabr.- S.6.